Yaşlı qadının çimərlikdəki kölgə davası – Aliyə yazır...

Yaşlı qadının çimərlikdəki kölgə davası – <span style="color:red;">Aliyə yazır...
26 iyul 2018
# 11:30

Bu yay istilər bizi qəfil haqladı. Arada bir-iki dəfə işıqların sönməsilə, bir-iki günlük suyun olmamasıyla insan əlindən çıxan rahatlıqlara etibar olmadığını bir daha dərk etdik. Qoca təbiətdən başqa bir güvənc yerimiz olmadı.

Yəni, yayda təbiətə çıxmaq il uzunu şəhərdə tüstü udanlar üçün kompensasiyadan çox insan övladının özünə yanaşmasını dəyişmək, bəlkə özgüvənini artırmaq, canlı olduğunu anlamaq üçün bir ehtiyacdır.

O səbəbdən kitabda, filmdə təbiət təsvirlərini fon yaratmaq, giriş vermək, atmosferi ötürməkdən başqa daha ciddi bir məramı var: o, bəzən insan cəmiyyəti ilə kontrastı vermək, canlılığı vurğulamaq, həyatın özünü nişan vermək və s. kimi başqa mənalar daşıyır.

Çoxu filmdə və kitabda təbiət təsvirlərini ötürür. Amma deyəsən bu, tək kitabda olmur. Bəzən istirahət edən adamlara da təbiət fon kimi lazımdır. Selfi çəkmək, kabab çəkmək, Fb-də ad çəkmək üçün...

Yəni, gedirik, gedirik, görürük ki, bir gözəl şəlalənin ətrafında kabab çəkirlər, azca aralıda isə qazanlar asılıb. Əlbəttə, nolar ki? Kasıb əlində qoğal adamı niyə narahat etsin? Sadəcə, bu arzunun özü qəribədir: məhz o şəlalənin altında kabab yemək. Niyə? Başqa yerdə yeyib o yerə sadəcə baxmaq olmazmı? Niyə yemək üçün baxmalı yerləri zəbt edirik? Axı o şəlalənin, hündürlüyün üstündə dayanıb sadəcə olaraq uzaqları seyr etmək, ruh rahatlığı tapmaq olar. Oysa insanlar dincəlməkdənsə bir-birinə mane olur.

Ümumiyyətlə, dincəlmək təkadamlıq məsələdir, xüsusən təbiətdə kollektiv şəkildə dincəlmək çox vaxt ibtidai icmaya qayıtmaq kimi görünür.

İl uzunu gərgin iş rejimində olan adamların hər şeyi birdən istəməsi anlaşılandır. Yalnız axarlı-baxarlı yerlərdə stollar düzüb müştərilərə min dürlü yeməklər təklif edən xidmət sahələri bir bələdçi ilə gəzinti-ekskursiya turları da etsə, bununla alternativ istirahət yollarını da göstərsə olmazmı?

Əgər pendir-çörək götürüb təbiətə çıxmaq insanın öz ağlına gəlmirsə...

“O dağın başında çay içdim”, “O şəlalənin altında kabab yedim” dincəlmək ola bilməz.

Bu da bir ayrı mövzudur ki, sadəcə baxmaq, sadəcə gəzmək üçün ərazini axtarmaq lazımdır. Ölkədə hər daşın, az qala hər ağacın yiyəsi var. Biz ərəbə kölgə satan azərbaycanlını qınayırdıq. Amma məsələn, o gün Pirşağı çimərliyində oradakı əraziyə baxan işçi ilə yaşlı qadın arasında belə bir yumoristik dialoqa şahid oldum.

- Xala bu pulludur e.

- Nə pulludur? Mən qumda oturmuşam, dövlətin çimərliyində, dəniz də allahın...

- Dənizi demirəm, pullu “zontikin” kölgəsində oturmusuz. Yəni, istəyirsiz stol da qoyum, amma qiyməti 15 manat edəcək.

- Ay bala, stol-zad istəmirəm. Mən səhərdən, ta saat 4-dən burada oturmuşam. İndi gün əyilib kölgə gəlib mənim oturduğum yerə düşüb. Yəni, mən kölgəyə yox, kölgə mənə gəlib. Sizin zontik məndən 6-7 metr aralıdadır.

- Bəs indi necə olsun?

- Heç nə, oğlum. Denən onlara, gəlib kölgəni üstümdən götürsünlər.

İşçi çar-naçar bir bizə, bir dənizə, bir xanıma baxdı, quma bata-bata uzaqlaşdı...

Çox az şey verilir bizə.

Şərtlər içində həm də.

Biz də bir-birimizə mane olub o şeyləri bölüşə, dadını çıxara bilmirik.

# 2728 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #