Xəstə uşağın yazdığı roman

Xəstə uşağın yazdığı roman
3 iyul 2018
# 14:20

Kulis.az Firudin Həmidlinin “Gözləməyi bilənlər - Peyami Safanın "Doqquzuncu cərrahiyyə palatası" romanının təhlili” yazısını təqdim edir.

Dəyərli əsərləri və ədəbiyyata, xüsusilə roman janrına gətirdiyi misilsiz yeniliklər ilə 20-ci əsr Türkiyə ədəbiyyatında danılmaz bir məqam tutan Peyami Safa "Doqquzuncu cərrahiyyə palatası" bu əsərini özünün yaşadığı hadisələr əsasında qələmə almışdır. Bu baxımdan, avtobioqrafik məzmuna malik olan "Doqquzuncu cərrahiyyə palatası" romanı əsərdə adı keçməyən 15 yaşlı xəstə bir uşağın dili ilə nəql edilir. Bu xüsusdan xəbəri olmayanlar ilk vərəqləri oxuyarkən romanın yetkin, dünya görmüş, ən az 30-40 yaşlı bir şəxsin gözü ilə çatdırıldığını düşünə bilər. Bu ilk müşahidə, şəxsən mənim özümdə də əsərin ortalarına yaxın yerini küt bir heyrətə buraxdı.

15 yaşlı bir uşağın insanlardan, əşyalardan və tutulduğu xəstəlikdən aldığı təəssürat və müşahidələri baxımından romanı "bir günlük dəftəri" olaraq alqılamaq da mümkündür.

Romanda keçən obrazlar, məkanlar və hadisələr olduqca sıx şəkildə, bir-biri ilə müxtəlif yönlərdən əlaqədardır. Bunu daha aydın görə bilmək üçün əvvəla obrazları sıralayaq:

1) Xəstə uşaq (adı keçməməkdədir)

2) Nüzhət

3) Paşa

4) Mithat bəy

5) Ragıp bəy

6) Xəstə uşağın anası (adı keçməməkdədir)

7) Xəstə uşağın dostu (adı keçməməkdədir)

8) Paşanın həyat yoldaşı (adı keçməməkdədir)

9) Nurefşan

10) Cərrah

11) Cərrahiyyə şöbəsindəki qadın baxıcı

12) Ragıp bəyin anası (adı keçməməkdədir)

Bütün bu əsas və ikinci obrazlar ilə yanaşı romanda həkimlər, xəstələr, xəstə uşağın qohumları və digər epizodik şəxslər də rastımıza çıxmaqdadır. Lakin əsərdə xəstə uşaq və Nüzhətdən başqa heç bir obraz əsərin süjetinə tam anlamı ilə müdaxilə etməməkdədir. Zira hamısı sadəcə müəyyən bir səhnənin süjetinə bağlıdır. Bu səbəbdən romanı, deyilməsi mümkün isə, aralarında bu və ya digər şəkildə əlaqələr olan hekayələr toplusu da olaraq görmək mümkündür. Lakin romanın ümumi bir süjet xətti, təbii ki, gözdən qaçmamaqdadır.

Xəstə uşaq əsərin nəqledəni və baş qəhrəmanıdır. Nüzhət isə bu xəstə uşaqdan 4 yaş böyük olan bir qızdır. Aralarında "adı tam qoyulmamış, daha doğrusu, qoyula bilməyən" və hətta bəlli olmayan, ancaq səmimi olduğuna əminlik duya biləcəyəmiz bir münasibət mövcuddur. Bu münasibət xəstə uşaqda daha duyğusal və sevgiyə yaxın, Nüzhətdə isə bir az istehzalı, yoldaşlıqdan ötə olduğu aşkar sezilən bir bağdır. Bütün bu təfərrüata ümumən nəzər saldığımız zaman görürük ki, romanda aralarındakı əlaqə ən güclü olan və əsəri özləri ilə irəlilədən obrazlar məhz xəstə uşaq və Nüzhətdir. Əsərin gedişatında bu əlaqənin eşq olduğuna dair şübhələr yaransa da, hamısı boşa çıxır.

Romanda nisbətən daha sıx rasta çıxan obrazlardan digərləri isə doktor Mithat bəy və adı çəkilməyən cərrahdır. Mithat bəy və cərrah ilə xəstə uşaq arasında illərdən bəri gələn və xəstəliyin bilavasitə səbəb olduğu yaxın bir münasibət vardır. Mithat bəy xəstə uşağa qarşı daha dostcanlıdır. Romanda xəstə uşağın durumuna məhz Mithat bəy qədər önəm verib can yandıran ikinci bir obraz yoxdur. (Hətta uşağın anasında belə ondakı kimi canfəşanlıq görülmür, əksinə, müşahidə edirik ki, anası oğlunun xəstəliyinin sağalacağına dair ümid etməməkdədir). Cərrah və xəstə uşaq arasındakı münasibət isə həkim-xəstə əlaqəsindən bir neçə səviyyə üstün, lakin soyuqluğu hər an hiss olunan çəkingən bir vəziyyətdir.

Xəstə uşaq və Nüzhət arasındakı o məchul münasibəti daha da üzə çıxmasına və qığılcımlanmasına əsərdəki Ragıp bəy obrazı böyük təsir göstərir. Nüzhətin ailəsi öz qızlarının tibb təhsilini tamam etmiş Ragıp bəy ilə evlənməsinini uyğun görür. Bundan xəbər tutan xəstə uşaq düşüncələrə dalır və durumda məntiqi nöqtələr axtarmağa çalışır. O, hər nə qədər şəxsən Nüzhətə də bu evliliyə qarşı olmadığını bəyan etsə də, ikisi də bunun olmasını heç istəmir... Lakin onların arasındakı o məchul, dayaz münasibət, təbii ki, bu labüd nəticəyə mane ola bilmir. Əsərin sonlarında Nüzhət və Ragıp bəyin nigah mərasimi keçiriləcəyi xəbəri gəlir...

Əsərdə ən uzaqda qalan, süjetə əsaslı və ya ikinci, ümumiyyətlə müdaxilə edib təsir göstərməyən obrazlar daha çoxdur: xəstə uşağın anası, Paşanın həyat yoldaşı, Ragıp bəyin anası və digərləri. Belə xüsusiyyətə hekayə janrında daha çox rast gəlindiyi üçün 100 səhifədən bir az artıq olan romanı hətta uzun bir hekayə də hesab etmək heç də yanlış olmaz.

"Doqquzuncu cərrahiyyə palatası" romanını qısa şəkildə süjet baxımından tədqiq edərsək, bu nəticəyə gələrik, ki, əsərdə 2 süjet xətti vardır:

1) Xəstə uşağın xəstəlik ilə mübarizə yolu

2) Xəstə uşaq və Nüzhət arasındakı münasibət

Birinci xətt əsas, digəri isə əsasa bütünlüklə bağlı olan yardımçı mahiyyət daşıyır. Əsas süjetin mərhələlərini aşağıdakı kimi sıralaya bilərik:

a) Əsas süjet:

1) Başlanğıc - xəstə uşağın həkimə müraciəti

2) Hadisələrin düyünü - Xəstəliyin ağırlaşmış olması xəbəri

3) Kulminasiya - Ayağının kəsilmə ehtimalı

4) Düyünün açılması - Əməliyyatdan sonra

Qeyd edək ki, bu mərhələlər arasındakı sərhədlər kəskin və bəlli deyildir. Hətta oxucuların nəzərinə çarpmaya və bu təsnifatla razılaşmaya bilərlər. Zira, roman ümumilikdə cəmi 100 səhifədən bir az çoxdur. Demək mümkünsə, həcm etibarı ilə bu əsəri roman saymamaq da məqbul olar. Bu fikir yalnız həcmə deyil, obraz və məkan cəhətinə də istinadlıdır.

Romandakı məkanlara nəzər etdikdə isə, əvvəlcə deyək ki, bir bədii əsərdə, xüsusən romanda oxucunun yönəlmə nöqtəsini təşkil edən ünsürlərdən biri məkandır. Hər hansı bir əsərdə hadisələrin keçdiyi məkanlar oxucuda əsər barəsində müəyyən təsəvvür yaratmaq üçün ayrılmaz parçadır.

"Doqquzuncu cərrahiyyə palatası" romanında hadisələrin cərəyan etdiyi məkanları sıralayaq:

1) Paşanın evi

2) Xəstə uşaq və anasının evi

3) Xəstəxana və xəstəxananın həyəti

4) Erenköy civarları

5) Doqquzuncu cərrahiyyə palatası

Əsərə ad verən "Doqquzuncu cərrahiyyə palatası" romanda hadisələrin düyünün çözüldüyü yerdir. Burada xəstə uşaq özünün düşüncələri, xəstəliyi və divarlar qarşısında tək-tənha qalır, müəyyən bir mərhələ qət edir. Xəstə uşağın burda divarlara qarşı duyduğu qorxunun əslində öz taleyinə, xəstəliyinə və baş verən hadisələrə duyduğu qorxunu simvolizə etdiyini əminliklə deyə bilərik.

"(Duvarlar) Allah kimi kuvvetini göstermeden kuvvetli duruyorlar..."

O, bu səhnələrdə daima divarlar ilə bir "mücadilə" içində görülür. İçindəki təlaş və qorxu, ümidsizlik uşaqda divarlara qarşı da bir qorxu yaradır. Hara dönsə, divarları gördüyünü, hətta başını yastığa qoyub gözlərini yumduğu zaman xəyalında onların canlandığını söyləyən uşaq bu təlaş və həyəcanla bütün xəstəxananı alt-üst edən bir şəkildə qışqırır. Lakin maraqlısı budur ki, qışqırıq onun elə bir halında baş verir ki, uşaq bu qışqırığı özünün çıxardığını fərq etməyərək səsin hardan gəldiyini duymağa çalışır... Az sonra isə otağa daxil olan həkimlər onun tənhalığına müdaxilə edirlər.

Hadisələrin bu sayaq davam etməsindən sonra uşaq bütün həyəcanını, qorxusunu atmış şəkildə ümidlənərək əməliyyata girir və ayağı xilas edilir. Əvvəlindən bəri bütün bu hadisələrdən: uşağın xəstə ayağının kəsilmə ehtimalından, onun xəstəxanaya yatırılmış olduğundan xəbərsiz Nüzhət onu ziyarətə gəlir.

Bu əsnalarda xəstə uşaq öz xəstəliyi, xəstəliyin özü ilə gətirdiyi səhhət qədri və sağlam olanların xəstələrin durumu haqqında əslində heç nə bilməyəcəkləri haqqında müxtəlif fikirlər söyləyir.

Peyami Safanın və ümumən Türk ədəbiyyatının ən qiymətli əsərlərindən biri hesab edilən "Doqquzuncu cərrahiyyə palatası" məhz müəllifin özünün yaşadığı hadisələr əsasında qələmə alınmışdır. Müəllif əsərin keçdiyi həmin illərdə qolunda törəmiş sümük xərçəngindən əziyyət çəkirdi və bu səbəbdən də düzgün, nizamlı bir təhsil ala bilməmişdi. Aydın olur ki, romandakı xəstə uşağın prototipi elə yazarın özü - Peyami Safadır. O, xəstəliyin bir yön ilə gətirdiyi tibb biliyindən də əsərdə geniş şəkildə və dəqiqliklə istifadə etmiş, yeri gəldiyində gah dərmanlardan, gah bu dərmanların təsirlərindən, gah da xəstəliklərdən bəhs etmişdir.

Əsərdə xəstə uşaq hansı dizində olduğu bilinməyən bir çürümə xəstəliyinə düçardır. 7 il ərzində müayinələr, müalicələr, bir neçə dəfə əməliyyat keçirmiş olmasına rəğmən, sağlamlığına qovuşması mümkün olmamışdır. Hətta biz deyə bilərik ki, əsərin sonunda əməliyyatdan çıxıb səhhətinin yaxşılaşdığını gördüyümüz uşağın tam mənası ilə xəstəlikdən qurtulduğunu bilmirik. Bu səbəbdən, aydın olur ki, əsas məsələ sağalıb-sağalması deyil, onun bu xəstəlik ərzindəki düşüncələri, sağalmağa qarşı tərəddüdlü ümidləri və dolaylı olaraq çatdırdığı mesajlardır.

# 932 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
#
#
# # #