Mehriban Zəki: “Onun məndən inciməyə haqqı vardı” - MÜSAHİBƏ

<span style="color:red;">Mehriban Zəki:  “Onun məndən inciməyə haqqı vardı” - <span style="color:red;">MÜSAHİBƏ
27 aprel 2018
# 21:00

Kulis.az tanınmış aktrisa, Əməkdar artist Mehriban Zəkinin müsahibəsini təqdim edir.

Dağlar Yusif: Mənim üçün var performativ roman, var performativ sənət, bir də var performativ insanlar. İndi qarşımızda oturan Mehriban Zəki başdan-ayağa oyundur, kodlaşdırılmış mətndir. Hansı ehtiyacdan doğur bu “oynamaq”, bu performativlik?

Mehriban Zəki: Məncə, bu tam təbiidir. Ünsiyyət, tanışlıq prosesi… həyat başdan-ayağa oyundur. Bu oyunun qaydalarına görə, gizlənirsən, bəzən inciyirsən, bəzən küsürsən – bunlar hamısı oyundur. Bəzi insanlar bunu dərk eləmirlər və həyatı axarına buraxır, sanki şüursuz yaşayırlar. Adamlar da var ki, həyatı teatr diliylə desək bir “deystviya” (əməl – red.) kimi dərk və idarə edirlər. Keçin günahımdan, mən o adamlardanam.

Könül Əliyeva-Cəfərova: Oyundan danışdıq… Məndən ötrü ən qəliz oyun “zamanla oyun”dur. Gerçək zaman içindəki Mehriban Zəki və Mehriban Zəkinin içindəki zamanla oyun qura bilirsizmi?

M.Z.: Hə… elə suallar verəcəksizsə, gərək “ora” enək…

D.Y: Enəcəyik də, hələ bu harasıdır…

M.Z.: Ora enmək üçün də bir az geri getmək gərək. Zamanı qavramaq, dərk eləmək məqamına enmək gərək… Zamanı idarə etmək mümkün deyil.

K.Ə-C: Məncə, mən hələ ki, içimdəki zamanı idarə etməyi bacarıram…

M.Z.: O sizə elə gəlir… Nə içindəki, nə dışındakı zamanı idarə eləmək mümkün deyil. Hələ içindəki zaman dışındakı ilə mübarizəyə qalxarsa… Deməli, bir dəfə Fransadayam, 32 yaşım vardı. Mən də, hardasa, 35 yaşıma qədər heç yaşımı göstərmirdim, 22-23 yaş verirdilər. Orada yaşdan söhbət düşdü, oğlanlar mənə 24-25 yaş verdilər. Qızlar düz gözümün içinə baxıb 32 dedilər. Mat qaldım ki, bunlar necə baxdılar, necə gördülər, necə bildilər. Bu mənada, kameranı da sevmirəm. Kamera qarşısında zamandan gizlənmək olmur, adamın içini elə dəqiq göstərir – içindəki neqativi də, pozitivi də faş edir…

K.Ə-C: Kameranı sevmirsiz…

M.Z.: Yox!

K.Ə-C. Amma sizə sual vermişdilər ki, “teatr, yoxsa kino?”, kinonu seçmişdiz.

M.Z.: Nə olsun… O da bir oyun idi… İndi o sualı yenə versəniz, TEATRı seçərəm (Gülüşürük…)

D.Y: Bu günün təptəzə Mehriban Zəkisini hansı rejissor, hansı dramaturq və nahayət, hansı rol “açıb tökə”, göstərə bilər? Gözaltı elədiyiniz bir rol varmı ki, onunla bütün düşüncələrinizi realizə edə bilərsiz?

M.Z.: Rejissor kimi məni kəşf eləyən bir nəfər olub, allah ona qəni-qəni rəhmət eləsin – Vaqif İbrahimoğlu. Çox təəssüf ki, ondan sonra onun qədər bilən, görən, konstruktiv düşünən ikinci bir insana rast gəlməmişəm, baxmayaraq ki, çox rejissorla işləmişəm. Bilirsiniz, bu arada nəsillər arasında böyük bir uçurum oldu. O nəsillərin arasında mən və məndən sonrakı nəsil itdi-batdı, parlaq nümayəndələr olmadı. Sizin nəslinizdən gözləyirəm. Nəzər yetirirəm, ağıllı beyinlər, sağlam düşüncəli gənclər var. Bir az dəliqanlılıq, bir az üsyankarlıq – eybi yox, qoy olsun. Gənclik də bunu tələb edir.

D.Y.: Gələk o rola…

M.Z.: O rola gələndə isə, mən adlar açıqlayıb altından xətt çəkmək istəmirəm.

D.Y.: Xətlərdən qorxmaq lazım deyil. Bir-iki xətt çəksək, məncə, pis olmaz.

M.Z.: Yox, xətt çəkmək lazım deyil. Mən öləndə də heç xətt çəkilməyəcək. Çünki bizim ölümümüz xətt çəkmir. Sadəcə olaraq, formamızı dəyişirik – bir substansiyadan, başqa substansiyaya keçirik. Arzular, istəklər var, amma mən 20 il əvvəl arzuladığımı indi arzulaya bilmərəm.

D.Y.: Təbii, söhbət indinin Mehriban Zəkisindən gedir, burada oturan Mehriban Zəkidən…

M.Z.: Deməyəcəyəm!

K.Ə-C.: Amma bir dəfə demişdiniz. Demişdiz ki, yaxşı bir klassik əsərdə oynamaq istəyərəm, məsələn, Medeya. Gülzar xanımın (Gülzar Qurbanova – red.) Medeyasını görmüsünüz?

M.Z.: Görmüşəm.

K.Ə-C.: Aha… Bəs, Medeyanı oynamaq bir istək kimi bundan sonra yarandı, yoxsa əvvəldən içinizdə bir Medeya sevdası var idi?

M.Z.: (Gülür) Necə ki, hər bir aktyorun içində Hamlet oynamaq arzusu var, hər bir aktrisa da Medeyanı, Karmeni, Fedranı, Kleopatranı, Anna Kareninanı oynamaq istəyər… Əgər mənə Medeya rolu təklif olunsa, imtina eləmərəm. Təbii, başlayaram araşdırmağa ki, niyə mən Medeyanı oynamaq istəyirəm.

D.Y.: Guya “niyə?”sini bilmirsiz də?

M.Z.: Deməyəcəyəm (gülür). Bir neçə il bundan əvvəl festivalların birində rus rejissor Pavel Çuxrayla görüşdük, xeyli söhbət elədik. Mən hələ o ərəfədə (2007-ci il) filmə çəkilirdim deyə, bir az fakturamı dəyişmişdim: sarı saç, gözümdə açıq rəngli linza. Bir az, belə deyək də, stereotip düşüncədə olan “qlamurka”. O cür görünüşümə baxmayaraq, həmin rejissor deyəndə ki, siz Medeyasınız, mən təəccüb eləmişdim, yəni bu qlamur obrazın içində Medeyanı görə bilmişdi. Sonralar Mikayıl (rejissor Mikayıl Mikayılov – red.) belə bir ideya ilə gəldi ki, bəs, “Medeya”nı trilogiya kimi hazırlamaq istəyir: Klimin, Evripidin və Anuyun. Mən də dedim ki, Anuy mənimdi, onu heç kəsə vermə. Sona xanım (Sonaxanım Mikayılova – red.) və Gülzarla (Gülzar Qurbanova – red.) Klimin “Medeya”sını bitirdi. Sonra bizdən asılı olmayan səbəblərdən trilogiya ideyası qaldı böyrü üstə. Ona görə, əvvəlcədən deyəndə alınmır (gülür). Ölür fikirlər… enerjisi sovrulur… keçir gedir… Düzdür, Medeyanı hələ ki, bu yaşda oynamaq olar. Amma düşünürəm, 5 il də, 10 il də keçsə, çətin olacaq. Hə?

D.Y.: Yox, məncə. Təbii, siz onu daha dəqiq bilirsiz. Məncə, yaş sənətçini köhnəltmir, əksinə, təzələyir, əgər içi təmizdirsə…

M.Z.: Sözünüzün qüvvəti. Baxın, siz bunun nəzəri həllini deyirsiniz. Mən indi onu texniki tərəfdən izah edim. Gənc aktyorun, gənc insanın üzündə yalnız məsumluq, təmizlik və paklıq var. Və sən onun içindəkini üzündə duya bilmirsən, görə bilmirsən. O, içindəkini, hissiyyatını üzü ilə, gözü ilə ifadə eləmək texnikasını bilmir. Yaşlandıqca isə insanın içi “çölünə” yazılır. İçindəkini ifadə etmək üçün artıq heç bir canfəşanlığa ehtiyac qalmır. Üzündəki qırışlar ilmə-ilmə toxuyur adamı… Yazıq o kəs ki, qadın-kişiyə bölmürəm, o qırışların qədrini bilmir…

K.Ə-C.: Mehriban xanım, Yuğdan bayaq sadaladığınız o monumental rolları oynamaq eşqinə getdiniz?

M.Z.: (Duruxur) Yox, ona görə getmədim. Mən Yuğdan getmədim, fiziki olaraq uzaqlaşdım. Uzaqlaşdıqca da başa düşdüm ki, mən hələ də ordayam. Televiziya kanallarından, saytlardan, jurnallardan müraciət edib müsahibələr alırlar, məni Yuğ teatrının yetirməsi kimi təqdim edirlər. Siz söhbət edəndə Yuğdan danışırsız… hər yerdə Yuğ teatrı… Deməli, mən Yuğdan getməmişəm!

K.Ə-C.: 2005-ci ildə getmişdiz…

M.Z.: Getmişdim…

K.Ə-C.: Müəllimdən (Vaqif İbrahimoğludan-red.) heç vaxt sizin adınızı eşitmədim.

M.Z.: Küsmüşdü məndən.

K.Ə-C.: Bilirəm.

M.Z.: Adımı eşitməmisizsə, hardan bilirsiz ki, məndən küsmüşdü?

K.Ə-C.: Çünki küsdüyü adamların adını çəkmirdi. Nə Fəxrəddin Manafovun, nə sizin, nə Bəxtiyar Xanızadənin… Axır vaxtlar heç Aydın Talıbzadənin də, Afaq Məsudun da adını çəkmirdi.

M.Z.: Əslində, adını çəkdiyiniz adamların hamısını çox istəyirdi – Fəxrəddin müəllimi də, Aydın müəllimi də, Bəxtiyar müəllimi də… Məni də dünyalar qədər sevirdi. Arada bəhanəylə zəng eləyidi ki, Mehribanya, filan hadisə nə zaman olub, yaxud filan ödülü nə zaman almısan və s. Yəni demək istəyirəm ki, əlaqəni qırmırdı.

K.Ə-C.: Bəlkə gözləyirmiş ki, geri qayıdasız?..

M.Z.: …Mən də qorxurdum ki, gələrəm, bir söz deyər, acılayar.

K.Ə-C.: Son nəfəsində görüşə bildinizmi müəllimlə?

M.Z.: Yox, görüşmədim.

K.Ə-C.: İçinizdə ona demək istədiyiniz, amma deyə bilmədiyiniz sözlər qaldı, yəqin ki?

M.Z.: Yox, qalmadı. Mən teatrdan getmək məqamında ona demək istədiklərimi demişəm. Mən Vaqif müəllimin təklifiylə, təkidiylə başqa teatrda işləməyə getdim. O mənə deyirdi ki, sən bu teatrda bir külçəsən. Orada səndən məmulat düzəldəcəklər. Artıq elə bir məqamdasan ki, sənin elədiklərini tirajlamaq lazımdır. Get, işlə! Onun məndən incikliyini də anlayıram, haqqı da vardı. Get demişdi, amma bu o demək deyildi ki, məndən uzaqlaş, təbii ki, bir ayağın burda olmalıdır. Mən sizə bir söz deyim, niyə son anında onun yanına getmədim? Ruh vəziyyətində mən Vaqif müəllimlə elə bir ana, elə bir məqama gəlib çatmışam ki, mənim onunla üz-üzə görüşüb danışmağıma ehtiyac yox idi. Çünki Yuğdan gedəndə yanına gəldim, dedim ki, Vaqif müəllim, küsürsüz məndən, küsün. Necə ki mənim anam filankəsdir, necə ki mənim atam filankəsdir, necə ki mənim vətənim bu məmləkətdir – mən bunu artıq dəyişə bilmərəm – belə yazılıb artıq! Eləcə də mənim ustadım Vaqif İbrahimoğludur – belə yazılıb artıq! Mənim üçün nə etmisinizsə, nəyi qazandırmısınızsa, haqqınızı hala edin. Halalın olsun, dedi və ondan sonra hər dəfə hansısa məclisdə görüşəndə salamımı soyuq, etinasız alırdı – küsməyi oynayırdı. O bilirdi ki, mən onu necə sevirəm, içim ondan ayrı deyil. Mən bunu göstəri üçün demirəm, amma elə bir yer, elə bir gün yoxdur ki, mən Vaqif müəllimi yad eləməyim, onunla danışmayım.

D.Y.: Mehriban xanım, var pozitiv nostalji, var neqativ nostalji. Mənə görə, Vaqif İbrahimoğlu Azərbaycan teatrının ən pozitiv və ən neqativ nostaljisidir.

M.Z.: Baxmayaraq ki, mən onunla görüşmədən ayrıldım, amma mənim üçün neqativ deyil…

D.Y.: Yox, neqativdir.

K.Ə-C.: Dağlar, lütfən, fikrini əsaslandır.

D.Y.: Formatımız söhbət olduğundan özümü ixtiyar sahibi hesab edirəm. Bu gün Vaqif İbrahimoğlu ən yeni Azərbaycan tarixi üçün bir psixoloji kompleksdir. Məsələn, mən fikir verirəm, biri işığı 2 dəfə yandırıb-söndürür, ya 2 qapı qoyur, o dəqiqə hamı deyir, sən Vaqif İbrahimoğlunun yolunu gedirsən. Biri deyir, V.İbrahimoğlu budur, biri deyir, odur – hərə bir söz deyir. Axı, bir konkretlik olmalıdır ki, biz də bilək, V.İbrahimoğlu “O”dur, gedək “Bu” olaq.

M.Z.: Dediyiniz o konkretlik heç vaxt olmayacaq!

D.Y.: Vaqif İbrahimoğlu çox yerdən informasiyaları gətirdi və onları stilizə eləməyi çatdırmadı. Ona görə, V.İbrahimoğlunu hərə bir cür yozur: biri Derridaya… biri Delyoza… o biri Şərq fəlsəfəsinə… bu biri Qərbə…

K.Ə-C.: Dağlar, qeyd elədiyin kimi, Vaqif müəllim hər tərəfdən informasiyaları, ideyaları müəyyən düz xəttlə gətirdi və bir məqamdan sonra – bifurkasiya nöqtəsində onları səpələdi, payladı.

M.Z.: Bəli, kim nəyi götürdüsə… Və o məqamda V.İbrahimoğlu başa düşdü ki, konkretləşdirmə lazım deyil. Misal üçün, o, 90-cı illərdə tamaşanı qururdu, hələ dediyiniz o məqama – bifurkasiya nöqtəsinə gəlib çatmamışdan, tamaşanı tamaşaçının ixtiyarına buraxırdı. O belə fikirləşir – bax, odur. Sən necə düşünürsən – bax, budur. Hərənin özünün anlayış məqamı var. Vaqif müəllimin düşüncə etibarilə ən böyük uğuru odur ki, Vaqif İbrahimoğlu Azərbaycan teatr məkanında var! Ondan zəhləsi gedənlər də – hansılar ki, özünü ona dost hesab edirlər, amma içlərində nifrət edirlər, onu qəbul etməyənlər də, onu dəlicəsinə sevənlər də – hər kəsin düşüncəsində artıq Vaqif İbrahimoğlu fenomeni var. O da bunu anlayırdı, dərk eləyirdi. Son vaxtlarında da, Məryəm xanımın (Məryəm Əlizadə – red.) vasitəsilə “Mən xoşbəxtəm” deyəndə, anlayırdı ki, hansı sufilik məqamındadır. Bax, bu da onun nailiyyəti idi.

D.Y.: Azdramadan gedəndə demişdiz ki, mənə darlıq elədi, çıxdım getdim. Sonra yenə qayıtdız. Sizmi balacalaşdız, oramı böyüdü, nə baş verdi?

M.Z.: Mən daha da böyüdüm və anladım ki, özünü ifadə eləmək üçün məkan vacib deyil. 2006-cı ildə Azdramaya gəldim, bir ildən sonra çıxdım getdim. O vaxtı bu məqama gəlib çatmamışdım, “dikbaşlıq” eləmişdim ki, bəs, bura mənə dar gəlir…

K.Ə-C.: Məkanın önəmi yoxdur dediniz, maraqlıdır, Yuğ teatrının poetikasından, estetikasından qaynaqlanan bir məqam var ki, aktyor səhnədə təkbaşına varolmur. Tamaşaçıyla birbaşa ünsiyyətdən enerjini alır və özü ona enerji ötürür – enerji mübadiləsi baş verir deyək.

M.Z.: Birmənalı!

K.Ə-C.: Dəfələrlə şahidi olmuşam ki, tamaşaçıyla enerji mübadiləsi baş tutmursa, tamaşa alınmır. İbrus teatrı da enerji mübadiləsinə imkan verirdi. Bəs, Azdramada necə, mümkündürmü?

M.Z.: Mümkündür. Əsas odur ki, tamaşa düzgün qurulmuş olsun. Mən, təəssüf ki, Azdramada 2 tamaşada oynamışam. Biri 10 il bundan əvvəl Mirmehdi Seyidzadənin istedadsız bir əsəri “Füzuli və Əsmər”də, ikincisi də düz 10 il sonra “Müsyö İbrahim və quran çiçəyi”ndə oldu. Niyə istedadsız tamaşa dedim? Bəlkə də başqa biri üçün uğurlu idi, amma mənim üçün o tamaşa uğursuz oldu. Niyə? Həmin o dediyiniz məqamda Mehriban Zəki nəyi ifadə etmək istəyir, niyə bu tamaşanı oynayır, nə üçün səhnəyə çıxıb, niyə “Füzuli və Əsmər”, niyə Mirmehdi Seyidzadə – bunların heç birini əsaslandıra bilmədim. Nə öz enerjimi o tamaşaya yükləyə, nə də ala bildim. Bu belə. “Müsyö İbrahim və quran çiçəyi” tamaşasında da o enerjini almadım. Baxmayaraq ki, tamaşa gözəl idi, Ərşad (rejissor Ərşad Ələkbərov – red.) gözəl quruluş vermişdi, amma mən aktyor kimi istədiyimi edə bilmədim. Bapbalaca bir rol… uzun illər idi ki, səhnədən uzaq idim… O zaman səhnəyə çıxmaq həsrəti o qədər güclü idi ki, o an gələn təklifi həmən dəyərləndirdim. Əgər mən imtina eləsəydim, səhnəyə çıxmaq şansımı kayb edirdim. Çünki başqa təklif yox idi.

D.Y.: Niyə təklif eləmirlər? Mehriban Zəki, Fuad Poladov, Fəxrəddin Manafov, Pərviz Məmmədrzayev, Məmməd Səfa, Qasım Nağı və b. kimi aktyoru olan teatr bundan şərəf duymalıdır. Niyə bu gün Azdramanın heç bir tamaşasında Mehriban Zəki oynamır? Bəlkə, rejissorlar Mehriban Zəkidən qorxur? Kaprizləriniz çoxdur?

M.Z.: Kaprizlərim yoxdur, tələblərim var. Mən Akademik Milli Dram Teatrının aktrisasıyam. Amma iki ildir, heç bir tamaşada oynamıram. Baxmayaraq ki, oynamaq istəyirəm, çox istəyirəm. Ancaq gedib üsyan eləmirəm ki, niyə mənə rol vermirsiniz. Eləməyəcəyəm də. Niyə? Mən varam! Mən kimsəyə gedib deməyəcəyəm ki, bunu mənə ver! Çünki əgər o rejissor məni görmək istəməsə, mənə o materialı verməsə, məni sevməsə, qəbul etməsə, məni həzm etməsə, tamaşa o sevgiylə doğulmayacaq. Sevgiylə yapılmayan tamaşa heç vaxt uğurlu alınmır. Ümumiyyətlə, sevgisiz heç bir iş uğurlu alınmır. Mən isə istəyirəm ki, görəcəyim hər bir işi sevgiylə görüm, enerjini alım və ötürüm. Niyə mən Rus Dram Teatrındakı təklifi qəbul elədim? Teatr məkanının balacalığından, böyüklüyündən asılı olmadan həmin o enerjini paylamaq kimi prosesi orada yaşadım. İoneskonun əsərində işləmək imkanını böyük sevgiylə qəbul elədim. Çünki mənə kraliçanı oynamaq yox, Marqaritanı oynamaq prosesi maraqlıdır. Bizdə çox zaman aktyorlar vəzifəni oynayır (ironik göstərir, özü də pıçıltıyla) Ah, mən kraliçanı oynayacağam (normala qayıdır). O deyil! Söhbət kraliçanı oynamaqdan getmir. Məsələn, Rus Dram Teatrının “Mərasim” tamaşasında Marqaritanı götürək. Niyə Marqarita, niyə Marqarita belədir, niyə Marqarita bütün tamaşa boyu susqundur? Bunu açıqlamaq lazımdır. Əgər tamaşaya baxanda məni bir az ikinci planda qalmış kimi gördünüzsə, bu ondan qaynaqlanır ki, mən bu tamaşada “oynamamaq”, “oynamaq hissindən imtina etmək” yolunu seçdim. İçimdə o “ah, oynamaq… ah səhnə…” hissini ram eləməyə çalışdım. Ən çətini budur. Marqarita bir xarakter olaraq əzmli, ədalı biridir – elə ki, o hiss gəlirdi, Ərşadla (tamaşanın rejissoru – red.) birgə yığışdırırdıq onu. Bu yox, o yox – susqun, dözümlü, prosesin sonunu gözləyən. Və sonda o qadının – sevdiyi adamın ölüm mərasimini təşkil edən qadının partlayışı… İoneskonun Marqaritasının yanında Medeya çox bəsitdir.

D.Y.: Və siz həmin o enerjini bu tamaşada aldınız?

M.Z.: Məhrəm bir məqam var, sadəcə olaraq teatrdan danışırıq deyə etiraf edirəm bunu, bəlkə də başqa yerdə deməzdim. Neçə illərdir, teatrda oynayırsan. Gəlib çatırsan elə bir məqama ki, hiss edirsən, sən artıq hər şeyi idarə edə bilirsən. Müəyyən bir pauza yaranır, səhnəyə çıxmaqdan qorxursan. “Müsyö İbrahim və quran çiçəyi”ndə belə bir məqam vardı. Baxmayaraq ki, rol balaca idi, prosesi mən aparmırdım, amma bir qorxu, bir həyəcan vardı içimdə. Sonra eyni həyəcan “Mərasim”də də oldu. Bütün məşq prosesi boyunca o qorxu məni idarə edirdi. Birinci tamaşada səhnəyə çıxan kimi, tamaşaçını görən kimi elə bil “qan yaddaşım” oyandı – bunu bilirsən, onu bilirsən. İlk 5 tamaşa tamaşaçıyla məşqdir. Gəldi… gəldi… və 6-cı tamaşada həmin o manifestasiya baş verdi, kaş ki, onu görəydiniz. Tamaşaçının hər birini görürsən. Artıq sən tamaşaçını idarə edirsən. Bax, yenə deyirəm, tamaşaçıyla enerji mübadiləsinin baş verməsi üçün məkanın böyüklüyü, kiçikliyi önəmli deyil.

D.Y.: Mehriban xanım, Aydın Talıbzadə yazılarının birində yazmışdı ki, sən demə, hər kəs Vaqifə xəyanət eləməyə hazır imiş. Siz o Yuğun sənətkarı kimi, o Yuğun yetirməsi kimi, bu gün teatrın vəziyyətini necə qiymətləndirirsiz?

M.Z.: Belə qiymətləndirirəm: nə olmalı idisə, o da olacaq. Belə olmalı idi ki, oldu. Yəqin ki, söhbəti bir müddət əvvəl orada baş verən proseslərə gətirəcəksiz. Dedik ki, Vaqif müəllim dünyasını dəyişdi – bir substansiyadan başqasına keçdi. İndi Yuğ teatrı da başqa substansiyaya keçib. Vaqif müəllim gəncliyində “mən gedirəm, yanımdakılardan kim gəlir, gəlsin, gəlməyənlər özü bilər” deyərək son gününə qədər enerjisini, sevgisini, bildiyini payladı, verdi, bölüşdü, öyrətdi, yönləndirdi. Ondan sonra getdi, indi neyləyəcəksiniz? Artıq məqam bizim məqamımızdır – sizin, mənim, onun. Biz neyləyəcəyik? Yuğçular necə idarə edəcək? Mən onsuz da əvvəlcədən çıxıb getmişdim.

K.Ə-C.: Məsuliyyəti üzərinizdən atırsınız…

M.Z.: Yox, məsuliyyətdən qaçmıram. Yuğ adına payıma nə düşmüşdüsə, onu başqa məkanlarda paylaşıram.

K.Ə-C.: Özünüz ayrılıqda bir Yuğsunuz…

M.Z.: Bəli… Hər birimiz ayrılıqda bir Yuğuq… İndi təklif olunmuş vəziyyət budur – rəhbərlik dəyişilib, məkan Kukla Teatrının məkanı… Əcaba, bu sınaqlardan Yuğ teatrı necə çıxacaq? Bax, bunları həmən o “idarə olunmayan zaman” göstərəcək. Onu da deyim ki, Yuğ teatr deyil, Yuğ əqidədir, Yuğ düşüncədir, Yuğ dalğadır…

D.Y.: Vaqif İbrahimoğlu sizi yetişdirdi, bəs, siz kimləri yetişdirdiniz?

M.Z.: Açığı, Vaqif müəllimdə olan paylaşmaq ehtiyacı, paylaşmaq istəyi, şövqü məndə indiyə qədər olmayıb. Amma 3 ildir ki, Milli Konservatoriyada pedaqoji fəaliyyətə başlamışam. Öyrədərək öyrənmək prosesinin ləzzətini duyuram.

K.Ə-C.: Yubileyinizdə insanlara belə bir sualla müraciət etmişdiniz: “Nəyə görə yaşamağa dəyər” – özünüz bu suala cavab tapmısınızmı?

M.Z.: (Kövrəlir) Hər bir yaradıcı insanın həyatı boyu toxuya biləcəyi bir obraz var. İnsan nə qədər ki, sağdır, yaşayır, bu obraz tam deyil, hər gün dəyişə bilər. Tam bilirsiz, nə zaman olacaq? Mən öləndən sonra. Nə zaman ki, mən başımı yerə qoyacağam, bax, o zaman siz gənclərin xəyalında həmin obraz bütövləşəcək, tamlaşacaq. Həyatsa yaşamaqdır… İnsan da həyatın onu öldürəcəyini bilə-bilə yaşayır. Deməli, yaşamağa görə, yaşamağa dəyər…/teatro.az/

# 2910 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #