Qağayıları yemləyən qadın

İnsan bəzən nə istədiyini bilmir.  Bəzən yox, hətta heç vaxt nə istədiyini bilmir. İstidə istidən, soyuqda soyuqdan, ac olanımız aclıqdan, tox olanımız darıxdığından, həyatın mənasızlığından şikayətlidir. İşləyəndə işdən, işləməyəndə işsizlikdən bezirik.

 

Keçirəm mətləbə, hər səhər qızımı tezdən məktəbə qoyub bulvarın kənarı ilə evə gedən yolu döndərirəm bulvara. Səhərlər dəniz kənarında bir başqa mənzərə olur. Adam az, sakitlik, arabir dəniz kənarı ilə qaçan tək-tük insana rast gəlirsən, qalanı təbiətdi – dəniz, qağayılar, qulaqları “sırğalı” itlər, onlardan kənarda ürkək-ürkək fırlanan pişiklər, dənizdə üzən ördəklər (başqa vaxt onları hələm-hələm görə bilməzsən burda), qarğalar, sərçələr, göyərçinlər. Sonradan bulvar işçiləri gəlir, təmizliyə başlayırlar. İnanın ki, sadaladığım bunlar hamısı küll halında mənzərədir və seyr etmək çox zövqvericidir. Üstəgəl təmiz dəniz havası, dalğaların sahilə çırpılmasının və qağayıların səsi.

 

 

Beləcə, hər gün səhər bulvarda qara paltarlı bir qadının əlində çörək dolu sellofanla gəlib qağayıları yemlədiyini müşahidə edirdim. Onlara çörək atdıqca öz xeyirxah işindən zövq alır, hərdən elə qəhqəhə çəkib gülür ki, elə bil qağayılarla söhbət edir, zarafatlaşır. O da mənim onu müşahidə etməyimin fərqindədir. Axır bir gün yaxınlaşıb söhbət edəcəm onunla deyə, fikrimdən keçirirdim ki, elə bil, qadın duydu, özü yaxınlaşdı mənə:

 

- Sabahınız xeyir, sizi sosial şəbəkədə paylaşmışam, amma narahat olmayın, üzünüzü çəkməmişəm, arxadan, uzaqdan götürmüşəm. Çalışdım yalnız qağayıları yemləyib onlarla söhbət etməyinizi çəkim.

 

- Hə, gördüm dünən, çəkirdiniz.

 

Öyrəndim ki, xanım hər səhər mağazadan çörək alıb qağayılara gətirir. Deyir satıcı da tanıyır məni artıq, bilir ki, çörəyi niyə alıram. “Deyir köhnə çörək al də, deyirəm yox, köhnəsi ovulur, təzəsini ver”. Çörəkdən kəsib bir az mənə də verdi, gəlin, birlikdə yedirdək onları - dedi. Həvəslə ona qoşuldum, həm qağayılarla ünsiyyət qurmaq üçün, həm də qadının şəxsiyyəti maraqlı gəldiyinə görə. Həkimdir, bu günlərdə işsiz qalıb, rüşvət almadığı üçün (dediyinə görə) həmkarları onu sıxışdırıblar, o da işdən getməli olub. “İşləyəndə lap səhər tezdən gəlib onları yedirdirəm, gəlməsəm nigaran qalıram ki, qağayılar ac qaldı”.

 

 

Hərəmiz bir tərəfdən əlimizdəki çörəkdən qırıb qağayılara atırdıq, onlar da qıy vurub bəziləri çörəyi göydə tutur, bəziləri onu dənizə düşəndən sonra qamarlayırdı. Səsləri aləmi götürmüşdü. Müsahibim deyir ki, onların bu canfəşanlığı vəzifə üçün, kreslo üçün bir-birini qıranları xatırladır mənə. Qəribə bənzətmədi, düzdü, qağayının fərasətlisi çörəyi göydə tutanıdır, eləsi də var, tərpənincəyə qədər lap qarşısına düşən payı başqa qağayı qapıb uçur. Həyat da belədir, insanlar arasındakı münasibətlərdə də eyni mənzərəni görmək olur.

 

Bəs, indi işsiz qalmısınız, çörəyi bunlar üçün necə alacaqsınız? - deyə soruşdum.

 

- Lap elə də yox, çörək almağa pul taparam yəqin - deyə gülümsəyib cavab verdi.

 

Çox gəncdi, siması nurludu, dolu bədənli olması, bir də hicabı onu yaşlı göstərir. Deyir, iş tapmağımda hicablı olmağım mane olur. Daha demədim ki, o zaman çıx bu hicabdan, bu da onun seçimidir.

 

Söhbətindən onu da bildim ki, dənizə yaxın ərazidə yaşayır, bu ətrafda harda hansı quşlar, heyvanlar var, hamısını nəzarəti altında saxlayır, hamısına mütəmadi yemək verməyi özünə borc bilir. Həm də tənha deyil, paylaşmamda dostlardan kimsə yəqin tənha qadındır-deyə yazmışdı. Tənha qalası yaşda da deyil, həm də çox gözəldi, içinin işığı üzünə səpilib elə bil. Əslində, bütün insanlar daxilən tənhadır, amma ətrafdakılarla ünsiyyət qurmaq, sevgi paylamağı, sevgi görməyi, hiss etməyi bacarmaq böyük xoşbəxtlikdir. Onu həm də bütün canlılara qarşı hiss etmək, onlardan duymaq həyat eşqidir.

 

İnsan bacarandı... Sevgi olsa.

 

P.S. Bir məqamdan çox nigaranam, qağayılar təbiətdən, dənizdən mübarizə ilə özlərinə yem tapırlar. Birdən xanım onları ələ öyrədər, buna alışarlar və bir gün heç kim onlara çörək atmayanda acizlikdən məhv olarlar.

   

LENT

24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019