Sevmək daha asanmış ölməkdən – Cəlil Cavanşirdən Yeni Şeirlər

Sevmək daha asanmış ölməkdən – <span style="color:red;">Cəlil Cavanşirdən Yeni Şeirlər
18 iyul 2018
# 09:01

Lap çoxdan yorulmuşam və bəlkə də bütün yaşadıqlarım, başıma gələnlər və gələcəklər bu səbəbdəndir. Əvvəlcə sevməkdən, sonra yazmaqdan, ən sonda yaşamaqdan vaz keçdim. Amma heç birini bacarmadım...

Xülasə, sevdim, yazdım və yaşamağa davam edirəm...Və hər şey əbədi bir lənət kimi, son günə qədər davam edəcək...

Cəlil Cavanşir

Miladdan sonrakı sevgi şeiri

N. üçün

saçlarının nərgiz qoxusu

yastığıma elə hopub ki...

indi darıxmaqdan dərs keçir mənə...

tünd qəhvə, həzin caz, soyuq divarlar, siqaret tüstüsü

tavana dikirəm baxışlarımı

hələ də əllərimdədir əllərinin istisi.

sən bütün əzabların mükafatısan

sanki fərqli bir nəfəs var ciyərlərimdə

bərk-bərk tuturam nəfəsimi

çatlamış dodaqlarımı isladıram,

dodaqlarının nəmində

və bir də

və bir də, sevgilim

hava daha çox şeirdi sanki

saçların

üzümə dağılsın saçların

tərpənmə

sadəcə dayan və mən gözlərinə baxacam.

sən gəl və sadəcə sən gəl

mən keçmişimdən qaçacam.

indi pəncərəmə quşlar qonur,

indi mən quşlara çörək ovuram...

indi erkən oyanıram,

çay dəmləyirəm,

indi mən gəlməyənlərin deyil,

sənin yolunu gözləyirəm.

Sevmək daha asanmış ölməkdən...

İndi saçlarımı darayıram, parfüm sıxıram

sonra

gözlərim yaşarır gülməkdən

sevmək daha gözəlmiş ölməkdən

Hər şey sevdaya daxildir

Hamıdan, hər şeydən narahat idim

Yenə dirigözlü açdım səhəri

Sən də bir az yoxdun... nə yalan deyim

Durub qucaqladım xatirələri.

Darıxdım, özümə bir çay dəmlədim

Çayım fincanımda soyudu, atdım.

Əlimi gecənin gözünə soxub

Minlərlə darıxan ulduz çıxartdım.

Ağladım, eyvanda siqaret çəkdim

Qayıtdım yatağım soyuyub yenə

Sıxdım dişlərimi, gözümü yumdum

Sonra sakitləşdim, haqq verdim sənə.

Sən hardan biləsən, bu gecələrdə

Soyuq divarlarla danışmaq nədir.

Sən hardan bilsən hamıdan qaçıb

Əzablı təkliyə qovuşmaq nədir.

(Bəlkə də hamısı boş bəhanədir)

Hamıdan, hər şeydən narahat idim

Yenə dirigözlü açdım səhəri

Sən də bir az yoxdun... nə yalan deyim

Durub qucaqladım xatirələri.

Nə vaxt bahar gələcək?

bu yaz çiçək bitirməz,

günəş də çox sönükdü.

insanlar da dəyişib

hamı özünə yükdü.

torpağın üzü soyuq,

göy üzü qapqaradı.

ağaclar çiçəkləmir

tanrım, bu nə havadı?

bir qırıq ümid yoxdu

adamların üzündə.

yelkənsiz qayıqlarıq

günahlar dənizində.

yenə saxta dualar,

yenə yalançı alqış.

insanlar soyuduqca

qış geri qayıdırmış...

qəfil bir çiçək açıb,

daş üstündən boylana.

bir az ümid cücərsin,

qapılaq həyəcana...

amma yox e, vallah yox

bu su axar, durulmaz

bu yaz çiçək bitirməz

“bir çiçəklə yaz olmaz.”

tanrım, bu nə qəzəbdir

yerdən göy üzünədək?

nə vaxt yumşalacaqsan,

nə vaxt bahar gələcək?

Unudulur nə vaxtsa

Gəl yadına salım ki,

"Ayrılıq var, ölüm var"...

Sənə xatırladım ki,

yaddan çıxır ölənlər,

Xatırlamır qalanlar...

Bir də heç vaxt unutma;

unudulur nə vaxtsa

böyük bir ehtirasla

sarıldığın adamlar.

Arif olan tez anlar.

Sonrası...

sonrası bizdən keçib,

olacaqdı olanlar

boş şeydi iztirablar,

çox da dərinə getmə

boş şeydi yaşananlar...

Çətini getmək deyil

çətini gəlməməkdi.

Sən də elə gəlmirsən

Sevinəcək duyanlar

Mənə təsəlli vermə,

Unudacam zamanla...

Sevdanın astar üzü

Bir mən, bir də arzularım

Pərən-pərən, dağınıq.

Yenə çirkli pəncərədən

Ulduzlara baxırıq

Bu uzanan gecələrdə

Fikirlərim qarışıq.

Bir mən, bir də ümidlərim

Bu hüznlü gecələrin

Ağrısıyla tanışıq

Sabahacan ağrı çəkib,

Divarlarla danışıb,

Sənsizlik də ac qurd kimi

Bədənimə daraşır...

Bir mən, bir də ümidlərim,

Bir də sənsiz gecələr

Bir mənmi xoşbəxt deyiləm?

Bir mənimi dərd əyir?

Alnımdakı qırışlara

Baxmıram ki, çoxalır

Elə hey gözlərim dolur,

Mənim qəlbim yuxadır

Ağladıqca gözlərimin

İşığı da azalır

Bir mən, bir də ümidlərim,

Dişimizi sıxırıq,

Səndən əlimiz üzülür,

Yollarına baxırıq...

***

"Humayun" təsnifi üstündə ağı

və ya N-lə dərdləşmə...

son beş ayda çox şey yaşadıq

mən ümiddən və gələcəkdən vaz keçdim,

çünki öldü ümidlər

eşidirsən,

ümidlər öldü!

ürəyim qətliam yeridir,

orda,

ümidləri öldürdülər...

ümidlər öldü, sevgilim, ü-mid-lər öldü

anam çox ağladı sırf bu səbəbdən

son beş ayda çox şey yaşadıq

xəyal qurduq, sevişdik, şeir yazdıq, ayrıldıq

sonra ümidlər öldü, ağladıq, yas tutduq, barışdıq

gələcəkdən vaz keçdik, ümid etməyi unutduq

göz yaşımızı qurutduq və susduq.

yox, susduq və unutduq...

mən bir təsəlli aradım,

saqqal uzatdım, içdim, darıxdım, ağladım, yoruldum.

mən bir bulanıq suydum səndən öncə,

sən gəldin və duruldum...

sanki qəfil bir basqında düz alnımdan vuruldum

anam buna da ağladı...

son beş ayda çox şey yaşadıq

yatdım, günəşlə oyandım

qərarlar verdim, arxasında dayandım.

sevgidən çox şey gözlədim,

xoşbəxtlik istədim, səadət umdum

oysa boş şeydir ümidlər,

öldülər.

sonra hər şeydən yoruldum.

bir ağac yarpağı olsam,

solardım bu boyda sənsizlikdən

amma mən solmadım, ümidlər öldü sevgilim

öldü ümidlər

Olur belə şeylər

Nəysə, olur belə şeylər

Olur ki, darıxırsan

Hər kəs sənə doğru qaçır,

Sən ona sığınırsan

Gecələr tez-tez diksinib

Adını çağırırsan

Nəysə, olur belə şeylər,

Olur ki, çox sevirsən.

Sən hamıdan vaz keçirsən,

Hamıya yadlaşırsan.

O da səndən uzaqdadır,

Bu oyuna çaşırsan

Nəysə, olur belə şeylər

Olur ki, ağlayırsan.

Göz yaşların ilıq-ilıq

Töküldükcə üzünə

Evin bütün künclərindən

O görünür gözünə

Nəysə, olur belə şeylər

Olur ki, yorulursan

Bütün həyat eşqin ölür,

Bezirsən, təklənirsən

Bircə quru zəngi gəlir

Coşub ürəklənirsən

Nəysə, olur belə şeylər

Olur ki, hər şey bitir.

Yaşadığın sevda zülüm,

Sevgin göz yaşı, kədər

Bir də baxırsan illərin,

Hədər gedibmiş, hədər...

Nəysə, olur belə şeylər,

Olur ki,

sən olmursan...

Minosun zindanından məktub

hər dəfə sən yanımda olanda,

və gözlərimin içinə baxanda

gözlərimi yummuramsa,

səndən və baxışlarından uzaq durmuramsa

günəşə bu qədər yaxından baxan

ən cəsarətli insanam.

pəncərəmin önünə quşlar lələklərini buraxır,

ruhum bu boyda qəfəsdə darıxır

hər dəfə sən yanımda olanda,

mənə toxunanda,

səndən qaçmıramsa

bilirsən necə qəhrəmanam?

günəşə bu qədər yaxınkən sağ qalan

yeganə insanam!

sən mənim son şeirim, ilk bəstəm

sənə doğru uçmaqdan məstəm

və bu şeirə bir az klassika qarışır

"sevginlə sərməstəm..."

Günəşim, qanadlarımı əritmə!

Ayrılıq... Ölüm... Qorxu...

bir gün çıxıb gedəcəyəm, sakit, səssiz-səmirsiz

nə günəş batacaq gedişimlə, nə ulduz axacaq

nə tufan qopacaq.

bəlkə qızım ağlayacaq üç gün,

sonra kiriyib susacaq

oğlum bir qız sevəcək hansısa uzaq şəhərdə,

və bir də

getdiyim yollara baxacaq anam

ana, mən getməyə qorxuram

arxanca baxan yoxdursa, ən yaxşısı getməkdi

bir gün çıxıb gedəcəyəm, elə-belə, səbəbsiz

bir yarpaq düşəcək səssiz

bir şeir yarımçıq qalacaq dəftərimdə

bir söz donacaq dilimin ucunda,

məsələn, “əlvida”

kimsə darıxacaq başqa bir şəhərdə,

kimsə əl yelləyəcək uzaqda

nə zülümlə qopardım bu yaşımı əcəldən,

mən ki yol adamıyam,

mən yolçuyam əzəldən...

arxanca baxan yoxdursa, yaxşısı dönməməkdi

bir gün çıxıb gedəcəyəm, ən sonuncu qatarla

bir xəyal sürətilə, yoxa çıxıb itəcəm

yəni səssiz gedəcəm,

mən səbəbsiz gedəcəm

boşaldıb ağrıları ürəyimin içindən

itəcəyəm hamının

və hər kəsin gözündən

nə xatirəm qalacaq kiminsə ürəyində,

nə ağlayan olacaq

heç kəs darıxmayacaq.

bir gün məktub yazacam qürbətdən:

“ana, mən qorxuram ölməkdən...”

arxanca baxan yoxdursa, getmək elə ölməkdi

# 5995 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #