Qulu Əsgərovun 90 illik yubileyi keçirilib

Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə, bəstəkar və pedaqoq Qulu Əsgərovun 90 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

Kulis.az Azərtaca istinadən xəbər verir ki, Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşan tədbir Qulu Əsgərov haqqında videoçarxın nümayişi ilə başlayıb.

 

Yubiley gecəsinin aparıcıları - Xalq Artisti Mələkxanım Eyyubova və Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev xanəndənin yaradıcılığı haqqında ətraflı məlumat veriblər. Tədbirdə, həmçinin akademik Vidadi Xəlilov, Xalq Artisti Canəli Ələkbərov, Əməkdar İncəsənət Xadimi Rafiq Sadıqov xanəndənin muğam ifaçılığı sənətinə töhfələrindən danışıblar.

 

Çıxışlarda Qulu Əsgərovun muğam dəstgahlarını yüksək peşəkarlıqla ifa etdiyi vurğulanıb. Qeyd edilib ki, Qulu Əsgərov həm də xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir. Uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb. Məcnun, İbn-Salam, Kərəm, Aşıq Qərib, Şah İsmayıl obrazları ifaçının aktyorluq məharətinin nümunələrindəndir. Onun lent yazıları AzTV-nin Fondunda qorunur. Xanəndənin yetirmələri muğam sənətində nailiyyətlər qazanaraq, ustadın ənənələrini davam etdirirlər.

 

Qulu Əsgərov 1987-ci il iyunun 11-də Bakıda vəfat edib.

 

Tədbirdə tanınmış xanəndələr - Xalq Artisti Teyyub Aslanov, Əməkdar Artist Ehtiram Hüseynov, muğam müsabiqəsinin qalibləri Almaxanım Əhmədli, Mirələm Mirələmov və Rəvan Əlvanoğlu Qulu Əsgərovun mahnılarını səsləndiriblər. Onları Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib.

 

 

 

LENT

17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018