Kim olduğunu polisdən soruşan yazıçı

Kulis.az gənc yazar Nemət Hacıəliyevin “Mən kiməm" essesini təqdim edir.

 

Yazıçı bir balkonun altında oturub düşünürmüş. Ev yiyəsi narahat olub polis çağırır. Polis yaxınlaşaraq deyir: “Sən kimsən?” Yazıçı cavab verir: “Bunu mənə desən böyük köməklik etmiş olarsan.”

 

İnsan kimdir? Milyonlarla hüceyrənin içərisindən sağ çıxmağı bacaran yeganə hüceyrə? Yaşamaq üçün ölümlə mübarizə aparan varlıq? Kimdir insan? Nə üçün yer üzünə gəlib?

 

Səməd Vurğun şeir yazarkən çox düşünürdü. Bir də siqaret əlini yandıranda ayılırdı. Nə üçün insan bu qədər düşünür? Düşünməyən insana "Xoşbəxtdir, əzab çəkmir" deyirlər. Düşünmək, özünü tapmaq... Bəşəriyyətin ən ağır imtahanıdır...

 

Nə cür yaşayasan? Xarakterlə, əqidəylə, özbaşına? Yazıçı suallara cavab verən yox, sual verənin özüdür. Yazıçı sual verməyi bacarmalıdır. Məsələn, Kenzaburo Oe “Göylərin əks-sədası” əsərində sual verir:

 

“Həqiqətin gözlərinin içinə baxaq: istənilən vaxt ölmək olar. Ona görə tələsməyə nə ehtiyac var?”

 

Suallara hər kəs özünə uyğun cavab taparaq öz yolunu müəyyənləşdirir.

 

Tarzən xanəndəni yorulmağa qoymadığı kimi, insanı həyatdan yorulmağa qoymayan suallardır. Suallar düşünün. Sual işarəsini cənnətdəki ilan və almaya bənzədənlər də var. Sual sirdir, labirintdir.

 

Hər bir xırdalığı düşünməlisən. Dostoyevski “Cinayət və Cəza”da yazır ki, xırda bir səhv insanı məhvə aparır. Xırdalıqlara fikir verin. Kəpənək effektinə baxın. Bir kəpənəyin burada qanad çalması başqa ölkədə tufana səbəb ola bilər. Yazarkən belə diqqətli olmalısan. C.Ourell yazır ki, yazı bir təbliğatdır.

 

Hətta gülərkən belə diqqətli olmalısan. “İstehzalı gülüş güclü insanların gülüşüdürsə, yumor aşağı təbəqələrə məxsus gülüşdür. Ona görə Volter istehza ilə gülürdü.” – bunu isə  Martin Paj deyir.

 

Diqqətli olmağı analardan öyrənmək olar. Uşaqlıqda çoxumuz görmüşük. Ana öz payını övladına verir. Özü ac qalsa belə uşağının ac qalmaması onu sevindirir. Kolin Makkalou “Tikanlıqda şərqi deyənlər” əsərində yazır:

 

- ...Əgər özünə və övladların yeni geyim alıb-almamaq arasında seçim etmək lazım gəlirsə, özünü ixtisara salırdı. Bu, milyon öpüşdən daha üstün olan məhəbbətin sübutu idi.

 

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018