Bu film Kamyunun hekayəsi əsasında çəkilib

 

Kulis.az “Əsl kino” layihəsində David Elhoffenin “Adamlardan uzaqda” (2014) və Sofiya Koppolanın “Başdan çıxaran” (2017) filmlərini təqdim edir.

 

Fransa istehsalı olan, Alber Kamyunun “Qonaq” hekayəsinin motivləri əsasında çəkilən film 71-ci Venesiya kinofestivalında “Qızıl şir” mükafatına nominant olub.

 

Süjet: Hadisələr 1950-ci illərdə Əlcəzairdə cərəyan edir. İkinci Dünya Müharibəsinin veteranı Daru (Viqqo Mortenson) ölkənin uzaq kəndlərindən birində müəllimlik edir. O, Əlcəzairdə doğulan fransızdır, uşaqlara sevgiylə yazıb-oxumağı öyrənir.

 

Günlərin birində onun sakit həyat ritmi pozulur. Jandarm Balduççi (Vensan Marten) Məhəmməd (Reda Kateb) adlı bir ərəbi ona təhvil verərək Тіnquitada yerləşən polis şöbəsinə aparması haqda əmr olduğunu deyir.

 

Məhəmməd buğdasını oğurlamaq istəyən yaxın qohumunu öldürüb və qətl üzündən artıq qohumlar arasında qan davası düşüb. Bu qan davasının bitməsi üçün Məhəmməd polisə təslim olmaq istəyir.

 

Daru isə kənddən bir neçə günlük məsafədə yerləşən  Тіnquitaya onu aparmaq istəmir. Amma öldürülənin qardaşları ertəsi gün Darunun evinə gələrək Məhəmmədi qətlə yetirmək istəyəndə o, qərarını dəyişir. Beləcə müəllim və qatil uzun bir yola çıxırlar...

 

“Adamlardan uzaqda” dramı yol filmidir. Müəllif çox planlı bir süjet qurur: Əlcəzairdəki ictimai-siyasi durum, ölkədə hökmranlıq edən fransızların yerli əhaliyə münasibəti, azadlıq mücadiləsi uğrunda mübarizə, bu mübarizədə dostuna belə aman tanımayan üsyankarlar, əhalinin məişəti, fərqli dünyagörüşləri, baxışlar və əlbəttə ki, insana sevgi... 

 

Yolboyu personajlar müxtəlif sınaqlardan keçərək doğmalaşırlar. Epizodik xarakterli döyüş səhnələri əhvalata hərəkətlilik yükləmək məqsədi daşımır. Əksinə, hərəkətlilik asta, təmkinli nəql olunan əhvalatda əriyir və naturanın-çöllü-biyabanın, səhranın asketik ahəngi ilə bütünləşir.  

 

Müəllif gərginliyi, psixoloji çətinliyi adi insan duyğuları üzərindən yaradır. Onu edam gözlədiyini bilən Məhəmməd Daruya həyatında heç vaxt qadının olmadığını, sevişməyin necə bir şey olduğunu soruşur. Bu sual qarşısında aciz qalan Daru qəsəbəyə çatanda, onun arzusunu yerinə yetirir. Kiçik barın sahibəsindən Məhəmmədi fahişə ilə görüşdürməyi xahiş edir.

 

Rejissor pafosa qaçmadan, fransızların ölkəni haqsız işğal etməsini, ədalətsizliyini konkret situasiyaların diktəsi ilə verir. Məsələn, Daru fransız zabitinə əsirlərin öldürülməsinin hərbi cinayət olduğunu deyəndə o, susur.

 

Və ya ilk epizodlarda jandarm Daruya qatili aparmayacağı təqdirdə, bir fransız uşağının belə təhsil almadığı məktəbin bağlanacığı ilə hədələyir...

 

“Adamlardan uzaqda” insani, insanları bir-birinə yaxınlaşdıran ekran əsəridir.

                                           

                             ***

 

Sofiya Koppolanın “Başdan çıxaran” trilleri isə ötən il Kann kinofestivalında “Ən yaxşı rejissor” işinə görə mükafat alıb.

 

Süjet: Hadisələr XIX əsrdə Amerikada Vətəndaş müharibəsi dövründə baş verir. Marta Farnsvort (Nikol Kidman) Virciniyada yerləşən qızlar üçün pansiona rəhbərlik edir. Ona bu işdə müəllimə Edvina Morrou (Kirsten Danst) yardım edir. 

 

Pansionda beş qız təhsil alır. Onlardan biri Emi (Una Lourens) meşədə göbələk yığanda yaralanmış zabit Con Makberni (Kolin Farrell) ilə rastlaşır.

 

Pansiondakı qadınlar gənc zabiti himayəyə götürərək müalicə edir. Və pansionun bütün qadınları zabitin sevgisini qazanmaq uğrunda gizli mübarizə aparır. Con isə qadınların bu marağından istifadə edərək, hamıyla sevgi macərası yaşamaq istəyir. Zabit uğrunda əlbəyaxa olan qadınlar, sonradan onun təhlükə olduğunu anlayanda, onların mərhəməti, sevgisi qisasa dönür. Qadınlar soyuqqanlıqla kişinin qətlinə fərman verirlər...

 

Koppola məhdud məkanda triller janrının elementlərindən yararlana bilir. Müharibənin qızğın çağında, ətraf aləmdən təcrid olunmuş, qədim imarətin yeknəsəq həyatını tədricən qanlı drama çevirir. Rejissor dəqiq, incə detal və rakurslarla qadın intriqalarını təsvir edir, sirli qadın təbiətini araşdırır.

 

“Başdan çıxaran” 1971-ci ildə rejissor Don Siqelin çəkdiyi “Aldadılmış” filminin remeykidir.

 

 

 

 

 

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

 

 

 

LENT

25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018