Qoca sərsərinin arzuları

Orxan İsmayıl

 

 

Üzü-başı qıllı, əldən düşmüş nimdaş paltarlı qoca yayxandığı skamyanın önündən nə vaxt gözəl qadın keçdikdə tanrıya minnətdar olduğunu bəyan edir. Elə miskin, eybəcər səslə bağırır ki, onun dəli köpəkoğlu olduğuna heç kim şübhə etmir. Piyli səfeh çöməlir, yırtıq ayaqqabısını çıxarır, ağzıüstə çevirib 2-3 dəfə yerə vurur. Qaytarıb ayağına geyinir. Eyni qayda ilə bu ovsunu o biri tay ayaqqabı üzərində edir.

 

Kim bilir, o, qadın tumanının qoxusunu axırıncı dəfə nə vaxt ciyərlərinə təpib? Halbuki, bunu selik süzülən ağzındakı əzik siqaret kötüyü ilə unutdurmaq istəyir. Qocanın üfunətli qasığında heç dişi begemot da oturmaq istəməz. O, isti şorba və yumşaq yataq axtarmır. Ümumiyyətlə, qoca yaşamamaqla məşğuldur. Bir cüt yağlı döş onun üçün qəlyanaltıların ən iştahaçanıdır. Xədim arı şirə çəkmək üçün yeni açılmış qönçə arzulayır. Gözləri zəif olsa da, üstüörtülü yumşaq şeyləri xəyalında cizgiləndirə bilir. Onun üçün girdə, hamar nemətlərin hamısı qadın dadını verir. Axmaqlığın tərifi...

 

 

***

 

 

Qocanın həyati rənglərindən əksəriyyəti pozulub. İndi o, nəhayətsizliyin qaragüruhunu, addımbaşı onu qarabaqara izləyən günəşin açıq-qırmızı işartısını duya bilir. Ruhu göylərə, mücərrəd dünyaya, qadınların və xoşbəxtliyin özləri onu qucaqlayacağı səltənətə tələsir.

 

Hava qaralır. Sadiq skamyasında mürgüləyir, bir müddət nəsə görmək istəmir. Məhrəm, oyanmaq istəmədiyi yuxudan savayı. Göz hədəqələri solğun, şiş görünür. Burnu böyük və eybəcərdir. Qərtmək bağlamış yaranı xatırladır. Ağzından mütəmadi selik ifraz olunur. Günlərdir yuyulmayan alt paltarı kəsif iyi verir. Həmişə sağ çiyni üstə uzanır.

 

Qoca istədiyinə nail olub. Dörd çılpaq oynaş ona qulluq edir. “Sənin ananı...Yarıtmaz ləçər, ayaqlarımı yaxşı ov. Off...baaaax beləə...” Qızlardan biri yumru döşlərini onun kürəyinə sıxıb doğranmış meyvə dilimlərini ağzına doldurur. “Yavaş! Yavaş ol, fahişə! Elə bu dəqiqə sənin sağ döşünü qopardacam. Çiyələk! Tez ol mənə çiyələk gətir”. Qocanın söyüşləri gözəlləri qıcıqlandırmır. Onlar bu put kötüyə təhkim olunmuş mələklərdir. “Sizin hamınız bu gecə mənimlə yatacaq. Birinci səni, sonra səni, sonra səni, sonra da...hardasan...hə, axırda da səni...” Ayaqlarını qurulayıb bığlarını və sinəsinin qəzilini qırxırlar.

 

Küçə itlərinin hürüşməsinə ala-yarımçıq ayılır. İşıq dirəklərindən başqa heç nə gözə dəymir. Belə yuxunu ona çox görmədiyi üçün tanrıya minnətdar olduğunu mızıldanır. Həmişəki kimi bunu ağıldankəm avara görkəmində edir.

 

 

***

 

 

Gün yaxşı başlayıb. Qocanın istifadəsində bir qab soyuq yemək, qazlı su, yumşaq çörək və siqaret var. Yaxınlıqdan keçən ərlə arvad nəzakət göstəriblər. Var olsunlar. İfrat acgözlüklə xırda tikələri gözünə təpir. Qazlı su şərabı əvəz etməsə də keçinmək olar. Quruyub dibə yapışmış yağı çörək parçası ilə sıyırır, şirəli barmaqlarını ikrahla marçıldadır. Nahar bitəndən sonra siqaret yandırır. İndi o, ən sevdiyi işlə - xəyal qurmaqla məşğuldur.

 

Havanın günəşli olmasına, üfüqün təmiz, ürəkaçan göründüyünə görə parkda xüsusi qələbəlik var. Baxışlarından eşq oxunan cütlüklər, tənha kişiləri görməzdən gələn qısa ətəkli qadınlar, köntöy əl-qol hərəkətləri ilə nəyisə müzakirə edən kişilər və uca çinar oyuğunda cütləşən bir cüt qaratoyuq. Balaca körpəsinin bir-iki addım atıb səndirləməsi mehriban ananın təbəssümünə səbəb olur. Nə vaxtsa onun da anası olub.

Əllərini başının altında çarpazlayıb ətrafdakı mənzərəni seyr edir. Anasını xatırlamasa da, hər dəfə içib onu kötəkləyən, çörək və içki pulu yığmaq üçün kömür mədənində eşələnən atası yaxşı yadındadır. Əyyaş zırrama çoxdan torpağa qarışıb. Zaman tez ötdü, o, yarıtmaz atasından daha bədbin ölüm tərəfdarına çevrildi.

 

Yerində dikəlib əsnəyir, sinəsinə zəif yumruqlar ilişdirir. Pırtlaq, kirli saçlarını qarışdırır. Qoca taleyin ona xəyanət etməsindən gileylənmir, bütün ömürlərdə az və ya çox məzmunsuzluğun olduğuna şübhə etmir. Ölənə qədər tanrıya inananların tərəfindədir.

 

 

***

 

"Axır ki, səni tapdım. Yəqin tanıdın məni. Ölüməm. Büdrəmə, dayan qalxmağına yardım edim. Sus! Bilirəm, yaşamaq istədiyini çərənləyəcəksən. Məni istibdadçı adlandırmağa cürət eləmə. Bütün başlanğıclar sona çatanda mən peyda oluram. Buna sadəlövhcəsinə yaşamaq deyirsiniz.

 

Fikirləşmirsiniz ki, nə üçün yaşamalısınız? Bu sualın doğru cavabını heç birinizdən ala bilməmişəm, çünki onu piyli başınızla məsğərəyə çevirirsiniz. İndi zəhlətökən murdar olduğunu bağıra bilərsən. Nə durmusan, başla!"

 

Yuxu, çox qorxulu yuxu... Həm də həyatda rastlaşa bilmədiyi reallıq. Boğazı qurumuş dəri parçasını xatırladır, ovurdları çöküb. Dəhşətli dərəcədə susayıb. Qaba alnı tərləyib. Ayağa durub yerində vurnuxur. Birdən dumanlı gözləri sarı otların arasındakı kauçuk su borusuna sataşır. Üzərinə hücum çəkib ha tərəfə dartışdırsa da, su çıxmır. Aha, başqa bir boru, təəssüf, bunda da su yoxdur. Daha biri də boşdur, bu da... elə bu da...Oynaqları əsir, təntiyir, müvazinətini zorla saxlayır. Ətrafdan keçənlərə hücum edib inadkarlıqla ona su verilməsini tələb edir. Kimisi onu itələyir, kimisi gicbəsər adlandırıb yolundan qalmır və nəhayət ona su verən tapılır. "İlahi, yəni bu əcəl yanğısıdır? Yuxuma da ölüm ilahını sən yollamısan? Mmm, deməli vaxtım çatıb" - qoca düşünür.

 

Axşamtərəfi hava soyuyur. Köhnə cır-cındıra bükülüb, titrəyən əli ilə közərən siqaretdən bərk yapışıb. Hadisələrin belə cərəyan etməsi ölümə işarədirsə ondan gizlənmək ağılsızlıqdır. Gözləmək və gözləmək, ölənə kimi.

 

 

***

 

Taleyi onunla “dərs başladı” deyə burnufırtıqlı məktəbli kimi rəftar edir. Sualları dalbadal yağdırıb cavab eşitməyə tələsmir. Nadürüst hərəkətlərinə görə zamanın küncündə bir ayağı üstə üzü cəhənnəmə tərəf durmalıdır.

Günlər tələskənliklə bir-birini əvəz edir. Qoca bu qışdan da sağ çıxmağı bacarıb. Günəş daha çox yandırır, bütün həyati əlamətlərin cücərməsini sürətləndirir. Dilənçiliklə əldə etdiyi pulla çörək, yağlı kolbasa, araq və siqaret alıb. Yaxşıca yeyib sərməstliyin dadını çıxarır. Üfunət qoxuyan corablarını, yapışqanlı köynəyini skamyanın taxtaları arasına keçirib. Sözəbaxan günəş bunları qurudub qoxularını dağıtmalıdır. Ətrafdan keçən qüsursuz əndamlı qadınlara baxanda sahiblik, yiyələnmək hərisliyi eybəcər bədəninin titrəyişlərini bir qədər də dözülməz edir. Qoca öz xəyallarının sərsəri qəhrəmanı, bəsit həyatının ifşaçısıdır.

 

Günəş açıq üfüqlə irəliləyib qüruba yaxınlaşır. Yaşıl otların, yabanı çiçəklərin, şirəli ağac pöhrələrinin əlamətdar qoxusu hər tərəfi bürüyüb. Buranın quş növündə də çoxalma nəzərə çarpır. Quşlar və otlar uzun müddətə qocanın ən sadiq dostlarına çevriləcəklər. İsterik məhəbbət fiquru yaranacaq. O da tənhalıq nəzərləri ilə səs-səsə verib civildəşən quşlara, milyonlarla tumurcuq dünyaya gətirən ağac budaqlarına tamaşa edir. Hərarətin qırmızı libası əyninə görədir. “Yaxşı ki, mən yaşayıram, yaxşı ki mən mövcudam, ey məğrur ağaclar, ey dilinizi başa düşmədiyim quşlar, mən sizə təmənnasız və böyük kəhkəşan kimi sərhədsiz dostluq təklif edirəm. Sədaqətli davranacağıma söz verirəm, eşidirsiniz? İnanıram ki, məni anladınız. Sən...sən ağac oyuğunda nəğmələrini sıralayan sığırçın! Artıq biz dostuq, mənə etibar eləyə bilərsən”.

 

Yuxuya tez gedir. Sabah onu gərgin gün gözləyir. Günortaya qədər dilənməli, yığdığı qəpik-quruşla qarnını doyurmalıdır. Qoca məntiqin ən ali və sadə yolunu tapıb: biz yaşayırıq, düşünürük, sevirik, qocalırıq və bunların heç birini ac qarınla etmək olmur.

 

***

 

Görəsən dünyanın ən kimsəsiz adamı kimdir? Onu xəyalında canlandırıb geyindirə, üz-başına lüzum verə, baxışlarını yamsılaya bilər. Şairanə görkəm alıb əllərini yana açır. Ovurdlarını şişirib gözlərini inamsızlıqla yumub-açır. Qudurğan insanlar da bax beləcə məkanın hansı olmağı, havanın günəşli yaxud rütubətli keçməsinə məhəl qoymayıb şar balonları kimi çəkisizlikdə uçurlar. Elə gün yetişir ki, tale onlara gözlərini açıb önə, arxaya, yuxarı, aşağı baxmağı məsləhət görür. Razılaşmadıqda, onları himayə edən yenilməzlik gözü əbədi yumulur.

 

Qoca düşüncələrinin köləsi olmağa alışıb. Cibində ki paketdən meyvə quruları çıxarıb xımır-xımır yeyir. Qarnı ac deyil, siqareti səhərə çatar. Qaşınması dözülməz olub, əlini salıb belini, dizlərini, tüklü qasığını qaşıyır. Dırnaqlarının arasına qara kir qatı yığılır. Sabah açılsın, yığacağı pulla yuynmaq üçün hamam axtaracaq. Qaynar suyun altında iki saat dayanıb dəriqarışıq kir-pasını qaşıyıb tökəcək. İti ülgüc ilə üzünü, dolanıb qulağına girən bakenbardlarını qırxacaq. Alt paltarlarını suya çəkib qurumağını gözləyəcək. İlahi, sonuncu dəfə bunlarının hamısını nə vaxt etdiyini xatırlamır.

 

Hava qaralanda özü kimi guşənişinin biri 20 addım sağdakı skamyada oturur. Başını aşağı salıb hərəkətsiz qalır. Dodaqlarının tərpənişindən pəsdən özü ilə danışdığı hiss olunur. Qoca dikəlib onu müşahidə edir. Bəlkə tanrının ona göstərmək istədiyi kimsəsi olmayan məxluq budur? Naməlum adam sinəsindən bir şüşə çıxarıb başına çəkir. Qurtuldatdıqca qocanın ağzı sulanır. Böyük məhəbbətlə onun qonağı olardı. Ancaq yaxınlaşmağa çəkinir. Yerində uzanıb bir də onu görmək istəmir.

 

Nə vaxt göy üzü təmiz, ürəkaçan olsa həvəslə ulduzları sayıb yerbəyer olduqlarına sevinir. Milyonlarla parıltıdan bir neçəsinə sahiblənib onları diqqətlə izləyir. Bəzən seçdiyinin hansı ulduz olmasını ayırd etməkdə çətinlik çəkir. Ulduz böyüklükdə daha tünd işığın bir xətt boyu yanıb-sönərək hərəkət etməsi ona həmişə maraqlı gəlib. Rəhmli pilotun təyyarəni endirib təntənəli surətdə, gülərüz stüardessaların alqışları onu içəri dəvət etmələrini ürəyində min dəfə arzulayıb. Hər zaman baş verə biləcək şeyləri arzulamağın özü qaragüruhçuluqdur. Rasionallığın əsiri olmaqdır. Nağıllara tüpürüb əsatirləri baltalamaqdır.

 

***

 

Güclü, narın damlalar yaşıl otları, asvalt örtüyünü, skamyaları, altında büzüşdüyü kürkü döyəcləyir. Şaqqaşaqla parlayıb-sönən ildırım çətinliklərdə sozalmış gözlərini qorxutmur. Onu yalnız dünyanın dağılmağı sarsılda bilər. Yağışın kəsib-kəsməməsi vecinə deyil. Təbiətin çılğınlıqlarına küfr edə bilmir, tanrının qəzəbinə tuş gələcəyindən qorxur. Etibar elədiyi yeganə varlıqla münasibətlərinin korlanmasını istəmir. Nəm ciblərini eşələyib köhnə alışqanını tapır. İslanmamaq üçün polietilen torbaya yığdığı siqaretlərdən birini yandırır. Rütubətli havada tütün xüsusi dad verir. Qırmızı köz eybəcər sifətinin bir hissəsini işıqlandırır.

 

Yağış uzun çəkmir, hava açılır. Günəşin ilıq hənirtisi tutqun bulud laylarını pərən salır. Qoca sınıq-salxaq mikrotaburetində əyləşib doğma işi ilə - dilənməklə məşğuldur. O, zarıyıb çoxmərtəbəli alqışlar səsləndirmir. Lal-dinməz halda qabağına sərdiyi parçanın üzərində pencəyinin qolundan kəsib düzəltdiyi xurcuna qəpik atacaq adamları gözləyir. Gənc qadın yanındakı uşaqla birlikdə ona yaxınlaşır. Qoca ötəri baxışlarla onları süzüb hadisəni duyğusal edəcək əlavə hərəkət etmir.Beş addım qalmış qadın dayanır. Çantasında bir xışma qəpik çıxarıb yanındakı uşağa verir. Uşaq əyilib əlindəkiləri torbaya tökəndə ovcundan bir neçəsi kənara sıçrayır. Qoca ondan qabaq tökülən qəpikləri yerdən götürüb xurcununa qoyur. Sonuncu iyirmi qəpikliyi əlinə alanda günəşin şüası üzərindəki xəritəni parladıb gözqamaşdıran edir. Girdə metalişlənmənin kənarlarında barmağını gəzdirib uşaqlıqdan doğma yurdunda hüzur tapmayan, səfil həyatının dolanbaclarında çabalanan ömrünün tükürpədən axarına hiddətlənir. Qadınla uşağın uzaqlaşmalarını gözləyib metal pulu bacardıqca görünməzliyə tullayır.

 

Gərginliyin canından çıxması üçün skamyada uzanıb kürəyini günəşin ixtiyarına verir. Bir xeyli belə qalıb sonra qarnını doyuzdurmaq üçün yığdığı pulları xərcləyəcək. Könlünə spirt düşüb. Niyə də olmasın, almağa pulu çatar. Hələlik istirahətini pozmaq  istəmir. Heç vaxt olmadığı saatının xəyali əqrəblərinin vaxtı çatanda onu xəbərdar edəcəyinə əmindir.

 

 

LENT

21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019