Məcid Məcidi sünni-şiə söhbətinin içində itib-batdı – Aliyə yazır...

Məcidinin jurnalistlərlə görüşündə baş verənlər

 

Filmləri bir çox festivallarda mükafatlandırılmış İran kino rejissoru Məcid Məcidi Bakıdadır.

 

Paytaxtda keçirilən İran mədəniyyəti günləri çərçivəsində rejissorun “Məhəmməd: Allahın elçisi” filmi təqdim olunur.

 

Nizami Kino Mərkəzində jurnalistlərlə keçirilən görüş də “Məhəmməd: Allahın elçisi” filmindən əvvəl baş tutub. Bir neçə mətbu orqanın nümayəndələrinin yazar və tənqidçilər iştirak etdiyi konfransda adamların sayını nəzərə alsaq, hər kəsin bir, ya iki sual haqqı var idi.

 

İlk olaraq tənqidçi Əsəd Cahangir bəlağətli “Xoş gəldin” nitqi ilə rejissoru təriflədi, əyləşənlərin rejissorun fanatları olduğunu elan etdi və sualına keçdi. Əsgər Fərhadi haqqında yazısını oxuduğumdan, qarşısındakı dəftərçədə “Xoxan islam” kəlməsini də sezdiyimdən sualı təxmin edirdim. Əsəd bəy Qərbin islamafobiya yaratmasından, rejissorun buna qarşı çıxmasından bəhs etdi, rejissorun da eyni fikirli müsahibələrini oxumuşdum. Əsəd bəy həmrəylik sevinci ilə sualını tamamlayandan sonra rejissora diqqət kəsildik. Məcidi sualdakı cavabı təsdiqlədi:

 

“Biz bu gün dünyada çox qeyri-bərabər şəraitdə yaşayırıq. Qərbin Şərqə və İslama təhqiramiz baxışları var. Qərb ölkələrinin bütün sahələrə kölgə saldığı belə bir dövrdə iş görmək, hər hansı söz demək olduqca çətindir. Dünyanın bir çox qərbli ziyalıları "Məhəmməd: Allahın elçisi” filmini boykot ediblər. Ancaq buna baxmayaraq, Şərqdə, həmçinin, Avropada bu filmi izləyən insanların baxışları, fikirləri çox müsbət oldu. Film Amerikada, Kanadada və əksər Avropa ölkələrində nümayiş edilib və çox müsbət qarşılanıb. İslam dünyasında bizim iki cəbhəylə problemimiz var: Biri Qərb cəbhəsidir ki, İslamın əsl çöhrəsinin göstərilməsinə qarşıdır. Neçə illərdir ki, İslamı terrorizm, zorakılıq dini kimi tanıtmağa çalışırlar. Belə hallar çoxdur və bunun ən bariz nümunələrindən biri də "İŞİD”dir. İslamı zorakılıqla, terrorla bərabər tutmaq istəyirlər. Təəssüf ki, ikinci cəbhə isə İslam dünyasının özündədir. Qərb cəbhəsiylə müqayisədə bu daha ürəkağrıdıcı haldır. Bu da bir çox İslam ölkələrində, xüsusilə Səudiyyə Ərəbistanındakı radikal baxışlarla əlaqədardır. Qeyd etməliyəm ki, Səudiyyə Ərəbistanı bu filmin göstərilməməsi üçün daha çox çalışdı, nəinki Qərb dünyası.”

 

Hələ filmi izləməmiş adamların olduğu görüşdə sualların sözügedən filmdən olacağı gözlənilən idi. Amma söhbət yavaş-yavaş din və siyasət mövzusuna sürüşürdü, hansı ki, yığıb yığışdırmaq olmayacaqdı. Konfrans az qala yarıya çatırdı, lakin kinematoqrafiya sözü hələ ki, işlənmirdi. Din kinoya söz verməmişdi. Bəs kinoda necə olub? Bu maraqla sual vermək haqqımı kullanaraq Məcididən sözügedən “Məhəmməd: Allahın elçisi” filmində bədii təxəyyülə nə qədər meydan verdiyini soruşdum. Mövzuya görə bədii təxəyyülünü qısmayıb ki? Özünü senzura olubmu?

 

“Peyğəmbər haqda film çəkmək çox çətindir. Birincisi, tarixin özünə sadiq qalmaq lazımdır. Daha sonra kino sənətinin qanunlarını pozmamaq lazımdır. Peyğəmbər haqda filmlərin əksəriyyətində bədii təxəyyülə meydan verilib. Peyğəmbər aləmlərə rəhmətdir deyirik, amma biz bunu dramatik, romantik formada (ola bilsin ki, tərcüməçi metaforik demək istəyir – red.) çatdırmalıyıq. Bu filmdə dənizlə bağlı səhnə var. Çoxları soruşur ki, belə bir hadisə axı harada baş verib? Mən deyirəm ki, yazılanlara yapışmaq lazım deyil, bu işdə əsas olan onun ruhudur.

 

Bu peyğəmbər bütün dünyaya, bəşəriyyətə aiddir: suyun, havanın peyğəmbəridir. O epizod təxəyyüldür: dənizin, balıqların peyğəmbəri qəbul etməsini göstərmək üçün istifadə olunub.

 

Image result for Allahın elçisi filmi

 

Biz peyğəmbərin uşaqlıq dövrünü  seçmişdik. Bu dövrə aid söhbətlər yoxdur, çox azdır. İstədim ki, islam dünyasında bu filmlə bir vəhdət yaradım. Peyğəmbərin uşaqlıq dövrünü seçməyim bununla bağlı idi. Tarix kitablarında onun uşaqlığı ilə bağlı beş-altı səhifədən başqa heç nə tapa bilməzsiniz. İstər sünni, istər şiə əhli olsun, müsəlman mənbələri topladım ki, yaxşı nəticə ortaya qoyaq. Ümumi bir nəzər yarada biləm. Tehranın içində kino üçün kiçik bir şəhərcik yaratdıq, çalışırıq ki, bu şəhərcik qalsın. İslam dünyasına bir sərmayədir, artıq orada çoxları film çəkə bilər. Bu, yaxşı bir imkandır.”

 

Daha başqa sual İran kinosunda mövzu spekulyativliyi ilə bağlı oldu:

 

“Məcidinin filmləri daxil İran kinosundakı bəzi filmlər sentimental hisslər qabardıldığı üçün, kiçik qəhrəmanlar seçildiyi üçün qiymətləndirilir?”

 

“Belə deyil. Məsələn, mənim təhsilim uşaq teatrı üzrədir. Uşaq dünyasını yaxşı bilirəm. Kinoya uşaqları ona görə seçirəm. Mən uşaqların pak dünyasını göstərmək istəyirəm. Başqa bir səbəb yoxdur”.

 

Din və kinonun toqquşduğu daha bir məqam “Əgər Peyğəmbərin siması göstərilsə və bu filmi siz çəksəniz, onun obrazını canlandırmaq üçün ağlınızda hər hansı bir aktyor namizədi varmı?” sualı oldu.

 

“Məncə, burada aktyor əsas deyil. Əgər mən bir də bu mövzuya müraciət etsəm, aktyor çəkmərəm. Əlbəttə, mənim şəxsi fikrimə görə burada heç bir problem yoxdur. Çünki Peyğəmbər də bu torpaqda, bu cəmiyyətdə yaşayıb. Biz onu Allahın mələyi Cəbrayılla müqayisə etmirik. O, insanların arasında doğulub və ömür sürüb. Əlimizdə onun simasının göstərilməsinin haram olması barədə heç bir sübut yoxdur. Bu, tamamilə insanların hörməti ilə əlaqəli bir şeydir. Onlar Peyğəmbərin şəxsiyyətinə hörmətsizlik etmək istəmirlər. Bəlkə də qorxurlar ki, hər hansı bir insan Peyğəmbər rolunu oyanasa və sabah səhv eləsə, bu qınağa tuş gələ bilər ki, o, belə insan olub...” – deyə Məcid Məcidi sualı cavabladı.

 

Bu suallar və cavablar xaric söhbət dövlət, din, siyasət və ideologiya üzərində getdi. Filmdə yəhudilərin təqdimi, Əbu Talib müsəlman idimi, dini təriqətlər, sünni və şiə mənbələri... 

 

Kinorejissor Məcidini bu söhbətlərin içindən çıxarmaq və kino haqda danışdıraq istəyirdik. Bir film kontekstində kino anlayışından yox, fəlsəfə olaraq, sənət olaraq kino haqda danışsın istərdik.

 

Konfransda din kinoya söz vermədi, bəs sözügedən “Məhəməd: Aanrının elçisi” filmdə din kinoya söz veribmi?

 

Bu artıq başqa bir yazıdır. Kulisi izləyin.

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018