Bir həftəyə 70 milyon izlənilən klipin sirri nədir? – ARAŞDIRMA

“Childish Gambino” ləqəbi ilə musiqilər təqdim edən amerikalı aktyor və musiqiçi Donald Qloverin “This is America” klipi Youtube kanalında bir həftəyə 70 milyondan (hazırda izləmə sayı 100 milyonu keçib – red.) artıq izlənilib. Klipdə qurşağadək çılpaq müğənni rəqs edə-edə oynayır, irəliləyir və yoluna çıxan qaradərililəri öldürür. Klipə baxan insanlar orada bir çox tarixi-mədəni hadisələrə göndərişlər görür. Kulis.az klip haqqında yozumları təqdim edir:

 

Klip boş anqarın təsvir olunduğu ümumi plan kadrı ilə başlayır. Anqar ağların özlərinin sistemli üstünlüyü ilə qurduğu ölkə modeli kimi yozulur.

 

Şərhçilərə görə, rəqs edən Qlover nigeriyalı musiqiçi Fela Kutin obrazındadır. Fela Kutini 1984-cü ildə saxta valyuta ilə tutdular və 10 il həbs verdilər. Amnesty İnternational isə onu vicdan məhbusu elan etdi.

 

Bundan başqa Qloverin şalvarının konfederasiyaçıların (ABŞ-da vətəndaş müharibəsi zamanı quldarlıqla məşğul olan cənub ştatların təmsilçiləri) geydiyi şalvarla eyni üslubda olduğunu qeyd edirlər.

 

 

 

Rəqs edənlərə toxunma

 

4 dəqiqəlik klipdə baş qəhrəman müxtəlif üslubda rəqslər ifa edir. “Forbes”in müşahidəçisi Edrian Qibs azı 9 rəqs tipi müəyyən edib. Onlardan bəziləri Cənubi Amerikada populyar olan “Shoki” və “Gvara Gvara” rəqs növləridir. Diqqətəçarpan olan bir məqamsa klipdə polisin yalnız rəqs edən insanlara toxunmamasıdır.

 

Klipinin əvvəlində qəhrəman gitarada ifa edən aktyor Kevin Uinbuşun oynadığı insanı silahla qətlə yetirir. Qətl anında Qlover XIX əsrin komik personajı Cim Krou kimi dayanır. Cim Krou yazıçı Tomas Dortmut Raysın 1830-cu illərdə yaratdığı obrazdır. Rəvayətə görə, yazar uzun müddət qaradərililəri müşahidə edib və onların da ifa etdiyi “Tullan Cim Krou” mahnısından istifadə edərək axmaq, müxtəlif təhqirlərə məruz qalan bir obraz yaradıb. Sonradan isə “Cim Krou” qaradərililəri alçaltmaq üçün istifadə olunub. Hətta XIX əsrin sonlarına yaxın quldarlığın qanunla ləğv edilməyinə baxmayaraq ağdərili və qaradərili insanlar arasında ayrı-seçkiliyi ehtiva edən qaydalar “Cim Krou qanunları” adlanırdı.

 

“The Guardian” dərgisi də bu versiyanı müdafiə edir: Cim Krou pozası ilə Qlover cəmiyyətdə qaradərililərə biçilən rola işarə edir: reper, soul müğənni, komik.

 

 

Ağ atlı çapar

 

Klipdə rəqs edənlərin arxasında ağ atlı süvari görünür. Bu, Bibliyada adı çəkilən Qiyamətin 4 süvarisindən biridir: “Və mən başımı qaldırdım. Budur ağ atlı, onun adı ölümdür. Arxasınca isə cəhənnəm gəlir”. Klipdəki ağ atlının arxasınca gedən polis maşını isə cəhənnəmi simvollaşdırır.

 

 

 

Rahiblərin güllələnməsi

 

Klipdə baş qəhrəman dini mahnı oxuyan rahibləri güllələyir. Bu səhnə Çarlstondakı gülləborana işarə edir. 2015-ci ilin iyununda 21 yaşlı ağ dərili Dilan Ruf Cənubi Korolina ştatında kilsələrdən birinə daxil olaraq 9 rahibi güllələyərək qətlə yetirib. Ruf bunu qaradərililərə nifrət etdiyi üçün törətdiyini etiraf edib. O, hazırda həbsdədir və öz ölüm hökmünün icrasını gözləyir.

 

Hadisədən iki ay sonra isə WDBJ7 kanalının jurnalistini canlı efirdə güllələdilər. Qatil Vester Lİ bu qətllə Çarlstondakı gülləborana cavab verdiyini bildirdi.

 

Mahnıdakı “This a celly, that’s a tool” (Bu telefondur, bu silahdır) sətrinin isə 22 yaşlı qaradərili Stefan Klarkın polislər tərəfindən öldürülməsinə işarə etdiyini söyləyənlər var. O zaman polis Stefanın əlindəki telefonu tapança bilərək oğlana atəş açmışdı.

 

 

Şahid uşaqlar

 

Bir hissədə yuxarı mərtəbədə əyləşən üzü maskalı uşaqlar baş verən xaosu telefonla çəkir. Onların baş verənləri təqlid edirlər. Onlar ulduzları yamsılayırlar.

 

 

 

Görünməyən intihar

 

Klipdə ikinci planda baş verən o qədər də hiss edilməyən intihar var: bir nəfər özünü yuxarı qatdan atıb intihar edir. İzləyicilər bunu cəmiyyətdə qaradərili amerikalıların intiharlarına laqeydlik kimi yozur. Qaradərilinin intiharı sıradan bir hadisədir.

 

 

 

O maşınlar nəyə işarə edir?

 

Sonlara doğru baş qəhrəman köhnə qırmızı rəngli maşının üstünə çıxaraq rəqs etməyə başlayır. “Vashington-Post” qəzetində qeyd edilir ki, digər ifaçıların musiqi videolarından lüks avtomobillərlə kontrast yaratmaq üçün 1980-1990-cı illərin maşınları istifadə olunub. Qəzet qeyd edir ki, bəzi Twitter istifadəçiləri avtomobillərin yaşının qaradərili amerikalıların "dayanıqlı sosial-iqtisadi və siyasi səfərbərliyi"ni simvollaşdırdığını irəli sürürlər.

 

 

Qaçış

 

Sonda qəhrəmanın dar dəhlizdə onu təqib edən kütlədən qaçır. Mahnının sözlərində You just a black man in this world/You just a barcode, ayy (Sən olsa-olsa qaradərili bir oğlansan, sən bir barkodsan bu dünyada) fikri səslənir.

 

“Qaçmaqla xilas olan qaradərili insan, quldarlıqla bağlı olan Amerika mədəniyyətinin bir hissəsi oldu”.

 

Bunun XIX əsr afro-amerikan mahnısı “Run Nigger, Run”a bənzədiyini də yazırlar.

 

Klipdə rol alan Kelvin Uenbuş klipə çəkilməklə tarixin bir parçasına çevrildiyini yazıb.

 

Donald Qlover özü klipə heç bir şərh vermir. Tezliklə o aktyor kimi ekranlarda görünəcək. “Ulduz müharibələri” filmində ikinci dərəcəli Lendo Karlissian rolunu məhz ona həvalə ediblər.

 

 

 

 

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018