Dilimizdə ilk dəfə: “İtmiş zamanın axtarışında” – MƏTN

<span style="color:red;">Dilimizdə ilk dəfə:  “İtmiş zamanın axtarışında” – <span style="color:red;">MƏTN
23 aprel 2018
# 11:52

Bu gündən etibarən dahi fransız yazıçısı Marsel Prustun 6 cildlik “İtmiş zamanın axtarışında” romanının “Svana doğru” bölümünün birinci hissəsini hər birinci gün təqdim edəcəyik. Məqsəd azərbaycandilli oxucuda əsər haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir. Mətni yazıçı-tərcüməçi Zahid Sarıtorpaq rus dilindən çevirib.

Zaman-zaman sevilən və inkar edilən yazıçı

...Pəncərə pərdəsinə düşmüş cansız bir işıq zolağı, ana öpüşünün doğurduğu unudulmaz təəssürat, bir qurtum çayın dərin yaddaş qatlarından oyatdığı xatirələr – Marsel Prust (1871-1922) yaradıcılığının zənginliyi bu sayaq çırpıntılarla dolu psixoloji həyat gerçəklərinin, eləcə də irreal düşüncələrin özəyindən qaynaqlanır. Sayğılı oxucular, altı cildlik "İtirilmiş zamanın axtarışında" silsiləsinə daxil olan "Svana doğru" romanının, "Kombre" adlı bölümünün birinci hissəsində də bu kimi məqamlar qədərincə yer alıb.

Onu da qeyd edək ki, bu əsərin sanbalı heç də ayrı-ayrı detallarda gizlənməyib, həm də bu bir dil faktorudu. Dünya romançılığında özünəməxsus yer tutan M.Prust yaradıcılığı, zaman-zaman insanları düşünməyə sövq edən bir fövqəlbəşəri ədəbiyyat hadisəsidi. Bu hadisədən yararlanan azman yazarlar sülaləsi yetişmiş, bunu inkar və etiraf edən yazıçılar bu gün də var.

Əsas gerçəklik ondadı ki, M.Prust dünyada ən çox müraciət edilən, örnəklər gətirilən, qarşısına məqsəd qoymasa da, insanı iç dünyasının dolaşıqlarında azdıran, buxovlulara azadlığın yolunu göstərən, azadlara müti qul olduqlarının həqiqətlərini sübut edən bir yazıçıdı. Paradoks ondadı ki, doqquz yaşından, ölən günə kimi astma xəstəliyindən əzab çəkən bu yazıçının yaradıcılığındakı nəfəs genişliyi insanı heyran etməyə bilmir. Eyni zamanda onun yaradıcılığını sevməyənlərin də sayı az deyil. Bunlara rəğmən, bütün dahilər kimi M.Prust öz yaradıcılığının yaxşı və uyarsız tərəfləriylə hələ də düşündürməkdə davam edir və güman ki, hələ çox mübahisələrin mövzusu olacaq.

Tərcüməçidən

Svana doğru

Qaston Kalmetə dərin və səmimi

təşəkkür hissiylə

Birinci hissə

Kombre

I

Yerimə erkən girməyə çoxdan vərdiş etmişdim. Hərdən şam sönər-sönməz, gözlərim elə tez qapanırdı ki, öz-özümə: "Yuxulayıram..." deməyə belə macal tapmırdım. Yarım saatdan sonra isə, yatmaq vaxtının çatdığı düşüncəsiylə yuxudan oyanır, elə bilirdim kitab hələ də əlimdədi və mən onu yerinə qoyub işığı söndürməliyəm; oxuduqlarım haqda yuxuda düşünməyə davam edirdim, amma düşüncələrim çox qəribə bir səmtə yön tuturdu: özümü kitabda bəhs olunan kilsədə, kvartetdə, I Fransiska və V Karlın rəqabətində[1] təsəvvür edirdim. Bu qarabasmalar yuxudan oyanandan bir neçə saniyə sonra da davam edir, amma şüuruma həyəcan qatmırdı; onlar gözlərimi sanki bərq vuran pulcuqlarla pərdələyir, şamın söndüyünə əmin olmağa mane olurdu. Onlar metempsixozdan[2] sonra, öncəki həyat haqda xatirələr kimi dumanlı bir hal alırdı; kitabın süjeti məndən ayrılırdı, özümü ona bağlayıb bağlamamaqda sərbəst idim; bunun ardınca görmə hissim geri dönürdü və hər cür heyrətə rəğmən əmin olurdum ki, dörd tərəfimdə həlim və gözlərimə rahatlıq gətirən qaranlıq hökm sürür; bunu, bəlkə də, izaholunmaz, anlaşılmaz və gerçəkdən də qaranlıq kimi təsəvvür edən ağlım daha çox dinclik tapırdı. İndi saatın neçə olduğunu özümdən soruşurdum; parovozların fitini eşidirdim; onlar meşədən gələn quş səsləri kimi gah yaxından, gah da uzaqlardan gəlirdi; onlara görə məsafəni təyin etmək olardı, onlar mənim xəyallarımda boş səhraların üfüqlərini, stansiyaya tələsən bir yolçunu və cığırı canlandırırdı; bu yolçu, yaddaşında dərin iz buraxmış qərib yerlərin və keçirdiyi həyəcanın təsirindən indi özünü qeyri-adi aparırdı; çünki hələ də gecənin sakitliyində bu yaxınlarda olmuş söhbəti xatırlayır, yad bir çıraq altındakı vida anını yadına salır və düşüncələrində tezliklə qayıdacağı təsəllisiylə özünü ovundururdu.

Mən uşaq çağlarımızın koppuş üzünü xatırladan yastığın yumşaq üzünə yanaqlarımla yüngülcə toxundum. Kibrit yandırıb saata baxdım. Tezliklə gecəyarı olmalıydı. Bu həmin an idi ki, yad bir mehmanxanada yatmağa məcbur olmuş xəstələnən yolçunu sancı tutacaq və o, qapının altından düşən işıq zolağına sevinəcək: artıq səhər açılır, necə də xoşbəxtlikdi! – düşünəcək. İndi xidmətçilər qalxacaq, o, zəng edəcək və onlar köməyinə yetişəcəklər. Yüngülləşəcəyinə bəslədiyi ümid ona dözməyə qüvvət verir. Bu zaman addım səsləri eşidir. Addım səsləri yaxınlaşdığı kimi də uzaqlaşır. Qapının altındakı işıq zolağı qeyb olur. İndi gecə yarısıdı; qazı söndürüblər; sonuncu xidmətçi də getdi – demək, bütün gecəni zülm çəkmək lazım gələcək.

Yenə yuxulayırdım, bəzən ayılaraq tavanın cırıltısından bir anlığa gözlərimi açır, baxışlarımla qaranlığın kaleydoskopunu tutur, şüurumun ani işıqlanması sayəsində əşyaların, otağın – indi kiçik bir hissəsinə çevrildiyim və yenidən sükutuna qovuşacağım bütün cansız olan nə varsa, hamısının necə də dərin yuxuda olduqlarını hiss edirdim. Ya da, kiçicik bir cəhd belə göstərmədən yuxulamaqla ömrümün ilkin çağlarına qayıdır, o illərə qovuşur və uşaqlıq qorxularım yenidən mənə hakim kəsilirdi; məsələn, babamın atasının məni saçımdan tutub sürüyəcəyindən qorxurdum, baxmayaraq ki, saçlarım qırxılandan sonra artıq ondan çəkinmirdim və saçlarımın qırxıldığı həmin günü ömrümə qədəm qoymuş yeni dövrün başlanğıcı sayırdım. Yuxuda bu hadisələri unudurdum, ayılmağa macal tapan kimi yenidən xatırlayır, yenidən yuxular aləminə qovuşmamışdan öncə, babamın əlindən qurtulmaq üçün başımı yastığın altına soxurdum.

Bir dəfə ayaqlarımın narahatlığı ucbatından yuxum qarışdı, böyrümdə Adəmin qabırğasından törəmiş Həvvasayağı bir qadın zühur etdi. O, mənim xəyali həzz duyğularımdan yaranmışdı, amma elə təsəvvür edirdim ki, bu həzzi mənə verən elə onun özüdür. Mənim bədənim onun cismində canımın istiliyini duyunca, yaxınlıq etməyə can atdı və oyandım. Elə bildim, həmin anda başqa insanlar çox uzaqlardadı, bu qadının indicə ayrıldığım öpüşlərindən yanaqlarım hələ də alışıb-yanırdı, bədənimsə onun cisminin ağırlığından iztirab çəkirdi. O, əlamətlərinə görə, həyatda tanıdığım bir qadını mənə xatırlatdıqda isə, onu bir daha görmək həvəsinə düşdüm, bu adətən yolçular intizarında olduqları şəhəri öz gözləriylə görməyə səbirləri çatmadıqda oyanan bir həvəs idi, onlar elə təsəvvür edirlər ki, həyatda ancaq arzuların gözəlliyindən həzz almaq olar. Xatirələrsə aramla dağılıb getdi və mən yuxuda gördüyüm o qızı unutdum.

Yatmış insanın çevrəsində zamanın toru hörülür, illərin və aləmlərin də həmçinin. Yuxudan ayılınca, bu insan ixtiyarsız olaraq özünü həmin zamana ayarlayır, bir an içində yer üzünün harasında olduğunu, ayılanacan nə qədər vaxt keçdiyini götür-qoy edir; amma bəzən onların mizanı qarışaraq pozulur. Vərdiş etmədiyi bir vəziyyətdə kitab oxuya-oxuya, yuxusuz keçirdiyi gecənin sonunda, yəni, səhərə yaxın əgər onun gözləri qəfil yumulsa, günəşi tutub saxlamaq və geri çəkmək üçün əlini uzatması kifayət edər; o, ilk dəqiqədə saatın neçə olmasını bilməz, elə bilər guya yerinə yenicə uzanıb. Əgər o, təbiilikdən uzaq, tamamilə qeyri-adi bir vəziyyətdə – məsələn, nahardan sonra kürsüdə oturub mürgüləmiş olsa, sözsüz ki, mehvərindən çıxmış aləmlər bütünlüklə yerlərini dəyişəcək, sehrli kürsü onu ağlasığmaz bir sürətlə zamandan, fəzalardan keçirərək aparacaq, kiprikləri aralanınca isə, elə biləcək yatdığı neçə aylar öncədi, həm də başqa bir diyardadı. Düşüncəm bütünlüklə dincliyə qədəm qoyduğu və şüurum yatdığım otağın quruluşu haqda təsəvvürünü itirdiyi üçün yatağımda dərin yuxuya getməyə dəyərdi; gecə oyanıb ilk saniyələrdə harda olduğumu, hətta kim olduğumu belə dərk edə bilmirdim; məni mövcudluğum haqda ilkin, ibtidai və sadə bir hiss tərk etmirdi – belə bir hiss heyvanların da sinəsində çırpına bilərdi; mən mağara insanından da miskin idim; bu zaman sanki ucalardan bir kömək kimi, indi yaşadığım yerlərlə bağlı olmasa da, əvvəllər yaşadığım və yaşaya biləcəyim yerlərlə bağlı xatirələrim üstümə qayıtdı, ha əlləşsəm də öz gücümlə çıxa bilmədiyim yoxluğun içindən məni dartıb çıxardı; bir an içində sivilizasiyanın keçdiyi əsrlər üstündən yürüyüb keçdim və neft lampaları, qatlama yaxalıqlı köynəklər haqda dumanlı anlayış aram-aram mənim "mən"imin xüsusiyyətlərini bərpa etdi.

Ola bilsin, bizi əhatə edən əşyaların susqunluğu, ağırlığı inamımıza elə təlqin olunub ki, onlar haqda düşündüyümüz heç də təkrarçılıqdan başqa bir şey deyil. Hər dəfə belə bir şəraitdə oyananda mənim şüurum əbəs yerə harda olduğumu dəqiqləşdirməyə çalışırdı, ətrafımdasa hər şey – əşyalar, ölkələr, illər haqda düşüncələr qaranlıqlara qərq olmuş bir şəkildə kor-koranə fırlanırdı. Mənim yorğun xasiyyətli keyləşmiş vücudum öz vəziyyətini təyin etməyə cəhd edirdi ki, bir nəticəyə gələrək, görsün: divar hara gedir, əşyalar necə yerbəyer edilib və bunun əsasında da mənzili bütünlüklə təsəvvürdə canlandıraraq ona ad tapmağa səy göstərirdi. Böyürlərinin, dizlərinin, çiyinlərinin yaddaşı, bu zaman içində yatmış olduğu və təsəvvüründə canlandırdığı formasından asılı olaraq sanki görünməz divarları qaranlıqda əl-ayağa dolaşan otaqları bir-bir ona göstərirdi.

Formanın və zamanın kandarında qətiyyətsizlikdə qərar tutmuş şüur hər şeydən öncə şəraiti tutuşdurub qiyaslayaraq mənzili tanıdı, vücud hansı otaqda hansı çarpayının olduğunu xatırladı, qapıların harada yerləşdiyini, pəncərələrin hansı səmtə baxdığını, dəhlizin olub-olmadığını yadına saldı, eyni zamanda yuxuya gedəndə və oyananda məni çulğamış düşüncələri yaddaşında canlandırdı. Böyrümün keyliyinə baxmayaraq, beləcə, olduğum yerin səmtini müəyyən etməyə cəhd göstərdikcə, xəyalımda canlandı ki, deməli, divarın dibində, taxt-tavanın altında geniş çarpayıya sərələnmişəm, o zaman dedim: "Deməli, belə! Deməli, anamın gəlib mənimlə vidalaşmasını gözləmədən yatmışam"; mən kənddə neçə illər bundan öncə ölmüş babamın yanındaydım; sustalmış bədənim, uzanmaqdan keyitdiyim böyrüm – şüuruma əbədi həkk olmuş və heç vaxt unutmayacağım hadisələri sədaqətlə qoruyanlarım – uzaq keçmişdə yaşadığım, indi həqiqət kimi qəbul etdiyim, amma hələ də olduğu kimi təsəvvür edə bilmədiyim, yalnız tam ayılanda açıq-aydın gözlərimin önünə gələn baba və nənəmin evində Bohem şüşəsindən düzəldilmiş vazaya oxşayan işığı, tavandan zəncirlə asılmış gecə lampasını, yataq otağımdakı tünd sarı mərmərdən tikilmiş buxarını yaddaşıma gətirdilər.

Davamı burda


[1] Söhbət Fransa kralı I Fransiska (1515-1547) ilə Müqəddəs Roma İmperiyasının imperatoru V Karl (1519-1556) arasında ənənəvi mübarizədən də artıq məsələlərdən gedir.)

[2] metempsixoz – öləndən sonra ruhun bir bədəndən başqasına keçməsi haqqında dini-mistik etiqad – tərc.

# 2675 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #