“Mən yoxam” romanındakı əfv olunmaq arzusu

 

Kulis.az Samirə Əşrəfin Qurban Yaquboğlunun “Mən yoxam” romanı haqqında yazdığı “Qurbanvermə” adlı yazını təqdim edir.

 

Rus rejissoru Andrey Tarkovskinin iştirakı ilə rejissoru olduğu “Ayna” filminin intellektual auditoriyada nümayişi olur. Film bitdikdən sonra müxtəlif kino və sənət adamları film barədə öz fikirlərini, fərziyyələrini irəli sürürlər. Tarkovski isə deyilənləri diqqətlə dinləyir. Otağı yığışdırmaq istəyən yaşlı xadimə gözləməkdən bezib deyir: Bəsdirin mübahisə etdiniz. Artıq evə getmək vaxtıdır, gecdir. Hələ mən buraları da yığışdırmalıyam. Ümumiyyətlə siz nədən danışırsınız? Bu filmdə hər şey aydındır. Film bütün ömrü boyu əzab çəkən insanın ölüm qabağı bağışlanması, rahatlanması, bəraət istəməsi haqqındadır.” Tarkovski xatirələrində yazır ki, mənim filmimi məhz həmin sadə, yaşlı rus qadını anlamışdı.

 

Yazıçı Qurban Yaquboğlunun “Mən yoxam” romanı da bir nəslin yaddaş ağrısı, bu ağrıları dərindən dərk edən qəhrəmanın əzab çəkməsi, onun tanrı qarşısında hamının əvəzinə bağışlanması, özünü qurban verməsi haqqındadır. Roman həm də əzab çəkən ata-ananın, intihar edən bacının, ağrılarla qovrulub dərdini heç kimə aça bilməyən bibinin, itkin düşən əkiz qardaşın yerinə narahat olan bir ruhun narahatlığı, ruh sahibinin vicdan borcundan bəhs edir.

 

Qəhrəman keçmişdə, ailəsində baş vermiş itkilərə, yaşanan talesizliklərə, qadağaların gətirdiyi ayrılıqlara, yox olmalara dözə bilmir. Həyatının bütün anını bu xatırlamaların sızıltısı ilə yaşayır. Onun göz yaşları gözündən ürəyinə yol açıb sağalmaz, yaralar əmələ gətirir. Müəllif həmin ağrıları bir nəslin hekayəsində verməklə yanaşı, həm də onu müxtəlif zamanlarda yaşayan nəsillərlə əlaqələndirməyə cəhd edib.

 

“Mən yoxam” romanı atanın ölümünə gedən yoldan başlayır. Təhkiyəçi Şahmarın dilindən bir nəslin yaddaşını çözələməyə, çözələdikcə də çiyinlərinə iz salmış yükdən xilas olmağa çalışır.

Tavandan asılan yürükdə yenidən uşağa çevrilən ata peşmandır. Qardaşı oğlunun sevgisinə, xoşbəxtliyinə bais olduğu üçün özünü ömürlük günahkar hesab edir. Atanın ümidsiz səsi otağın divarlarına kölgə salan çıraq kimi titrəyir. İşıqlı dünyada ilk dəfə “mən yoxam” kəlməsi də atanın dilindən eşidilir:

 

“– Nə danışım, ay qardaş, nə danışım, ay oğul, nə danışım, ay Şahı? Məndən nə qaldı?... Daha yoxam mən! Gecənin bir aləmində, Allaha şükür, özün yaxşı görürsən.”

 

Lakin, qəhrəman nəyisə xatırlayır. O qədər uzaq olmayan keçmişdə bu sözləri kimsə də demişdi. Onun nəslindən, qanından olan biri... Suğra bibi. Yuxuda da olsa, birinci mən yoxam kəlməsi Suğra bibinin dilindən qopub bu nəslin içərisinə düşür. “Suğra bibi yıxıldı. Ağrıdı, ağrısının şiddəti qalxdı, dünyada heç kəs heç vaxt belə ağrının əzabını çəkməyib. Yıxıldı, havada uçdu, daşa dəyib dayandı, öldü. Özünə gələn kimi yuxuma girdi:

 

– Şahı!

 

– Həh... Başına dönüm, ay bibi!

 

– Dediyimi dədənə də çatdır: daha mən yoxam. Ağrım da yoxdu.”

 

Romanı oxuyan oxucu Suğra bibinin yox oluşu ilə ağrısının olmamasını fiziki ağrı ilə əlaqələndirə bilər. Amma burada təkcə fiziki ağrıdan yox, həm də yaddaş, xatirə əzabından söhbət gedir. Suğra bibi daha bu dünyada deyil, daha heç kimin dərdini, yükünü çəkmir yüngülləşib. Lap quş kimi olub. Ona görə də qardaş oğlunu yuxuda müjdələyir. Lakin, qəhrəman bu müjdədən sevinmir, hiss edir ki, hələ qarşıda başqa yox olmalar da olacaq...

 

Üçüncü yoxa çıxan Talıb olur. Tale onunla beş günlük olanda amansız davranır. Hər iki valideynini itirəndən sonra əmisi ona yetimlik hiss etdirmir. Ta ki, on altı yaşına qədər. Bu sirri ata-anasından ilk öyrənən də, Talıbın öz doğma bacısına olan istəyini ilk duyan da Şahmar olur. Böyük günahın törənəcəyindən qorxan Şahmar əkiz tayına on altı illik sirri açmaq məcburiyyətində qalır. 

 

Həmin sirr açılan gündən Talıbın ürəyi sınır. Həm əmisindən, həm də onun doğma bacısına olan pünhan sevgisindən xəbər tutduğu üçün əkiz qardaşı bildiyi Şahmardan. Talıb hamıdan uzaqlaşır. Dərdini, sirrini heç kimə açmır. Hətta növbəti məhəbbəti olan Çəmənlə ailə qurma qadağasına belə müti olur. Başını aşağı salıb əmisini dinləyir. Onunku əvvəldən beş günlüyündən gətirməyib. İndi durub taleyi ilə yaxa-boğaza çıxası deyil ki. Talıb işsizlik bəhanəsi ilə yolunu Sibirdən salır. Onun yoxluğunun nişanələrini ilk dəfə sezən də yenə Şahmar olur.

 

“Qohumugilə qonaq getmiş otaq yoldaşımın çarpayısında yatağa girəndə üzrxahlıqla gecələr xoruldadığını dedi. Nəzakətlə danışırdı. Amma yalan-palan... Nə sayıqladı, nə xoruldadı, nə əl-qol atdı. Dinc-kirimiş uyudu. Gecə iki dəfə başımı qaldırıb ona baxdım. Adyalın altında nəfəs alan yoxudu. Elə bil, cəsədi əriyib çarpayının altına tökülmüşdü.”

 

Müəllif yuxuda olan Talıb barədə nəql edən zaman nahaqdan cəsəd sözündən istifadə etmir. Bu artıq gələcəkdə baş verən böyük itkiyə sezilməz dərəcədə incə bir işarədir. Əslində elə Talıb həmin günün gecəsi cəsədə çevrilərək yoxa çıxır. Şahmar səhəri yuxudan oyananda Talıbın yerini həmişəlik boş görür. Roman davam etdikcə Talıbın adı bir də heç vaxt müəllif tərəfindən çəkilmir. İki doğma, qan qohumunun yadlaşması həmin gündən başlanır. İllər sonra Yad (Şahmar) ilə üzləşən Əziz (Talıb) deyir: “Nə sən-sən salmısan? Kimi axtarırsan? Mən yoxam!” Bu mən yoxam kəlməsinin içərisində həm də bir nifrət sezilir. Yada qarşı olan qəddarlıq və nifrət. Bəlkə yenə ilk məhəbbət? Ərindən boşanıb oğlu İsa ilə təkcənə qalan Əzizin ilk məhəbbəti Çəmən və bu ilk məhəbbəti Şahmar ilə bölüşə bilməməyin ağrısı...

 

Əzizlə Yadın vidalaşmasından sonra zaman və qəhrəmanlar dəyişir. Amma oxşar hadisələr, talelər, hətta adlar belə kainatla birgə fırlanmağa, davam etməyə başlayır.

 

Əsərdə Həmidin peyda olması oxucunu çaşbaş salır. Oxucu istər istəməz Həmid və Şahmar arasında müqayisələr, bənzətmələr aparır. Onların taleləri, oxşarlıqları barədə məlumatsız qalır.

 

Şahmar Ağdərə deyilən sakral məkandan Həmidinin zamanına adlaya bilmir. Şahmarın dövründə təhkiyə reallıq üzərində qurulur. Həmidin dövrü isə əhvalatlar, məkanlar sakral, mistik istiqamətə yönəlir.

 

Əfsanəyə görə Baba Kuhi adlı mömün bir zamanlar öz yox olmasını həyata keçirərək yox olmağın ustadı hesab olunur.

 

Təhkiyə zamanı qəfildən ortaya gözlənilməz, əslində isə ilk baxışdan qeyri-adi olmayan dialoqlar çıxır. Romanda 3-cü fəslin 2-ci hissəsindəki hissəyə nəzər yetirək:

 

“Yolun daşı-kəsəyi sözləşibmiş kimi, hamısı bircə-bircə ayağıma dəyib ağrıdırdı. Ay üfüqə doğru əyilib işığını azaldanda bir təpənin üstə dincimi almağa çökdüm. Gecənin indicə əmələ gəlmiş havası boynuma vurdu. Canlı həniriydimi, maşın cığıltısıydımı, qaranlıqdan əcaib səs eşidildi. Hələ səhər-səhər it hürəndə dərədən əlimə dəyənəyə oxşar qaratikan budağı almışdım, qayışlı iri sumkanı da çiynimdən asmışdım.

 

– Dədə, ay dədə, hava işıqlaşana kollu dərəyə çatarıq?

 

– Eşşəklər arabanı belə çəksə, yox. Gör baltaları torbaya qoymuşammı?

 

– Ay dədə, bayaqdan on dəfə soruşmusan...

 

– Üstdən yoxla, əlini üzərsən. Eşşəkləri səslə, yuxun

qaçsın. Dan atana ordayıq.

 

Qarşı yamacdan keçən yolda eşşək arabası kölgəsinin böyründə dədə-bala iki adam gedirdi. Ürəyimdən salam vermək keçdi, astadan pıçıldadım: Salaməleyküm!

 

Məni yox, biri-birilərini eşidirdilər; heç, bəlkə, məni dinşəmədikləri kimi, biri-birlərini də eşitmirdilər – eyni gecəni bölüşsək də, hərə öz yolunda, öz hayındaydı.”

 

Oxucu bir az diqqətli olsa eyni ilə bu cür əhvalatın əvvəli, bənzəri  Şahmarın zamanında romanın 1-ci fəslinin 2-ci hissəsindən başlandığını görəcək.

 

“Dərənin döşündə kol qırırıq, baltanı bir tərəfə tolazlayıb, gözümün acısını almasam, işləyə bilmərəm deyib ucsuz-bucaqsız dağa-dərəyə inad eləyir, pencəyinə bürünüb o dəqiqə yuxuya gedir, çar-naçar döyükürəm: Qalx, pencəyinə bürünmüş kişi! Yoxuşda arabanı darta bilməyən eşşəkləri əlağacıyla şappaşap necə döyür, necə döyür; a kişi, dayan, a kişi, əl saxla! Yalvarıb yoncuyuram, o qədər ürəyiyumşaq dədəmin bir belə qəddarlığından az qalır ürəyim dayana.”

 

İlk baxışda bu əhvalatın Həmidə aid olduğu, Həmidin isə Şahmar olması fikri oxucunu çaşdırır. Əslində isə ata və oğul, meşə, eşşək, baltalar və mənzərə oxşar olsa da situasiya başqa-başqa zamanlara aiddir. Fərqli zamanlarda yaşayan insanların həyatından fraqmentlərdir. Yazıçı bu əhvalatın əvvəlini Şahmarın, ardını isə Həmidin zamanında verməklə qəribə və maraqlı üsuldan istifadə etməklə həm də oxucu üçün məlum olan izləri itirmək, onun təxəyyülünü dolaşdırmaq fikrini əsas götürüb. Bu həm də hardasa oxucuya reenkarnasiya hissini aşılamaqdan ibarətdir.

Əsər boyu bu cür zaman, ad, əhvalat oxşarlıqlar dəfələrlə baş verir.

 

Romanda obrazların adları müxtəlif dövrlərdə, ailələrdə, situasiyalarda da mövcud olur. Ətir, Gülbəniz, Kamal, Ələsgər müəllim və s. adlar Şahmarın zamanından Həmidin zamanına, bir əhvalatdan digər əhvalatlara keçid edirlər.

 

Bundan əlavə romanda Durna qarı, Alcan baba, hətta Baba Kuhi belə müxtəlif zamanlara səyahət edirlər.

 

Həmid çiynində, ürəyinin altında, yaddaşında daşıdığı ağrı-acılardan, ümidsizliklərdən, sızıltıdan xilas olmaq, rahatlaşmaq məqsədi ilə yoxluğu seçir. Lakin, bir missiyasını yerinə yetirməli vaxtilə sevdiyi qadının ailə qurduğu başqa kişidən olan oğlunu sağaltmalıdır. Tanrı niyəsə bu yükü Həmidin çiyinlərinə qoyur.  Bunun üçün o, öz ayaqları ilə gəlib düz Yasəmənin qapısına çıxır. Hərçənd ki, diqqətli oxucu yolda Hacıqasımlı kəndinin yaxınlığındakı Çıraqlı kəndindən olan Molla Qəzənfəri axtaran yolçu kişini və at üstündə əyləşib qucağında uşaq tutan hənirtisi eşidilən xəyali qarabuğdayı gəlini dərhal xatırlamalıdır. Çıraqlı sözü də burada boş yerə işlənmir. Yolçu üç dəfə üzünü Həmidə tutub Çıraqlı sözünü işlədərək Həmidin timsalında çıraq axtarır.

 

Dövran kişinin qapısına yaxınlaşanda ev yiyəsi Həmidi Molla Qəzənfər bilib evə dəvət edir. Az keçmir ki, Yasəmən onun adını çəkir. Məlum olur ki, Həmid Molla Qəzənfər yox, Allah bəndəsidir. Beləliklə Həmid keçmişdən Yasəmənin zahirən sakit, daxilən isə narahat görünən həyatına qədəm qoyur. Mədədin həyatına isə çıraq olur.

 

Əri Kamal şəhid olandan sonra Yasəmən başına gələn sevgi əhvalatlarını mömin Həmidə bir tövbə kimi nəql edir. Sanki ilk məhəbbətindən əfv diləyir, için-için keçmişdəki təmiz, saf on altı yaşlı Yasəmənin həsrətini çəkir.

 

Romanda xeyli sayda sevgi əhvalatı və onların mərkəzində dayanan qadın sürətləri vardır. Çəmən, Züleyxa, Yasəmən şiddətli, ağrılı məhəbbətdən doğulan qadınlardı.

 

Çəmənin Talıba olan ilk məhəbbəti qadağan olunur. Züleyxanın canını tapşıran qocaya qarşı etdiyi amansızlıq onu Məcnun kimi çöllərə salır. Ölüm ayağında olan qoca bu məhəbbəti son anında ciyərlərindən gələn qanla birgə nəql etməyə, dünyada bu cür amansız bir qadının varlığına dair iz qoymağa çalışır. Yasəmən isə təpədən dırnağa Həvvadan üzü bəri gələn bütün qadın məxluqatının ağrı, acılarını daşımağa məhkum olunmuş biridir.

 

Müəllifin qadın qəhrəmanlarına yanaşması isə təəssüf doğurur. Əsər boyu gözəgəlimli yaraşıqlı qadınların hamısı gəlin kimi təqdim olunur. Gəlin sözü isə məişət dilimizdə yenicə ailə qurmuş, əlini-qolunu işə öyrətməyə çalışan, hətta bəzən iş bilməz bir obrazdı. Niyə görəsə bizim yazıçılarımız gəlinlik yaşı keçmiş artıq qadın deyə müraciət edəcəkləri qəhrəmanlarına belə qadın kimi müraciət etməyi unudurlar. Ola bilər ki, bu hardasa keçmişdən qalma ənənə olsun (“Ay gəlin ordan bir içim su ver, ciyərim yandı”.  (“Dəli Kür”.))

 

Bundan başqa yerli ədəbiyyatda xüsusən də son dövrlər yazılan romanlarda yazıçılarımız niyəsə ilk məhəbbətsiz, uzaq illərdə ya vəlvələdən, ya da ki, zəlzələdən unutduqları qızlarsız keçinə bilmirlər. Keçmişin o biri üzündə qalmış uzun hörüklü, saf kənd qızları bizim yazıçılarımızın yadına ailə qurandan, oğul-uşaq, nəvə sahibi olandan sonra düşür. Nisbətən istedadlıları belə onları öz romanlarının içərisinə qədər dəfələrlə gətirməkdən yorulub, usanmırlar.
 

Qurban Yaquboğlunun haqqında bəhs etdiyimiz romanında da ilk məhəbbət mövzusu, ondan əfv olunmaq arzusu aktualdır. Və bu aktuallıq təəssüf ki, hərdən oxucuya həddini aşmış sentimentallıq aşılayır.

 

Bunun üçün də hərdən romanlarımızdakı gəlinlərin gecələr yar yanına gəlməsi çox vaxtı “Min bir gecəÜ ab-havası yaradır. 

 

Həmid qırx günün sonunda öz missiyasını tamamlayır. Mədəd sağalır. Həmin günə qədər ona dədə deyən Mədəd qırxıncı gün şəhid Kamalın oğlu olduğunu anlayır. Amma buna baxmayaraq dədə dediyi, xilaskar pak Həmidə olan sevgisi itmir. Onun yox olmasına şahidlik edir. Hərdən qadağanı pozub Həmidin düşüncələrinə girsə də sonralar bunun bir də təkrara etmir. Bir yaz günü Həmid yox olur. Özündən sonra bu sözləri yazıb qoyur “Mənim yoxluğum sizə xoşbəxtlik gətirəcək.”

 

“Mən yoxam” romanı məhz Həmidin özündən sonra qoyduğu sözlərlə başa çatır. İlk baxışda oxucu düşünür ki, bir insanın yox olması heç nəyi dəyişmir. Yasəmən öz həyatına qaldığı yerdən davam edir, Mədəd sağalıb böyüyür. Həmidin arvadı Şəfiqə və onun oğlu da öz ömürlərinə qaldıqları yerdən davam edirlər. Əgər müəllif bu iki ailənin barışmasını nəzərdə tutub xoşbəxtlik vəd edirdisə, axı Yasəmən ancaq Həmid onların kəndinə gələndə xəbər tutur ki, onun ilk məhəbbəti olan Həmid öz xalası qızı ilə evlənib. Əsərin sonunda meydana çıxan Şəfiqə də ərinin Yasəmənin yanında olmasına o qədər sərt reaksiya vermir, sanki belə də olmalıymış kimi davranır. Bütün bunları nəzərə alsaq, oxucuya qoşulub düşünə bilərik ki, əsərdə illərdir xoşbəxtliyin qarşısını alan konflikt, qəhrəmanı yox olmağa qədər məcbur edən bədbəxtlik hardadı?

 

Lakin, bizim düşündüyümüzdən fərqli olaraq müəllif Həmidin qurban vermə aktını həyata keçirir. Bu akt bu günün, sabahın naminə olmur, həm də keçmiş naminə edilir. Axı keçmişdə bədbəxt nəsillər, onların yer üzündə dolaşan narahat ruhları var. Və müəllif gedənlərin də, qalanların da ağrısını təkbaşına özü ilə götürüb aparmaqla sanki hansısa lənəti və ya qaramatı bütöv bir kəndin, nəslin, ailənin üzərindən silib götürür. Həmid atanın, ananın, Talıbın, Səbinin, Çəmənin, Suğra bibinin, Baxçanın, Şahmarın, Yadın, Qəribə adamın, Həmidin və nəhayət Qurban Yaquboğlunun əvəzinə yox olaraq özünü Qurban verir.

 

May 2018

 

 

LENT

23 May 2018
22 May 2018
21 May 2018