Fransada Zəfər Tağından keçirilərək dəfn edilmiş yeganə azərbaycanlı

 

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

 

***

 

Əlimərdan bəy Topçubaşov

 

"Xüsusilə, ölçülə bilməz ağırlıqda vəzifə qəbul etmiş bizlər, indiki vəziyyət nə qədər çətin olsa belə, ümidsizliyə qapılmamalıyıq. Eyni şeyi, dostum, sənə də tövsiyə edirəm. Çünki, Uca Tanrı, hər cür məhrumiyyətlərə və həyatın məşəqqətlərinə dözmən üçün səbri səndən də əsirgəməmişdir.

 

Artıq iki aydır ki, kimlərin hökm sürdüyünü bilmədiyim ölkəm , necə yaşadıqlarını və nə ilə dolandıqlarını bilmədiyim ailəm ilə əlaqələrim büsbütün kəsilib... Əgər belə davam edərsə, yaxında mən və bütün nümayəndə heyətimiz burada möhtac vəziyyətinə düşəcəyik! Bəs 78 azərbaycanlı tələbə burada, Almanyada İtaliyada nə edəcəklər - düşünmək belə qorxuncdur... Fəqət, rədd olsun bədbinlik! Gəlin daha yaxşı gələcək ümidləriylə bəslənək..."

 

 

O bunları yazanda Birinci Cümhuriyyət yenicə işğal olunmuşdu. Artıq 60 yaşın astanasındaydı, geridə çətin, əzablı bir həyat yolu, mübarizəylə dolu ömür buraxmışdı. İllər uzunu uğrunda canını fəda elədiyi Şərqin ilk demokratik cümhuriyyəti xain işğal nəticəsində süqut eləsə də, nə əqidəsindən, nə də mübarizəsindən bir addım geriyə çəkilmişdi. Azərbaycanın müstəqilliyinin, həm də onun kimi cəlayi-vətən olmuş minlərlə soydaşının, hətta özünün belə sağ-salamat qalması, yaşamağa davam eləməsi üçün mücadilə verəcəyi ağır illər... Bu mücadilə isə son mənzilə qədər davam edəcəkdi. Parisin Sant-Klu məzarlığındakı bu qərib məzara qədər... Bu insan Əlimərdan bəy Topçubaşovdur...

 

 

Hələ erməni bolşevik əsirliyində olarkən, may ayının 28-də Tiflisdə artıq Azərbaycan Cumhuriyyəti yaradılmış və Milli Hökumət Gəncəyə gəlmişdi.

 

Azərbaycan Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Əlimərdan bəy Topçubaşov Fətəli Xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinədə portfelsiz nazir, oktyabrında isə xarici işlər naziri vəzifəsinə təyin edilir. Cümhuriyyət yarandığı gündən təcrübəli hüquqşünas alim kimi vətəninin dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışır. Azərbaycan hökuməti Osmanlı İmperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərir. Fətəli Xan Xoyskinin Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi teleqramından oxuyuruq: "Hökumətin 1918-ci il 20 avqust qərarı ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir".

 

1918-ci il dekabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başladı. Milli Şuranın və Müsavat Partiyasınının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi. Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanmış Ə.Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçildi. Dekabrın 28-də parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Yüksək səviyyəli təhsil aldığına və peşəkar hazırlığa malik olduğuna görə, həmin dövrdə respublikamızın rəhbərləri məhz onun müstəqil Azərbaycan respublikasının diplomatik missiyasına Paris sülh konfransında rəhbərlik etməsini daha məqsədəuyğun hesab edirlər. Beləliklə, bu tərkibə də Əlimərdan bəy Topçubaşov sədr seçilir.

 

 

1918-ci il avqustun 23-də Gəncədən yola düşən Ə.Topçubaşov Tiflis, Batum marşrutu ilə hərəkət edərək, çox çətinliklərdən sonra sentyabrın axırlarında İstanbula çatır. O, İstanbula gəldikdən sonra qısa müddətdə, yəni 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultanı, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları ilə görüşmüş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparır.

 

 

Nümayəndə heyəti Fransaya gəldikdən sonra əvvəlcə Parisin Terminus-tLazere, sonra isə "Klariç" mehmanxanasına yerləşirlər, nümayəndə heyətinin tərkibi haqda Fransa Xarici İşlər Nazirliyinə məlumat verirlər. Onlar bu mehmanxanada uzun müddət qalmalı olduqlarından nümayəndə heyətinin ünvanı olaraq məhz "Klariç" mehmanaxasını göstərirlər.

 

 

Agır və böyük diplomatik bacarıq tələb edən görüşlər, danışıqlar nəhayət ki, nəticə verir. 1920-ci il yanvarın 15-də Azərbaycan Fransa Xarici İşlər Nazirliyinin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirir və Əlimərdan bəy Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verir. Çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Əlimərdan bəy Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı:

 

 

"Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur... bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik... Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq... Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq".

 

 

Ancaq bu diplomatik uğur Azərbaycana öz müstəqilliyini əbədiləşdirmək fürsəti vermədi. 1920-ci il aprelin 28-də Azərbaycan Cümhuriyyəti Qırmızı Ordu tərəfindən işğal edildi.

 

Cümhuriyyətin süqutundan sonra da mühacir hökumət nümayəndələri və Avropaya göndərilən tələbələr gözünü ona dikmişdi: hamı – dünya dövlətlərinin siyasi və hərbi dəstəyini məhz Topçubaşovun qazanacağına ümid edirdi. Əlimərdan bəy də Azərbaycanın Sovet Rusiyası tərəfindən zorla ələ keçirilməsi ilə bağlı anneksiya faktının dünya ictimaiyyətinin diqqətinə çatdırılması uğrunda fəaliyyətini davam etdirir. O, ümid edirdi ki, dünya dövlətləri bu işğala laqeyd yanaşmayacaq və Azərbaycanın müstəqilliyinin bərpası təmin olunacaq. 1920-ci ilin noyabrında Cenevrədə, Millətlər Liqasının kürsüsündə Xalq Cümhuriyyəti parlamentinin başçısı olaraq çıxış edən Topçubaşov “Azərbaycanın işğal edildiyini” rəsmən bəyan etdi. London, Genuya (1922) və Lozanna (1923) konfranslarında da bu işğaldan, bolşeviklərin törətdikləri özbaşnalıqlardan, vəhşiliklərdən danışan Topçubaşov hər vəchlə işğalın tanınmasına və etirafına çalışırdı.

 

 

"Çox hörmətli Məhəmmədəmin Bəy, bu dəfə şair Əhməd Cavad və Əli Yusifin qurbanı olduqları Bakıdakı növbəti həbslər barədə eşitmək mənə çox ağırdır. Hər ikisinə sədd heyif. İndiki kimi yadımdadır, Əli Yusifi dilə tuturdum ki, zülmün, qisasın, xəyanətin hökm sürdüyü o yerə getməsin. Burada, nümayəndəlikdə ona daimi bir iş tapa bilmədiyim üçün çox təəssüf elədiyimi onun özünə də demişdim. Görünür, bu səfərə onu vadar edən səbəblər daha güclü oldu. Ancaq gedəndə mənə söz verdi ki, son dərəcə çox ehtiyatlı olacaq. Zavallı gənc unutdu ki, şərin tüğyan elədiyi yerdə heç bir ehtiyatlılıq köməyə gəlmir. Rus bolşevizmi adlı bu dəhştli qüvvə bu gedişlə davam etsə, Azərbaycanın bütün ziyalılarının və gəncliyinin tamamilə məhv olması qaçılmaz olacaq”

 

Hörmətlə Əlimərdan bəy Topçubaşov".

 

 

Əlimərdan bəyin bu illər ərzində hansı əzablara qatlaşdığını təsəvvür eləmək çətin deyil. Bəli, Azərbaycan nümayəndə heyətinin rəhbəri maddi imkansızlıqdan Parisdəki həyatı dövründə bu şəhərdə yaşadığı evi dəfələrlə dəyişmək məcburiyyətində qalmışdı.

 

1927-ci ilin yayında çox ağır sarsıntılar içində olan Əlimərdan bəy isə Ceyhun Hacıbəyliyə yazırdı: "Avqust ayı və onunla birlikdə tətil də başa çatır. Heç düşmənimə də, əgər beləsi varsa, tamamilə mənəvi əzablardan ibarət olan bu cür tətil arzulamıram. Yenidən mənim üçün həll edilməsi çətin olan şərait yaranıb və mən bu şəraitdə heç bir artıq xərcə yol verə bilmərəm. Borclar yenidən artıb və müxtəlif ehtiyaclar yenidən özü haqqında fəryad etməkdədir. Mənzillə bağlı lənətə gəlmiş məsələ Domokl qılıncı kimi başımızın üzərindən asılıb və indiki şəraitdə uşaqları çətin ki, bir yerə göndərə bilək. Bu vəziyyət həm ağlamalı, həm də gülməlidir. Hər dəfə ağır borcun altında girdiyimə baxmayaraq yenidən tükənməyən ehtiyacın cəngində boğuluram".

 

 

Çox sonralar bilinəcəkdi ki, Topçubaşov ölümündən bir neçə ay əvvəl Azərbaycan, Gürcüstan və Dağıstanın mühacir liderləri ilə bərabər “Ümumqafqaz Birliyi”nin yaradılması bəyannaməsini imzalamış, ömrünün sonuna qədər ölkəsinin azadlığı uğrunda səylərini davam etdirmişdi.

 

Belə ki, 1934-cü il iyul ayının 14-də Qafqaz Respublikaları Qafqaz Konfedarasiyası paktını imzaladılar. Bu pakta görə, Azərbaycan Şimali Qafqaz və Gürcüstan Respublikaları gələcəkdə həm gömrük, həm idarəetmə, həm də hərbi məsələlərdə birgə mövqedən çıxış edəcəkdilər. Həmişə olduğu kimi, bu dəfə də Ermənistan paktı imzalamaqdan imtina etdiyindən paktın 6-cı bəndində Ermənistan üçün bu paktda yer saxlanılması barədə qeyd var. Qafqaz Konfedarasiya paktın imzalamasından sonra Əlimərdan bəy özünü heç də pis hiss eləmir və gələcəyə ümidlə baxır. Bütün Azərbaycan və qonşu xalqları Konfedarasiya bayrağı altında birləşdirməyi arzulayırdı. Bu istiqamətdə o bir tərəfdən öz gücünə inanır, digər tərəfdən müalicə həkimi də ona ümid verirdi. Ancaq tale başqa cür qərar verdi. 1934-cü il noyabr ayının 5-də saat 12:00 də Əlimərdan bəy keçirdiyi ağır iflic nəticəsində həyatla vidalaşmalı oldu. Topçubaşovun cənazəsi minlərlə insanın müşayiəti ilə Parisin məşhur Zəfər Tağı qapısından keçirildi. Fransada Zəfər Tağından yalnız dünya miqyaslı siyasi, ictimai xadimlər son mənzilə yola salınırdılar. Bu baxımdan Topçubaşov cənazəsi Zəfər Tağından keçirilərək dəfn edilən yeganə azərbyacanlıdır. O, Paris yaxınlığındakı Sen-Klo məzarlığında dəfn olunur.

 

"Biz milli hərəkatımızın ziyalı nümayəndəsini, görkəmli dövlət xadimini, milli müstəqillik uğrunda mübariz döyüşçünü itirmişik… Vaxt gələcək, ölkəmiz azad olunacaq, parlamentin ilk sədrinə minnətdarlıq hissi nümayiş etdirən xalqımız onun müstəqilliyi uğrunda yorulmadan döyüşən bu insanın adını yaddaşlara əbədi həkk edəcək.

 

Məhəmməd Əmin Rəsulzadə, 1934-cü il".

 

Ceyhun bəy Hacıbyov

 

Mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan C.Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa  şəhərində anadan olmuşdur. Ceyhun bəy ilk təhsilini əvvəl Şuşada almış, sonra  Bakıda rus-tatar məktəbində davam etdirmişdir.

Üzeyir bəyin məşhur "Leyli və Məcnun" operasının yaranmasında Ceyhun bəyin də yaxından köməyi olmuşdur. Bu Ceyhun bəyin şəxsi sənədlər arasında saxlanılan "İlk Azərbaycan operası necə yaranmışdı" xatirə yazısında öz əksini tapmışdır. 

 

 

Bakıda, Sankt-Peterburqda və Parisdə təhsil alıb. Azərbaycan Xalq Cumhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin redaktoru olub, Paris Sulh Konfransına gondərilən Azərbaycan numayəndə heyətinin muşaviri kimi calışıb. 1920-ci ilin aprelində Azərbaycanda baş verən cevrilişdən sonra muhacirətdə qalmağa məcbur olub. 1927-1933-cu illərdə “Prometey” hərəkatının fəallarından biri kimi tanınıb. 1937-ci ildən “Qafqaz” jurnalının fransızdilli versiyasının redaktoru kimi fəaliyyət gostərib.

 

Fransada nəşr edilən coxsaylı jurnallarla əməkdaşlıq edib, Azərbaycan tarixi, ədəbiyyatı və dili haqqında coxsaylı məqalələr yazıb.

 

 

Uzeyir bəyin “Arşın mal alan” musiqili komediyasını fransız dilinə tərcumə edərək, 1925-ci il iyulun 4-də Parisin “Femina” teatrında fransız aktyorların ifasında tamaşaya qoyub.

 

Hacıbəylilərin Fransadakı nəsil davamcıları haqqında əldə olunan məlumatlar belədir: Timucin bəy birinci dəfə ixtisasca musiqiçi olan fransız xanımla ailə qurub və bu izdivacdan Ceyhun-Klement Hacıbəyli kimi tanınan oğlu doğulub.

 

Ceyhun-Klement Hacıbəyli hazırda Laosun paytaxtı Vyentyan şəhərindəki fransız liseyində musiqi muəllimidir. Caz ifacısı kimi tanınır. Bu istedadlı musiqici də mənsub olduğu məşhur nəslin yaradıcılıq və ifacılıq ənənələrini yaşadır və uğurla davam etdirir.

 

Azərbaycan ədəbiyyatını, incəsənətini, tarixini yetərincə təbliğ edən Ceyhun bəy Hacıbəyli 1962-ci ildə - əlli altı il bundan əvvəl Fransada vətən həsrəti ilə gözlərini əbədi yumub Parisin Sen-Kulu qəbiristanlığında torpağa tapşırılıb.

 

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar” 

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

İtalyanların başına and içdiyi “İvan Russkiy” ləqəbli seyid 

Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ

Sankt-Peterburqdakı bu məzarlıqda onun adı birincidir

Mopassan, Bekket və Kortasarla eyni məzarlıqda yatan 3 azərbaycanlı

 

 

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018