Bölgələrimizdə Novruzu belə keçirirlər - Fotolar

Bölgələrimizdə Novruzu belə keçirirlər - Fotolar
21 mart 2022
# 09:00

Kulis.az Azərbaycanın müxtəlif bölgələrində keçirilən Novruz adətlərini təqdim edir.

Bakı-Abşeron bölgəsi

Bakı mətbəxinin şirniyyatı da çeşidlidir. Bura paxlava, şəkərbura, qoğal, şərbətlər, səməni halvası və s. aiddir. Adətən bu nemətlərin hazırlanması yazın gəlməsi ilə qeyd olunan Novruz bayramı ilə üst-üstə düşür. Papaq atma, qapı pusma və s. adətlər də yerinə yetirilir.

Bayrama bir neçə gün qalmış evin yorğan-döşəyini, pal-paltarını bayıra töküb təmizləmək adəti xalqımızın təmizliklə bağlı inanclarındandır. Xalqda belə bir inam var ki, Novruzda il təzələndiyi kimi, hər şey təzələnməli, təmiz olmalıdır. Elə buna görə də bayram ərəfəsində hər bir uşağa təzə paltar alınır, uşaqlar bir dəsmalla, köynəklə, corabla da olsa sevindirilir.

Image result for bakıda novruz

Gəncəbasar bölgəsi

Gəncə paxlavası respublikanın müxtəlif şəhər və rayonlarında adətən Novruz bayramı ərəfəsində, nişan və toy məclislərdə hazırlanır. Gəncə paxlavası digər bölgələrdə bişirilən paxlavalardan öz ölçüsünə və ona əlavə edilən ədviyyatına görə fərqlənir. Gəncə paxlavası adətən mis məcməyidə, köz üzərində bişirilir və bir qədər böyük ölçüdə romb şəkilində kəsilir.

Novruz bayramında gəncəlilər mütləq evdən hansısa əşyanı bayıra atırlar.

Qazaxda səhər erkəndən qapı-qapı dolaşan kənd sakinləri gün boyu il ərzində rəhmətə gedən adamların ailəsinə başsalığı verir, bir növ ölü sahibinin dərdinə şərik olduqlarını göstərir, yasdan çıxarırlar. Ölü sahibləri isə ayaqüstü qapısına baş çəkib, dərdini bölüşən insanlara şirinlik paylayırlar.

Qazax rayonunun Yuxarı Salahlı kəndi isə bayramın qeyd edilməsi baxımından daha unikal bölgədir. Hələ sovet rejiminin adət-ənənələrimizə qadağalar qoyduğu dövrlərdə belə, öz adət-ənənələrinə sadiq qalan kənd sakinləri müstəqillik dövründən daha canlı, daha maraqlı keçirib Novruzu. Martın 21-i Yuxarı Salahlıda hər kəsin qapı-bacası açıq olur. Kənd əhli günortadan xalq şairi Səməd Vurğunun doğum gününü qeyd edir, şairin muzeyinə yığılan insanları şeirlə, sazla qarşılayıb yola salır. Hava qaralandan sonra isə axşam keçiriləcək bayram şənliyinə tədarük görür, ocaq çatır. Zurna, nağara çağırır, məclis qurur.

Maraqlı bayramı izləmək, onun iştirakçısı olmaq üçün qonşu rayonlardan, hətta paytaxtdan da bura gələnlər olur. Kəndlilər bu özfəaliyyəti “Salahlı karnavalı” adlandırırlar.

Gənc oğlanlar müxtəlif qadın paltarları geyinib, evlərə getməklə həm ev sahiblərini əyləndirir, həm də öz sevdikləri qızları yaxından görə bilirlər. Kəndin hər tərəfində alovlanan bayram tonqalları isə xüsusi gözəllik verir. Səhər saatlarına qədər davam edən "Salahlı karnavalı" görənləri təəccübləndirir.

Image result for gəncədə novruz

Qarabağ bölgəsi

Novruz bayramına bir ay qalmış geniş xalq kütləsi elliklə çillə çıxarmaq üçün şənliyə toplaşardılar. Şuşada bu daha təmtəraqlı keçirilərdi. Burda köhnə ilin qəmini-qüssəsini köhnə ildə qoyub yeni ilə şadlıq aparmaq üçün əhali adəti üzrə çalıb oxumağa, rəqs etməyə üstünlük verərdi. Bu şənlik el bayramı olduğu üçün böyükdən kiçiyə kimi hamı bu məclisə yığılar, sözün əsl mənasında şadlıq edərdi. Şuşanın bütün ziyalıları, varlı və kasıb adamları, məşhur və qeyri-məşhur musiqiçilərinin hamısı bu şənlikdə iştirak edərdi.

Novruz bayramı mənşəyi, tarixi və adətləri - Granit AS

Naxçıvan bölgəsi

Naxçıvan bölgəsində bir neçə qədim adət qorunmaqdadır. Bunlardan biri də “Xan bəzəmə”dir. Novruzda muxtar respublikanın Ordubad rayonunda bayram ərəfəsində bir nəfər “xan” seçilir və o, üç gün əsl “xan” kimi geyindirilir, başına tac qoyulur. Meydanda hündür bir taxt düzəldib “xan”ı ora dəvət edirlər. İki nəfər balaca uşaq “xan”ı yelpiklə yelləyir. Kim istəyir könüllü ona qulluqçu olur.

Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. “Xan”ın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. “Xan”ın əmrinə hamı tabe olur. Hərə öz qabiliyyətini nümayiş etdirir. Arada təlxəklər gəlib “xan”ı güldürməyə çalışırlar. “Xan” isə gərək ciddiliyini qorusun, gülməsin. Əgər gülsə, onu hovuzdakı suya basırlar, sonra təzə “xan” seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər “xan” üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır.

Bayram günü xonçalar bəzənər, qoz, fındıq, püstə, kişmiş, mövüc, şabalıd, cürbəcür meyvələr, hədiyyələr, boyanmış yumurtalar tabaqlara yığılıb nişanlı qızlara aparılar. Çox zaman qırmızı lent bağlanmış səməniləri də apararlar. Bu da həmin evə xeyir-bərəkət, ruzi gətirsin deyə mənalandırılır.

Novruz axşamının səhəri günü ağsaqqalları, ağbirçəkləri görmək adəti uzun illərdir yaşamaqdadır. Bayram günü səhər tezdən qız-gəlinlər axar su üstünə, bulaq başına gedər, evə su gətirərlər, həmin suyu həyət-bacaya səpərlər. Sonra cavanlar bir alma ilə də olsa qonşuları, ağbirçəkləri yad edər, onların bayramını təbrik edərlər.

Bayram ərəfəsi Əlincə qalasında saxlanılan daş lövhə təntənəli şəkildə Nuhun Naxçıvan şəhərində yerləşən məzarına gətirilir. Mərasim daş lövhənin Nuhun məzarı üzərinə qoyulması ilə başlayır. Məhz həmin mərasim “Nuhtaban” və ya “Həzaranpir” adlanır. “Nuhtaban” Nuhun məzarına işarə olaraq “İşıq saçan” deməkdir. Mərasimin “Həzaranpir” deyimi də mühüm bir semantik anlama malikdir. “Həzar” min rəqəmini ifadə edir. “Həzaran” minlər mənasında işlənir. “Həzaran” – yəni “min yaşlıların min yaşlısı” deməkdir. “Pir” isə “qoca”, “mürşid”, “rəhbər”, “peyğəmbər” mənalarında işlədilir. Həzaranpir dеyiləndə, yəni yaşlıların min yaşlısı, qoca Nuh Peyğəmbər nəzərdə tutulur.

Belə mərasimlərdən biri də “İlin on üçü” adlanır. Maraqlısı odur ki, mərasimin mahiyyətində “yalan yuma” adəti dayanır. Bayramdan iki gün sonra arvadlı-kişili, oğullu-uşaqlı bir çayın qırağına yığışar, yeyib-içər, kim də nə qədər istəyər, o qədər yalan danışar. Gün batana yaxın əllərini çayda yuyub deyərlər: “Bu yalanların hamısını axıtdıq suya, bununla da yalan qurtarır”.

Image result for naxçıvanda novruz

Şirvan və Aran bölgəsi

Novruz bayramında qapılar açıq qoyulur. Həm yaz havasının qutlanması, həm də qapıya gələcək insanlara şirniyyat, qoz-fındıq, badam, və s. paylanması üçün sanki yol gözləyirlər. Şirvanda dördüncü çərşənbə ağaca düşürmüş. Hər çərşənbənin bir şeyə aid olması o çərşənbəyə düşən cismin dirilməsi, canlanması, istiləşməsi deməkdir.

Image result for Şirvanda novruz novruz

Quba-Xaçmaz bölgəsi

Zərdüştilikdən əvvəlki əski etiqadlarının bayram şənliklərində özünü əks etdirməsidir. Bunlar içərisində Böyük Çillə günlərində əkin sahəsinə gedib sübh çağı doğan günəşin qarşılanması, şənliklərin keçirilməsi, onun şərəfinə qurbanların kəsilməsi, məclislərin qurulmasıdır. Belə şənliklərdə, adətən, dəvə, öküz, cöngə qurban kəsilərdi.

Yerli camaat çay sahilinə şənliklər düzəldir, bayram nəğmələr oxuyur və insanların bir-birinin üzərinə su çiləyir...

Novruz bayramından iki gün əvvəl bulaqdan, yaxud çaydan – axar sudan “lal su” gətirilir. Su gətirməyə gedən şəxs qabı əlinə götürəndən ta suyu gətirib evdə iynə salınacaq qaba tökənəcən dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və onu gətirən şəxs bir neçə nəfər tərəfindən müşayiət oluna bilər. Suyu qaba tökəndən sonra iki iynənin gözünə pambıq dolayır və hərəsini bir tərəfdən suya salırlar. Sonra iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Uğurlu halda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə gedir və bir-birinə qovuşmur. İynə suyun dibinə çökərsə, deməli, su “lal su” deyil.

Image result for qubada novruz

Lənkəran bölgəsi

Lənkəranda Novruz mərasimi əlahiddə bir gün olaraq deyil, bir-birinin davamı olan bayramlar halında qeyd edilir. Novruza, yeniliyə, oyanışa hazırlıq, nə qədər qəribə olsa da, hələ yayın sonundan, payızın əvvəllərindən başlanır. İnsanlar qışın ilk günü sayılan çillə gecəsinə (ağırlığın, yəni qış fəslinin daxil olduğu an münasibətilə) tədarük görür, həmin günə çillə qarpızı və ağ boranı (balqabaq da deyilir) ehtiyatını görürlər. Həm çillə qarpızı, həm də ağ boranı əslində qışı və baharı simvolizə edir.

Bayram ərəfəsi suların arxlardan, xəndəklərdən sərbəst axması üçün həmin çərşənbədə kişilər əlinə bel, daraq alaraq otları, kolları təmizləyir, arxların, xəndəklərin gözünü açırlar. İnsanlar həmin çərşənbə günündə axar suya gedər, su ilə bağlı müxtəlif inamlar söyləyər, fallar açarlar. Şəhər mərkəzində tək-tək olsa da, Lənkəranın bir çox kəndlərində bu ayinlər kütləvi şəkildə icra olunmaqdadır. Su çərşənbəsinə “əzəl çərşənbə” də deyilir.

Lənkəranda adətdir ki, çərşənbə axşamı mütləq balıq, Novruz gecəsində isə toyuq yeyilsin. Nişanlı qızlar üçün bu nemətlər qabaqcadan qız evinə göndərilər.

Səhər tezdən elliklə axar su üstünə gedilər. Hətta xəstələr belə çaya aparılar, dizə, topuğa kimi ayaqlar suda yuyular: “Dərd-bəlamı su aparsın”, - deyərlər.

Lənkəranda ilaxır çərşənbə günündən xeyli əvvəldən başlayaraq ev-ev, həyətbəhəyət gəzib bayram nəğmələri oxuyan “novşud”çuları görmək mümkündür. Xüsusilə ilaxır çərşənbə gecəsində, Novruzaqədərki ərəfədə bu, daha da fəallaşır. Yeniyetmə uşaqlar, bəzən də cavanlar kosa-keçəl libasında, əllərində təbil-nağara həyətə daxil olaraq mahnı oxuyurlar. Bəzən mahnının ardını onlara tamaşaya durmuş camaatdan soruşarlar. Bilməyən olanda yüngülvari cəzalandırılır, pay-püşk alınır, yumoristik atmacalar atılır.

Image result for lənkəranda novruz

Şəki-Zaqatala bölgəsi

Novruz bu bölgə də özünəməxsus keçir. Hələ bayrama bir ay qalmış hazırlıq başlanır. Həyətlər təmizlənir, evlərin divarları rənglənir, ağaclar ağardılır, pal-paltar, xalça-palaz günə verilir.

Çərşənbələrdə tonqal qalanır, papaq atılır, qapı pusulur. Bölgə sakinlərinin çərşənbələrlə bağlı inancları var. Bir inanca görə, yazda birinci sel gələndə kim onun suyundan içərsə, bütün xəstəlikləri sağalar.

Bu bayram axşamında adamlar bir-birinə pay göndərir, əzizini itirənlər isə yasdan çıxır. Kəndlərdə camaat bir yerə yığışır, bayramı birgə keçirirlər. Qız-gəlinlər qulaq falına, uşaqlar papaqatdıya çıxırlar. Şəhərdə və kəndlərdə günəşi, yazı çağırmaq üçün Qoduya çıxmaq adəti geniş yayılmışdır.

Məhəllənin cavanları ağacdan Qodu düzəldir, başına qırmızı yaylıq bağlayır, küçələri gəzirlər. Şəkidə Novruz günlərində təzə doğmuş inəyin südündən ağız, bulama, yayma bişirilər, səməni qoyular, səməni horrası çalınardı.

Bayramdan bir-iki gün əvvəl Şəkidə və kəndlərdə camaat səhər tezdən doğmalarının qəbirlərini ziyarətə gedər, ölülərinin ruhlarını yad etməyə tələsərdilər. İnanca görə bu ruhlar səhər tezdən gün doğana qədər qəbirlərin ətrafında dolanar, gələnlər pay-püşlə ruhları sevindirərlər. Bayram axşamı ölülərin adlarına qazan asılardı.

Axırıncı çərşənbə günü evin ağsaqqalı əlində balta səhər tezdən həyətə düşər, bar verməyən ağacı kəsməklə qorxudardı. Kimsə arxadan "kəs, kəs" deyər, o, baltanı ağaca vurmaq istəyəndə isə bir başqası "kəsmə, kəsmə, bar gətirəcək" deyər, ağacı kəsməyə qoymazdı. Bayram axşamı uşaqlar tonqal ətrafında yığışar, çoxlu çala qazar, əllərində uzun ağacla çövkan, dirədöymə oynayar, şənlənər.

Bayram günü səhərə qədər küçədə tonqallar, evdə lampalar sönməz. Adamlar niyyət edib elə yatarlar...

Image result for şəkidə novruz

Kəlbəcər-Laçın bölgəsi

Əsgilərdən lopa düzəldib məftillə sarıyır, məftilin bir ucunu da qulp kimi uzadırdılar. Həmin qulpu əyib əllərində fırladırlar. Bayramdan bir həftə əvvəl hazırlanan bu lopalar neftin içinə salınır. Bayram gecəsi ona od vurub əllərində fırladır, sonra isə göyə tullayırlar, eynən şar kimi.

Qızlar hərəsinə bir yumurta götürür, axır çərşənbə günü çayın qırağına düzür, yanlarına qırmızı karandaş və kömür qoyurlar. Sabah gəlib yoxlayırlar: hansına qara ləkə düşübsə onun gələcəyi yaxşı olmur, qırmızı düşərsə xoşbəxt olurlar.

Axır çərşənbədə iki iynənin dəliyindən pambıq keçirirlər. Bu sevgililərin qovuşub-qovuşmamağı üçün edilən bir adətdir. Təmiz suyla dolu qazançaya iynələri qoyub qabı azca tərpədirlər. Yanaşı duran iynələr o demək idi ki, sevgililər qovuşacaq.

Onların belə bir inancı var ki, axır çərşənbədə yatmayıb səhərə qədər gözləsən at gövşəyir, axar sular bir anlıq dayanır, ağaclar başını yerə əyir.

Başqa bir inancda Novruz bayramı günü İmam Əlinin taxta çıxdığı gün kimi qeyd edilir. Həmin gün məzlumlar sevinməli və xoşbəxt olmalıdır.

Borçalı

Bayramda kəndin cavan-cantaraq, qolu güclü oğlanları hazırlıq görürlər. Kəndin mərkəzi yerində tamaşa tribunası qurulur, müxtəlif personajların paltarlarında kəndin əhalisini şənləndirən oğlanlar onları Novruzun gəlişi ilə təbrik edirlər. Kənd camaatı da qoşulur “rəngli adamlar”a, evdə tapdıqları qəribə geyimləri əyinlərinə keçirib zurna-balabanın səsinə qol qaldırıb oynayırlar.

Xəz dərili geyimlərin üstündə çoxlu sayda zınqırov asılır. Üzərində aslan təsvir olunan maskalılar qabağa yeriyib nadinc uşaqların üstünə hücum çəkir, zopalarla onları vurub yerə yıxırlar.

Həmişə Novruz bayramı şənliyində üç bayraq asılır bir ağacın budaqlarından: Gürcüstan, Azərbaycan və Türkiyə bayraqları.

Qeyd: Yazının hazırlanmasında internet materiallarından istifadə olunub.

Image result for borçalıda novruz

# 5994 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
# # #