Hicablı model: “Mənə deyirlər ki, yanlış yoldasan” – MÜSAHİBƏ

<span style="color:red;">Hicablı model:  “Mənə deyirlər ki, yanlış yoldasan” – <span style="color:red;">MÜSAHİBƏ
16 iyul 2018
# 09:00

Kulis.az hicablı geyimləri təqdim edən model, video blogger Zəhra Əliyeva ilə müsahibəni təqdim edir.

- Zəhra xanım, əvvəlcə təhsiliniz və əsas işiniz haqqında qısa bir məlumat verərsiniz?

- İqtisad-kommersiya sahəsi üzrə ixtisas təhsili almışam. Xarici şirkətdə ofis meneceri işləyirəm. Bir müddət “Xədicə” hicab evində model kimi işləmişəm, bir növ oranın siması olmuşam. Daha sonra başqa hicab dükanlarının siması oldum. Reklamlarda çəkildim. Amma indi bu fəaliyyətimi dayandırmışam, çünki yaxınlarda öz butikimi açacağam. Dükanımı “Zahrali” adlandıracağam.

- Sözsüz ki, müsəlman dünyasında moda sənayesi xeyli gəlişib. Artıq brendlər, moda nümayişləri, nəşrlər var. Mənə sizin bu ideyaya gəlişiniz maraqlıdır. Dindar idiniz, hicab geyinirdiniz, yoxsa modelliyiniz dini görüşlərinizdən qaynaqlanmır?

- Dinə gəlməyim 11 yaşımda oldu, atamla birgə namaza başladım. Hicaba keçməyim, 10 il bundan əvvəl - 17 yaşımdan başladı. Amma əlbəttə öz qərarım idi. Bu zamana qədər heç bir model fəaliyyətim yox idi. Universitetə hazırlaşırdım. Həmin ərəfədə cəmiyyətin içində deyildim, düşünürdüm ki, hicab sadə olmalıdır, qapanıb çıxmalısan. Amma cəmiyyətə çıxdıqca, işlədikcə, gördüm ki, insanlar hicabdan qorxur. Adamlarda gizli bir islamafobiya var. Xüsusən hicabsız qadınların beynində belə bir fikir var ki, hicaba keçmək hər şeydən məhrum olmaq deməkdir; tamamən qapanmaq, özünü tamamən cəmiyyətdən məhrum etmək deməkdir. Buna görə, qara geyinmək lazımdır və s. Mən hicaba qarşı bu fikirləri gördükcə öz geyimimlə cəmiyyətə uyğunlaşmaq istəyirdim. Həm müsəlman olaraq vəzifəmi yerinə yetirirəm, həm də cəmiyyətə uyğunlaşıram. Bura islam ölkəsi deyil, bilirsiniz, hicablılar üçün problemlər var - iş tapmaqda və s. Mən də düşündüm ki, insanlara sübut edim ki, hicab cəmiyyətdən təcrid olunmaq deyil. Hicabla istədiyin yerə qalxa, istədiyin işi işləyə bilərsən, təhsil ala, sosiallaşa bilərsən. Hicab səni heç nədən məhrum etmir, evə də qapamır. İslam əslində qadına azadlıq verir, nəinki məhrumiyyət. Bunu sübut etmək üçün bu addımı atdım: yəni, mən hicabla da gözəl görünə, modaya uyğunlaşa bilərəm.

- Ana ideyanız dünyəviliklə dini bir araya gətirməkdir?

- Müasirliklə dini bir müstəviyə gətirmək yəni. Peyğəmbərimizdən belə bir hədis var: “Zəmanənizlə ayaqlaşaraq yaşamağa çalışın.” Ayə var ki, qadın hicab örtməlidir, amma həm də hədis var ki, zəmanə ilə uyğunlaşmaq lazımdır. Bu ikisini bir müstəviyə gətirirəm.

- Geyimlərin, ümumiyyətlə insan sivilizasiyasına aid bir qaydanın, gələnəyin praktiklikdən başqa bir nəzəriyyəsi və ya fəlsəfəsi də var. Sizin təqdim etdiyiniz geyimlərinsə yozumları ola bilər, izahı isə birdir: dində belə buyurulub! Amma mən yenə də soruşuram. Bir məntiqi izah, nəzəriyyə, fəlsəfə düşünürsünüzmü bu geyimlərlə bağlı?

- Dediyiniz kimi bu, Allahın əmridir. Ondan əmrdirsə, bizdən tabe olmaq düşər. İnsanlar xüsusən, hicabsız qadınlar mənə instaqramda çox yazırlar. Sonra açarlar deyə hicaba keçməkdən qorxduqlarını deyir, məndən heç peşman olub-olmadığımı soruşurlar. Hicaba keçəndən sonra bunun azadlıq olduğunu dərk edirsən. Mən hicabı açmağı düşünməmişəm demirəm, çünki bu fikirlər arada gəlib-gedir, xüsusən isti havada. Amma hicabla özümü azad, rahat, hicabsız xanımlardan daha sərbəst hiss edirəm. Hicab hər kəsə bir hədd qoyur. Heç kim müəyyən bir həddən o yana hicablı xanıma yaxınlaşa bilməz. Təbii, xanımdan çox şey asılıdır. Amma hicab mənimlə insanlar arasına bir sərhəd qoyur.

- Yəni, hicab sizin dini görüşlərinizi, dini dəyərlərə sahib olduğunuzu bildirir, siz bu dəyərləri təmsil edirsiniz və ətrafdakı çoxluq da bu dəyərlərə hörmətlə yanaşır?

- Eynən. Adamlar Allahdan qorxurlar ən azı. Polislərdən tutmuş ictimai nəqliyyata qədər insanlar hörmətlə yanaşır.

- Bayaq dediniz ki, dünyəviliklə, dini ehkamı bir müstəviyə gətirmək istəyirsiniz. Elə bilirəm bu o qədər də asan deyil. Örnəklər çəkib məsələdən yayınmaq istəmirəm. Çətinliklər var...

- Elə bir dövrdəyik ki, hicablılar üçün hər şey var. Qapalı çimərliklər də. İstədiyimiz yerə rahatlıqla gedə də bilirik. Məncə heç nədə özümüzü təcrid olunmuş, məhdud hiss etmirik.

- Dini ehkam kimi qəbul olunmasından başqa, ümumən hicabın kişi baxışlarından qorumaq kimi bir funksiyası da var. Bu baxımdan hicabın da konkret bir həddi yoxdur. Kiməsə görə hicab tam qapalı geyimdir, kiməsə görə, yalnız baş örtülməli, geyim bədəni örtməlidir, kimsə bədən əzalarının bilinmədiyi geyimi hicab sayır. Yəni, kişiləri qadına aid hər şey təhrik edirsə, qadın hara qədər qapanmalıdır?

- Mən də bu sarıdan problemlər yaşayıram. Mənə yazırlar ki, bu, əsl hicab deyil. Amma məsələ belə deyil. Mənim yanaşmam başqadır. Məsələn, Ərəbistan ölkələrində, İraq kimi ölkədə, yəni sırf islam ölkəsində indi geyindiyim geyimlə gəzsəm, diqqəti cəlb edərəm. Çünki, orada qadınlar çox qapalıdır, çadra və niqab geyinirlər, tunik və şalvar geyinib başını bağlamış qadın onların arasında o anda seçiləcək. Hər kəs ona baxacaq. Çünki onlar qapalı mühitdə yaşayır və orada fərqlilik başqa fikirlər oyadır. Mən orada olmuşam, isti idi deyə çadrasız gəzmişəm və o qədər baxış üzərimdə hiss etdim ki, qaçıb çadra geyindim. Bu, Azərbaycana aid deyil. Burada hicabsız daha çoxdur, Azərbaycan dini ölkə deyil, dünyəvi, tolerant ölkədir. Ona görə də bu geyim inanmıram ki, açıq hesab olunsun. Normal insanlar mənim geyimimə qapalı deyil deyə baxmaz. Xəstələrsə hər yerdə var. Əlbəttə bir qayda var yenə də. Hicabda boyun və qulağın çöldə qalması, dar geyimdə əzaların görünməsi olmamalıdır. Hicab məsumiyyəti simvolizə edir. Hicabla hansısa açıq-saçıqlıq itici gələr, insanları da qəzəbləndirər. Mənə deyirlər ki, siz niqab taxmalısınız. Niyə taxmalıyam? Mən niqab taxsam kim məni işə götürər? Azərbaycanda çadra, niqab vacib deyil.

- Siz dediniz ki, İraqda bu hicabla çıxsam diqqəti çəkəcəm, çünki ora üçün bu açıq geyimdir. Amma çoxluq adi geyinirsə, məsələn mənim kimi, sizin də qorxunuz yoxdur. O zaman bu sadəcə ətrafın dünyagörüşü məsələsidir. Burada məndən fərqlənmirsinizsə, qapanmaq ehtiyacı da olmayacaq. Əlbəttə, dinin buyurduğunu nəzərə almasaq.

- Mən Allahın əmrinə tabe olaraq hicaba keçmişəm, sadəcə peyğəmbərin məsləhətinə uyğun olaraq da cəmiyyətlə ayaqlaşıram. Bu dövrdə bu ölkədə hicablı olmaq çətindir. İşləmək və oxumaq istərkən problemlərlə qarşılaşırsan.

- Konkret hansı problemlər yaşamısınız?

- Universitetdə oxuyanda dekanatlıqda problem yaşayırdım. Qiymətimi kəsirdilər. İnsanların təfəkkürü fərqlidir. İki il işsiz qaldım. Şükür allaha indi bu problemlər yavaş-yavaş aradan qalxır. Həm də ərəblər ölkəni bürüyüb deyə mərkəzdə hicablıları satıcı olaraq işə qəbul edirlər. Marketinq baxımından sərf etdiyi üçün. Mən o zaman iş görüşmələrinə gedəndə də o radikal geyimi geyinirdim. Sonra uyğunlaşmalı oldum. İndi işləyirəm, çalışıram və ətrafdakı cəmiyyəti nəzərə almalıyam. İşlədiyim yerdə hicablılar azdır, demək olar ki, yoxdur. Onlarla danışanda fikirlərinin dəyişdiyini görürəm. Elə bilirlərmiş ki, hicablılarla ünsiyyət alınmır. Bilirsiniz, mən də elə düşünmüşəm. Hicablıyamsa heç kimə salam verməməliyəm.

- Daha çox radikal dindarlardan iradlar, təzyiqlər alırsınız, ya islamafoblardan?

- Qadın məclislərində belə deyirlər ki, niyə saçını örtürsən, gənc qızsan? Sanki baş bağlamaq qocaların işidir. Mənim video-blogum var, orada baş bağlamaq üsulları kimi videolarım var idi. Dindar cameədən yazırlar ki, siz yanlış yoldasınız, hicab dəb deyil. Amma nəyi yanlış edirəm? Mən tünd tonlara meylliyəm, ortada rəng yoxdur, açıq-saçıqlıq yoxdur, onda məndə sizi cəzb edən nədir? Necə olur ki, cəmiyyətdə mənim geyimim kimisə cəlb etmir, amma İnstaqramda sizi narahat edir? Niyə mən qapqara geyinib insanları ürkütməliyəm? Yanlış anlaşılmasın, qara geyimlilərə önyarğılı deyiləm. Məni qıcıqlandıran odur ki, heç bir kitab oxumayan, islamı Fb-dəki statuslardan bilən insanlar bunu deyir. Tanınmış ilahiyyatçılarla görüşürəm, konfranslarda oluram, onlardan bir irad da eşitmirəm, amma bu insanlardan iradlar bitib-tükənmir.

- Bu yaxınlarda metroda şortik geyinmiş qızla dava edən yaşlı qadının görüntüləri mətbuatda, sosial şəbəkələrdə geniş müzakirə olundu. Siz nə düşünürsüz bu hadisə haqqında?

- Yetkin insan haqqında nə deyə bilərəm. Ağıl sahibidir. Başqasının işinə qarışmaq olmaz. Qız yanlış otura, yanlış geyinə bilər. Amma qıza qarşı o hərəkəti etməklə qarşı tərəf daha yanlış davranır. Əsla kiminsə işinə qarşmaq, seçimlərini müzakirə etmək olmaz. Hər kəs özü ilə məşğul olmalıdır.

- Dini olmayan geyimlərdən danışaq. Vulqar geyim deyə bir kateqoriya varmı? Məsələn, mənim ağlımda şortik daha çox dinamik gənc, dəlisov, uşaqsayağı bir imic yaradan geyimdir. Onu hansısa başqa kontekstə gətirə bilmirəm.

- İnsan öz bədənini tanıyaraq geyinməlidir. Hansısa geyimi necə geyinməkdədir məsələ. Kombinlər düz olmalıdır. Necə ki, radikal dindar geyim bu cəmiyyətə uyğun deyil, o şəkildə də o açıq geyim bu cəmiyyətə uyğun deyil. Azərbaycan təfəkkürü, mentaliteti var. Çox açıq geyinirsənsə, pis hadisələrlə qarşılaşmaq riskini gözə almalısan. Bu riski bilib geyinirsənsə, deməli, bunu eşitmək istəyirsən. İfrat və təfrit deyə bir şey var. İnsan həddi hiss etməlidir. Bu həddi özü təyin etməlidir. Bəzən itələyici açıq-saçıq geyimləri kombin edirlər. Dekolte varsa, ayaqlar örtülü olmalıdır. Balanslaşma olmalıdır. O balanslaşma yoxdur.

- Bəs hicablı geyimdə qadınları əsas narahat edən məqamlar nədir?

- Bir yaxın rəfiqəm var idi, onu başını bağlamağa yoldaşı məcbur etmişdi. Deyirdi ki, küçədə özümü pis hiss edirəm, hamı gözəldir, saç düzümündə-zadda, mən qoca arvad kimi bürünmüşəm. Bu cür alqılayırdı. Onlara izah edirdim ki, bu, zövq məsələsidir. Hicabda da gözəl görünmək olar.

- Məsələn, mənə elə gəlir ki, mənə hicab qətiyyən yaraşmır. Alnım yastıdır, burnum əyridir, saçla kompensasiya edirəm normalda, amma hicabda kifir görünərəm. Yəqin mənim kimi düşünənlər var.

- Necə ki, geyimi bədənini tanıyaraq geyinməlisiniz, hicab bağlayanda da üzünüzü tanıyaraq bağlamalısınız. Üzünüzü tanıyandan sonra gözəl bir hicab geyə bilərsiniz.

- Siz dediniz ki, öz butikinizi açırsınız. Yəqin ki, müxtəlif dizaynerlərlə və ya brendlərlə işləyəcəksiniz. Hicablı geyimlər dünyəvi moda ilə, yeni trendlərlə necə ayaqlaşır?

- Mən heç bir trendi izləmirəm, nəşrlərə də baxmıram. Hicabda əsas əhəmiyyət kəsb edən rənglərdir. Mən yalnız hansı rənglərin trend olmasına baxıram. Rənglər bir-birinə uyğunlaşmalıdır. Trenddə olan modelləri, atributları götürürük.

- Yeni butikinizdən - moda evinizdən yalnız hicablı qadınlarmı geyim seçəcək?

- Mən həm hicablı xanımlara, həm də sərbəst geyinənlərə zövqlü, açıq-saçıq olmayan geyimlər təqdim edəcəyəm.

- Zəhra xanım, evlisinizmi?

- Nişanlıyam.

- Həyat yoldaşınız olacaq adam sizin iqtisadi müstəqilliyinizə, sahibkar fəaliyyətinizə qarşı çıxmayacaq ki?

- Yox, o, bu məsələdə yanımdadır. Ümumiyyətlə, hər məsələdə yanımdadır. Blogger fəaliyyətimdə də yanımda idi. Hicablı qadının bloggr fəaliyyəti bizdə elə də yaxşı qarşılanmır. Bu məsələdə o, mənə dəstək verdi. Bilir ki, bu işi çox sevirəm. O, müasir baxışlı insandır. Deyir, sabah mən olmasam, sənin öz ayaqların üstündə duracağına əmin olmaq istəyirəm.

- Zəhra xanım, bizim sayt ədəbiyyat saytıdır. Ona görə sonda oxuduğunuz müəllifləri bölüşməyinizi istəyirəm. Dini ədəbiyyat oxuduğunuzu bilirəm. Ümumiyyətlə, dini-bədii hansı kitabları oxuyursunuz?

- Daha çox fəlsəfə oxuyuram. Böyük islam filosofu Şəhid Mütəhərri, Təba Təbahi. Onlar vazkeçilməz, oxunmalı adamlardır. Bədii ədəbiyyatdan Rövşən Abdullaoğlu, İlqar Kamil kimi müəllifləri oxuyuram. Detektiv sevmirəm. Rəşad Nuri Güntəkin, Sara Pur... Bir də, türk şairlərini oxumağı sevirəm, şeirə meylliyəm: Nazim Hikmət, Camal Sürəyya, Orxan Vəli, Atilla İlhan...

# 4685 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #