“Azdrama”nın sözçüsü od püskürdü: “Sizə görə xəcalət çəkirəm”

<b>“Azdrama”nın sözçüsü od püskürdü: <span style="color:red;">“Sizə görə xəcalət çəkirəm” </b>
5 may 2018
# 20:26

Azərbaycan Dövlət Akademik Milli Dram Tearının direktoru Azər Paşa Nemətovun Fuad Poladovun vəfatı ilə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub, etiraz doğurub. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı özünün Facebook səhifəsində teatr direktorunu tənqid edənlərə cavab verib. Kulis.az həmin yazını təqdim edir.

Bədbəxt adamlardır, bədbəxt. Bu yazıqlarla, bu zavallılarla bilmirsən hansı dildə, hansı şəkildə danışasan. Qaragüruh qarşısında ancaq kədərli-kədərli susmaq lazımdır ki, o da olmur. Bu naqis mənəviyyatlı zavallılar ancaq şər düşünür, qara yaxır, ürək bulandırır.

Fuad Poladovun dəfnindən teatra indicə qayıtmışam. Baxıram bəzi saytlara, baxıram Facebooka, heç nəyə dəxli olmayan, Fuad Poladovun bir tamaşasına bilet almayan düşüklər indi bu böyük aktyorun ölümü ilə xal qazanırlar, layk yığırlar. Və öz balaca ağılları ilə guya Azər Paşa Nemətovu gözdən salmaq istəyirlər.

O Azər Paşa Nemətov ki, Fuad Poladov ən gözəl rollarını məhz onun tamaşalarında yaradıb. “Hamlet”də, “Şah Qacar”da, “Afinalı Timon”da, “Boy çiçəyi”ndə... O Azər Paşa Nemətov ki, Fuad Poladovla bir yerdə bu ölkənin teatrının əziyyətini-cəfasını çəkib, tozunu udub, dost olublar, qardaş olublar, pis-yaxşı günlərində bir-birinə söykəniblər. Dostları bir, doğmaları bir, ev-eşikləri bir olub.

Hə, indi düşünənlər olacaq: teatrda mətbuat katibidir, ona görə direktorunu tərifləməyə, müdafiə etməyə məcburdur. Məni tanıyanlar yaxşı bilir: harda olmuşamsa, kiminlə çalışmışamsa, təəssüb çəkməyi vicdan məsələsi bilmişəm. Və bu teatra gəldiyim gündən işimi itirmək qorxum olmayıb. Günü bu gün ərizəmi yazıb teatrdan gedərəm. Əlimi ürəyimin üstünə qoyub bunu deyirəm və teatrdan aldığım maaş olmasa da, yenə qələmim məni dolandıracaq. Necə ki, bu teatra gəldiyim günə qədər dolandırıb. Teatr təkcə evə çörək aparmaq yeri deyil, teatr həm də nəfəslikdir mənim üçün. Amma getsəm belə, Azər Paşa Nemətov yenə mənim üçün böyük rejissor, yenə mənim üçün teatr fədaisi olacaq. Ona böhtan atanlar, onu öz aləmində incidənlər Fuad Poladovun xatirəsinə hörmətsizlik edirlər. Çünki Fuad Poladov siz əxlaqda olan adamlara həmişə nifrət edib. Azər Paşa Nemətov bütün kollektivi ilə Fuad Poladova vida deməyə gəldi, borcunu ödədi. Fuad Poladov teatrdan getdiyi günlərdə Azər Paşa Nemətov “bu teatrın qapısı həmişə onun üzünə açıqdır” dedi.

Klaviatura qəhrəmanı olan korazehinlər Fuad Poladovun son tamaşasına gəlib bilet almadılar, amma Azər Paşa Nemətov əliboş gələn bir adamı geri qaytartdırmadı, bilet tələb etdirmədi, qapıları taybatay açdırdı. O gün də, bu gün də vida borcunu ödədi. Yaşı 70-i keçən adam xəstələnə bilməzmi? Bolqarıstana teatr danışıqlarına getmişdi, ordan da Konyaya bilet aldı, festivala qatıldı. Yol, yorğunluq, yaş, teatr yükü, min dənə dərd-bəla... Belə şeylərdən adam yorğun da düşər, xəstələnər də. Sizin ata-ananız, baba-nənəniz xəstələnmir? Siz ağrımırsınız? Onun dediyi “Allah rəhmət eləsin Fuada, mən də xəstəyəm” cümləsini saytlarda, Facebookda tirajlayıb nə vicdansızlıq edirsiniz? Bəs onu vida mərasimində görəndə etdiyiniz tərbiyəsizliyə görə utanmadınız? Düşünmədiniz ki, mən əxlaqsızlıq etmişəm? Yox, əlbəttə. Çünki siz gəlməmişdiniz. Çünki sizin klaviatura arxasında böhtan atmağı kişilik bilirsiniz. Siz Fuad Poladovun nə son tamaşasına, nə son vidasına gəldiniz. Siz mədəniyyət təəssübü çəkən adamlar deyilsiniz, siz teatra düşmən adamlarsınız.

Mən jurnalistəm, yazıçıyam, amma sizə görə utanıram, çox pis utanıram, xəcalət çəkirəm. Mətbuatın bütün dəyərlərini tapdamısınız. Ciddi sənət adamları hamısı sizin üzünüzdən mətbuata nifrət edir. Siz heç kütlə də deyilsiniz, sadəcə, qövmsünüz. O qövm ki, bütün işıqlı adamlara, bütün işıqlı nəsnələrə həmişə düşmən kəsilmisiniz.

Tanrı günahınızdan keçsin. Nə etdiyinizi bilmirsiniz...

# 1822 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #