98 il əvvəl Azərbaycana kimlər xəyanət etdi? – DƏYİRMİ MASA

98 il əvvəl Azərbaycana kimlər xəyanət etdi? – <span style="color:red;">DƏYİRMİ MASA
27 aprel 2018
# 09:00

Bu gün 27 Aprel işğalından – Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan 98 il ötür. Kulis.az bu mövzuda Mirmehdi Ağaoğlunun moderatorluğu ilə dəyirmi masa keçirib. Dəyirmi masanın qonaqları “Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədri, tədqiqtçı-jurnalist Arif Əliyev, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl və yazıçı-kolleksioner Dilqəm Əhməddir.

- Söhbətimizə istəyirəm 1918-ci il 27 aprel işğalı ərəfəsində beynəlxalq aləmdəki vəziyyətin müzakirəsi ilə başlayaq. Bir tərəfdən Azərbaycan müstəqil dövlət kimi yenicə Paris sülh konfransında tanınmışdı, digər tərəfdən qonşuluğumuzdakı Rusiya, Osmanlı İmperiyası kimi dövlətlər yenicə Birinci Dünya Müharibəsindən çıxmışdılar və daxildə mürəkkəb proses, hakimiyyət dəyişiklikləri gedirdi. Bu hadisələr ADR-in varlığına necə təsir edirdi?

Arif Əliyev: Yəqin ki, 1991-ci ilin mayı, 1992-ci ilin iyunu yadınızdadır. Həmin dövrdə Azərbaycandakı vəziyyət 1991-ci ildəkindən qat-qat mürəkkəb idi. Faktiki olaraq bütün tərəflər Azərbaycanın fatihəsini vermişdilər. Bunu daxildə bir qisim başa düşür, bir qisim isə müəyyən ümidlərlə yaşayırdı. “Antanta”ya gələndə isə yanvarda Azərbaycanının müstəqilliyini tanıdı, amma bundan sonrakı proseslər göstərdi ki, bolşevik Rusiyası güclənib və işğal qaçılmazdır. Moskva başa düşəndə ki, onun Azərbaycana hücumuna əvvəlkilər kimi diplomatik təpki olmayacaq, onda əl-qolu açıldı. Ermənistan isə faktiki olaraq Azərbaycan ordusunu iflic vəziyyətinə salmışdı.

- Ordunun əsas hissəsi Qarabağda cəmlənmişdi?

A.Ə.: Bəli, faktiki olaraq yarıdan çox hissəsi Qarabağda cəmlənmişdi, əraziləri ermənilərdən qorumağa çalışırdılar. Gürcüstan isə aprelin ikinci yarısından başlayaraq Rusiya ilə danışıqlara başladı. Azərbaycanın Gürcüstanla hərbi müdaxilə zamanı qarşılıqlı əməkdaşlıq haqqında müqaviləsi vardı. Amma Gürcüstan görürdü ki, Azərbaycanın işğalı an məsələsidir, ona görə öz hayına qalmışdı və Rusiya ilə gizli danışıqlar aparırdı. Danışıqların şərti beləydi ki, Gürcüstan Azərbaycanın işğalına qarışmayacaq, Rusiya da Bakı neftindən gürcülərin payını verəcək. İranla münasibətlər zatən bəllidir. Qalırdı bircə Türkiyə. Türkiyə məsələsi indiyə qədər mübahisəli olaraq qalır. Ona bir azdan toxunarıq.

- Cavid bəy, bəs daxildəki vəziyyət necə idi?

Cavid İsmayıl: Azərbaycan parlamentində ən müxtəlif siyasi qüvvələr təmsil olunurdu. Ona görə də fikir ayrılıqları vardı. Azərbaycanın istiqlalının müdafiəçisi qismində daha çox Müsavat Partiyası çıxış edirdi, ittihadçılar, eserlər, ermənilər, yəhudilər loyal münasibət bəsləyirdilər. Apreldə artıq hökumət böhranı yaşanmışdı. Yeni hökumətin təşkili isə Məhəmməd Həsən Hacınskiyə həvalə olunmuşdu. Nağı bəy Şeyxzamanlı xatirələrində qeyd edir ki, Hacınski xəyanət yolunu tutaraq bolşeviklərlə gizli danışıqlara getmişdi. Şeyxzamanlı xəyanət yolunu tutanlar arasında Əliağa Şıxlınskinin də adını çəkir. Çünki Azərbaycan hökumətinin göstərişi ilə Qubada dəmir yolunun 1 km hissəsi sökülmüşdü ki, rus ordusu Azərbaycana gələndə maneə ilə qarşılaşsın. "Sonuncu Osmanlı paşası" adı ilə məşhur olan Xəlil paşa həmin vaxt Azərbaycanda idi. Atatürk tərəfindən Azərbaycana göndərilmişdi. Məhz onun dilə tutması nəticəsində Əliağa Şıxlınski həmin xəttin bərpası haqqında göstəriş verir və xətt bərpa olur.

Ümumiyyətlə, 27 aprel işğalı təəssüf ki, bir tərəfdən də həmin vaxt Bakıda olan türk zabitlərinin fəaliyyəti ilə bağlı idi. Azərbaycan mühacirətinin sirli simalarından olan Məhəmməd Şərif Əfəndizadənin, Nağı bəy Şeyxzamanlının, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin əsərlərində buna rast gəlirik. Nuru paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk ordusu fəaliyyətini bitirəndən sonra türk zabitlərinin bir qismi Bakıda qalmışdı və onlar Azərbaycan hökumətindən lazımi maddi dəstəyi ala bilməmişdilər. Bolşeviklər də bundan istifadə edərək türk paşalarını qızıla tutmuşdular. Azərbaycan hökumətinə qarşı Bakıdakı gizli toplantılar məhz türk paşalarının evində keçirilir. Niyə? Çünki heç kəsin ağlına gəlməyəcəkdi. Dediyim kimi, daxili siyasi vəziyyət və Bakıda olan bəzi türk zabitlərinin xəyanət yolunu tutması Azərbaycanın işğalını şərtləndirdi.

- Belə bir fakt var ki, Azərbaycanı işğala gələn zirehli qatar Şabran tərəflərdə dayanır, qatardan düşən Qəzənfər Musabəyov Azərbaycan əsgərlərinə, vətəni müdafiəyə qalxan Qaçaq Mayılın, Həmdulla əfəndinin dəstəsinə müraciət edib deyir ki, bizim məqsədimiz işğal deyil, Atatürkün çağırışı ilə Azərbaycandan keçib Türkiyəni xilas etməyə getməkdir. Atatürkün belə müraciəti olubmu?

C.İ.: Məhəmməd Əmin Rəsulzadə parlamentdəki son çıxışında deyir: “Bizə diyorlar ki, gələn ordu Anadolunun yardımına gedir, yalandır. Gələn işğalçı bir rus ordusudur və 1914-cü il rus sərhədlərini bərpa etməyə gəlir.” Həmin ordunun başında Nəcati paşa adında bir türk zabiti dururdu. Və çox maraqlıdır ki, Bakı işğal olunandan iki-üç gün sonra bir qisim türk zabiti güllələndi. Onların arasında Nəcati paşa da var idi. Rəsulzadə özü deyirdi ki, 27 apreldə Bakının küçələrində dalğalanan türk bayraqlarına baxanda adama elə gəlirdi ki, sanki Bakını ruslar yox, türklər işğal edib. Artıq mayın 1-dən türk bayraqları və zabitləri yığışdırıldı və bolşeviklər tam nəzarəti əllərinə götürdülər.

- Belə çıxır ki, türklər bolşeviklərlə separat danışıqlara getmişdilər?

C.İ.: Separat danışıq deyildi. Aprelin 26-da Atatürk Leninlə əməkdaşlıqla bağlı müraciət eləmişdi. Düzdür, deyirlər ki, rusların Azərbaycanı işğalın Atatürkün bu məktubu rəvac verib, ancaq elə deyil, Atatürkün məktubu Leninə may ayında gedib çatmışdı.

A.Ə.: Məktub gəlib Bakıya, Bakıdan Moskvaya gedib.

C.İ.: Həmin məktubun yazıldığı günün səhəri artıq Azərbaycan işğal olunmuşdu. Amma istənilən halda Azərbaycanın 27 aprel işğalında türk faktoru müəyyən dərəcədə rol oynayıb. Bunu da heç kəs inkar edə bilməz. Çox təəssüf edirəm ki, Azərbaycan tarixşünaslığında bu mövzuda susqunluq nümayiş etdirməyə üstünlük verilir, sanki bunun Atatürkə, Türkiyəyə qarşı çıxmaq kimi qiymətləndirilməsindən qorxurlar.

- Dilqəm, işğal prosesində Türkiyənin rolu barədə sən nə düşünürsən?

Dilqəm Əhməd: O dövrdə Türkiyənin daxilində də paşalar arasında münasibətlər qarışıq idi. Atatürkün mövqeyi başqaydı, Ənvər paşanın mövqeyi başqa, Kazım Qarabəkir paşanın mövqeyi tamam başqa. Türkiyə özü də o dövrdə bir əldən idarə olunmurdu, mürəkkəb proseslər gedirdi. Buna görə də onlardan nəsə gözləmək sadəlövhlük olardı. Artıq 1920-ci ilin mart ayından Azərbaycanın taleyi müəyyənləşmişdi. Gürcü lideri Jordaniya xatirələrində qeyd edir ki, bolşeviklərin ingilislərə borcu var idi. Həmin borcun ödənilməsi üçün bolşeviklərin Bakını işğal etmələrinə dolayı razılıq vermişdilər. Bunun nəticəsində ingilislər həqiqətən işğala qarışmadılar. Bolşeviklər mart ayında nə etmişdilər? Əvvəlcə, Nərimanovun Nəsib bəy Yusifbəyliyə Həştərxandan məktubu yayımlanır. Daha sonra Qarabağda ermənilər üsyana təşviq edilir. Ardınca parlamentdəki sosialist fraksiyasının çıxışları hazırlanır. O dövrdə fəhlələrin çoxu həm başqa millətlərdən, həm də sosialist meylli olduqlarına görə onların içində təbliğat aparılırdı.

- Bəs xalqın münasibəti necə idi?

D.Ə.: Bakıda o dövrdə başqa millətlər çoxluq təşkil edirdi. Xüsusən də fəhlələr arasında qeyri-azərbaycanlılar daha çox idi. Onlar olşeviklərin gəlişinə həvəsli idilər. Bundan əlavə, Çiçerinin Azərbaycana qarşı notaları var idi, dörd nota göndərmişdi. Notanın biri beləydi ki, gəlin Denikinə qarşı birləşək. Amma o dövrdə Xarici İşlər naziri olan Fətəli Xan Xoyski çox mükəmməl cavab verir ki, biz daxildəki problemlərimizə heç kəsi qarışdırmadığımız kimi, başqa ölkələrdəki daxili problemlərə də qarışmırıq. Təbii ki, Çiçerin bunu öz istədiyi kimi yozdu - mənə dəstək vermirsinizsə deməli Denikinin tərəfindəsiniz! Bundan sonra ikinci, üçüncü notalar gəldi.

- 1920-ci ilin yanvar ayından Rusiya nota verməyə başladı.

D.Ə.: Doğrudur. Axırıncı nota aprelin 24-də Bakıya çatır. Yəni bolşeviklər artıq işğal planını hazırlamışdılar və bu yolda məqsədli şəkildə işlər görürdülər. Təbii ki, buna İngiltərənin də, Türkiyənin də razılığı vardı. Hər tərəfdən əlimiz üzülmüşdü. Yalnız öz gücümüzə arxalana bilərdik. Ancaq belə bir vaxtda daxildə də - Xankəndində, Qarabağda, Qazaxda - üsyanlar başladıldı. Nəticədə 27 aprel günü parlamentin sonuncu iclası keçirildi. Axşam 11-də təhvil bəyannaməsi imzalandı. Əslində mən düşünürəm ki, hökumətin təhvil verilməsi hüquqi baxımdan çox müsbət addım oldu, əgər hökumət hüquqi baxımdan təhvil verilməsəydi Azərbaycan ərazi kimi işğal ediləcəkdi və gələcəkdə SSRİ-nin tərkibinə müstəqil dövlət kimi qatılmayacaqdı. Bu da 1991-ci ildə bizə əlavə hüquqi problem də yarada bilərdi. Necə ki, Dağıstanın timsalında bunu gördük. Təhvil bəyannaməsində mühüm maddələr var; Azərbaycanın müstəqilliyi qorunur, hökumət rəhbərləri istefaya getsə də dövlət qulluqçuları öz vəzifələrində saxlanılır, istefaya gedən hökumət nümayəndələrinin təhlükəsizliyinin təmin olunacağı qeyd edilir.

C.İ.: Rusların işğalı əvvəldən planlaşdırdıqları fakt idi. Siz təsəvvür edin, XI Qızıl Ordu Azərbaycanı işğal edir, işğaldan iki gün sonra Nərimanovun imzası ilə Rusiyaya müraciət olunur ki, Azərbaycan zəhmətkeşləri sizdən hərbi yardım istəyir. Halbuki Rusiyadan istənilən ordu artıq Bakıda idi, Nərimanovun özü isə Bakıda yox idi. Yəni əməllərini sənədləşdirmək üçün tamaşa oynayırdılar.

- İşğalı şərtləndirən səbəblərdən biri kimi hökumət nümayəndələri arasında münasibətlərin gərginliyini qeyd etmək olarmı?

A.Ə.: Biz bayaqdan hökumət-hökumət deyirik, amma faktiki olaraq hökumət yox idi. Xoyski ilə Hacınski arasındakı münaqişə və solçuların Hacınskiyə dəstək verməsi hökuməti böhran halına gətirmişdi.

- Hökuməti qurmaq Hacısınkiyə həvalə olunduğu halda qura bilmədi.

A.Ə.: Hökumət istefa verəndən sonra növbəti hökuməti qurmaq Hacınskiyə tapşırıldı. O da kommunistlərlə danışıqlardan sonra gəlib dedi ki, mən hökuməti qura bilmirəm.

- Xoyski ilə Hacınski arasındakı dava nəyin davası idi?

A.Ə.: Hələ yanvar ayında Xoyski dedi ki, indidən bolşevik işğalına hazırlaşmalıyıq. Bizim danışıqlara ümid bəsləməyimiz boşdur. Təcili dəyişiklər həyata keçirilməli, fövqəladə vəziyyət elan edilməli, fəhlə klubları buraxılmalıdır. Çünki əsas təbliğat özəklərini fəhlə birlikləri təşkil edirdi. Bolşevik qəzetlərinin sayı bizim qəzetlərin sayından çox idi. Bu qəzetləri bağlamağı təklif edirdi. Bundan başqa bəzi şəxslər həbs edilməli, parlament buraxılmalı və yeni seçkilər keçirilməlidir. Xoyskinin planı bu idi. Hacınski daha ruspərəst idi. Xoyski Hacınskinin işdən çıxarılmasını tələb edir və deyirdi ki, sosialist nazirlər Hacınskinin tərəfində olsa onlar da çıxarılmalıdır. Hacınskinin vəzifəsini dəyişdirməyinə dəyişdirdilər, ancaq parlamentin müzakirəsində Hacınskinin mövqeyi üstün gəldi. Nəticədə sosialistlər bundan istifadə edib parlamentdən istefa verdilər.

Bilirsiniz, hər müəllif o dövrü öz mövqeyinə uyğun təqdim edir. Ancaq mən Hacınskinin fəaliyyətini xəyanət adlandırmazdım. Bayaq adını çəkdiyimiz Xəlil paşa işğaldan iki həftə əvvəl partizan dəstəsi yaradıb Qarabağda döyüşürdü. Və hara gəlsəydi orda ruh yüksəkliyi yaradırdı. Bir çoxları inana bilmirdi ki, Bakını xilas edən bu insanlar xəyanət edə bilər. Və həmin sökülmüş bir 1 km yolu sonradan bərpa etdirdilər. Çünki Xəlil paşa deyirdi ki, mən sizə zamin dururam, ordu Azərbaycanı işğal etməyəcək.

- Xəlil paşa fikirlərində səmimi idi?

A.Ə.: Xəlil paşa yox, amma Şıxlınski nə edirdi səmimi edirdi, Şıxlınski kimi bir çoxları da bunu səmimi edirdilər. Onlar həqiqətən çıxılmazlıq qarşısında qalmışdılar ki, bu Türkiyənin xilası deməkdir, yoxsa Azərbaycanın işğalı. Rəsulzadə yox, o, qərarlı idi. O, bilirdi nə baş verəcək. O dövrdə Türkiyədə də vəziyyət gərgin idi, müxtəlif qüvvələr tərəfindən parçalanırdı və əmrlər vahid yerdən verilmirdi. Atatürk ancaq aprelin 23-də hökumət yaradıb Ankarada söz sahibi ola bilir və 26-sı Leninə o məlum teleqramı yollayır. Bəli, Rusiya ilə Türkiyənin danışıqları olmuşdu. Azərbaycanın məsələsinə Türkiyənin və Atatürkün yanaşması belə idi: onlar fikirləşirdilər ki, Türkiyənin ən böyük düşməni ingilislərdir. Həmin dövrdə onların yeganə müttəfiqi Rusiya idi. Rusiya Türkiyəyə təbii ki, Azərbaycanın üzərindən gələ bilərdi. Müsavat hökuməti isə Qərbə söykənirdi, Bakıda da daha çox ingilislər fəal idi. Ona görə də Atatürk hökuməti çalışırdı ki, Azərbaycanda hakimiyyət yerli bolşeviklərə, kommunistlərə verilsin. Bir neçə il sonra Atatürk yazırdı ki, biz o zaman səhv buraxdıq, rusların Azərbaycanı işğal edəcəyi mənim ağlıma gəlməzdi. Ona görə Rəsulzadə türklərə deyirdi ki, bolşeviklərə inanmayın, biz onların nə istədiklərini çox gözəl bilirik.

- Arif bəy, siz “Yalama” kitabınızda rus ordusunun Azərbaycan torpaqlarına hücumu və onlara göstərilən müqavimət barədə ətraflı yazmısınız. İşğal necə baş verdi? Hücum necə başladı?

A.Ə.: Aprelin 21-də Tkaçevski XI Ordunun komandanı Livandevskiyə əmr verir: Azərbaycan ordusunun əksər hissəsinin cənubda toplaşdığını və Şimal bölgəsində çox az hərbi hissə olduğunu nəzərə alaraq aprelin 26-da artıq sərhəd keçilməli, hücum başlamalıdır.

- Bizim ordakı silahlı qüvvələrimiz nə qədər idi?

A.Ə.: Bizim şimal istiqamətində cəmi 3 min nəfərlik ordumuz vardı, o da Biləcəridən Samura qədər səpələnmişdi. Ordakı qarnizonun təxminən 500 nəfərə yaxın heyəti olub. Bura daxil olub qubalıların bir hissəsi, dəmir yolçuların bir hissəsi, dəmir yol mühafizə dəstəsi və atlı süvari dəstəsi.

Rus ordusu 00:05 radələrində zirehli qatarla körpünü keçir. Körpüdə cəmi bir məftil sərhəd rolunu oynayırdı. Keçən kimi birinci növbədə gözətçi dəstəsinin postunu dağıdırlar ki, Yalamaya xəbər çatmasın. Onlar Xaçmaza qədər səssiz gəlmək fikrindəydilər.

- Ruslar əvvəldən kəşfiyyat göndərmişdi? Çünki teleqraf xəttinin sıradan çıxarıldığı deyilir.

A.Ə.: Əlbəttə. Döyüşdən yarım gün əvvəl zirehli qatarlar qrupunun komandiri Yefremov başda olmaqla 8 nəfər zabit heyəti özü kəşfiyyatda olub. Həmin heyətdə qubalı Qəzənfər Musabəyov və Mikoyan da iştirak edib. Kəşfiyyatı da özləri aparıblar, hücumdan bir neçə saat əvvəl teleqraf xətləri sıradan çıxarılıb.

- İlk döyüş Yalamada baş verib?

A.Ə.: Bəli. Bizimkilər nədən biliblər ki, hücum olub? Zarafat deyil, ağır dəniz topları ilə belə silahlanmış zirehli qatar gəlir, öndə hərəsində 100-200 nəfər heyəti olan desant dəstə, arxada isə 72 minlik Qızıl Ordu gəlirdi. Bunu görən Yalama qarnizonu birinci yolu sıradan çıxarmağı düşünür və ona görə qatarın qabağına yanan parovoz göndərir. Həmin parovozu ruslar zərərsizləşdirib yan yola çıxarıblar və Yalamada iki saatlıq döyüş olub. Təsəvvür edin ki, o boyda zirehli qatarın, o boyda ordunun qarşısında balaca bir stansiyanın iki saat davam gətirməsi Azərbaycanın müstəqilliyi baxımından götürəndə nə qədər uzun zaman parçasıdır. Çünki bizimkilər başa düşürdülər ki, müqavimət aparmaq mənasızdır, yardıma gələn olmayacaq. Balaca bir stansiya ordunun qarşısında nə edəcək?

- Bir az 300 spartalı hadisəsini xatırladır.

A.Ə.: Təxminən o cür bir şeydir. Mən kitabı yazanda müəyyən tarixi detalları nə yaxşı ki, bərpa edə bildim. Deməli, süvari dəstə görəndə ki, əlac yoxdur, ata minib zirehli qatarın üstünə çapır və həlak olurlar. İki saatlıq döyüş nəticəsində vuruşanlar arasında sağ qalan olmayıb. Əlbəttə, aradan çıxanlar, qaçanlar olub, onları nəzərə almıram. Amma 350 nəfər əsgər orda rus ordusuna qarşı qəhrəmancasına döyüşüb və həlak olub. Təəssüf ki, biz o qəhrəmanların xatirəsini hələ də əbədiləşdirməmişik.

- Arif bəy, bildiyim qədəri ilə Yalamada döyüşündən sonra Şabran yaxınlığında Sarvan döyüşü də olub.

A.Ə.: Sarvan döyüşündə qubalı Həmdulla əfəndi də öz dəstəsi ilə aktiv iştirak edib. Həmdulla əfəndi sonradan sovet rejiminə qarşı mübarizə aparıb. Hər halda Qubada Həmdulla əfəndinin yaşadığı ev, yurd qalır, bax adını əbədiləşdirmək olar.

Yolboyu qatarın qabağını kəsməyə cəhd göstərənlər olub. Biləcəridə toqquşma olması barədə də məlumat var. Hər halda ən ciddi təpki Yalamada olub.

- Qatar neçə saata Bakıya çatıb?

C.İ.: Təxminən yeddi-səkkiz saata Biləcəriyə çatıblar.

- Bakıda rus ordusuna müqavimət göstərildimi?

C.İ.: Bakıda heç bir dava-qırğın törədilmədi. Çünki aprelin 28-i gecə saat 2-də Azərbaycan hökuməti ultimatumu qəbul edərək könüllü şəkildə hakimiyyəti təhvil verdi. İkinci, hər şey faktiki olaraq gecə baş vermişdi və səhər yuxudan ayılan Bakı sakinləri rus əsgərlərini və türk bayraqlarını gördülər. Uzun illər məni narahat edən məqamlardan biri o idi ki, necə olub axı, bu xalqın içində bunlara müqavimət göstərən olmayıb. Yaxşı ki, Arif bəy o faktları üzə çıxartdı. İçimiz rahatladı ki, biz işğalçıya müqavimət göstərmişik və müqavimətin davamı olaraq tariximizin Gəncə üsyanı kimi şanlı səhifəsi var.

- Sovet tarix kitablarında XI orduya müqavimət göstərilməsi faktı yazılmırdı?

A.Ə.: Sovet dövrünün bütün kitablarında, hətta bizim bəzi indiki tarix kitablarında indiyə qədər qalır ki, rus ordusu Samurdan Bakıya qədər güllə-çiçəklə gəlib, bütün stansiyalarda mitinq keçiriblər. Və Bakıda da dərhal ilk mitinq keçirilib.

D.Ə.: Bakıda başqa millətlər çox idi deyə onlar rus ordusunu sevinclə qarşılayırdılar. Bir də Sovetlər həmişə çalışıb ki, 27 apreli çevriliş kimi təqdim etsin.

- Dilqəm, işğaldan sonrakı ilk günlər hansı proseslər baş verdi?

D.Ə.: Cümhuriyyətçilər başa düşürdülər ki, bolşeviklər siyasi liderləri aradan götürəcəklər. Ona görə də Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Nəsib Bəy Yusifbəyli, Rəsulzadənin özü hələ Tiflis işğal edilmədiyi üçün oraya doğru getməyə qərar verdilər. Xoyski ilə Həsən bəy Ağayev gedə bildi. Nəsib bəy Yusifbəyli gedə bilmədi. Bəziləri öz dostu tərəfindən, bəziləri də ermənilər tərəfindən öldürüldüyünü deyirlər. Əlində qırmızı çamadan olub, düşünüblər içində qızıl olar, amma hökumətin sənədləri çıxıb. Rəsulzadə isə Lahıcda gizlənir, onu da yerli sakinlərdən biri satır. Sonrakı prosesləri də bilirsiniz.

Bolşeviklər bilirdilər ki, o liderlər sağ qalsalar sonradan xalqı üsyana səsləyə bilərlər. Ona görə də bir il ərzində onları da zərərsizləşdirdilər. Təbii ki, bunu ermənilərin əli ilə elədilər. Həsən bəyi öldürdülər, Xoyskini öldürdülər, Xəlil bəy Xasməmmədlini ayağından vurdular. Təbii ki, bu tapşırıqları yerinə yetirəndə içimizdəki adamlardan da istifadə etdilər. Rəsulzadəni niyə öldürə bilmədilər? Çünki nüfuzu o qədər güclü idi ki, ondan istifadə etməyə çalışdılar, hətta ona Maarif komissarlığı vəzifəsini tapşırmaq istəyirdilər. Stalin Rəsulzadəni gələcəkdə Nərimanova alternativ kimi əlinin altında saxlamaq istəyirdi. Əgər Rəsulzadə xalqın qabağına çıxıb desəydi ki, bolşevikləri dəstəkləyirik, xalq onun dediyini edəcəkdi.

C.İ.: “İşğalın ilk günlərində nələr baş verdi?” sualına ən gözəl cavabı Nərimanov “Ucqarlarımızda inqilabımızın tarixinə dair” əsərində verib. Nərimanovun Bakı sakinləri arasında hörməti çox böyük idi. Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin rəhbərinin Nərimanov olması xalq arasında bolşeviklərə etimadı artırmışdı. Ancaq maraqlıdır ki, Nərimanov işğaldan bir müddət sonra, mayın 16-da Bakıya gəldi. Orconikidze məktub yazaraq az qala əmr formasında Lenindən tələb edirdi ki, Nərimanovu Bakıya göndər. Nərimanovu kiçik qarovul dəstəsi qarşılayır. O, “Ucqarlarımızda inqilabın tarixinə dair” əsərində yazır ki, Bakıda məni qarşılayanlar dedilər, nə yaxşı siz gəldiniz, bəlkə bundan sonra işlər düzələ. Deyir, soruşdum nə baş verir? Mənə dedilər, insanları sağa-sola güllələyirlər. Güllələyən kim idi? XI Qızıl Ordunun siyasi idarəsinin rəhbəri Pankratov. Pankratov ilk günlərdən Azərbaycanda repressiyalara başlayır. Hətta Nərimanov onu çağırır, Əliheydər Qarayev və Mirzə Davud Hüseynovla birgə söhbət edirlər. Nərimanov təklif edir ki, Müvəqqəti Hərbi İnqilab Komitəsinin qərarı olmadan heç kəs güllələnməsin. Pankratov ağzını açmamış Əliheydər Qarayevlə Mirzə Davud Hüseynov əleyhinə çıxırlar. İkincisi, bu adamlar Azərbaycanın müstəqilliyinin də əleyhinə çıxmışdılar. Bu adamlar zombiləşmiş tiplər idi. Amma Nərimanov kimi bir ziyalı adamın 1918-ci ilin mart hadisələrindən sonra bolşevik qalması özü böyük müəmmadır.

D.Ə.: Təhvillə bağlı bir ştrixi deyim. Təhvil bəyannaməsinə parlament üzvlərindən bircə Ağa Aşurov adlı bir deputat qol çəkməyib.

- Parlamentdə son çıxışı isə Rəsulzadə edib.

C.İ.: Rəsulzadənin bu çıxışı zamanı “Azərbaycan” qəzetinin rus bölməsinin baş redaktoru Şəfi bəy Rüstəmbəyov göz yaşlarını saxlaya bilməyib. Həmin çıxışda Rəsulzadənin məşhur bir ifadəsi var, deyir: “Yazıqlar olsun ki, biz bir kərə yüksələn bayraq bir daha enməz deyə etdiyimiz afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal bayrağını qırmızı bir bezə dəyişdik.”

- Söhbətimizi belə bir sualla yekunlaşdırmaq istəyirəm. 27 aprel işğal idi, yoxsa inqilab və bu hadisə Azərbaycana nə verdi?

A.Ə.: Şübhə yox ki, bu işğal idi. İnqilaba heç çağırış da olmadı. Sualın ikinci hissəsinə gəldikdə isə deyim ki, əgər 18-20-ci il olmasaydı Azərbaycanın ikinci müstəqilliyi olmayacaqdı. Düzdür, Rəsulzadə deyirdi ki, bu bayrağı bezə dəyişdik, amma hər halda tarix göstərdi ki, o, düz deyibmiş: Bir kərə yüksələn bayraq, bir daha enməz!

C.İ.: 27 aprel işğalına mən Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürməsinin davamı kimi baxıram. Azərbaycanın şimal hissəsi 1813 və 1828-ci il müqavilələrinə əsasən Rusiyaya verilmişdi və bu işğal da onun davamı idi. Rus işğalı bizə nə verdi sualının ən yaxşı cavabını Azərbaycanın cənub hissəsinə baxmaqla ala bilərik. Rus işğalı zamanı bu qədər irəli gedə bilmişiksə, gör müstəqil dövlətimiz olsaydı nə qədər irəli gedərdik.

D.Ə.: Bir ölkə başqa bir ölkənin ərazisinə girirsə bunun bir adı var, o da işğaldır. Mən düşünürəm ki, 1918-20-ci illərdə Azərbaycan xalqı ilk dəfə hakimiyyətin üç qolunun təmsil olunduğu, yəni hökumətin, parlamentin və məhkəmə sisteminin olduğu bir idarəçilik qurmuşdu. Bu, Azərbaycan xalqı üçün çox şanlı mərhələdir.

# 6711 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #