Doldur qəlbimdəki boş yuvanı… - Modern Polyak şeiri

Doldur qəlbimdəki boş yuvanı… - <span style="color:red;">Modern Polyak şeiri
25 aprel 2019
# 17:35

Kulis.az Firudin Həmidlinin tərcüməsində polyak şairəsi Halina Posvyatovskanın şeirlərini təqdim edir.

Ey yarpaq,

Bürü məni yaşılınla!

Payızın çılpaq bir ağacıyam mən

Titrəyirəm soyuqdan.

Ey su,

Ax bütün varlığıma!...

Səhrada bir qum zərrəsiyəm,

Külək sovurur məni...

İsit məni,

Sən, ey günəş,

Bax, qarşında dayanmışam

Sözlərimdə gizlənərək -

Ağacların arasında

Qaynayan bir bulaq kimi...

***

Axtarıram səni

Pişiklərin yumşaq xəzində,

Yağış damlalarında

Və çəpərlərin ətrafında.

Söykəyənərək çəpərin dirəyinə,

Gizlənərək günəşdən -

Hörümçək torunda qalmış bir milçək kimi -

Gözləyirəm...

***

Tanrım, mərhəmət et!

Niyə yaratdın məni

Sərt daşların ziddiyəti içində?...

Sirlərinlə doluyam, bax:

Suyu çevirirəm həsrət şərabına

Və atəşə dönür şərab qanımda.

Ey iztirabımın tanrısı!

Doldur atlas nəfəsinlə

Qəlbimdəki boş yuvanı...

Xəfifcə,

Qırmadan qanadlarını

Bir quşun ruhunu üfür canıma

Sevginin gümüşü sədası ilə...

***

Veritas

Əllərimi uzatsam

Və toxunmağa çalışsam,

Elektrik tellərinə çarpacağam -

Və bir kül yağışı kimi

Yağacağam torpağa...

Fizika həqiqətdir,

İncil həqiqətdir,

Eşq həqiqətdir -

Həqiqət acıdır.

Feil təsrifi

Gedəcəyəm,

Gedəcəksən,

O gedəcək,

Gedəcəyik -

Qoy, gedək...

Yudu yağış

Çay kənarındakı

Qızılağacın yarpaqlarını.

Qızılağac donur indi...

Gedirəm,

Gedirsən,

O gedir -

Hər zaman təkbaşına...

Getdin,

Getdim -

Biz getdik.

Yuxarıdakı o pıçıltısı isə

Küləkdir.

O daima əsəcək belə

Üzərimizdə,

Suyun üzərində,

Torpağın üzərində...

***

Qəlbimin quşu,

Qəmli olma bu qədər.

Bəsləyəcəm səni sevinc dəniylə,

Parlayacaqsan birdən-birə.

Qəlbimin quşu,

Ağlama daha.

Bəsləyəcəm səni nəvaziş dəniylə,

Uçacaqsan göylərə.

Qəlbimin quşu,

Ey qırıq qanadlım,

Çırpınma belə...

Bəsləyəcəm səni ölüm dəniylə,

Gedəcəksən yuxuya...

* * *

Növbəti xatirə

İndicə bir söz yazdım -

Yaşlandım bir söz qədər...

İki söz qədər,

Üç söz qədər,

Bir şeir qədər...

"Yaşlanmaq" -

Nə deməkdir?

"Tarix adlı mücərrədlik içində

Darısqal bir köşədədir yerim -

Haradan-haraya...

Böyüyürəm...

İqtisadiyyat adlı mücərrədlik içində

Məhkum edilmişdim yaşamağa.

İndi sürüklənirəm başıboşca

Zaman adlı mücərrədlik içində..."

(Metropoliten muzeyinin

Misir şöbəsində

Bir daş gülümsəyir

Qadın dodaqlarıyla...)

* * *

Gözəl barmaqlarının arasında

Sadəcə bir titrəməyəm.

Toxunursan isti dodaqlarınla,

Xışıldayıram yarpaq kimi...

Qoxun məni dəli edir - deyir ki, varsan,

Qoxun məni dəli edir - qarşıda uzun bir gecə...

Gözəl barmaqlarının arasında

İşığam mən sadəcə...

Ölü və qaranlıq bir günün ardınca

Yaşıl bir ay kimi parıldayıram...

Birdən görürsən ki, qıpqırmızıdır dodaqlarım -

Duzlu dadı ilə qanı axır bayaqdan...

# 2246 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #