Mənim birinci oğlum - ərim

Mənim birinci oğlum - ərim
10 aprel 2018
# 11:40

Aybəniz Əlizadə

Yazmaq yanğısı

Gecə yuxumu qarışdırmışdım. Yozmağa da qorxuram. Yuxuda görmüşdüm ki, evimizin məndə olan ehtiyat açarını “birinci oğlum” kanalizasiyaya düşürüb. Mən də əsəbi halda deyinirəm. Əslində evimizin deyəndə ki, kirayə qaldığın hər ev sənin, bizim evimiz olmur, sadəcə keçici sığınacağımız deyə bilərik. Belə yozmaq istəyirəm ki, onsuz da üç-dörd aya buradan daşınmağı düşünürük, bəlkə də bu mərkəzi yerdədir deyə həmişə getmək-qalmaq arasındakı tərəddüdümə artıq son qoymağa bir işarədir. Amma digər tərəfdən də “Niyə açar kanalizasiyaya, mundar bir yerə düşür?” deyə fikirləşirəm. Deyəsən yozmağa qorxduğum yuxunu artıq yozmuşdum. Sadəcə özümə etiraf edə bilmirdim.

Həyatının sonunu da özü yazan istedadlı bir yazar dostum mənə demişdi ki, qələm xəyanət götürmür, bax filankəs xəyanət etdi, artıq yaza bilmir. O vaxtlar tez-tez yazırdım, Mövludun bu ibrətamiz cümləsini başa düşmürdüm. Onu deyim ki, başqaları sizə 50 min dəfə irad tutsa da yazmaqdan, bir şeyi etməkdən vaz keçmirsən, o zamana kimi ki, özün-özünə irad tutursan, onda vaz keçirsən. Yazmayandan bəri Mövludun bu cümləsi beynimdə özümlə vuruşurdu. Sual verirdim: Görəsən qələmə necə xəyanət etdim? Necə bəsitləşdim? Hansı doğrunu dandım? Niyə yazmıram?

İdarəçi və tabe olan



Qadın evlənəndə evliliyin ilk mərhələsində tabe olandır, ər idarə edən. Elə bil ki, hələ həqiqətən bioloji ana olmadığı halda mənəvi ana olur, uşaq dünyaya gətirir. Bu körpə sizi başa düşmür, qanmır hələ, böyüməlidir.



Uşağına vaxt ayıran, gecəsini-gündüzünə qatan hər ana o dövrdə özüylə məşğul ola bilmir, bunu düşünmür belə. Özünü körpəsinə həsr edir. Ta ki, o uşaq danışa, nəyisə qavraya bilənə qədər. Artıq burda ikinci mərhələyə keçirik. Yer dəyişir. Qadın idarə edən olur, uşaq tabe olan. Artıq öz doğrularına görə o uşağı tərbiyə etməyə başlayır.

Kişilər çox vaxt uşaqdır. Səbirlə onları böyütməyə məcburuq. Hə, bəzən uğursuzluqlarımız da ola bilir. Yaxşı ailənin “pis” övladı kimi. Və ya pis tərbiyəçi, idarəçilik qabiliyyəti, istedadı olmayan insan da ola bilərik. Bunlar normaldır. Amma yaxşı idarəçi olmaq yaxşıdırmı, pisdirmi bilmirəm. Çünki yaxşı idarəçi olmusunuzsa, siz artıq doğma anası olmadığınız bu “uşağı” ömrünüzün sonuna qədər idarə edib, tabeçiliyinizdə çıxarmamağa məcbursunuz.

Yazmaq yanğısı 2

Qışı, soyuq havanı heç sevmirəm. Bütün qışı ayı kimi öz mağaramda başımı qata, yata da bilərəm. Elə bilirəm ki, həyat donub.

O yuxu oyandığımdan bəri ürəyimə daralma, bəlkə də uzun vaxtdan sonra İstanbulun yaz sabahında bayırda quşların cikkiltisi, otağımıza şığıyan günəş, cıvıl-cıvıl insan, qarşımızdakı nalbur Bülənt amcanın taxta oymağı, qaynaq (svarka) səsləri ilk dəfədir tamamən evdə tək, birinci oğlum-yoldaşımın işə, ev yoldaşım - rəfiqəmin tətilə getməyi, dərsimin olmamağı məni özümlə baş-başa buraxmışdı.

Deyəsən “Qələmə nə xəyanət etmişəm?” sualıma cavab idi. Xoşbəxt olmuşam. Və ya İstanbulun uzun yollarında keçən zaman, insan qarğaşasında pis gün, təklik dostum yazmağı unutmuşdum. İndi sadəcə rabitəsiz mövzularla yazırdım, sadəcə yazmaq istəyirdim, nəsə yazmalıydım, yazmaq, başqa heç nə.

Bioloji valideyn ola bilməyənlər



Xalamla yoldaşının heç vaxt uşaqları olmamışdı. Anam balaca bacıma hamilə olanda mənim 5 yaşım vardı. Bugünkü kimi yadımdadır; xalamgil dizlərini yerə qoyub ailələrini qorumaq adına gecədən səhərə qədər atama, atamın anasına, anama yalvardılar ki, balaca bacımı onlara övladlığa verək. Anamın 6 gün əmizdirdiyi körpəsini gözü yaşlı onlara necə verdiyini unutmamışam. O yaşımda da “bacımı vermirəm” deyə ağlayıb uşaq saflığıyla etiraz etmişdim. Başqasına övlad verməyi bu yaşımda da dəstəkləmirəm. Uşaq evlərində bu qədər atılmış körpə varkən, niyə eqoistcə bir ananı balasından gözüyaşlı ayırasan, nədir-nədir götürdüyün uşağın valideynlərini tanıyasan, qanı-qanından olsun. Təhminənin Zaura dediyi kimi: “Sənin olmayan sənin deyil, başqasınındır”. Bəlkə də səhvəm. Hələ nə bioloji ana olmışam, nə də təzə evli olduğum üçün ana ola bilməmək qorxusunu yaşamışam.

Xalam xərçəng xəstəsi idi. Yoldaşı geniş ürəkli insan olsa da sevərək evlənsə də çox çətin, çox qəliz adam idi. Bilmirəm belə bir adamla yola getməyin çətinliyi, yoxsa doğma ana ola bilməmək psixologiyası, camaatın rişxəndi - hansı çətinliklər onu bu qədər qısa yaşamağa vadar etdi. Bu ilin fevral ayında iki ildi savaşdığı xərçəngə təslim oldu. Deyirəm axı iki il. Adam uzun müddət xəstə yatanda hamı onun ölümünə hazır olur. Amma bəs yoldaşı? Xalamın üçü çıxmamış olmadan, 14 fevral günü infarkt keçirib vəfat etdi.

Bu sillə kimi gəldi. Təbii ki, onlara övlad olaraq verilən bacım… Çox düşündüm. Xalamın əri arxayın idimi? Bacımın doğma atası-anası var, ona baxacaqlar. Arxasında doğma uşağı qalsaydı bəlkə onun üçün yaşayardı? Ya da bacım doğrudan da onların doğma uşağı olsaydı, onların taleyi bura qədərmişsə, doğma ata-anasını itirən bir tək qızın taleyi… Bilmirəm cümlələrimi nə dərəcədə başa düşdünüz, mənim özüm də bu sualların qarışıqlığında itirdim.

Ya da xalam ərinə-birinci oğluna fədakar ana olmuşdu. Xalam öləndə yoldaşı bir də onun bu qədər əziyyətini çəkən heç kim olmayacağına inanmışdı. Nə bacı, nə qardaş, nə uşaq, nə dost, nə qohum-əqrəba...

Anam bir dəfə mənə demişdi ki, atanız mənim həm atam, həm anam, həm uşağım, bacım, qardaşım, hər şeyimdir. Onda incimişdim, artıq anlayıram. Amma o uşağı böyütməsəniz, həmişə tabeçiliyində qalsanız o da, siz də bir gün özünüzü itirəcəksiniz.

# 1122 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #