Bir gilə üzümə görə bir-birini öldürənlər – Mövlana hekayələri

Bir gilə üzümə görə bir-birini öldürənlər – Mövlana hekayələri
19 aprel 2018
# 15:31

Aşağıda Mövlana Ruminin altı cildlik fəlsəfi-didaktik mənzum hekayələr toplusu, dünya şöhrətli "Məsnəvi" əsərindən seçdiyimiz bir neçə hekayənin tərcüməsini təqdim edirik. Mənzum hekayələrində Ruminin misranın poetik deyimi üzərində çox da durmadığını nəzərə alıb hekayələri nəsrə çevirdik. Tərcümə zamanı "Məsnəvi"nin rusca nəşrindən yararlanmışıq. Hekayələrə ad qoymaqda sərbəstliyimiz onların fəlsəfi mahiyyətinə güzgü tutmaq məqsədi güdüb.

Fəxri Uğurlu

Əmirin atı

Birisi əmirdən at istədi:

- Ya əmir, evim çox uzaqdadı, nolar, bir at ver, minim gedim.

- Ata qızırqalanmıram,- əmir dedi, - odey, o çal atı min, get.

- Hansını verirsən ver, ancaq bu at olmasın, ya əmir, - at istəyən yalvardı. - Bu at heç yorğa yerimir. Həm də gedəndə dalın-dalın yeriyir!..

Əmir dedi:

- Nolar ki, sən də atın arxasını öz evinə sarı çevirərsən. Tamah və ehtiras səltənətində onsuz da hər kəs dalın-dalın yeriyir.

Yeyən kimdi, yeyilən kim...

Quş bir soxulcan tapıb dimdiyinə vurdu. Pişiksə kirimişcə quşu pusurdu. Və quş bu fani dünyada yedi də, yeyildi də... Sən demə, dünyada yeyənlə yeyilənin elə bir fərqi yoxmuş.

Göz yaşı

Şagird müəllimin ağladığını görəndə özü də oturub ağlamağa başladı. Səs-səsə verib ağlaşırdılar, ancaq şagird bilmirdi ki, müəllimi ağladan nədi...

Müəllim ürəyini boşaldıb kiridi. Şagird də susdu. Onda müəllim ona belə dedi:

- Nə qədər ürəkdən ağlasan da, səmimi deyilsən. Çünki səni ağladan səbəb yoxdu, səninki ancaq yamsılamaqdı. Sənin göz yaşların mənim göz yaşlarıma qarışa bilməz, çünki onları sən özün qondarmısan. Ürəyində doğulmayan göz yaşlarıyla öz günahlarını suvarma!..

Məcnun

Leylinin dərdindən Məcnunun bədəni görünməz oldu. Üzüqoylu səhraya döşəli qalmışdı, damarlarında qanı qaynayırdı. Bir həkim rəhmə gəlib Məcnunun quru qaraltısına əlac eləmək fikrinə düşdü. Buyurdu ki, gərək xəstədən qan alınsın.

Dəllək gəldi. Məcnunun qolunu bərk-bərk sıxıb damarını çərtmək istədi. Məcnun dəlləyin əlini itələyib:

- Çıx get, - dedi, - sənin həkimliyin mənə gərək deyil!

Dəllək dedi:

- Səhrada aslanları başına yığan sən deyildinmi?! İndi bir qaşıq qanındanmı qorxursan?..

- Yox, məni qorxudan bu deyil, - Məcnun dedi, - mənim daş səbrim çox ağrıya güc gəlib. Ancaq sevgim qanımın hər damlasına hopandan Leyli ilə mənim aramdan pərdə götürülüb. Odu ki, qorxuram ülgücünlə sevgimi yaralayasan.

Alın yazısı haqqında hekayə

Birisi hasardan aşıb özgənin bağına təpildi, acgözlüklə döşəndi meyvələrin canına. Bağ yiyəsi bunu görüb:

- Oğru lələ, - dedi, - gözümün qabağında arsız-arsız bağımı talan eləyirsən, ancaq utanıb-qızarmaq, ya rüsxət istəmək heç ağlına da gəlmir. Məndən qorxmursansa, heç olmaya Allahdan qorx!

- Mənim nə günahım var, - oğru dedi. - Mən Allahın quluyam. Bu meyvələri bizə Allah verib. Mənim bura gəlməyim də ancaq Allahın işidi.

Bağ yiyəsi dedi:

- Nə deyirəm, ola bilsin, sən haqlısan. Əgər dünyada hər işi Allahın adına yazmaq olarsa, onda mən Allahın qəzəbinin icraçısı kimi səni - Allahın günahkar bəndəsini Allahın ağacına sarıyacam!

Bağ yiyəsi dediyi kimi də elədi, sonra da bir ağac götürüb döşəndi oğrunun canına. Oğru qışqırmağa başladı:

- Aman, neyləyirsən, əl saxla! Heç nəyin üstündə Allahın yaratdığına əl qaldırıb özünü günaha batırma!

Bağ yiyəsi də belə dedi:

- Bu dərsi mən səndən aldım, oğru lələ. Burda sənin məntiqindən qıraq nə var ki - Allah bəndəsi Allahın ağacıyla Allah bəndəsini döyür. Mənim qəzəbim də, əllərim də, sənin cəmdəyin də, bu ağac da - hamısı Allahındı!

Sufilərin sevgisi

Divardan asılan boş torbanı görcək sufi göz yaşı tökməyə, yaxasını yırtıb-dağıtmağa başladı.

- Yalnız sənsən məkrdən, xəyanətdən uzaq olan, - dedi sufi, - dilənçilərin şahlığı, dərdlərin dərmanı yalnız səndədi!

O biri sufilər də öz xilaskarlarını görmək üçün axışıb gəldilər. Gah güldülər, gah hönkürdülər, boş torbaya dünyanın görünməmiş təriflərini dedilər.

Qıraqdan baxan birisi heç nə anlamayıb soruşdu:

- Boş torbanı nədən belə öyürsüz?

Dedilər:

- Naşı adam, xəyallarının ardınca gedə bilmirsənsə, bizdən uzaqlaş! Sən yalnız ələ gələn şeyləri görürsən. Sevən adam sevgisini gözləriylə yox, xəyallarıyla görür.

Qaranlıqda filin minbir sifəti

Fili bir qaranlıq otağa salmışdılar. Bu vilayətdə fil görünmədiyindən hamı filə baxmaq üçün axışıb gəlirdi. Ancaq otaqda göz-gözü görmədiyindən hamı filə əl gəzdirməklə onun necəliyini bilmək istəyirdi. Kimsə filin xortumuna əl çəkib dedi:

- Lap su borusuna oxşayır.

Bir qadınsa əlini filin qulağına çəkdi:

- Nəsə palaz kimi bir şeydi, - dedi.

Filin ayağına ilişən birisi də qayıtdı ki, nə isə sütuna oxşayan bir heyvandı.

Bir başqası filin sağrısına əl gəzdirib:

- Bu fil deyilən nədisə, lap şah taxtına bənzəyir! - dedi.

Bir cavan dedi:

- Əlif kimi dümdüzdü.

Bir qoca da:

- Lap "Dəl" kimi əyridi.

Bircə şam işığı bəsiydi ki, onlar filin nə olduğunu, necə olduğunu görsünlər.

Dörd sözün bir anlamı, yaxud ürəklərin dili

Türk, fars, ərəb və yunan küçə ilə gedirdilər. Yoldan keçən bir xeyirxah onlara bir dirhəm bağışladı. Fars dedi:

- Gəlin bu pula anqur alaq.

- Anqur nəyimizə gərəkdi, - ərəb dedi, - gəlin eynab alaq.

- Heç hay-küy salmayın, - türk işə qarışdı, - anqur da, eynab da özünüzə qalsın, biz bu pula üzüm alacağıq!

Yunan da özünü saxlaya bilmədi:

- Eh, ondansa gəlin stafil alaq.

Bir qalmaqal başladı ki, gəl görəsən. Bilgisiz adamlar bir-birilərini şil-küt elədilər, xəbərləri də olmadı ki, hamısının istədiyi eyni bir şey - üzümdü; bilmədilər ki, o bir dirhəm onların hamısını istəyinə çatdırar. Bir-birini başa düşməyənlərin dilini bilən, ürəklərin istəyini oxuyan bir kimsə çıxsaydı qarşılarına, o yazıq, o bilgisiz, bir-birinin qanına boyanan adamlar bilgi çırağının bircə közərtisiylə düşmənçiliyi bir yana atıb əminamanlıq və barışıq sarayının qapısına üz tutardılar.

Dirilərin qəbri haqqında hekayə

Bir cavan ağı deyə-deyə atasını son mənzilə yola salırdı:

- Niyə bu gözəl ev-eşiyini atıb döşəməsiz-xalçasız bir evə gedirsən, ata? Bu işıqlı dünyanı qoyub əbədi qaranlığa, əbədi sıxlığa, boğanağa nədən ötrü gedirsən? Orda dörd yanın daş-torpaq olacaq, plov nədi, heç bir dilim çörək, bir əlcə yuxa da tapmayacaqsan. Orda qaranlığı dağıdan çırağın da olmayacaq, işıq alıb işıq göndərən pəncərən də olmayacaq. O qapısız-pəncərəsiz, damsız-divarsız evdə qonşuların da eşitməyəcəklər səni. Orda bir içim su da tapmayacaqsan. Orda gözəlliyin köhnə paltar kimi əynindən çıxacaq...

Beləcə sadalaya-sadalaya oğul dizinə döyüb ağlayırdı. Atasıyla birgə başsağlığı verməyə gələn Cuxa oğlanın ağısını eşidib bərk həyəcanlandı, qorxa-qorxa atasına pıçıldadı:

- Allaha and olsun, bu ölünü bizim evə aparacaqlar!

- Kəs səsini, axmaq! - atası acıqlandı.

- Bu oğlan axı bayaqdan bizim evin əlamətlərini sadalayır, ata! Döşəməsiz-xalçasız... plov nədi, bir dilim çörəksiz, bir əlcə yuxasız. Görərsən, indi bu ölünü bizim evə aparacaqlar... O evə ki, hansı günahlarımıza görə isə bu dünyanı bizim qəbrimizə döndərib!

# 3483 dəfə oxunub

Oxşar xəbərlər

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

15:00 19 aprel 2024
"Cırtdan"  Şuşa Teatrının səhnəsində

"Cırtdan" Şuşa Teatrının səhnəsində

14:30 19 aprel 2024
“Sərhədsiz Puşkin”  adlı konsert keçiriləcək

“Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

13:30 19 aprel 2024
“Fotolarda canlanan tarix”  sərgisi başa çatdı

“Fotolarda canlanan tarix” sərgisi başa çatdı

13:00 19 aprel 2024
Kağıza çəkilmiş kvadrat  201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat 201 min dollara satıldı

12:30 19 aprel 2024
# # #