Ginekoloq Səbinə Mirzəyeva üçün ağlayanlar

Ginekoloq Səbinə Mirzəyeva üçün ağlayanlar
5 aprel 2018
# 12:52

Aliyə

Üzünüzə qayğıkeşliklə gülümsəyən, halınızı xəbər alan, zənglərinizə, ismarıclarınıza diqqətlə yanaşan bir həkim təsəvvür edin.

Təsəvvür edin ki, yaxınlarınızla son əlaqə vasitəsi olan telefonunuzu əlinizdən alırlar, amma sizi əməliyyat otağına aparan o uzun dəhlizdə özünüzü özgələrin içində əsir düşmüş kimi hiss etmirsiniz, kimsə düz gözünüzün içinə baxır: “Yaxşı olacaq”, - deyir, ürək dirək verir. Özü də bu, sizin həkiminizdir.

Təsəvvür edin ki, bu davranışı da pulla almamısınız, həkim bunu vəzifə borcu hesab edir.

Hiss edirsiniz ki, insan kimi dəyərlisiniz və bunu sizə həkiminiz hiss etdirir.

Necə olubsa, gördüyü yüzlərlə xəstə onda laqeyd münasibət yarada bilməyib. Elə bir həkim ki, qarşısında soyunub, bədəninin hansısa “özünü düz aparmayan” hissəsini göstərəndə var olduğunuz üçün utanıb ölmürsünüz. Həkim öz davranışı ilə sizi bir bədən yerinə qoyub aşağılamır.

Əlbəttə, Heç bir həkim sizi döyüb söymür, amma onun səs tonu belə sizi təhqir edə bilər.

Müşahidələr göstərir ki, xəstə həmişə həkimdən nəzakətdən, adi etiketdən daha artığını istəyir. Həkim xəstəni sevməli deyil, xəstə onun anası, atası, qardaşı bacısı deyil. Onda bu təmənnanın adı nədir? - Bunun adı peşə etiketidir.

Çünki həkim sənin bədəninə-şəxsi ərazinə müdaxilə edəcək adamdır. Səsindəki sərtlik belə səni sarsıdır, özünü aşağılanmış hiss edirsən. Çünki onun qarşısında sən bir bədənsən.

Hələ bu bədəni xəstələndirib həkimin qızıldan qiymətli vaxtını aldığın üçün günahkar bədənsən.

Müayinə zamanı davranışın olduqca həssas məqam olduğunu sübut etməyə ehtiyac yoxdur.

Adi bir detal, məsələn, həkimin sənədə baxıb xəstəyə adı ilə müraciət etməsi belə xəstəni nə qədər rahatladır.

Yəqin, bu kimi vacib peşə etiketləri tibb fakültələrində öyrədilir.

Amma və lakin biz xəstələnəndə qorxuya düşür, yaxşı həkim axtarışına çıxır, tanış axtarıb özümüzü tapşırtdırırıq. Qaşqabaqlı sima, kobud müraciət, qorxulu diaqnoz, bahalı reseptlə qarşılaşmaqdan qorxuruq. Həkim qarşısında iynədən qorxan uşaq kimi gərgin oluruq. Səhhətimizlə bağlı nigarançılıq müayinə zamanı gərginliyə keçir.

Məşhur ginekoloq Səbinə Mirzəyevanın vəfatına çoxlu sayda insanın üzüldüyünün şahidi oldum. Bunların hamısı onun xəstələri deyildi. Əlbəttə, Səbinə xanımın xəstələri çox olub, mətbuatda tanınıb, konfranslarda iştirak edib, televiziyada çıxış edib, lap deyək ki, piarın da rolu var, gözəlliyi, gənc yaşda dünyanı tərk etməsi də insanları çox təsirləndirib.

Amma məncə, məsələ bunda deyil. Hətta məşhur ginekoloqun savadlı olub-olmamasında, sahəsini dərindən bilib-bilməməsində də deyil.

Məsələ onun xəstələrinə ürəklə gülümsəməsində idi. İnam verən gözəl gülüş. Bu özü də peşəkarlığa aid deyilmi? Həm də piar-menecer peşəkarlığı deyil, tibbə aid peşəkarlıq...

# 1810 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #