Söyüşə məhəl qoymayan peyğəmbər

Kulis.az Akif Əlinin yeni yazdığı iki rəvayəti təqdim edir.  

 

İSGƏNDƏRLƏR

 

Gəlimli-gedimli dünya... Bir yandan boşalan, bir yandan dolan dünya...

 

Bəli, Süleymana qalmayan bu fani dünya İsgəndərə də qalmadı. Günlərin bir günü çox padşahlar yıxıb ölkələr alan, çox cəngə çıxıb qələbələr qazanan, çox xəzinələr tutub sərvətlər toplayan fatehlər fatehi Makedoniyalı İsgəndər Zülqərneyn də bu dünyadan köçməli olur.

 

Və bütün analar kimi onun anası da bala itkisinə dözməyib nalə çəkir, ağlayır, sızlayır...

 

Köç üstündə olan İsgəndər anasının bu qədər ah-zar eləməsinə dözmür, deyir:

 

“Sən bir belə kədərlənmə, ana. Mən gedər-gəlməzə ha yollanmıram, mən dirilik suyu ardınca gedirəm... Sən məni bir qaranlıq mağarada müvəqqəti itirəcəksən. Ancaq aradan qırx gün qırx gecə keçəndən sonra gələrsən həmən mağaranın ağzına. Üç dəfə ucadan çağırarsan məni, hay verəcəm sənə, ana, görəcəksən… Dirilik suyunu tapıb da qayıdacam işıqlı dünyaya. Sən ki mənim qüdrətimə bələdsən!”

 

Bundan sonra ana çar-naçar bir qədər toxtayır və İsgəndər Zülqərneyn sağollaşıb qaranlıq mağarada gözdən itir.  

 

Qırx gün, qırx gecə nədi, balası bircə gün belə itən hansı ana vədlərə inanıb təsəlli tapar ki?! İsgəndərin anası da bütün analar kimi... Zülmlə, sitəmlə deyilən vaxtacan birtəhər dözdü, vədə tamam olanda durub gəldi həmən mağaranın ağzına. Başladı çağırmağa:

 

- Ay İsgəndər!

 

Lakin mağaradan səs gəlmədi.

 

Ana bir də çağırdı:

 

- Ay İsgəndər!!

 

Yenə mağaradan hay verən olmadı.   

 

Dərd içində üzülən halsız ana üçüncü dəfə özünü toparlayıb var gücü ilə çağırdı:

 

- Ay İsgəndər!!! 

 

Heyhat! Qaranlıq mağara lal sükutunu pozmur, vahimə saçan zülmət dünyadan səs-səmir gəlmirdi. 

 

Ananın ürəyi əsdi, kövrəldi, ağlamsındı, yaylığının ucu ilə göz yaşlarını silə-silə dərindən köksünü ötürüb həyəcan içində - “Sən axı mənə söz vermişdin, ay oğul?!” – pıçıldadı. Və bir daha oğlunu ucadan səslədi:

 

- Hardasan, ay İsgəndər Zülqərneyn!!!!

 

Bu zaman vahiməli mağara lərzəyə gəldi, dağ-daş titrədi, ətrafdakı qos-qoca ağaclar yerindən oynadı, səssizlik yarıldı və zülmət qaranlığın dərinliyindən əzəmətli bir səs eşidildi:

 

- Sənsən, ana?!

 

- Mənəm, mənəm, anan qurban!

 

- Hə... Nə yaxşı məni Zülqərneyn deyib çağırdın, ay ana. – İsgəndərin aram, ahəstə səsi qeybdən əks-səda verə-verə qaranlıq dünyadan işıqlı yer üzünə yayıldı. - Biz burda səni eşidirdik, ana… Ancaq o dünyadan bu dünyaya o qədər İsgəndərlər köçüb gəlib ki, bilmirdik hansımızı çağırırlar.

 

Bu da belə.

 

PEYĞƏMBƏRİN CAVABI

 

Belə rəvayət edirlər ki, Tanrının Elçisi hər gün eyni vaxtda eyni bir məhəllədən keçib ibadətə gedərmiş. Və hər dəfə O, həmin məhlədən keçib gedəndə cahillər Ona söz atıb dininə lağ edərlərmiş, peyğəmbərliyini ələ salıb gülərlərmiş, hətta uşaqları bu müqəddəs insanı daşa basarlarmış…

 

Peyğəmbər isə heç vaxt onlara məhəl qoymaz, yanındakılara da cavab qaytarmağa izn verməz, sus-pus başını aşağı salıb öz yolu ilə Tanrının evinə ibadətə gedərmiş.

 

Bir belə, beş belə, axır bir gün Peyğəmbəri sevən möminlərdən biri dözmür, deyir, ya Peyğəmbər, sən bu avam, cahil adamlara niyə dinmirsən? Niyə qayıdıb onların cavabını vermirsən? Niyə o söyüşlərin müqabilində yalnız susursan?

 

Peyğəmbər həmən mömin bəndəyə üzünü tutub deyir:

 

“Övladım, mən hər cahil adamla ağız-ağıza versəm və hər yetənə cavab qaytarsam, onda Tanrıma layiq olmaram ki?! Olaram həmən nadanların tayı…”

 

Mömin yenə qayıdır ki, axı nə qədər dözmək olar? Siz səbr göstərib məhəl qoymursunuz, onlarsa cahillik edib söyüşdən, küfrdən doymurlar. Siz müdriklik edib onlara baş qoşmursunuz, insanlıq edib onların təhqirinə təhqirlə cavab vermirsiniz, ədəb-ərkan göstərib onların söyüşünü özlərinə qaytarmırsınız, onlarsa əl çəkmək bilmirlər...  

 

Peyğəmbər diqqətlə dinləyib yenə dərin düşüncələr içərisində deyir:

 

“Bax, övladım, əgər o daş atan, o söyüş söyən nadanlar pis əməllərindən əl çəkmirlərsə, mən niyə öz yaxşı əməlimdən əl çəkib cahillərə baş qoşmalıyam, dilimə nalayiq söz gətirib ədəb-ərkanımı pozmalıyam?! Səbr elə, Tanrı böyükdür!”

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018