Sənət anlayışı və şöhrət - Nicat Həşimzadə yazır

Sənət anlayışı və şöhrət - <span style="color:red;">Nicat Həşimzadə yazır
19 aprel 2018
# 16:13

Şöhrət sənət adamının Axilles dabanıdır.

(Milan Kundera)

Ədəbi fəaliyyətə yeni başladığım zamanlarda şöhrət istəyim çox idi. Oxunulmaq, tanınmaq, məşhur olmaq istəyirdim. Gənc bir yazarın tanınmaq, məşhur olmaq istəyinə təbii baxmaq olar. Burada qeyri-adi heç nə yoxdur. Ancaq 40 yaşını keçmiş yazıçı şöhrət istəyinə hələ də mübtəladırsa, eqosuna məğlub olursa bu, ciddi problemdir.

Sovet dönəmində kommunizmi təbliğ edən xeyli yazıçı var idi. Zaman onları çeynəyib bitirdi. Bunun səbəbi onların kommunizmi təbliğ etməsi deyildi. Səbəb ‘sərlərin istedadsız halda yazılması idi.

İndi, müstəqil Azərbaycanda yaşayaraq Sovet dövründə yazıb-yaratmış yazarları, şairləri tənqid etmək asandır. Stalin dövründə yaşamayan adamlar o illərin proseslərini dərk edə bilməzlər. Mən də o dövrü görmədiyim üçün həmin dönəmdəki ədəbi proseslər haqqında çox ehtiyatla danışıram.

Tənqid sənəti ciddi, çox vacib sənətdir. Tənqid haqqında danışmazdan öncə bu suala cavab tapmalıyıq. Bizim tənqid etməyə haqqımız və intellektimiz çatırmı? Azərbaycanda kimisə tənqid etmək də problemdir. Həmin adamın oxucuları səni özünü reklam etməkdə ittiham edirlər. Hansısa əsəri bəyənmədiyini yazırsan, bəyənməmə səbəblərini arqumentlərlə göstərirsən. Bəzi adamlar deyir ki, bunu reklam xətrinə edirsən.

Kitab reklam etməyin, yazıçı kimi reklam olunmağın yollarını yaxşı bilirəm. Ucuz reklam, ucuz şöhrət sənət adamına utancdan başqa heç nə gətirmir.

Özümə sənət adamı, yazıçı demirəm. Hələ gəncəm. Hər şeyi gələcək göstərəcək. Özünü yazıçı, filosof, psixoloq adlandıran, sutkaya iki kitab yazanlardan fərqli olaraq həyama qısılıb “mən yazaram, sənət adamıyam” sözlərini demirəm.

Sovet dövründə “N” qədər yazıçı yüzlərlə əsərlər yazdılar. Çoxu makulatura oldu. Balzakın fikrini yada salaq:

Şöhrət çox bahalı, lakin tez xarab olan maldır”.

Ancaq Sovet yazarları arasından bir neçə istedadlı imza çıxdı. Səbəb onların həqiqətən istedadlı olmasıdır. İstedad özünü mütləq göstərir, gec də olsa özünü sübut edir. İstedadsız adamın uğuru müvəqqətidir. O, bu günün qəhrəmanıdır, gələcəkdəsə unudulacaq. Hüqonun dövründə Fransada yazar, şair çox idi. Ancaq fransızlar Hüqonu Fransanın vicdanı hesab edir. Biz Hüqonu daha çox oxuyuruq, daha yaxşı tanıyırıq. Bəlkə də bu, ilahi ədalətdir. Hər kəsi layiq olduğu yerə qoyur. Yeri gəlmişkən, bir məsələni qeyd edim ki, Viktor Hüqo krala şeir həsr etmişdi. Kral ona pul mükafatı ayırmışdı. Ancaq bu gün fransızlar Hüqoya yaltaq demirlər. Maksim Qorki, Şoloxov Stalini tərifləyiblər öz yazılarında. Ancaq rus xalqı Şoloxovla, Qorki ilə fəxr edir, onlara yaltaq demir.

Bizdəsə vəziyyət başqa cürdür. Adətən qapalı və uğursuz cəmiyyətlər nifrətlərini boşaltmaq üçün səbəb axtarır, məqam gözləyirlər. Çalışmaq lazımdır ki, cəmiyyətin nifrətinin qurbanı olmayasan. Özünü bəyənməzlik, özünə ikrah belə çıxır ki, ancaq bizdə var.

Azərbaycan istedadlar ölkəsidir deyəndə kiməsə elə görünə bilər ki bu, mübaliğədir. Mən mübaliğə etmədən deyirəm ki, Azərbaycanda istedadlı insanlar çoxdur. Tarixən də olub. Önəmli məsələ istedaddan düzgün istifadə etməkdir. Ölkəmizdə savadlı, enerjili gənclər çoxdur. Onlar potensiallarını doğru istiqamətdə sərf etsələr böyük uğurlar qazana bilərlər. Biz potensialımızdan lazımınca faydalana bilmirik. Enerjimizi sosial şəbəkələrə qurban verməsək ciddi işlər görə bilərik. Facebook insanlara şöhrət arzusunu gerçəkləşdirməkdə yardım edir. Heç bir faydalı işlə məşğul olmayan, ömrünü adamlara lağ etməyə, gülməyə, məsxərəyə qoymağa sərf edən yararsız adamlar da “mənim fikrim var” deyirlər.

Martin İden deyirdi ki, mənə şöhrət yox, şöhrətə gedilən yol maraqlıdır. Həvəsdən düşməməliyik. İlber Ortaylının, Cəlal Şəngörün, Yılmaz Özdilin, Orhan Pamukun olduğu ölkədə də Üzeyir Mehdizadəni dinləyirlər. Yəni ki, təkcə bizdə belə deyil, təkcə Türkiyədə belə deyil. Dünyanın hər yerində belədir. Sənət kütləvi deyil.

Folkner deyirdi ki, ədəbiyyat dünyanı yox, fərdləri xilas edir. Sənət fərdlər üçündür. Hər kəsin anlamaq iqtidarında olduğu nəsnəyə sənət demək olmaz. Sənət şöhrətpərəst adamları bağışlamır və onları amansız tale ilə mübarizədə tək qoyur. Şöhrətpərəst adamlar dinləməyi, gözləməyi, razılaşmağı bacarmırlar. Onlar həmişə özlərini haqlı sayır və heç kəslə hesablaşmaq istəmirlər. Yazını dahi Anri Berqsonun fikri ilə bitirmək istəyirəm.

“Gördüyü işin əbədiliyinə əmin olan şəxs heç vaxt şöhrət dalınca qaçmır, çünki o, şöhrətsiz də çox rahatdır”

# 1014 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #