Məni adam bilir uzaqdan hamı - Elvin Bakiroğlunun yeni şeirləri

Məni adam bilir uzaqdan hamı - <span style="color:red;">Elvin Bakiroğlunun yeni şeirləri
4 iyul 2018
# 13:35

Kulis.az gənc şair Elvin Bakiroğlunun yeni şeirləini təqdim edir.

***

göldə qurbağalar, ağacda quşlar,

yağışlar islanır bu may axşamı.

qohum-əqrabalar, dostlar, tanışlar,

məni təbrik edir uzaqdan hamı.

düşür otuz iki yaş damcıları,

qarışır yağışın yaş səslərinə.

hələ də aldanır qulaqcıqlarım

dolu ürəklərin boş səslərinə.

məni axmaq bilir uzaqdan hamı.

məni sevənlərin gözləri qarı,

uzaqdan heç nəyi görmür elə bil.

düşür otuz iki yaş damcıları,

dişini ağardır ömür elə bil.

məni yaxın bilir uzaqdan hamı.

bir taksi üşüyür sifəti sarı,

saxlayıb deyəsən sür ötən günə.

düşür otuz iki yaş damcıları

yağışın, ağacın, gölün üstünə.

mən göləm, ağacam, bir də yağışam,

məni adam bilir uzaqdan hamı.

***

nə əcəb görmədin, gör nə qədər var

yaramın üstündə hələ duz yeri.

Onsuz da çoxdandı dünya zəhrimar

fırıldaq yeridi, dələduz yeri.

ayrılıq oğrudu – eşqin soyğunu,

küsdürər iştahı, pozar uyğunu.

sevginin, vicdanın, hissin, duyğunun

sinəndə tapılıb ən ucuz yeri.

günəşi aparıb küncə qoymuşam.

yorğun bir axşamı dincə qoymuşam.

heyf ki adını Gecə qoymuşam,

nə ay yeri qalıb, nə ulduz yeri.

hərdən təpinirəm “uşaqlarıma”

həyatda ən böyük dayaqlarıma,

sənsiz iməkləyən ayaqlarıma

deyirəm kişi ol, dur onsuz yeri!

***

gəlib ömrümüzü yeyən adamlar,
belimizi yerə əyən adamlar,
hər gün başımıza döyən adamlar
yenə sinəmizdə döyünəcəklər.

durmaz ruhumuzun qanaxmaları,
içinin, çölünün darıxmaları,
dünən aldığımız travmaları,
sabah şeir kimi bəyənəcəklər.

üz verib tanıma sevdanı, yarı,
sevdiyin hər kəsin çıxar astarı,
sən arzuladığın o ağ paltarı
ümidin öləndə geyinəcəkər...

Image result for elvin bakiroğlu

# 2477 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #