Hüquq fakültəsinin qatil tələbələri

Ayxan Ayvaz

 

Dünən Teatr Xadimləri İttifaqında tamaşaya baxdım. Dostumuz Mövlud Mövludun xalası qızı Müjgan Mansurova dəvət etmişdi məni. Tamaşadakı əsas rollardan birini Müjgan oynayırdı.

 

Müjganı ilk dəfə Mövludun yanında görmüşdüm. Rəsm sərgisinə gedirdik. Onda balaca eynəkli qız idi. Bizim Mövludla yerin altını da, üstünü də bilən qızlara zarafatla tapdığımız bir ad vardı: “Bıdı”. Mən qızı görəndə Mövluddan soruşdum:

 

- Bu da bıdıdı?

 

Güldü və əlini yellədi:

 

- Ə, bu havağın bıdısıdı?

 

İndi bu “bıdı” tamaşada qəddar bir rolu üstlənmişdi. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri hazırlamışdı tamaşanı. Adı “Araqon və Liza”.

 

Mən bir az gecikdim tamaşaya. Zal qaranlıq idi, güc-bəla oturub izləməyə başladım. Bir az keçəndən sonra kimsə kimisə bıçaqladı.

 

Söhbət nə söhbət? Hadisələr Parisdə baş verir. Liza adlı gənc və gözəl bir xanım Araqon adlı yaraşıqlı oğlanla tanış olur. Bu sevgi onları bir-birinə bağlayır. Araqon əsgərliyə gedir sonra. Sevgilisi onu gözləyəcəyini deyir.

 

Amma hər sevgidə olduğu kimi, burda da bir “əmma” çıxır. Araya bir ilan dürtülür. Bu ilan kim olsa yaxşıdır? Bizim Müjgan.

 

 

Müjgan iblisanə gülüşü ilə qızı hədələyir, sonra da bıçağı böyrünə sancır. Araqon özünü yetirsə də, qızı xilas eləmək olmur. Ax Müjgan! Sən nə etdin belə? Müjgan deyirəm, amma tamaşada onun adı Merida idi. Uşaqlıqdan Araqonu sevib və onu buraxmaq fikrində deyil.

 

 

Tamaşanı qısaca belə izah etmək olar:

 

Qarşılaşdıqları ilk andan bir-birinə aşiq olan iki gəncin sevgi hekayəsi. Bu tamaşa sadəcə eşqdən deyil, maneələrə baxmayaraq bir-birindən imtina etməyən aşiq gənclərdən bəhs edir. Dramın əsas mövzusu "Eşq ölümü belə gözə alar" şəklindədir.

 

Lizanı - Roya Mahmudzadə, Aragonu - Turqut Abbaszadə, Meridanı - Müjgan Mansurova oynayır. O biri rollar: Paris - Elnur Soltanov, Brandon - Hüseyn Abdullayev, Tiyler - Tərlan Məmmədli, Dayə - Nərmin Almuradova, Blake - Orxan Muradzadə, Jessika - Gülnar Teymurlu.

 

 

Tamaşa bitdi. Ən çox alqışlar Müjgan üçün gəldi. Elə güllər də...

 

Müjganın dostları, yaxınları da orda idi.

 

Mövludun anasıyla da görüşdük. Müjgana gül verən anda...

 

Xumar Qədimova da orda idi. Bir balaca tamaşadan söhbət etdik:

 

- Uşaqlar çalışıblar. Bircə səslərində problem var idi. “S” səsini deyə bilmirdilər. Müjgan əla oynadı amma. Obraza girə bilmişdi.

 

Sonra şəkillər çəkildi.

 

Mən Müjgana zarafatla dedim ki, tamaşada hamını öldürdün.

 

Yanımdakı dostuma da pıçıldadım:

 

- Hüququn tələbələri qətl törətdilər.

 

O da gülümsündü.

 

Müjgan xoşbəxt görünürdü.

 

- Siz şəkil çəkdirmirsiniz? – Mövludun anasıydı.

 

- Hələ Müjgan Sənubər İskəndərli, Gülzar Qurbanova havasındadır. Qoy havası yatışsın, çəkdirərik.

 

 

Gülümsündü. Mövludu xatırladıq bir az.

 

Və sonra Müjganla şəkil çəkdirdik. Sevincliydi, gözləri parıldayırdı. Bir az əvvəl səhnədəki qəddar simasını təbəssüm əvəz eləmişdi...

 

LENT

17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018