Lent.az-ın 10 yaşı təntənəli şəkildə qeyd olundu - FOTOSESSIYA

Lent.az-ın 10 yaşı təntənəli şəkildə qeyd olundu - <span style="color:red;">FOTOSESSIYA
27 iyun 2018
# 20:06

Bu gün "Libraff" kitab mağazasında ("Elmlər Akademiyası" metrosu yaxınlığında) Lent.azın 10 illik yubileyi və saytın cümhuriyyətin 100 illiyi münasibəti ilə çapdan çıxan "100 ilin əmanəti" kitabının təqdimat mərasimi keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, tədbirdə millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Hikmət Babaoğlu, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, "525-ci qəzetin" baş redaktoru, AYB katibi Rəşad Məcid, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Teleqraf Holdingin rəhbəri Aynur Camalqızı və digər tanınmış şəxslər, media nümayəndələri, yazarlar və oxucular iştirak edib.

Tədbirin aparıcısı APA TV-nin aparıcısı, tanınmış jurnalist İlham Tumas Lent.azın internet mətbuatda öz sözünü deyən aparıcı saytlardan biri olduğunu bildirib: "Lent.az ən çox sevilən saytdır. Mən APA TV-də olsam da, özümü Lent.az-çı hesab edirəm. Bu günlərdə Lent.azın 10 ili tamam oldu. "100 ilin əmanəti" kitabını da bu 10 illiyin hədiyyəsi hesab edirəm".

İlk çıxışçı APA Holdinqin prezidenti Vüsalə Mahirqızı Lent.azı 10 illik yubileyi münasibəti ilə təbrik edib və saytın mediadakı yerindən söz açıb:

"Bu gün mənim bioqrafiyam üçün çox ciddi bir gündür. Biz o vaxt Lent.azı yaratmaq istəyəndə tərəddüdlər ortaya çıxdı. Çünki o zaman rusdilli saytların çox olduğu vaxt idi, Azərbaycandilli portal açmaq uğurlu hesab edilmirdi. Deyirdilər ki, kim oxuyacaq axı o saytı? Onsuz da APA var deyirdilər, Lent.az nəyə lazımdı? Zaman keçdikcə Lent.az bu fikrin səhv olduğunu sübut etdi və özünü doğrultdu. Lent.az bütün sahələrdə fəaliyyət göstərməyə başladı. O vaxtlar Lent.az daha çox şou-biznes xəbərləri ilə, yüngül yazılarla çıxış edirdi. Daha çox bu istiqamətdə fəaliyyət göstərirdi. Belə desək, APA-nın yaya bilmədiyi, daha doğrusu yaymaq istəmədiyi xəbərləri yayırdı. Ancaq mənim sevindiyim tərəf o oldu ki, Lent.az bir istiqamətdə dayanmadı. Sevinirəm ki, Lent.az-ın ən çox oxunan yazıları o vaxt da, elə indi də Qarabağ haqda yazılar oldu. "Kəşfiyyatın gündəliyi"ni Rey Kərimoğlu yazdı, Vüsalə Məmmədova "Əsir düşərgəsi" adlı layihəyə başladı, müharibədə girov düşmüş şahidlər haqqında silsilə yazılar hazırladı. Və bundan sonra Lent.az-ın uğurları daha da artdı, oxucular tərəfindən sevildi, təqib olundu, izləndi".

Vüsalə xanım çıxışında "100 ilin əmanəti" kitabından da danışdı:

"Biz, əslində bura "100 ilin əmanəti" kitabına görə toplaşmışıq. Lent.az-ın 10 illiyi bəhanədir. Cümhuriyyətlə bağlı Lent.az-da layihə şəklində gedən yazılar kitab kimi çap olundu. Layihəmizə çox ciddi imzalar öz töhfələrini verdilər. Zakir Sadatlı, Mehriban Ələkbərzadə və bir çox tanımış müəlliflər. Onların yazıları ta 2015-ci ildən bu günə qədər yayımlandı. Xatırladım ki, layihə başa çatmayıb, yenə davam edəcək. Cümhuriyyət bizim həmişə gündəmimizdədir. Bəzən deyirlər ki, media maarifləndirə bilirmi? Hesab edirəm ki, bəli, medianın maarifləndirmə missiyası olmalıdır. Düşünürəm ki, media öz yazdıqları ilə maarifləndirə bilir. Hər şey İP-dən və tirajdan asılı deyil. Mənim heç vaxt Lent.az-a "Niyə İP-imiz azdır?" - deyə bir iradım olmayıb. Bu günə qədər Lent.az-da maarifləndirici yazılar olub. Bəzi insanların həyatına öz təsiri olub Lent.azın. Bir neçə köməksiz sakinin evlə təmin olunmasında Lent.az-ın rolu olub. Lent.az bir çox vətəndaşların yaşayışına kömək əli uzadıb".

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında qeyd edib ki, Lent.az saytı yarandığı gündən bu günə qədər Qarabağ mövzusuna həssaslıqla yanaşıb:

"Qarabağ mövzusu, ərazi bütövlüyü mövzusu həmişə Lent.az-ın aparıcı xətti olub. Lent.az yeni yarananda bir çox layihələrə imza atmışdı. "Böyük tariximiz", "Əsir düşərgəsi", "Kəşfiyyatçının gündəliyi", "Qəhrəmanlar ölmürlər" rubrikalarında çoxsaylı materiallar çap olunub. Qarabağ probleminə həssaslıqla yanaşdığı üçün Lent.az həmişə diqqət mərkəzində olub. Rusdilli saytların çox olduğu dövrdə Lent.az ortaya çıxdı, öz ətrafına peşəkar əməkdaşlar toplamaqla mükəmməl redaksiyaya çevrildi. Lent.az Azərbaycan jurnalistikasına nə verdi? Mənə elə gəlir ki, Lent.az APA-nın verdiyi xəbərlərini yaranma səbəblərini və nəticələrini araşdırdı. Siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə analitik yazılarla digərlərindən fərqləndi".

Çıxışından sonra Əflatun Amaşov Lent.az saytının baş direktoru Qabil Abbasoğluna Mətbuat Şurasının diplomunu təqdim edib.

Növbəti çıxışçı millət vəkili Hikmət Babaoğlu bildirib ki, Lent.az artıq bir brend kimi özünü tanıtmağı bacarıb:

"Mən də bir köynək yaxınam Lent.aza. Özümü Lent.az-çı hesab edirəm. Lent.az özünü doğrultmuş saytdır, brenddir. Onun informasiyanı özünəməxsus, fərqli təqdim etmək keyfiyyəti var. Rəqabət burda çətindir. Bəzi informasiya istehsalçıları bəzən obrazlı, xüsusi keyfiyyətli informasiya axtarırlar. Məhz buna görə də Lent.az kimi aktiv bir portal lazım idi".

Millət vəkili daha sonra kollektivi təbrik edib: "Bu gün həm də Lent.az bizə "100 ilin əmanəti" adlı xüsusi kitab təqdim edir. Cümhuriyyətin 100 illiyi ilə bağlı... Arzu edirəm, o gün olsun ki, Lent.azın da 100 illiyi qeyd edilsin".

Prezident yanında QHT-lərə dövlət dəstəyi şurasının üzvü Emin Həsənli Lent.az-ın 10 yaşı münasibəti ilə kollektivi təbrik edib və Vüsalə Mahirqızı ilə Qabil Abbasoğluna Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin "Vətən naminə" medalını təqdim edib.

Vüsalə Mahirqızı "Vətən naminə" medalına görə Emin bəyə xüsusi təşəkkürünü bildirib və çıxışında qeyd edib ki, bu medal tək ona yox, APA Holdingə verilən medaldır: "Bu, bizim üçün qürur mənbəyidir. Biz həmişə Dağlıq Qarabağ probleminə həssas yanaşmışıq və Qarabağ həmişə bizim ən həssas, ən prioritet məsələmiz olaraq qalacaq".

Sonda Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu çıxışçılara və tədbir iştirakçılraına, oxuculara təşəkkürünü bildirib:

"Biz oxucularımızla dəyərliyik! Hesab edirəm ki, bizim oxucular tək oxucumuz deyil, həm də dostumuzdur. Bu qədər dostun olması ilə fəxr eləmək olar. Bayaq da çıxışçıların dediyi kimi, bizim saytda kənara qoymadığımız xətt ərazi bütövlüyü, Qarabağ problemi olub. Nəinki peşəkar kimi, bir insan kimi bunu öz vəzifəmiz hesab etmişik. Buna görə kimdənsə qədir-qiymət gözləməmişik. Borc kimi gördüyümüz bu işləri yenə davam etdirəcəyik. Oxucuların sevimli saytı olmağa çalışırıq. Mən bu gün də hərf səhvinə görə bizə zəng edənlərə təşəkkür edirəm. Hər kəsə, bura toplaşan bütün Lent.az-çılara təşəkkür edirəm. Mən Lent.az-a cümhuriyyətimizin yaşı qədər yaş arzulayıram."

Yubiley tədbiri və kitab təqdimatı ayaqüstü qəlyanaltı və səmimi söhbətlər ortamında davam edib.

# 1823 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan baleti İtaliya səhnəsində

Azərbaycan baleti İtaliya səhnəsində

14:20 18 aprel 2024
"Avroviziya" mahnımız yeni versiyada - Video

"Avroviziya" mahnımız yeni versiyada - Video

13:30 18 aprel 2024
Burak Özçivitin yeni filmi açıqlandı

Burak Özçivitin yeni filmi açıqlandı

13:00 18 aprel 2024
Gənc Tamaşaçılar Teatrının may repertuarı

Gənc Tamaşaçılar Teatrının may repertuarı

12:30 18 aprel 2024
"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

12:00 18 aprel 2024
Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

12:00 18 aprel 2024
# # #