Tərk edildiyi üçün qollarını doğrayan, qəbrinin yeri bilinməyən “Kreml gözəli”

Tərk edildiyi üçün qollarını doğrayan, qəbrinin yeri bilinməyən “Kreml gözəli”
19 iyul 2018
# 09:00

Əcnəbi mətbuat onu “Sovetlərin Sofi Loreni”, “Kremlin ən gözəl silahı” adlandırırdı.

Ancaq kişilərin ağlını başdan alan bu gözəl qadının həyatı faciəli bitir.

Sovet İttifaqının ən məşhur modellərindən biri Regina Zbarskaya 52 yaşında intihar edir...

Regina 1935-ci ildə Leninqradda, zabit Nikolay Kolesnikovun ailəsində doğulur. Atası ona həmin dövr üçün o qədər də yayğın olmayan Regina adını verir. Latıncada kraliça mənasını verən bu ad sanki qızın sonrakı həyatını müəyyənləşdirir.

Müharibədən sonra ailə Voloqdada yerləşir. Regina məktəbi burada bitirir və paytaxtı fəth etmək üçün Moskvaya gedir. On yeddi yaşlı qız Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olur. Hərçənd, onun arzusu aktrisa olmaq idi. Ancaq aktyorluq fakültəsini hazırlıqsız qazanmaq şansları sıfıra yaxın olduğundan o, iqtisadiyyatı seçməyə məcbur olur.

Gənc qız ikinci kursa keçəndən sonra dərslərdən qalır və buna görə müəllimlərin narazılığı ilə qarşılaşır. Ancaq o bacarıqlıydı, savadlıydı və imtahanlarını da uğurla verə bilir.

Tələbə olanda Regina anlayır ki, gəncliyi və gözəlliyi onun parlaq gələcək qurmasında həlledici rol oynaya bilər.

O, tez-tez diplomatların, tanınmış sənət adamlarının toplaşdığı ziyafətlərə gedir. Və ziyafətlərdə təkcə gözəlliyi ilə yox, eyni zamanda intellekti, yaxşı həmsöhbət olmaq bacarığı, iki dil bilməsi, kübarlığı ilə diqqəti çəkir.

Ali məktəbi bitirəndən sonra sıx-sıx “Mosfilm”in çəkiliş pavilyonlarında görünür, aktrisa kimi təklif almağa çalışır. Ancaq rejissorlar ona rol təklif etməyə tələsmir. Və günlərin birində bəxt onun üzünə gülür. Rəssam və modelyer Vera Aralova ona Ümumittifaq Moda Evində işə dəvət edir.

Sovet dönəmində model nüfuzlu peşə sayılmırdı və onlar sadəcə qiyafət nümayişçisi adlandırılırdı. Regina isə öz yeni peşəsindən zövq alırdı, çünki podiuma çıxmaq onu moda dünyasında tanıtdırırdı.

Onun karyerasında dönüş nöqtəsi 1961-ci ildə Parisdə sovet manekenlərinin də qatıldığı paltar nümayişində oldu. Məhz Parisin “Pari Matç” jurnalı ona “Sovetlərin Sofi Loreni” adını vermişdi.

Parisdəki uğurundan sonra vətənə dönən Reginaya hakimiyyət anlatdı ki, əgər xaricə maneəsiz getmək istəyirsə, o zaman ölkənin ümumi mənafeyi üçün çalışmalıdır. Xaricə səfərləri zamanı modellər həmin ölkənin siyasətçiləri, incəsənət adamları, biznesmenləri ilə ünsiyyətdə olurdular. Reginanın indiyədək sovetlər üçün hansı qiymətli indormasiya əldə etməsi və yayması məlum deyil. Ancaq orası dəqiqdir ki, Regina digər modellərdən fərqli olaraq xaricə səfərlərində, istədiyi şəhərlərə getməsində sərbəst idi.

Peşəsində uğur qazansa da, Regina bütün qızlar kimi uğurlu ailə həyatı qurmaq arzusundaydı. 1960-cı illərdə o, rəssam Lev Zbarski ilə tanış olur və məhz onun soyadını ömrünün sonunadək daşıyır.

Lev arvadbaz idi, daim gözəl qadınların əhatəsində olurdu. Ancaq Regina onu cənginə keçirməyi bacarır və 7 il onlar yüksək təbəqədə ən gözəl cütlüklərdən biri sayılır.

Regina ona həmişə dəstək olmuş modelyer Vyaçeslav Zaytsevin sayəsində fransız aktyorları İv Montan, Jan Belmondo, modelyer Pyer Kardenlə tanış olur. Hətta deyilənlərə görə Fellini belə ona heyran idi.

Bəzilərinin fikrincə Pyer Karden məhz ona görə Sovetləri sevirdi və Yüngül Sənaye Nazirliyinin sifarişi ilə modellər hazırlayırdı.

Regina 32 yaşında hamilə qalır. Şayiələrə görə Lev ondan uşaq istəmirdi. Digər tərəfdən isə onun həmin vaxt Monreala uzunmüddətli səfər gözləyirdi. O, karyerasını seçərək, abort elətdirir. Həkimlər isə ona daha uşağının olmayacağını deyir. Amma Reginanı Monreala da göndərmirlər. Komissiya Monrealdakı beynəlxalq moda nümayişinə digər model Mila Romanovskayanı yollayır. Onların fikrincə sarışın Mila obrazı daha orqanik təqdim edə bilər.

Lev isə o dönəmdə sovet kinosunun ən gözəl aktrisalarından biri Marianna Vertinskaya ilə eşq macərası yaşayır. Amma tezliklə ondan da ayrılır, digər aktrisa Lyudmila Maksakovayla vətəndaş nikahında olur, bu nikahdan Maksim adlı oğlu doğulur.

Hazırki əsas şəkil

Levin evlənməsi, oğlunun doğulması Reginanı depressiyaya salır. Buna baxmayaraq o, keçmiş ərini qaytarmağa çalışır. Ancaq Lev 1972-ci ildə İsrailə, ordan da Amerikaya mühacirət edir. Onun ölkəni tərk etdiyini bilən qadın Moda Evindən gedir, damarlarını kəsir və ruhi xəstəxanaya düşür.

Müalicədən sonra Regina peşəsinə qayıtmağa çalışır. Yaşına və əlavə çəkisinə baxmayaraq, onun podiuma qayıtmaq imkanı vardı. Çünki həmin dövrdə təkcə gənc yox, orta yaşlı qadınlar da paltar nümayiş etdirə bilərdilər. Özünün gəncliyinin və əvvəlki gözəlliyinin qalmadığının fərqində olan qadın ümidsizliyə qapanır və podiuma qayıtmır.

1973-cü il onun həyatındakı qara zolağa son verilə bilərdi. O, yuqoslav jurnalisti ilə tanış olur. Onların arasında ehtiraslı sevgi yaşanır, amma jurnalist vətənə dönəndə “Regina Zbarskaya ilə yüz gecə” adlı kitab çap etdirir. Sensasiyaya səbəb olan kitabda Reginanın həmkarları haqda donosları, açıq-saçıq şəkilləri, Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlığı, intim həyatının təfərrüatları yer alır.

Bu kitaba görə o, istintaqa çəkilir, sorğu sual edilir, ağır psixoloji basqıya məruz qalır. Ağır stress keçirən qadın ikinci dəfə damarlarını kəsir və yenə xəstəxanaya düşür.

1984-cü ildə sonuncu dəfə onun moda jurnalında fotoları çıxır. Həmin fotolardan həyat eşqi sönmüş, solğun bir qadın baxırdı.

Sonralar modelyer Vyaçeslav Zaytsev onu Moda Evinə xadimə düzəldir. Regina tez-tez həmkarlarına zəng edib onlar haqda donos yazdığına görə bağışlanmasını xahiş edirmiş.

1987-ci ildə o, dərman içərək gözlərini həmişəlik yumur. Onun ölümü haqda xəbəri “Amerikanın səsi” radiostansiyası yayır, Sovet İttifaqında isə onun vəfatı sükutla qarşılanır.

Reginanın ölümü ilə bağlı müxtəlif versiyalar dolaşır. Bir versiyaya görə o, qida zəhərlənməsindən ölüb. Başqa bir versiyaya görə, o, evdə əlində telefon dəstəyi olan yerdə tapılıb, üstəlik, onun gündəliyi də it-bata düşüb. Reginanın öldürülməsi və ya doğrudan da intihar etməsi faktı hələ dəqiqləşməyib.

Modelin qəbrinin indiyədək harada olması məlum deyil.

Bir versiyaya görə, onun əfsanəvi sovet kəşfiyyatçısı Vitali Şlıkovla romantik münasibəti olub.

2015-ci ildə ekranlara Reginanın həyatından bəhs edən “Qırmızı Kraliça” serialı çıxır.

# 3233 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
# # #