Kədər mərmi olar sinənin üstə - YENİ ŞEİRLƏR

Kədər mərmi olar sinənin üstə - YENİ ŞEİRLƏR
27 aprel 2018
# 13:25

Kulis.az gənc şair Şəhriyar İbrahimovun yeni şeirlərini təqdim edir.

Bir gün üşüyərsən...

Bir gün üşüyərsən soba dibində...
Xəzan yarpağıtək qırışar üzün,
Pəncərə-pəncərə darıxar gözün.
Sonra gülüşün də qırılar səndən,
Sonra küçələr də yorular səndən.
Rəngli xatirələr nəğmə oxuyar,
Həsrət ilmələrdən ağrı toxuyar.
Ömrün yollarına sərilər sükut,
Ağacdan meyvətək dərilər sükut,
Tanrı da səsini eşidə bilməz,
Heç nə göz yaşını kiridə bilməz.
Oğul öz evində, qız öz evində,
Dünya öz kefində, yer öz kefində,
Bir gün üşüyərsən soba dibində....

Yuxusuz gözündə oyanar gecə,
Sonra göz yaşına boyanar gecə...
Dərdlər ocaq olub qalayar səni,
İllər bir oğrutək talayar səni,
Qəfil xatirinə bir işıq kimi,
İlk eşqin dolanar sarmaşıq kimi.
Xəyalın o qızı itirə bilməz,
Daha qatarlar da götürə bilməz -
O bahar gülüşün uzaqlığına,
O şirin öpüşün sıcaqlığına...
Ümidsiz atılan bir cüt zər kimi,
Anasını itirən körpələr kimi,
Şəkillər ağlayar kitab rəfində -
Bir gün üşüyərsən soba dibində...

Ağrılar canında birə-beş olar,
İntizar evində kirəkeş olar...
Kədərdən ömrünə çəkilər çəpər,
Şeirlər uşaqtək əlini öpər.
Dünya köçəköçdə, ömür yol üstə,
Kədər mərmi olar sinənin üstə,
İlkbahar havası udmaq - uzağdı..
Nübar meyvələri dadmaq - uzağdı..
Yatan durnaları oyatmaq... xəyal,
Bülbül yuvasına dən atmaq... xəyal,
Üfüqdən yelləməz yaylığını yaz,
Gözlər qışadamı, saçlar qarbəyaz.
Dualar ovcunda, əlin cibində -
Bir gün üşüyərsən soba dibində...

Sevmək lazım, hər şeyi, hər kəsi sevmək...

Məsələn, and yerimiz uşaqların dodağındakı bəm-bəyaz təbəssümlər olmalı...

Məsələn, yalın ürəklə sevmək lazım bütün qadınları, heç nə gözləmədən, eləcə sevmək..

Eləcə gözlərindəki isti baxışlarla isinmək, eləcə saçlarını tumarlamaq..

Əllərdə gizlənir bütün sevgilər...

Bütün küçə itlərinə daş yerinə bir qucaq sevgi atmaq, bir tikə çörək atmaqla başlamaq, bütün sevgilərə...

Məsələn, vicdanımızın səsi minarədən çıxan azanın səsindən daha yüksək olmalı...

Daha müqəddəs olmalı atamızın üzündəki qırışlar ziyarətgaha gedən yollardan...

Gülümsəmək üçün bir uşaqlıq yer saxlamaq qəlbimizdə, eləcə gülümsəmək.

Ümidlicə, məsumca gülümsəmək...

Məsələn, bütün çiçəkləri tikanları ilə birgə tumarlamaq,

özü sevinməsə də yarpaqları sevinəcək,

özü sevinməsə də ləçəkləri sevinəcək,

bəlkə tikanları da sevinəcək...

Məsələn, torpağı sevmək...

uğrunda döyüşmək üçün yox üstündə sevişmək üçün sevmək...

sevişmək deyirəm, eləcə sevişmək...

Gülümsəmək lazım hər şeyə,

gedən bütün gəmilərə gülümsəyərək əl sallamaq,

gələn bütün qatarları gülümsəyərək qarşılamaq.

Göyün üzünə əsrlərlə tamaşa edən dənizə gülümsəmək...

Eləcə gülümsəmək...

Sevmək lazım bütün sevgisizləri...

Məsələn, yaşıl budaqlarda həzin səslə oxuyan bülbülü sevən qədər çiynimizə qonan sap-sarı yarpaqları da sevmək...

Payızı sevmək deyirəm, payızı sevmək...

Sevmək deyirəm, hamını, hər şeyi sevmək, eləcə sevmək...

Başqa heç nə...

Dərd eləmə...

Bu sevgidə ikimiz də yarımcan,
Nə soyuqmuş ayrılığın qolları.
Ayağına gətirərmi yaradan,
Gözlərimlə suladığım yolları.

Vüsal çağı bəlkə elə yaxındı?!
Ömrümüzün payız keçir içindən
Əllərim də son dəfə sən sıxandı...
Bir ömürlük xatirə var... saçından...

Dərd eləmə, ömrüm-günüm... uzaqlıq
Gülüşünü köhnəltmir ki gözümdə.
Fərz elə ki, fərz elə ki uşaqdıq,
Eşq acısı bir yaradır... dizində

Uzaqların payız olur nisgili,
Ümmanında boğuluruq təkliyin.
Bu taledən gileylənmə, sevgili
Fərz elə ki, imtahandı çəkdiyin.

Dərd eləmə... dərd eləmə, ayrılıq -
Köç etməz ki qəlbimizə təməlli...
Hər könüldə ümid doğar bir qırıq,
Hər ürəkdə bir sevgilik təsəlli.

Dərd eləmə, ömürdü də... ömürdü,
Hər sevgiyə hücum çəkər kədər-qəm.
Bir də gördük yaz özünü yetirdi,
Gözlərimiz çiçək açdı... birdənəm...

Boz ömür

Sınıq salxaq gəlib çıxdım payıza...
Soluxçadım, yaşamadım yazı da...
Bu başımda güllə yeri gəzirəm.
Boş yer varmı alnımdakı yazıda?

Günü-günə calamağın adı yox,
Kədər qonmuş bir könlüm var, odu yox.
Bu boz ömrün bir quruşluq dadı yox.
Allah, yoxmuş əllərinin duzu da...

Topal ömrü hey ölkəmdə sürüdüm.
Rüşvət, yalan ayaq açdı, yeridi.
Ömrün çoxu ac vətəndə çürüdü,
Sətir-sətir şeir oldu azı da...

Bir az da unudulmaq...

Zaman keçdikcə, yatağının sol tərəfindəki

yastığın soyuqluğu üzünə hopur,
baxışlarına hopur...
gözlərində avar çəkməyə başlayır

yarımcan xatirələr.
Bir az da qalınlaşır əynindəki

tənhalıq köynəyi.

Bir az da üşüyür şeirlərin,
bir az da boşalır ürəyinin

dayaq nöqtəsi.
Darıxmağa bir adam da tapmırsan.
Xatirələr qəbiristanlığından süzülən

göz yaşları qədəhlərə dolub qayıdır…
gözlərin boşaldıqca içinə sınıqlar,

boşluqlar dolur.
Bir az içki düşkünü olursan,
külqabılar tez-tez dolmağa başlayır.
Ömrün üfüq xəttində təklikdən başqa

heç nə görünmür, başqa heç nə bitmir,

sınmış ürəyin səthində, başqa heç nə...
Və gün gəlir üzünü Allaha tutub

bir atımlıq səbir istəyirsən,
bir dərimlik nəfəs - bir az da

kimsəsizləşmək üçün,
Bir az da unudulmaq, bir az da

xatırlanmamaq üçün.

# 2033 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #