Siyavuş Novruzovla razıyam

 Siyavuş Novruzovla razıyam
29 may 2018
# 10:30

Murad Köhnəqala

Gündəmdə dartışılan bir mövzu diqqətimi çəkdi: Millət vəkili Siyavuş Novruzov evlənmək məqsədilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib.

Milli Məclisdəki çıxışında S.Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli anlayışlardı və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil:

“Bir var tamah məqsədilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs biri-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik”.

Hörmətli millət vəkilinin fikirlərini bəlli kontekstdə təhlil etməyə ehtiyac var. Sovet hökuməti Azərbaycan insanını feodal quruluşdan birbaşa sosializmə gətirib çıxarmışdı. Bu proses əsasən ictimai-siyasi həyatımızda getsə də məişətimizdə, adət-ənənələrimizdə feodal düşüncənin qalıqları hökm sürməkdə idi. Belə ki, sevib ailə qurmaq istəyən cütlüyün qız tərəfi oğlan tərəfdən böyük məbləğdə başlıq tələb edirdi. Başlığın miqdarına qız tərəfin əsil-nəcabəti, qızın savadlı, yaxud gözəl olması çox təsir edirdi. Artıq qız ataları biri-biri ilə bəhsə girər, hamı öz qızını, necə deyərlər, daha baha satmağa çalışardılar.

Başlıq pulu çatmadığına görə neçə sevənlər biri-birindən ayrılır, nə qədər uyğun nikahlar baş tutmurdu. Beləcə, sovet quruluşu nə qədər kollektivləşmə sosial bərabərlik təlqin etsə də insanların həyatında və məişətində ilişib qalan feodal təfəkkür yenə də əl-ayağa dolaşır, təbii düzəni pozurdu.

Lakin sovet qanunları ilə tənzimlənən, məcburi təhsil verən orta məktəblərdə qızlarla oğlanların bir sinifdə, hətta bir parta arxasında oturması bu ayrı-seçkiliyi yavaş-yavaş aşağıdan sarsıtmağa başladı. Belə ki əsil-nəcabət təfəkkürü tədricən ortadan qalxır, cəmiyyətin hər növ təbəqəsindən olan yeniyetmələr biri-birini sevib məktublaşa bilirdilər.

Bəzən orta məktəbdən pərvazlanan sevgi işartıları axıra qədər özünü doğruldur, gənclərin evlənməyinə qədər gətirib çıxarırdı. Lakin sevən gənclərin ailə qurmaq istəyinə maneə olan feodal təfəkkürlü valideynlərin sayı az deyildi. Bütün bunlara görə sevənlərin ailə qurmaq məqsədilə valideyn təkəbbürünə üsyan edərək biri-birinə qoşulub qaçması halları tez-tez baş verirdi.

Sözsüz ki, bu halda əsasən qız tərəfin aqressiv valideynləri gözlənilməz “zərbədən” şoka düşür, qəzəblə cütlükləri axtarıb tapmağa çalışır, hüquq mühafizə orqanlarına şikayət edirdilər. Yetkinlik yaşında olan tərəflər izahat yazıb öz xoşluqları ilə birləşdiklərini bildirsəydilər ailə-nikah qanunları onları müdafiə edər, bu vəhdəti pozmağa heç kimin gücü çatmazdı.

Belə hallarda narazı ata-ananın gücü yalnız öz qızı ilə küsülü qalmağa çatardı. Bu küsülülük isə uzağı onların ilk nəvəsi dünyaya gələnə qədər çəkərdi. Sonra hamı barışar, həyat öz axarı ilə gedərdi. Təbii ki, hər bir nikahda olduğu kimi belə ailə qurma formasında da yanlışlıqlar, sonrakı peşmanlıqlar ola bilirdi. Lakin, maddiyyatı əsas tutmayan, gerçək sevgi üzərində planlanmış bu cür ailələr əsasən möhkəm və sarsılmaz olurdu.

Sözsüz ki, bütün bunlarla yanaşı, sevgili cütlüklərin qoşulub -qaçmasını yamsılayan zorakı qızqaçırtmalar da olurdu. İnsan oğurluğu sayılan bu əməl zamanla azalsa da, ucqarlarda, əyalət yerlərində hələ də bu yola əl atanlar var. “Əşi, qızı götürüb qaçaq, onsuz da əvvəl-axır razı olacaq” - fikrinə söykənib, birtəfərli sevgi və istəklə, bu istəyə qarşılıq verməyən bir qızı maşına basıb oğurlayaraq zorla özünə həyat yoldaşı eləmək isə bütün hallarda cinayətdi və ağlı başında olan kimsə bu zorakılığa haqq qazandırmaz.


Sevənlərin ata-ana, mentalitet, qəbilə ayinləri üzərindən adlayaraq, biri-birinə qoşulub getməsini müdafiə edən Siyavuş Novruzovsa söhbəti başa düşməyən kütlə tərəfindən sosial şəbəkələrdə tənqid hədəfinə çevrilir. Halbuki onun bu çıxışı iki sevən gəncin birgəliyini lazımsız buxovlardan, mental əngəllərdən qorumaqdan başqa bir şey deyil.

# 2215 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #