Nəsiman Yaqublu: “Baş nazirin sürücüsü onun arvadına deyib ki...” - MÜSAHİBƏ

<b><span style="color:red;">Nəsiman Yaqublu:  “Baş nazirin sürücüsü onun arvadına deyib ki...” - <span style="color:red;">MÜSAHİBƏ </b>
16 may 2018
# 09:00

Kulis.az tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu ilə müsahibəni təqdim edir.

- Bir neçə gün əvvəl “Cümhuriyyət qurucuları” adlı yeni kitabınızın təqdimatı oldu. Bu münasibətlə sizi təbrik edirəm.

- Təşəkkür edirəm. Əvvəla qeyd etmək istəyirəm ki, bu kitab təxminən 25 ildən çox apardığım araşdırmaların nəticəsidir. Amma son bir ildə biz effektiv şəkildə bu kitabın üzərində işlədik və mən kitabı başa çatdırdım. Kitabın nəşrinə maliyyət dəstəyini isə “BP” şirkəti göstərdi.

- Kitabda bütün cümhuriyyət qurucuları haqqında məlumatlar əks olunub...

- Onu qeyd etmək istəyirəm ki, bu kitabda 36-ya qədər Azərbaycan cümhuriyyətinin naziri haqqında məlumat verilib. Ümumilikdə 59 şəxsiyyətin fəaliyyəti araşdırılıb. Demək olar ki, bütün nazirlər əhatə olunub.

- Məlumatların əldə edilməsi barədə nə deyə bilərsiniz? Hansı arxivlərlə işləmisiniz?

- Bu məlumatlar ayrı-ayrı ölkələrin arxivlərinə istinadən verilib: Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Gürcüstan, Almaniya. Çünki cümhuriyyət qurucularının fəaliyyəti bu ölkələrlə bağlı olub. Onlar həm də uzun müddət mühacirətdə yaşayıblar. Amma biz əsasən onların cümhuriyyət dönəmi fəaliyyətlərinə önəm verdik. Məsələn, Daxili işlər naziri öz sistemində hansı işləri görüb ki, bu sistem daha da inkişaf edib? Hansı islahatlar aparıb ki, Daxili İşlər Nazirliyi bu qədər irəli gedib? Müdafiə Nazirliyi sistemində hansı işlər görülüb ki, Azərbaycan ordusu doğrudan da Azərbaycanın ərazilərini qoruya bilib? Ədliyyə sistemində hansı işlər görülüb ki, Azərbaycanda hüquqi bir dövlət qurulub? Yəni bu nazirlərin fəaliyyətlərinə daha çox önəm vermişik.

- Apardıqları islahatları da qeyd etmisiniz...

- Bəli, hansı islahatları həyata keçiriblər, hansı işləri görüblər onları qeyd etmişik. İkincisi cümhuriyyət qurucularının parlament fəaliyyətinə diqqət etmişik. Çünki Azərbaycan Cümhuriyyəti dövründə biz parlamentli dövlət qurmuşduq. İdarə formamız parlamentli idarəetmə idi. Ona görə də bu nazirlər parlamentdə hansı fəaliyyəti göstərirdilər, onları seçən insanlar qarşısında necə hesabat verirdilər və dövlət necə idarə olunurdu - bütün bu məqamlara xüsusi diqqət etmişik. Və mənim ümumi hesablamalarıma görə Azərbaycan Cümhuriyyəti dövründə 36-ya qədər nazir olmuş, bunların yaş həddi də cavan olmuşdur.

- Aşağı və yuxarı yaş həddi nə qədər idi?

- Bunlar yaşlı adam deyildilər. Orta yaş həddi 30-43 arası idi. Ən gənc nazirin - Daxili işlər naziri Mustafa Vəkilovun 23 yaşı vardı. Ən yaşlı nazir Səməd bəy Mehmandarov idi: 63 yaş. Ondan bir az cavanı olan 55 yaşlı Əlimardan bəy Topçubaşov idi. Fətəli Xan Xoyski baş nazir olanda 43 yaşı vardı. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri olanda 34 yaşı vardı. Yəni dediyim kimi orta yaş 30-43 arası dəyişirdi. Bunlar həm enerjeli, həm savadlı idilər. 36 nazirdən 16-sı hüquq fakültəsini bitirmişdi.

- Xoyski başda olmaqla...

- Bəli, Xoyski başda olmaqla. Deməli, o hüquqşünaslar Moskva Dövlət Univestitetini, Sankt-Peterburq Dövlət Universitetini, Odessa, Kiyev, Sarbonna universitetlərini bitirmişdilər. Beş universitetin hüquq fakültəsini bitirmiş bu nazirlər ona görə də qısa bir zamanda hüquqi dövlət qura bildilər. Azərbaycan parlamentinin 17 aylıq fəaliyyəti dövründə 270-ə qədər qanun müzakirəyə çıxarıldı, onun 230-u qəbul edildi. Kim yazırdı bu qanunları, həmin 16 nəfər nazir, hüquqşünaslar.

- Əgər bu qanunları öz dövrü ilə müqayisə etsək, nə qədər yenilikçi, mütərəqqi idilər?

- O dövrdə hələ Çar Rusiyasının qanunları mövcud idi. Ona görə də bunlar o qanunları kənara atıb yeni qanunlar hazırlayırdılar. Hətta Çar Rusiyası dövründən qalan bir neçə qanuna ciddi etiraz etdilər ki, Rusiya artıq yoxdur, yoxdursa artıq qanunları da bizə yaramaz. O mənada bu insanlar yaradıcı insanlar idi. Gəlin etiraf edək ki, 17 aya 270 qanunu hazırlayıb müzakirəyə çıxarmaq çox çətin məsələdir. Özü də bu qanunlar təkcə kağız üzərində qalmırdı, fəaliyyət göstərirdi. Məsələn, mətbuat haqqında qanunu götürək. Qəbul edilən kimi senzura götürülmüş, azad mətbuat yaradılmışdı.

- Elə təhsil haqqında qanunu da nümunə gətirmək olar.

- Bəli, təhsilin milliləşdirilməsi haqqında qanun vacib qanunlardan idi. ADR-in fəaliyyəti qanunlardan çıxış edilərək aparılırdı, qanun olmasaydı bunları etmək mümkün deyildi. Ona görə də bu insanların qəbul etdikləri qanunlar Azərbaycan cəmiyyətində öz əksini tapırdı. Nəhayət onu qeyd etmək istəyirəm ki, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması da çox böyük hadisə idi. 1920-ci il yanvarın 11-də tanınma sənədi qəbul edildi, biz isə yanvarın 14-də təntənəli şəkildə qeyd elədik. Artıq Azərbaycanı defakto olaraq tanıdılar. Qeyd etmək istəyirəm ki, bu da çox mühüm hadisə idi. Bizi və Gürcüstanı tanıdılar, Ermənistanı bir həftə sonra tanıdılar. Bu da başda Əlimərdan bəy Topçubaşov olmaqla bizim nümayəndə heyətinin yüksək savadının, bacarığının nəticəsi idi.

- Nəsiman müəllim, “Cümhuriyyət qurucuları” kitabında əvvəllər məlum olmayan faktlar yer alırmı?

- Əlbəttə.

- Bir neçəsini deyə bilərsinizmi?

- Birincisi, biz yeni nazirləri araşdırıb ortaya çıxardıq. Məsələn, Ədliyyə naziri Teymur bəy Makinski. Heç bir yerdə adı yoxdur. Daha doğrusu nazir olması barədə məlumat vardı, amma fəaliyyəti haqqında heç bir material yox idi. İlk dəfə biz araşdırdıq. Konstantin Lizqard – rus millətindən idi, ancaq bizdən nazir işləmişdi, onun haqqında məlumat qoyduq. Sonra nazir İqor Protasov – onun haqqında məlumatları ilk dəfə biz araşdırıb ortaya çıxardıq. Klenevskinin bir müddət nazir olduğunu araşdırdıq, Aslan bəy Qardaşov nazir işləyib, onu araşdırdıq.

- Bunlar haqqında əvvəllər bilinmirdi?

- Yox, bilinmirdi. Daha doğrusu hardasa fraqmental olaraq adları keçirdi, ancaq geniş məlumat yox idi.

- Bəs bu qədər məlumatı necə əldə etdiniz?

- Birincisi, Dövlət Təhlükəsiz Komitəsinin arxivində işlədim. Bizim dövlət arxivində, siyasi partiyalar arxivində işlədim, bir də xarici dövlətlərin arxivlərini araşdırdım. Ən çox isə Rəsulzadənin mühacirətdəki yazışmalarından xeyli məlumat götürdüm. Hamı düşünürdü ki, Aslan bəy Qardaşov 1920-ci ildə vəfat edib. Mən məktub tapdım ki, 1938-ci ildə ona yardım ediblər.

- Harda yaşayırmış?

- İstanbulda. Şəfi bəy Rüstəmbəylinin dünyadan köçmə tarixi hər yerdə 1960-cı il göstərilib. Biz gedib onun qəbrini tapdıq. Baş daşında 1953-cü il yazılmışdı. Məlum oldu ki, 1953-cü ildə vəfat edib. Hər yerdə yazılmışdı ki, Xəlil bəy Xasməmmədov 1947-ci ildə rəhmətə gedib, onun məzarını tapıb gördük ki, baş daşında 1945-ci il yazılıb.

- Deməli bu məlumatlar yenilənərək kitaba salınıb.

- Əlbəttə.

- Nəsiman bəy, Nəsib bəy Yusifbəylinin vəfatı da müəmmalıdır. Deyilənə görə, 1920-ci ildə Gürcüstan yolunda qətlə yetirilb. Ancaq kimlər tərəfindən qətlə yetirildiyi, qətlin motivi dəqiq bəlli deyil. Bu barədə yeni məlumat əldə etdinizmi?

- Nəsib bəy Yusifbəylinin qətli haqqında bir neçə varinat var. Bir variant odur ki, bolşeviklər izləyib öldürüblər. İkinci variant odur ki, Yevlaxda eyni zamanda Azərbaycan parlamentinin üzvü olan Qarxunlu Əşrəfin evində qonaq olub. Nəsib bəy ordan Gürcüstana gedəcəkmiş. Qarxunlu Əşrəf öz adamlarını buna qoşub ki, yola salsınlar, yolda o adamlar tərəfindən öldürülüb. Guya Nəsib bəyin əlindəki çamadanda qızıl varmış, amma qətlə yetirəndən sonra görüblər ki, ADR sənədləridir. Mənim varinatım isə budur ki, onu izləyirmişlər və yolda öldürüblər. Çünki onun öldürülməsi xəbərini sürücüsü gətirib. O vaxta qədər öldürülməsi haqqında iki il məlumat olmayıb. Məhəmməd Əmin Rəsulzadənin 1923-cü ilin mayında “Azərbaycan Cümhuriyyəti” adlı kitabı çıxıb. Orda yazıb ki, hələ bilmirik Nəsib bəy Yusifbəyli sağdır, yoxsa ölüb.

- Qəbri də məlum deyil.

- Yox, məlum deyil. Sürücüsü İstanbulda təsadüfən Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanımı görür, ona deyir ki, Nəsib bəyi öldürdülər, mən qaçdım. Amma öldürənlərin kimliyini sürücü bilmir.

- Cümhuriyyət qurucularının xeyli hissəsinin qəbri xaricdədir. Onların nəşinin vətənə gətirilməsinin tərəfdarısınız, yoxsa dəfn olunduqları yerdə qalmaqları doğrudur?

- Gətirmək lazımdır. Xoyskinin Tiflisdəki qəbri bilirsiniz də necə yerdədir – Botanika bağında. Heç gedib tapmaq olmur, lap yuxarıdadır, qalxıb-enmək də çətindir. Cümhuriyyət məzarlığı yaratmaq, onları vətənə gətirərək o məzarlıqda dəfn etmək lazımdır. Onlar bu vətən uğrunda vuruşublar.

- Rəsulzadənin də məzarı gətirilməlidir?

- Əlbəttə, onun məzarı birinci gətirilməlidir.

- Ötən il Cümhuriyyətin 100 illiyinin keçirilməsi ilə bağlı sərəncam verildikdən sonra siz təkliflər planı hazırlamışdınız. Onlardan biri də Cümhuriyyət muzeyinin yaradılması idi.

- Təəssüflər olsun ki, yaradılmadı. Onların əşyalarından, kitablardan, sənədlərdən ibarət muzey yaradılardı, xalqımız da gedib ziyarət edərdi. Biz 28 Mayda haranı ziyarət edəcəyik? Cümhuriyyətin yubileyi bitir, hələ ortalıqda əsaslı bir iş yoxdur.

- Sərəncamdan sonra bu istiqamətdə görülən işlər və tədbirlər sizi qane edirmi?

- Yox, etmir. Çox az iş görülüb və qalan müddətdə də böyük işlərin görülməsi qeyri-mümkündür, çünki çox az vaxt qalır. Yaxşı ki, biz bu kitabı çap elədik.

- Ümumiyyətlə, Cümhuriyyət tarixi sizcə qənaətbəxş şəkildə araşdırılıbmı, yoxsa bundan sonra görüləsi xeyli işlərimiz var?

- Çox az iş görülüb. Mən cümhuriyyətin 100 illiyi ilə bağlı öz təkliflərimi vermişdim. Mətbuatdan izləyirəm ki, onlar heç nəzərə alınmayıb, planlaşdırılan işlərin az bir hissəsi yerinə yetirilib.

- O cümlədən sentyabrın 15-i Bakının işğaldan azad edilməsinin 100 illiyi qeyd ediləcək.

- Doğrudur. O barədə də tədbirlər görülməli idi. Nuru Paşaya çox yaxşı abidə qoyulmalı idi, amma qoyulmayıb. Halbuki Bakını azad edən Nuru Paşadır.

- ADR-in ölkəmiz və dünya üçün əhəmiyyəti nədir?

- Cümhuriyyətin yaradılmasının xalqımızın taleyində çox böyük rolu oldu. Əgər bu Cümhuriyyət yaradılmasaydı indi biz yəqin ki, Rusiya dövlətinin tərkibində Çeçenistan, Tatarıstan necədirsə o formada qalacaq, muxtar respublika kimi Rusiyanın tərkibinə daxil ediləcəkdik. Əslində Rusiyanın məqsədi bu idi. Ermənilərin də məqsədi bu idi. Şaumyanı Bakı Şəhər Sovetinin sədri nə üçün qoymuşdular? Bakını quberniya şəklində Rusiyanın tərkibinə qatsınlar. Birincisi cümhuriyyətçilər Azərbaycanı dünyaya müstəqil dövlət kimi tanıtmaqla bizi fəlakətdən qurtardılar. İkincisi, biz Sovetlər birliyinə müstəqil dövlət kimi daxil olduq. Yoxsa Sovetlər birliyi dağılanda biz yenə Rusiyanın tərkibində qalacaqdıq. Amma görürsünüz, SSRİ dağıldı, biz də müstəqil olduq. ADR olmasaydı, 1991-ci ildə müstəqillik qazana bilməyəcəkdik.

- Yəni hüquqi əsas oldu.

- Bəli. Əlimizdə hüquqi əsas oldu ki, biz əvvəllər müstəqil olmuşuq. Bax, görün nə qədər irəliləyişlər oldu. Bunların hamısı cümhuriyyyətin qurulmasından başladı. İkincisi isə bizdə dövlətçilik şüuru formalaşdı. Bizdə o vaxta qədər dövlətçilik şüuru olmamışdı, sülalə formasında dövlətlər olmuşdu, hüquqi əsaslara söykənən modern formada dövlət olmamışdı, bunun əsasını qoydular. Üçüncü ən vacibi parlamentli respublikanın əsasını qoydular, yəni biz seçə bilərik. Çünki dünyada seçimli qurumların yaradılmasından vacib heç nə yoxdur, onun da kökünü bunlar qoydular. Dördüncüsü azad mətbuatın əsası qoyuldu, senzura götürüldü. Beşincisi Azərbaycanın milli sərvəti özünə verilməyə başladı. Nəsib bəy Yusifbəyli parlamentdə çıxış edirdi ki, gəlin neftimizi Azərbaycan pulu ilə sataq ki, pulumuz qüvvətlənsin. Görün nə qədər mütərəqqi qərardır. Onda pulumuz nə qədər qüdrətli olardı.

- Bəs ADR-in dünya üçün, müsəlman dünyası üçün əhəmiyyəti nə oldu?

- Şərqdə birinci cümhuriyyəti biz yaratdıq. Türklər bizdən sonra yaratdılar. Müsəlman Şərqində ilk parlamentli respublikanın əsasını qoyduq. Bax, bu qədər inkişaf oldu.

- Bir də Azərbaycan adı tarixdə ilk dəfə cümhuriyyət dövründə istifadə edildi.

- Bəli, o vaxta qədər tarixdə Azərbaycan adı rəsmiləşməmişdi. Amerika tədqiqatçısı Tadeuş Svyatoçovski yazırdı k, bu vaxta qədər bu bölgədə yalnız bu adda xalq yaşayırdı, siyasi-coğrafi ad halına gəlməmişdi. Onu cümhuriyyətçilər elədi. Azərbaycan bir millətin adından çıxıb dövlətin adına çevrildi.

- Bu addıım olmasaydı indi dövlətimizin adı tamam başqa ola bilərdi?

- Əlbəttə. Bu çox önəmli məsələ idi. Ona görə də İran buna etiraz edirdi. Məhəmməd Əmin Rəsulzadəyə dəfələrlə bildirmişdilər ki, o dövlətin adını niyə görə Azərbaycan qoyursunuz?

- Cənubi Azərbaycana görə etiraz edirdilər?

- Orda axı Azərbaycan adında ostanlıq var idi. Və Azərbaycan deyəndə cənubdakı torpaqlar da hardasa nəzərdə tutulurdu. İndi ona görə mən deyirəm ki, iki Azərbaycanı birləşdirmək ideyası Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur.

# 2608 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #