Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

<b>Çin rejiminə etiraz edən film - <span style="color:red;">“O qız çinlidir” </b>
24 mart 2018
# 09:49

Kulis.az “Əsl kino” layihəsində Qo Syaolunun “O qız çinlidir” (2009) və Todd Heynsin “Cənnətdən uzaq” (2002) filmlərini təqdim edir.

Çin, Böyük Britaniya, Almaniya, Fransanın birgə istehsalı olan “O qız çinlidir” filmi Lokarno kinofestivalının baş mükafatı Qızıl Leoparda layiq görülüb.

Süjet: Mey (Lu Xuan) adlı gənc qız Çinin əyalətlərindən birində yeknəsəq həyat yaşayır. O, yol kənarında yerləşən bilyard zalında işləyir.

Bir gün Mey yaxınlıqdakı yeməkxanaya tez-tez baş çəkən yük maşınının sürücüsü tərəfindən zorlanır. Ondan sonra başqa şəhərə köçür. Tikiş fabrikində işə düzəlir. Amma keyfiyyətsiz iş gördüyünə görə buradan qovulur. Daha sonra gözəllik salonlarından birində işə başlayır. Pronıra adlı killerlə tanış olan Mey onun sevgilisi olur. Tezliklə Pronıra qətlə yetirilir və gənc qız onun pullarını götürərək Londona yeni həyat arxasınca gedir.

Londonda müxtəlif işlərdə çalışan Mey yaşlı ingilis zabitinə (Ceffri Hatçinqs) ərə gedir. Ancaq bu həyatdan da bezir, ərini tərk edir. Və kiçik kafesi olan gənc hindli Rəşidlə (Kris Ryman) eşq macərası yaşayır. O, hamilə qalır. Rəşid isə ona Londonu tərk edərək vətənə qayıdacağını bildirir. Ancaq tək...

“O qız çinlidir” müasir kinematoqrafiyada - həyatın yeknəsəq axarında fərdin ekzistensial problemini dolğun təsvir edən filmlərdən biridir. Başqa sözlə, nəhəng dünyada özünə heç cürə yer tapmayan, zövq almayan kiçik insanın faciəsi haqdadır.

Filmin əsas xətlərindən biri Pronıra ilə Meyin bir dialoqunda açılır. Mey Pronıranın boş, yalnız dörd divar olan evində niyə əşyaların olmadığını soruşanda o, deyir: “Əgər sən sabah öləcəksənsə, o zaman artıq əşyalar nəyə lazımdır”.

“O qız çinlidir” eyni zamanda Çinin siyasi rejiminə, mühafizəkar adət-ənənələrinə etirazdır. Mey onu tanımadığı adama ərə vermək istəyən anasıyla daim konfliktdədir. Ölkədəki rejimin sərtliyi isə gənclərə özünü realizə üçün fürsətlər tanımır.

Əhvalatın motivlərindən biri də budur ki, əgər sən yaşamağında, varolmanda tutarlı məna tapmırsansa, heç bir ölkədə, şəhərdə yeni həyat qurmaq cəhdləri, axtarışlar mənəvi narahatlığını, tənhalığını aradan qaldırmağa yardım etməyəcək. Dəyişiklik üçün öncə özündə nələrisə dəyişməyi bacarmalısan.

Rejissor mühacirlərin qərbdə çətin həyatını da vurğulayır. Onlar barakda yaşayır, ən çətin, təhqiramiz işlərdə çalışır. Mey pul qazanmaqdan ötrü ali məktəblərdən birində tibb təhsili alan tələbələr üçün anatomik model olur. Kamera tələbələrə fokuslanır, onların üzündə yüngül istehzalı ifadə dolaşır.

Onun ingilis əri və müsəlman Rəşidlə münasibəti mədəni, dini, təfəkkür fərqləri üzündən alınmır.

Bu film Pekin Kinoakademiyasını bitirən rejissorun şəxsi həyat təcrübəsidir. Ölkəsində amansız senzura üzündən film çəkə bilməyən müəllif 2002-ci ildən Londonda yaşayır.

***

Müstəqil Amerika kinosunun nümayəndələrindən biri Todd Heynsin “Cənnətdən uzaq” filmi 59-cu Venesiya kinofestivalının əsas proqramında iştirak edib və Oskar mükafatına nominant olub.

Süjet: Hadisələr 1950-ci illərin sonunda Amerikanın Konnektikut ştatında baş verir.

Evdar qadın Keti (Culiana Mur) əri Frenklə (Dennis Kueyd) xoşbəxt həyat yaşayır. Ancaq gözlənilmədən onun sakit həyatına son qoyulur. Keti öyrənir ki, onun çox sevdiyi əri homoseksualdır. Bundan əziyyət çəkən kişi müalicə olunmaq üçün terapiya kursları keçir. Lakin bacarmır, sonda arvadından ayrılaraq gənc sevgilisi ilə yaşayır.

Bu müddətdə sinir krizi keçirən Keti təsəllini qaradərili Reymondda (Dennis Heysbert) tapır. Reymond onlara uzun müddət xidmət etmiş bağbanın oğludur.

Onların münasibəti cəmiyyət tərəfindən isti qarşılanmır. Bununla belə qadın dedi-qoduya əhəmiyyət vermir, o, nə olursa-olsun Reymondla birlikdə olmaq arzusundadır.

Burdakı təzyiqlərdən yorulan Reymond isə qaradərililərə daha yumşaq münasibətin olduğu Baltimora getməyə qərar verir...

Film Amerika cəmiyyətinin tarixinə obrazlı baxışdır. Müəllif üst qatda - illüzion dünyaya oxşayan cəmiyyətin ört-basdır etdiyi, alt qatdakı problemləri araşdırır: homoseksuallara qadağa, qaradərililəri başqa növdən hesab etmək, fərdlərin özəl həyatına ictimai müdaxilə, sosial statusdakı fərqlərə xüsusi əhəmiyyət vermək və s.

“Cənnətdən uzaq” 1950-ci illərin məşhur rejissoru, melodram ustası Duqlas Sirkin filmlərinin üslubunda çəkilib. Todd Heyns də eynilə ilk epizodlarda ideal ailə modeli yaradır, parlaq rənglər, cəlbedici dekorasiyalarla daha çox emosional qatda işləyir.

Və cənnətvarı təsvirlərdə, cəmiyyətin sərt moralizmi, müdaxiləsi ilə üzləşən insanın tənhalığını, dramını verir.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

# 1608 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #