Meri Onil lüğət deyil, şəxsiyyətdir və yaxud bir yazıya cavab

Meri Onil lüğət deyil, şəxsiyyətdir və yaxud bir yazıya cavab
18 may 2018
# 16:34

Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin müdiri Bəhlul Abbasova cavab

Uç şey əbədi yaşamaz: – Mal ticarətsiz, elm mübahisəsiz və

hökmdar siyasətsiz...

Sədi Şirazi

Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin müdiri Bəhlul Abbasovun tarixli məqaləsinə qərəzli olduğu üçün münasibət bildirmək istəməsəm də, sonradan elm və haqq naminə cavab yazmaq qərarına gəldim. Çünki lüğətçiliyin terminologiyasını və leksikoqrafiya nəzəriyyəsini bilməyən şəxslərin ictimaiyyətə səhv informasiyalar ötürməsinə imkan vermək olmaz. Bu yazıda B.Abbasov mənim “Xalq” (01.0418) və “Elm” (20.04.2018) qəzetlərində çap olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğətinə hansı sözlər daxil edilməlidir?” adlı məqaləmi təhlil etməyə çalışır. Müəllif məqalədə elmi cəhətdən bir nöqsan tapa bilmədiyindən orada qrammatik və üslubi səhvlər axtarışına çıxır. Hörmətli Bəhlul müəllim, bildirmək istərdim ki, mən çalışdığım sahəyə − elmi tədqiqatlar aparıb dissertasiya müdafiə etdiyim bir sahəyə aid məqalə yazmışam. Siz isə nəzəriyyəsinə aid bircə kitab da oxumadığınız və tərcümə işinə əsla aidiyyatı olmayan leksikoqrafiya barəsində polemika açmağa cəhd göstərirsiniz. Bəlkə tərcüməçiliyin problemlərini araşdırasınız. Görün sizin müəssisənin məhsulu olan səhvlərlə dolu nə qədər tərcümələr var!

Hər bir qələm əhlinin özünəməxsus dil və üslubu olduğu kimi, mənim də öz dəsti-xəttim vardır. Siz anlaya bilmədiyiniz elmi dilimi təhlil etməkdənsə, məqaləmdə haqqında danışdığım lüğətçiliyə aid məsələləri − kartotekanın mahiyyəti, sitatların toplanması, lüğətlərə sözlərin daxil edilməsində Qərb lüğətçiliyi təcrübəsindən yararlanmanın yolları, sitatların sayına görə sözlərin lüğətə daxiledilmə mexanizminin müəyyənləşdirilməsi kimi mövzuları barı öyrənməyə çalışardınız. Lakin yazınızdan da göründüyü kimi, sizin bu problemlərin mahiyyəti haqqında, sadəcə olaraq, məlumatınız yoxdur.

İndi isə keçirəm mənə ünvanladığınız nöqsanlara.

Birinci sualınız:Azərbaycan lüğətçiliyi rus leksikoqrafiyasının iş prinsiplərini haradan, ya nədən əxz etmişdir?

Qədim tarixə malik Azərbaycan leksikoqrafiyasının XIX əsrə qədərki nümunələrində və ümumən türk lüğətçiliyində ərəb lüğətçilik məktəbinə xas qrammatika və əlifba quruluşundan qaynaqlanan “kök-yuva” prinsipinin “təqalib”, “qafiyə”, “əlifba” üsullarından istifadə edilmişdir. XIX əsrdə tərtib olunan lüğətlər tədris mahiyyətli olub əlifba sırası ilə verilmişdir. Ərəb əlifbasından imtina kök-yuva prinsipindən lüğətlərimizi azad etsə də, əlifba sırası prinsipi yaşadığımız XXI əsrə qədər öz aktuallığını itirməmişdir. XX əsrdə tərtib olunan Azərbaycan filoloji lüğətləri rus-sovet leksikoqrafiyasının təsiri altında inkişaf edərək əlifba prinsipinə əsaslanır və lüğət məqaləsinin semantik düzülüşündə funksional prinsipi əks etdirir. 1940-46-cı illərdə akademik Heydər Hüseynovun redaktəsi ilə çapdan çıxmış “dördcildlik “Rusca-azərbaycanca lüğət” V.İ.Dal və D.N.Uşakovun lüğətləri əsasında adıçəkilən prinsip əsasında tərtib edilmiş və Stalin mükafatına layiq görülmüşdür. Azərbaycan lüğətçiliyinin kartotekasının ilk yaradıcısı AMEA-nın müxbir üzvü Əliheydər Orucov funksional prinsipi aşağıdakı kimi müəyyənləşdirir: “Sözün tarixən bir-birindən fərqli olan mənaları varsa, sözün məna inkişafı onun müasir mənasının tərifindən başlayır; sözün əvvəlcə bugünkü mənası, sonra isə köhnəlmiş mənaları verilir; sözün mənaları eyni dərəcədə işlənirsə, birinci növbədə onun ən çox işlənən mənası verilir; sözün açıq-aydın ifadə olunmuş həqiqi mənası varsa, birinci növbədə onun həqiqi mənası verilir” (“Azərbaycan dilinin izahlı lüğəti”, I cild, s. 15). Bundan əlavə, Azərbaycan lüğətçiliyində tətbiq edilməmiş tarixi və məntiqi prinsiplər də mövcuddur. Tarixi prinsiplə tərtib edilmiş lüğətlərdən ən bariz nümunə “Oksford lüğəti”dir. Burada 1150-ci ildən bəri ingilis dilində olan bədii ədəbiyyat, rəsmi sənədlər, dərsliklər və məktublarda işlənmiş bütün sözlərin fonetik dəyişiklikləri ilə tarixi xronologiyası və semantik inkişafı yer almışdır.

Azərbaycan lüğətçiliyinin kartotekasının hazırlanmasında rus lüğətçiliyi ənənələrinə müraciət olunmuş, sözlər lüğətə daxil edilərkən gözəyarı diferensiasiya prinsipi tətbiq edilmişdir. Qərb lüğətçiliyində isə, bundan fərqli olaraq, sitatlardan istifadə edilərkən sitatların aid olduğu sahələr hesablanır və bu zaman sözlər zərgər dəqiqliyi ilə lüğətlərə daxil edilir.

Bəhlul müəllim, siz mənim məqaləmdən sitat gətirirsiniz: “Nəzərdən keçirilən materiallarda irəli sürülən iddiaların böyük əksəriyyətindən, belə məlum olur ki, lüğətçilik nəzəriyyəsinin müddəalarına uyğun deyil”.

İkinci sualınızda soruşursunuz: “Cümlənin mübtədası hanı?”

Belə düşünmək olar ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin müdiri vəzifəsində çalışan bir şəxs, nə qədər kobud səslənsə də, dezinformasiya ilə məşğuldur. Mənim məqaləmdə cümlə bu şəkildə işlənib: “Nəzərdən keçirilən materiallarda irəli sürülən iddiaların 90 faizi, belə məlum olur ki, lüğətçilik nəzəriyyəsinin müddəalarına uyğun deyildir.” (“Azərbaycan dilinin orfoqrafiya lüğətinə hansı sözlər daxil edilməlidir?”, “Elm” qəzeti, 20.04.2018). Siz mənim cümləmdən həm mübtədanı, həm də xəbər şəkilçisini qəsdən ixtisara salıbsınız. Belə hərəkəti kim edər?

Digər tərəfdən, “yarımçıq cümlələr” hələ orta məktəbdən keçilir. Professor Qəzənfər Kazımov yazır: “... bəzən təkrara yol verməmək, fikri sadə, səlis və yığcam ifadə etmək üçün cümlələrin mübtədası buraxılır, mübtəda bilavasitə cümlədə iştirak etmir. Belə cümlələr təktərkibli deyil, cüttərkibli hesab olunur, ...” (Q.Kazımov. “Müasir Azərbaycan dili. Sintaksis”. Ali məktəblər üçün dərslik, “Elm və təhsil”, Bakı – 2010, səh.176). Sizin bu qaydadan da xəbəriniz yoxdur. Çox təəssüf edirəm ki, Tərcümə Mərkəzi əməkdaşlarına lüğətçilik nəzəriyyəsindən əlavə, qrammatika dərsini də keçməli oluram.

Üçüncü sualınız: ““Ümumi dilimizin orfoqrafiya lüğəti” nə deməkdir? Bəs onda xüsusi dilimiz nə deməkdir?”

Hörmətli Bəhlul müəllim, sizin üçün nə qədər gülməli olsa da, lüğətçilik sahəsində “xüsusi” (xüs.) üslubi işarəsi ilə seçdirilən terminlər vardır. Dödcildlik izahlı lüğətin I cildinin 22-ci səhifəsində “Lüğətdə gedən ixtisarlar”a baxsaz, bunu görə bilərsiniz.

“Ümumi dilimizin orfoqrafiya lüğəti” deyərkən isə, dilin bütün leksik təbəqələrini − ümumişlək olan və ümumişlək olmayan sözləri özündə əks etdirə bilən vahid akademik orfoqrafiya lüğəti nəzərdə tutulur.

Dördüncü sualınız: “Digər üslub yanlışlıqlarına diqqət edək: “...çünki akademik və fundamental lüğətin sözlüyü müvafiq möhtəşəm həcmə malik olmalıdır (?)”, yaxud “Oksford və Kollins lüğətlərinin sözlüklərinə qatı vulqarizmləri olmayan qeyri-normativ leksika da salınır””

“Akademik” və “fundamental” sözləri məna etibarilə özündə “yüksək status”, “möhtəşəm” anlamlarını daşıyır. Burda anlaşılmayan nə var ki?

İkincisi, lüğət adları dırnaq içərisində olmalıdır. Təəssüf ki, sizin bu barədə məlumatınız yoxdur.

Üçüncüsü, sözlərin leksik təbəqələrini və leksikoqrafiya terminologiyasını bilməməyiniz sizə cümlələrimin üslubi xətası şəklində görünür. Diqqətinizə çatdırıram ki, canlı danışıq dilində işlənən qeyri-normativ leksikaya aşağıdakılar daxildir: vulqar sözlər, jarqonizmlərin tərkib hissəsi olan arqotizmlər, slenqizmlər və professionalizmlər. Qatı vulqarizmlər biədəb sözlər anlamına gəlir. Qeyri-normativ leksika “Oksford” və “Kollins” lüğətlərinin sözlüklərinə qatı biədəb sözlərdən ələndikdən sonra daxil edilir. Lüğətçiliyin terminologiyasına nabələdliyiniz aşağıdakı sualınızdan da görünür.

Beşinci sualınız: ““Lüğətin sözlüyü” nə deməkdir?”

Dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin dördüncü cildinin 151-ci səhifəsində yazılıb: SÖZLÜK is. Lüğətlərdə izah və ya tərcümə ediləcək sözlərin tərkibi, lüğət üçün toplanmış sözlərin siyahısı. İzahlı lüğətin sözlüyü, Lüğətin sözlüyünü tutmaq. // Bəzən lüğət mənasında işlənir. Terminoloji sözlük.

Lüğətin tərtibatından əvvəl onun sözlüyü yaradılır. Bu, lüğətçilik işinin kartotekadan sonrakı mərhələsidir. “Sözlük” termini rus-sovet lüğətçilyində işlənən «словник» terminindən kalka edilmişdir. Türk lüğətçiliyindən fərqli olaraq, Azərbaycan akademik leksikoqrafiyasında, adətən, kiçik lüğətlərə “sözlük” adı verilə bilər.

Altıncı sualınız: ““Sözün üslubiyyatı” nə deməkdir”?

Leksikoqrafiya nəzəriyyəsində və lüğətlərdə sözlər üslubi xüsusiyyətlərə ayrılır və lüğətlərdə baş sözün yanında onun qrammatik, etimoloji xüsusiyyətləri ilə yanaşı, üslubiyyatını əks etdirən xüsusi ixtisarlar verilir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə qədim sözlər qəd., köhnəlmiş sözlər köhn., klassik ədəbiyyata aid sözlər klas., tarixizmlər tar., dialektizmlər məh., xüsusi terminlər xüs., botanika bot. və s. işarələri qoyularaq göstərilmişdir (I cild., səh. 18). Bu cür üslubi işarələrdən bəzilərini orfoqrafiya lüğətində də görmək mümkündür.

Yeddinci sualınız: “Klassik sözlər nə deməkdir? Xatırlatmaq istəyirik ki, hətta orta məktəb şagirdləri ərəb-fars və Avropa mənşəli sözləri “alınma sözlər”, köhnəlmiş sözləri “arxaizmlər” adı altında öyrənirlər və s.”

Əvvəla, köhnəlmiş sözlər iki qismə − arxaizmlərə və tarixizmlərə ayrılır. İkincisi, hələ 1960-cı illərdə tərtib olunaraq 66-ci ildə nəşr edilməyə başlayan “Azərbaycan dilinin izahlı lüğəti”ndə köhnəlmiş sözlərin üslubi bölgüsü ənənəvi təsnifatdan fərqli aparılmışdır: köhnəlmiş sözlər, tarixizmlər, qədim sözlər və klassik ədəbiyyata aid leksika ayrıca üslubi işarələrlə göstərilmişdir. Prof. M.Tağıyevin rəhbərliyi və redaktəsi altında tərtib olunmuş “Azərbaycanca-rusca lüğət”də isə arxaizmlər, qədim sözlər və klassik leksika birləşdirilmiş və устаревшая лексика (устар.) adı altında təqdim edilmişdir. Tarixizmlər burada ayrıca историзмы (истор.) üslubi işarəsi ilə verilmişdir.

Yazırsınız ki, klassik sözlər termini heç yerdə işlənmir. Məqaləmdə bu termini işlədərkən ondan əvvəlki cümlədə bütöv formada – “klassik ədəbiyyata aid sözlər” şəklində vermişəm. Sonrakı cümlələrdə ağırlıq yaranmaması, təkrara yol verilməməsi və yığcam ifadə etmək məqsədilə “klassik sözlər” variantını işlətməyi münasib bilmişəm.

Üçüncüsü, ərəb və fars sözlərini defislə ayırmanız ən azından sözlərin mənşəyini bilməməyinizi göstərir. Bu dillər qohum olmayıb, fars dili hind-Avropa, ərəb dili isə sami dil qrupuna aiddir. Bunları yalnız “və” bağlayıcısı ilə ayırmaq olar. Defislə yalnız o zaman işlənir ki, ikikomponentli sözlərin tərəflərindən biri ərəb, digəri fars mənşəli olsun. Bu, hər bir dilçinin bildiyi adi və danılmaz faktdır.

Əgər mən öz məqaləmdə “İngilis dilinin Vebster lüğəti”, “İngilis dilinin Oksford lüğəti”, “Kollins” izahlı lüğəti, alman dilinin “Duden” lüğətlərinin adlarını çəkirəmsə, 1974, 1978, 1987, 2013-cü il “Rus dilinin orfoqrafiya lüğət”lərinə əsaslanıramsa, siz hansı lüğətlərin və redaktorların sözlərini əsas gətirə bilirsiniz? Heç olmasa bir misal deyərdiniz. Mənim dəlil-sübutumu niyə cılız və əsassız hesab edirsiniz, bir halda ki, özünüzün əsaslanmağa bircə elmi faktınız belə yoxdur.

Bəhlul müəllim, yazırsınız ki, “aidiyyəti oldu-olmadı, müəllif tez-tez “Oksford”, “Kollins”, “Meri Onil” lüğətlərinin adlarını çəkməklə, məqaləyə elmilik və mötəbərlik gətirməyə çalışır”.

Meri Onil kimi görkəmli lüğətçini tanımayıb lüğət adı ilə səhv salan Tərcümə Mərkəzinin məsul işçisinin lüğətçilik barəsində bizimlə polemikaya girməsi nə qədər gülüncdür. Hörmətli Bəhlul müəllim, gələcəkdə bir daha belə səhvlərə yol verməyəsiniz deyə, nəzərinizə çatdırıram ki, Meri Onil lüğət deyil, şəxsiyyətdir və “Kollins” lüğətinin aparıcı redaktorudur.

Siz mənim məqaləmdəki fikirləri başa düşmürsünüz, çünki həm diqqətli oxucu deyilsiniz, həm də lüğətçiliyin terminologiyasına və iş prinsiplərinə nabələdsiniz. Ən dəhşətlisi odur ki, cümlələrimi qəsdən dəyişdirib ictimaiyyətə səhv şəkildə çatdırmaqla haqqımda mənfi rəy formalaşdırmağa çalışırsınız. Düşünürəm ki, belə hərəkət ziyalıya başucalığı gətirməz!

Ümumiyyətlə, hər kəs öz işi ilə və öz sahəsi üzrə məşğul olsa, elmimiz bundan daha çox bəhrələnər! Bunu da hamı bilir ki, Tərcümə Mərkəzi bədii tərcümə ilə məşğul olmalıdır.

AMEA Nəsimi adına Dilçilik İnstitutu

Tətbiqi dilçilik şöbəsinin elmi işçisi

filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova

# 2379 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
# # #