Rejissor Hüseyn Mehdiyev: “O filmdəki zəif oyunların təqsirkarı mənəm” - MÜSAHİBƏ

Rejissor Hüseyn Mehdiyevin 1990-cı ildə çəkdiyi “Şahid qız” filmi SSRİ-nin dağılma ərəfəsində ölkəmizdəki vəziyyətin, ab-havanın fiksəsidir. Siyasi detektiv janrında çəkilən filmdə bir neçə süjet xətti işlənilib. Bir zavodun dənizə tullantılar axıtması nəticəsində sanatoriyada dincələn uşaqlar zəhərlənir. Siyasi hakimiyyət isə bu faciədən özünün çirkin niyyətləri üçün yararlanmaq istəyir. Yəni ölkədəki milli-azadlıq hərəkatını, demokratik fikri boğmaqdan ötrü hər vasitədən istifadəni məqbul sayır, hətta qətllər də törədir. Çəkilməsindən 28 il ötən “Şahid qız”  filminə maksimal realizm, dokumentallıq xasdır. Əhvalatdakı bir sıra nüanslar hələ də aktuallığını itirməyib. Baş rolları Sənubər İsgəndərli, Həsən Məmmədov, Rza Xudiyev, Çingiz Şərifov, Leyla Şıxlinskaya və başqaları oynayır.

 

Kulis.az Sevda Sultanovanın Hüseyn Mehdiyevlə “Şahid qız” filmi barədə söhbətini təqdim edir.  

 

- “Şahid qız” ictimai-siyasi cəhətdən radikal, sərt filmdir.  O vaxt filmin çəkilişləri zamanı maneələrlə rastlaşdınızmı?

 

- Filmin çəkilişlərində heç bir problem olmayıb. Bunu 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra çəkmişdik, Bakıda komendant saatı elan olunmuşdu. Rus əsgərləri vardı hər yerdə. Amma bununla belə bizim çəkilişlə bağlı bütün müraciətlərimizdə heç bir problem olmurdu, əksinə, şərait yaradırdılar. Ümumiyyətlə isə bu filmin dili mənim dilim deyil. Tamamilə özgə dildi. Bu filmi sifarişlə çəkmişəm. O vaxt “Özgə vaxt” filminin sinopsisi hazır idi, özü də geniş işləmişdim. Ancaq o vaxt müəyyən səbəblərdən keçmədi. Onda kinostudiyanın direktoru Ramiz Fətəliyev dedi ki, hələlik başqa bir film çək. Sonrasına baxarıq. Beynimdə “Şahid qız”ın ssenarisi vardı. İki həftə ərzində onu hazırladım.

 

- Siz dediniz ki, filmin dili sizə yaddır. “Süd dişinin ağrısı”, “Özgə vaxt”, “Məkanın melodiyası”nın fərqli ritmi, dili, estetikası var, həm də bunlar müəllif filmləridir. “Şahid qız” isə detektiv janrındadır. “Mənim dilim deyil” deyəndə nəyi nəzərdə tutursunuz?

 

- Mən onu nəzərdə tuturam ki, ümumiyyətlə, film kinodili baxımından primitivdir. Yəni bu filmdə kobud və aydın göstərilib ki, çox vaxt siyasi məsələləri, siyasi gerçəkliyi başqa məsələlərlə ört-basdır edirlər. Bunu daha yüksək səviyyədə, çox incə işləmək olardı. Amma o vaxt SSRİ dağılırdı, hamımızın iddiası vardı film çəkməyə və çalışırdıq ki, elə bir film çəkək ki, kassa yığsın, pul qazansın, həm də zamana toxunsun. Hamı da özünə arxayın idi ki, baxımlı, dinamik film çəkə bilər. Amma sübut olundu ki, hər kəs öz dilində danışmalıdır. Başqa dilə cəhd o qədər də yaxşı nəticə vermir.

 

- Əhvalatda paralel süjet xətləri, bolluca saspens var, detektiv janrının tələbləri də gözlənilib. İlk dəfədir bu janra müraciət etmisiniz. Ssenarinin hazırlanmasında, bu janrın peşəkarı sayılan Ramiz Fətəliyevə müraciət etdiniz?

 

- Yox. Özüm işlədim. Hətta mən təəccübləndim ki, ssenarini Ramiz Fətəliyevə gətirəndə bir neçə günə oxudu, o saat da dedi ki, normaldır. Heç demədi ki, düzəliş edim. Yəqin ki, bəyənmişdi. Bəyənməsəydi deyərdi.

 

O ərəfədə bürokratik mexanizmlər dağılmışdı, dərhal da istehsalata buraxıldı. Onda kinostudiyanın filmlərini “Universalbank” maliyyələşdirirdi.

 

- “Universalbank”la kinostudiyanın əməkdaşlığı necə başlamışdı?

 

- Deyəsən o vaxt Ramiz Fətəliyev “Universalbank”ın idarə heyətinin üzvü idi. Bank Əbdül Mahmudovun “Gecə qatarında qətl”, Cahangir Mehdiyevin “Girişmə öldürər” və digər filmləri maliyyələşdirmişdi.

 

- Film bitəndən sonra senzuraya məruz qaldı?

 

- Elə vaxt idi ki, senzura qalmamışdı. İndi çox güman ki, senzura daha çoxdur.

 

- Filmin ideyası hardan idi? Kimyəvi zavodda zəhərlənmə faktı reallıqda olmuşdumu?

 

- Yox, dramaturju xətt üçün lazım idi. Bayaq da dediyim kimi, əsas xətt bu idi ki, hakimiyyətin siyasi məqsədlərinə çatmaqdan ötrü, məqsədli şəkildə bu cür hadisələri spekulyasiya etməsini göstərmişəm. Yəni milli-azadlıq hərəkatını boğmaq, kütləni yönləndirmək üçün. Ona görə filmdə milli azadlıq hərəkatı paralel verilir. Hadisələrin fonunda milli-azadlıq hərəkatı göstərilir, Etibar Məmmədovun səsi eşidilir. Amma məni yandıran budur ki, əsas fikrimi axırda tekstdə demişəm.

 

- Sonda yazılan titrləri deyirsiz? “Belə olub, həmişə belə olacaq, əgər biz demokratik hüquqi dövlət qura bilməsək”.

 

- Amma bu, təsvirdə öz həllini elə tapmalıydı ki, mətnə ehtiyac qalmasın. Qorxdum ki, birdən fikrimi anlamazlar. Bütün dünyada belədir: o ölkədə ki, demokratiya, hüquqi dövlət yoxdur, orada məhz bu filmdəki kimi olacaq. Mane olacaqlar ki, həqiqət üzə çıxmasın.

 

- Özünüz də dediniz ki, film kassaya hesablanmışdı, həm də həmin dövr üçün bəlkə də bu cür açıq demək məqbul sayıla bilər.

 

- Ola bilər. Amma hər halda vaxt keçir, filmə baxırsan, onda öz səhvlərini daha aydın görürsən. Özünü çeynəyirsən ki, niyə belə olub. Artıq o səhvləri düzlətmək mümkün deyil, səhvlərim çoxdur, adi səhvlər də deyil.

 

 

- Məsələn, hansı səhvlər daha çox bağışlamırsınız?

 

- Ümumiyyətlə, hər şey kobuddur, musiqi aksentinə kimi.

 

- Filmdə əsas rollardan birini Çingiz Şərifov oynayır. İlk dəfə onu “Aşkarsızlıq şəraitində” filmində görmüşdüm, dərin təəssürat yaratmışdı. O, intihar edib. Bilmirsiniz səbəbini? Ümumiyyətlə necə yadınızda qalıb?

 

- Yox, niyə intihar etdiyini bilmirəm... Ümumiyyətlə, elə insanlar var ki, Allah onu bir tipaj kimi, bütün təbiətiylə ekran üçün yaradıb. Bu cür adamlar heç oynamasın, heç nə eləməsin, necə var elə hərəkət eləsin, olduğu kimi qalsın. Yenə də ekranda da əla, təbii çıxacaq.

 

- Özü də o, peşəkar aktyor deyildi...

 

- Hə aktyor deyildi. Çingizin üzündə dərinlik, gözlərində müəyyən kədər vardı. Ekran üçün nə lazımdırsa, Allah onun üzündə vermişdi. Hamısından təbiiliyi ilə seçilirdi. Ekranda tamaşaçını daha çox nə saxlayır? Aktyorun gözlərində nəsə olanda, adamı baxmağa məcbur edir. Boş, mənasız sifətin nəyinə baxasan? Çingiz mədəni insan idi, bir az içməyi sevirdi. Heç vaxt çəkiliş meydanında adamı pis vəziyyətdə qoymazdı. Ziyalı adam idi, hərdən gəlib, korrekt şəkildə bəzi məsələlərdə məsləhətlər verməyə çalışırdı. Bununla belə onunla sıx ünsiyyətdə olmamışam.

 

- “Aşkarsızlıq şəraitində” filmində görüb seçmişdiniz?

 

- Kastinqi ikinci rejissor Süleyman Əhmədov aparırdı. O təklif eləmişdi, mən də bəyənmişdim. Amma ümumən filmdə o qədər zəif aktyor oyunu vardı.

 

- Məsələn, baş rolun ifaçısı Sənubər İsgəndərlinin oyununu necə qiymətləndirirsiniz?

 

- Orada olan zəif oyunların təqsirkarı mənəm, onlar deyil. Bütün qüsurları özümə ünvanlayıram. Bunun da müəyyən səbəbləri olub.

 

- Hər halda düşünürəm ki, qüsurları olsa belə, “Şahid qız” dövrün atmosferini fiksə etmək baxımından dəyərlidir.

 

- Sizcə ötürə bilib?

 

- Əlbəttə.

 

- Hər halda hər şeydə peşəkar kimi baxmağın tərəfdarıyam.

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018