Səfər Alışarlının yeni hekayəsi: “Zavod həyəti”

Kulis.az Səfər Alışarlı yeni yazdığı “Zavod həyəti” hekayəsini təqdim edir.  

 

Şapkasının altından başına çaldığı yaylığın qat-qırışları arasında balaca gözlərinin işartısı olmasa, deyərdin, adam deyil, şalvarlı bostan müqəvvasıdı, gecəyə salıb üstünə möhkəmcə qar yağıb, kimsə də onu zarafata gətirib qoyub qapının ağzına və aradan çıxıb. Zarafat vaxtı deyil, yeri-göyü çoxdan ağardıb əsir almış qar yenilməz bir mərasimin matəm təntənəsi ilə dayanmaq bilmədən yağır, yağır, yağır... O cür amansız, qarşısıalınmaz axınla ordular təslim edilmiş düşmən ərazilərini basır; o cür dəlisov zor və kor ehtirasla heç nəyə məhəl qoymadan heyvanlar hamının gözü qarşısında cinsi əlaqəyə girir və işin yalnız özlərinə məlum nəticəsinə nail olandan sonra toxtayıb sakitləşirlər.

 

Başından keçirib kürəyinə və sinəsinə saldığı xurcunun dolu heybələri üstündəki qarın naxışlı qu qalağı yanlardan və arxadan şapkanı tamam görünməz edir. Sanki ətəkləri ilə boyun-boğazını möhkəmcə bürümüş bir ağ yaylığı da Nəsi şapkanın üstündən başına dolayıb və indi o yaylıqları açıb şapkasını çıxarsa, pörtüb qızarmış yanaqları, qupquru saç-saqqalı öz yay həniri ilə bu qar-borana başqa cür meydan oxuyacaq.

 

Qaranlıqda o görünmür, qar onu təpədən-dırnağa elə ağardır ki, yolda iki addımlıqdan seçilmir, yalnız xurcunundakı isti çörəyin ətri böyrüncə zingildəyə-zingildəyə qaçan küçük kimi onunla rayondan kəndə qoşa gəlir. Qonşu Yarmaçının o başından girib bu başından çıxmaq ona qurd-quş dolaşan uzun çöl yolunu keçməkdən çətin görünür: hər addımında gözləyir ki, pünhan tinlərdə gizlənmiş cələkəsən cavanlar indicə arxadan ona təpiyi ilişdirib yerə sərəcək, çörəklərini götürüb qaçacaqlar. Bununla belə, kəndin əyri küçələrində bir dəfə də olsun dönüb geriyə baxmır, ona elə gəlir ki, arxasınca gəlmək istəyənlərə onun xurcun, sırıqlı və qatbaqat pencək-filanla enlənib böyümüş kürəyi nimdaş arvad yaylığı ilə bürüdüyü sifətindən daha təsirli cavab verir.    

 

Dümdüz tarlaların arası ilə gedəndə isə sakitləşir, keçirdiyi təşviş və həyəcanın yeri tədricən isti xəyallarla dolmağa başlayır. Elə bil çörəyin istisi, nəhayət, paltardan canına keçir. Fikri o qədər uzaqlara uçur ki, bütün bədənini, qarı yüngülcə xırtıldadan addımlarının səsini unudur, təkcə küçüyün tilsimli mehrilə çuğlaşmış kimi huşsuzcasına çöl yolu ilə kəndə doğru irəliləyir. Nə fikirləşdiyini, xəyal quşunun dolaşdığı uzaqlarda kimləri, nələri gördüyünü, onlarla nə danışdığını sonra ciddi cəhdlə çalışsa da xatırlaya bilmir, elə bil qəfəsindən uçurtduğu quşlar qışın soyuğunda donub öldükləri üçün geriyə qayıda bilmirlər. O anlardan qalan ağır və anlaşılmaz təəssüratların dəyişməz kütləsi ona tanışdır, o kütlədən heç zaman heç nə qopub ayrılmır, əksinə, zaman keçdikcə böyüyüb daha da tündləşir və özünə nüfuz etməyə imkan vermir. Bu fikirlərindən ayrılanda içində heç bir əzasının dincəlmədiyi, zərrə qədər də rahatlıq tapmadığı qaranlıqdan qopur, yük kimi ayaqlarından sallanan yorğunluğu artıq yuxudakıtək deyil, dizlərində hiss edir, hətta bəzən maraq xətrinə geri qanrılıb qar üstündə qalan ayaq izlərinə də diqqət yetirir. Uzaqlarda azaraq geri qayıtmayan fikirlərinin də ağırlığı əlavə olunmuş ayaq izləri ona daha dərin görünür. Ancaq bir azdan bu hislər keçib gedir, çünki kəndin görünməyə başlamış adda-budda, sısqa işıqları ona özü də bilmədən necəsə qüvvət verir və o, itlərin Arazqırağı meşələrdə ulaşan qurd-quşla tanış səsləşməsindən ürəklənərək qaranlığın, soyuğun və qarın cəngindən sağ-salamat çıxmış piyada əzmi ilə körpünü keçib Böyük küçəyə daxil olur. Körpünün eni-uzunu beş-altı metr olsa da, o üzü bu üzdən soyuq, uzaq və təhlükəli görünür, qışın bu çağında yolçunun başına gələ biləcək bütün xata-balalar o yanda qalır, bu yanda isə elə bil hava isinir, zəncirini qırıb həyətdən qaçmış bir bəd it də həyan və doğma görünür. Küçədə buxarılardan çıxıb göydən sallana qalmış daş kömür xəfəsinin boğucu iyi qarın bərqərar etdiyi sonsuz sükutda ac köpək mırıltısı ilə küçüyü onun yanından qovanda xurcunun istisi də tükənir, onu yalnız heybənin altına əl soxmaqla hiss eləmək olur.

 

Cavadın darvazasından həyətə keçəndə tamam ayılır, yaylıqla qapanmış ağzı ilə bir-iki dəfə öskürüb həqiqətən ayıldığına və hər şeyin qaydasında olduğuna qulaqlarını şahid tutur. Bunu həm də gözləri ilə təsdiq etmək üçün baxışlarını sancmağa isə yer tapmır, çünki hava qaralıb, ancaq qarın dondurucu ağlığı aşağıda qaranı istədiyi dərinliyə oturmağa qoymur və bəzi pəncərələrdə görünən sarımtıl işıq ləkələri həmin ağla qaranın uzun, səssiz çarpışmasını seyr etməkdən bezmiş uşağı xatırladır. Köhnə qarın içiylə güclə açılmış kimi görünən dar, əyri cığırla evə tərəf inamla gedir ki, tez çörəkləri verib yenidən cığırla geri qayıtsın. Açıq qapıdan səkiyə düşən işıqda görünən nə varsa hamısı ona yenə yuxunu andırır, elə bil sonsuz qar səltənətində kiçik də olsa, belə isti yuvanın mövcudluğu mümkün olan iş deyil. Qapı açılandan sonra o heç nə demir, əllərini sırıqlısının ciblərindən çıxarmır, eləcə nəm kirpiklərini qırpa-qırpa tərpənməz halda gözləyir ki, qız xurcunun ön heybəsində xələtə bükülmüş iki çörəyi götürsün. O cür izahsız və diribaş cəldliklə bir dəqiqə dayanan qatarın poçt vaqonundan stansiyaya çatacaq bağlamaları boşaldırlar. Ancaq bu gün qız çörəkləri xurcundan çıxarmazdan əvvəl küncdəki süpürgəni tapıb tez onun üst-başının qarını təmizləyir, sonra çörəkləri götürür, sırıqlının altına yığılmış son çörək istisini elə bil heybədən yox, onun qarnının dərinliyindən dartıb çıxarır. Başqa vaxt yaylığın üzərində adicə bəzəyə də oxşamayan qırmızımtıl güllər qarı tam tökülməyən qat-qırışlarda soyuqdan donmuş həqiqi qızılgül qönçələri kimi süpürgədən sonra dərhal görünür. Evdəki uşaqlar hay-küylə qapıya qaçıb onu Şaxta babaya bənzədir, bəzən şeir də söyləyirlər: “Şaxta baba, şaxtacan, haa-dasan bu vaxtacan?” Onlar içəridə nəyəsə gülüşür, bəlkə də onun yaylığına, sifətini tam qapamış yaşmağına, ağappaq müqəvva kimi tərpənməz duruşuna gülürlər. Uşaqların şənliyi açıq qapıdan görünən daş kömür sobasının qırmızı yanağı kimi onun xoşuna gəlir: “Nəsi, Nəsi – bə hanı bunun nənəsi?!” Onu içəri qızınmağa çağıran qarının səsini bütün bunlardan sonra eşidir, amma qışda soyunub-geyinmək müşkül olduğu üçün heç vaxt içəri keçmir, sadəcə bibinin kefini xəbər alıb, tez-tələsik qarlı səkidən aşağı düşür. Qarının səs-küy salan uşaqlara necə təpindiyini o artıq eşitmir, qapı örtülüb işıq zolağını qapayandan sonra altdan-üstdən qar basmış evin qoşa pəncərəli boz üzü çılpaq ağacların arxasında yenə də aydın görünməyə başlayır.      

 

Boş heybəni qoluna dolayıb dürməkləyir ki, kürəyindəki heybənin ağırlığı xurcunun kəsiyi ilə boğazını sıxmasın: oradakı iki çörəkdən birini qonşu evə verəcək, axırıncı isə onun özünündür. Cavad ona hər ayın başında maaş, hər günün sonunda bir çörək verir. Cavadın ona bir yox, iki və ya üç çörək verəcəyi təqdirdə onları neyləyəcəyini Nəsi bəzən çörəkxana stolunun altında xurcununu dolduranda fikirləşir, amma heç zaman konkret qərara gələ bilmir, çünki qohum-qonşudan kiməsə bircə çörək versə, qalanları ona düşmən kəsiləcək. Odur ki, Nəsi bu çörəkləri hələlik heç kimə vermir, eləcə xəyalında saxlayır ki, qohumları ona və ailəsinə münasibətdə özlərini yaxşı aparsınlar, bəlkə onda bir qərar qəbul edər.

 

Bəzən tövlənin qabağından keçəndə içəri su daşıyan İlqarla qarşılaşır. Quyudan doldurub tövləyə apardığı qoşa vedrələr dar cığırın buzlamış badlarına dəyib çalxalanır, su  İlqarın uzunboğaz çəkmələrinin içinə tökülüb ayaqlarını isladır. Ona görə tövlə ilə məşğul olan İlqar həmişə acıqlı görünür. Ayaqları islanmayanda isə qarın altında donmuş basmanın ora-burasını təpikləyə-təpikləyə Nəsi ilə hal-əhval tutur, ya da camışın suyu çox içməyindən, cılxa samanı pis yeməyindən danışır, bir də içəridə zibilin yenə çoxaldığından gileylənir. Nəsi on-on beş gündən bir gəlib küncə tığlanmış zibili şana ilə xırdaca bacadan çölə tullayır, İlqar isə orada onu ətrafa yayıb basmanı qalınlaşdırır. İsti tövlədən şaxtaya atılan qıcqırmış zibil buğlana-buğlana düşdüyü yerlərdə qarı əridib qapqara talalar yaradır, amma gecələrin şaxtalı qırovu səhərə onları da ağardıb köhnəyə oxşadır. Nəsinin mal zibilinə “xeyirli şey” deməyinə İlqar rişxənd eləyir və hər dəfə küncdəki tığı çölə atmaq zamanı çatanda başının işarəsilə deyir:

 

- Nəsi əmi, yenə artıb “xeyirli şey”, dama dəyir!

 

Nəfəs dərmək üçün çölə çıxan Nəsi sinəsini şana sapının ucuna dirəyib əlinin dalı ilə alnının tərini silir və İlqara izah eləməyə çalışır ki, heyvan yediyini bu dünyaya yenidən qaytarır ki, təzədən toxum cücərsin, ot bitsin və o yenə də yeyib adamlara xeyir versin. İlqar isə maddənin itməməsi qanununa şübhə ilə yanaşır, çünki samanlıq o yana, qış uzunu dağ boyda tayanı yeyən camışdan qalan basma yayda kəsiləndə gərməsi bir qalağı tamamlamır.          

 

Evdə Nəsini balacaboy arvadı, yeganə qızı Şərəbanu və tövlədə, ha budu, doğacaq inəyi gözləyir. Tövlə soyuq olur, ona görə qonşunun eşşəyini də gətirib içəri bağlayır, bu minnətli yardıma görə hərdən öz çörəyindən bir parça qoparıb qonşuya verir ki, xətri xoş olsun. Hər səhər tövlədən çıxanda ona elə gəlir ki, inək nəsə vacib bir şey demək istəyir: başını axurdan çevirib ona baxır, iri gözlərini qırpa-qırpa qulaqlarını tərpədir, ağız-burnundan çıxan buxarı göstərirmiş kimi yüngülcə fınxırır və Nəsi fikirləşir ki, doğmağa hazırlaşan heyvanın yemini bir az artıra bilsəydi, yəqin onun demək istədikləri daha anlaşıqlı olardı. Nəsini çoxdan tanıyan qoca qonşu eşşəyi onun tövləyə gəliş-gedişini vecinə almır, küncdə isitdiyi yerdən qalxmır, elə bil burada havayı istilik yaratdığını və müqabilində öz sahibinin çölə atdığı qırcından başqa heç nə almayacağını bilir. İnəklərin qabağından çıxan quru çör-çöpü uzanmış halda, ya ayaq üstdə yeməyin heç bir fərqini görməyən eşşək bəzən Nəsinin vedrədə gətirdiyi suyu da uzandığı yerdə yarıyacan içir. Eşşəyin kefsizliyi Nəsini məyus edir, o fikirləşir ki, yer üzündə canlı nə varsa, hamısının kefi-damağı qarnına bağlıdı: Allah yetirə ikicə dənə yonca presi, birini atam sənin qabağına, qoşa vedrənin suyunu da qoyam böyrünə, deyəm “Ye!” Yoncadan basasan, buz sudan içəsən! İkicə günə bu tövlədə qızmış nərə dönəsən, mən də çağıram Həsəni, göstərəm ona heyvan saxlamağı. Nəsi bu sözləri eşşəyə ucadan demək istəyir, amma qorxur ki, inək onu düzgün anlamaya, bugün-sabah doğacaq heyvanı heç nə ilə pəjmürdə eləmək istəmir, odur ki, eşşəyə aid həmin xoş xəyalları yalnız fikrindən keçirməklə kifayətlənir. Heyvan üçün nə fərqi var, ucadan dedin, ya da fikrindən keçirdin? Qandığını qanır, qanmadığı da yəqin ki, ona lazım deyil. Özünü qınayır ki, yayda Cavaddan bir-iki günlüyə icazə alıb kövşəndə fırlana bilsəydi, heç olmasa qamışdan, tikandan, qanqaldan vurub gətirərdi və indi heyvanın qarşısında belə xəcalətli qalmazdı.                    

 

Hər gün gözləyir ki, inəyin axurunda otdan-samandan nəsə qalacaq və o da bu artığı qonşu payı kimi eşşəyə hədiyyə eləyəcək, ancaq heç nə qalmır, elə bil inəyin özündən başqa yemə gecələr peyda olan  şəriki də var. Bəlkə də məhz bununla bağlı inək hər səhər ona nəsə demək istəyir. 

 

Fikirləşir ki, kiçik çillə çıxana qədər buzovu aparıb evdə saxlayar, isti yerdə dırnağı tez bərkiyər və sağlam böyüyər. Bir az arvadından nigarandı, çünki bir iş adi axarından çıxan kimi çaşıb qalır, ya da elə eləyir ki, sonradan o işi yığıb-yığışdırmaq olmur. Bir də görürsən, xörəyə iki dəfə duz atıb, bir də görürsən, paltar suya çəkəndə vannanı kanalda batırıb, baltanı kimə verdiyini unudub... Nəsi bunlara alışıb, hər axşam işdən qayıdanda ev-eşiyi, arvadını, qızı Şərəbanunu sağ-salamat görüb Allaha şükür eləyir və ürəyindən keçən bəzi mətləbləri uzun yol boyu özünə, tövlədə inəyə, eşşəyə söyləməklə də təskinlik tapır.  

 

Ata-anasından qalan tək özüdü, qızı da təkdi. Cavan vaxtı əsgərlikdən gələndə bütün kənd onun xrom çəkmələrinin şavağından, telinin yağından danışırmış. Həmin vaxtlar Nəsinin yaddaşında reallığını zərrə qədər də itirmədən öz sadəlövh təmtərağı ilə qalmaqda davam edir: qız istəməyi, kolxozda işləməyi, sonra istədiyi qızla deyil, indiki arvadı ilə təsadüfən evlənməyi-filan, hamısı Nəsiyə qəribəliklərlə dolu, yalnız böyüklər üçün icad edilmiş qaydasız oyun kimi görünür. Nəsinin düşünüb tam anlaya bilmədiyi, oyuna qətiyyən bənzəri olmayan bir ayrı dönəm isə Cavadın onu kolxozdan götürüb aparması ilə başlanırdı. Nəsini indi yenidən bu ac-yalavac kolxoza qaytarsaydılar, bəlkə də gedib özünü asardı.

 

Cavad kəndə az-az gəlir. Gecələri çörəkxanada qalır ki, sübh tezdən maya tutsun və gün ərzində xəmiri tez qıcqırda bilsin. Qışın soyuğunda xəmirin acıması üçün suyu qızdırmaq lazım gəlir, ona da çörəkxananın köhnə elektrik xətləri tablamır. Zavodun montyoru gəlib sayğacın qoruyucularına sarı sim sarıyır, fəhlələrə spiral dolaqlı suqızdıranla necə davranmağı öyrədir: qorxmayın, – deyir, – tok sizi vurmaz, çünki burada elektrik enerjisi istilik enerjisinə çevrilir. Bunu Nəsi təxminən otun gərməyə çevrilməsi kimi başa düşür, amma necə başa düşməyindən asılı olmayaraq, Nəsini o işlərə yaxın qoymurlar, çünki o başqa fəhlələrə nisbətən gec gəlib tez getdiyi üçün əsasən quyudan mazut daşıyır. Hərdən quyunun dəmir qapağına vurduğu qıfıl donub açılmır, onda Nəsi vedrənin dibində isti su gətirib tökür, o da olmayanda qatbaqat şalvarının altından zorla tapıb çıxartdığı doğma alətinin mayesi ilə birtəhər qıfılın saqqızını oğurlayır.

 

Çörək kürədən çıxanda içəri ətirli yay istisi ilə dolur, fəhlələrin qırışığı açılır, onda xəmir tez acıyır. Şaxtalı havada isti çörəyi yavan yemək də ləzzət eləyir. Fəhlələr evdən gətirdikləri pendir, soğanla naharda az qala hərəsi bir çörək yeyir. Onlar yeməyə oturanda Cavad qapını, hətta qapıdakı deşiyi də bağlayır ki, çöldə gözləyən camaat görməsin. Cavadın çörəyi bütün mahalda məşhurdu, onun tikəsini başqa çörəklərin içində tanıyırlar. Bakı qatarının stansiyada bekarçılıqdan darıxan bələdçiləri də gəlib buradan çörək alırdı. Kənddə Cavadın çörəyini yavanlıq yerinə lavaş dürməyinə qoyub yeyirdilər.

 

Bunlar əvvəl beləydi, kim neçə çörək istəyirdisə alırdı, bivaxt gələn də əliboş qayıtmırdı. İndi adamlara yuxu kimi görünür mağazalarda un kisələrinin qalağı, anbarlarda bit düşən taxıl tığları. İndi ayrı cürdü, ikinci ildir ki, çörək üstündə qırğındır. Qıtlıq ətraf kəndlərin camaatını da  ac qurda çevirib sübh tezdən zavod həyətinə, Cavadın üstünə göndərir. Stansiyadakı mağazaya çörək daşıyan maşın yolda aşırılıb yandırılandan sonra raypoda belə qərar çıxardılar ki, ara bir qədər yat-yut olana qədər dükançı Bənövşə gəlib çörəyi birbaşa çörəkxanadan satsın. Amma bütün yük yenə də Cavadın boynundadı. Aclığın dəhşətində Bənövşəni az qalırlar dartıb qapıdakı deşikdən çörəklə birlikdə çıxaralar. Bənövşə nə çiçəkdi, nə də adamdı; çörək kürədən çıxanda Bənövşə şıdırğı pul sayan və pul aldığı ələ çörəyi dəqiq itələyən ağ xələtli qancıqdır.           

 

Çörəkdən göz doymayınca qarın doymaz. Cavad bunu gözəl bilir, amma əlindən gələn gündə dörd, bəzən beş soba çörək yapmaqdır, yenə də çatmır. Sonuncu sobanın mazutunu daşıyan kimi Nəsi stolun altında hazır qoyduğu xurcununu götürüb çıxır ki, kəndə piyada gedib çata bilsin. Qaranlıq tez düşür, üstəlik qar yağır. Elə dərin və əhatəli gərdişlə, elə arxayın və inamlı pərsənglə yağır ki, onu necəsə aldatmaq, onun zor dolu mütləq basqısının necəsə qarşısını almaq üçün təsəvvür edilən bütün gümanaşəkk cəhdlər son dərəcə cılız, gülünc və mənasız görünür. Onun yeri-göyü basmış lazımsız bolluğuna, çörəyin isə hər yerdə, hər an hiss edilən qıtlığına tabe və təslim olmaqdan başqa çarə qalmır.

 

Cavad gecələri kürənin üstündəki dəmir çarpayıda, kirli yorğan-döşəkdə yatır. Qışın sərt şaxtalarında burada yatmaq yaxşıdı, amma sübh üzü maya tutmağa düşəndə aşağıdakı dəmir çəlləklərdə suyun donduğunu görür və uşaq kimi adyala büküb-bürmələdiyi taxta maya çəlləyini qucağında mazutlu, taxta pilləkənlə kürənin üstünə qaldırır. Yayda isə yuxarıda yatmaq nədi, heç durmaq mümkün deyil, kürə səhərə qədər soyumur. Orada qıraqlara qalanmış köhnədənqalma üçgöz kərpic çörək qəlibləri var, hamısı yağsoy qaradır, əl vursan, gərək gedib əlini sabunla yuyasan, silməklə getmir. Ora çox nadir hallarda Cavaddan və mazut vedrələrini çəlləyə boşaldan Nəsidən başqa kimsə çıxır, çünki bakılı ustaların palçıq və odadavamlı kərpicdən hördüyü bu əcaib tikili uçsa, böyük fəlakət olar. Kürənin üstündəki torpaq qatı istidən üyünüb un kimi olub, siçan qaçanda toz qalxır. Bura işıq salan kiçik pəncərədən hamamın arxa həyəti görünür, orada meyvə ağacları, bostan ləkləri, köhnə su çəni, çoxlu dəmir-dümür var. Hamamçının əlləri, üst-başı daim mazutlu olur. Ona baxanda adama elə gəlir ki, hamamın içində kranlardan axan su da təmiz deyil, mazutludur. Ancaq su qaynar və təmiz olur, orada taxta parçalarından kəsilib üstünə qayış zolağı vurulmuş çoxlu hamam başmağı var, onlarda yeriyəndə taqqıltı divarlarda əks-səda verir: çokk, çokk! Cavad isə quyudan mazutu qara xələtdə daşıtdırır, bütün başqa işlər ağ xələtdə görülür. Belə götürəndə, qara xələt bir dənədi, onu da çox vaxt Nəsinin əynində görmək olur və hərdən Cavad bütün xələtləri yığıb hamamçıya yumağa verəndə un ələyən, xəmir qarışdırıb kündə vuran fəhlələr öz adi paltarlarında çılpaq kimi görünürlər.

 

Divar boyunca qoyulmuş uzun təknədə birdəfəyə beş-altı kisə un qarışdırılır. Fəhlələr unu ələyəndən sonra qollarını dirsəkdən yuxarı çirməyib xəmirin altını-üstünə çevirir, təknənin qıraqlarına və öz qollarına yapışmış xəmiri dəmir ərsinlə sıyırır, maya, duz vurur və nəhayət, təknənin üstünü boşalmış un kisələri ilə örtəndən sonra kənara çəkilib nəfəs dərirlər. Hərdən kimsə yerində olmayanda Cavad özü xəmirgirlərə kömək edir, kündə vurur, qara nimçələrdəki qoşa kündələri yayıb, onların üstünə maya horrası sürtür, sonra əlinin tini ilə iki paralel xətt çəkərək xəmirə naxış salır.

 

Cavad bütün bu işləri əzbər bilir, lazım olsa, gözüyumulu da eləyər, amma öyrətdiyi fəhlələrin işindən çox da razı qalmır, çünki onlar bu işləri daim müəyyən dəqiqliyə doğru irəliləyən fəhm vərdişi ilə deyil, adətən kündənin çəkisini pozan naşılıqla yerinə yetirirlər. Cavadın gözü xəmirin on qramını da tutur, əgər şübhəli kündə tərəziyə getdisə, demək, mütləq o yan-bu yanı var. Əslində, Cavad onları çox da qınamır, çünki iki-üç kürədən sonra yorulur, xəmiri yoğurmaqda əziyyət çəkirlər. Cavad deyir, yayda Bakıya gedib “Sentrsayuz”dan xəmirqarışdıran maşın alıb gətirəcək. Bir neçə dəfə izah eləsə də, o maşının necəliyini çörəkxanada heç kim dəqiq təsəvvür eləyə bilmir. Nəsi onu təxminən zastavadakı rus əsgərlərinin ikitəkərli çöl mətbəxinin yaşıl boyalı qazanına oxşadır, amma bənzətməsindən özü də razı qalmır.      

 

Kündələmə başlananda forsunkanın alovunu tam artırırlar. Guruldayan kirli maşın sanki ixtiraçısının atəşin inadı ilə pırsıxıb qıpqırmızı təmiz alovu kürənin dörd-beş metrlik dərinliyinə, yanan mazutun qara tüstüsünü isə sexin üstündən çıxan borunun külfəsinə püskürdür. İşləməyəndə ona baxsan, deyərsən ki, bu mazutlu dəmir əydəş-üydəşini şenniyə yaxın qoymaq olmaz, bu, kürəni qızdırmaq nədir, heç kibrit çöpünü alışdırmaz. Di gəl, işləyəndə onun yüngülcə silkələnməklə yuxarıdakı çəlləkdən aldığı mazut sızqısını yandırıb hikkəli bir pırıltı ilə irəli alov püskürməsi nağıllardakı əjdahanı yada salır. Xəmirin “gəlməyini”, kündənin çəkisini, kürənin qızmasını, qapaq qoyulandan sonra ağzı palçıqlanmış kürədə çörəyin bişməsini Cavad bəzən texniki tərəqqinin heç bir nailiyyətindən yararlanmadan gözəyarı müəyyənləşdirir. Çox nadir hallarda nədəsə səhv edir. Qapı arxasındakı qarın üstündə qara bulud kimi dayanan camaatın konkret çörək iyinə xoflu basqısı kürənin palçıqlanmış ağzı açılan kimi ikiqat artır. Adamların ağlını-başından çıxaran bu iy yaşıl qapının tağındakı çörək boyda düzbucaq deşiyə çatan kimi adamlar havalanır: pulu lazımsız kağız parçası, söyüştək deşiyə soxub ondan qurtulmağa çalışan çoxlu sayda yumruq içəri, az qala Bənövşənin ağzına girir; haray-həşir, hədə, qarğış-nifrin dolu uğultulu itələşmə isə hərdən qapı tağlarına elə həmlə vurur ki, içəridən onları saxlayan əl qalınlıqda döymə dəmir cəftə çərçivə ilə birlikdə yerindən oynayır. Yumruğun çörək almağı ilə deşikdən dartılıb çıxarılması bir göz qırpımında baş verir. Ancaq çıxan hər yumruğun yerinə sanki üçü, dördü birdən girir və onlardan Bənövşənin qarşısında yalnız özünün gördüyü səltənətin sərhədlərinə daxil olanı arzusuna çatır. Bəziləri pulunun qalığını almağa çörək qurtarıb ara nisbətən sakitləşəndə, ya da ertəsi gün gəlir. Bənövşə o cür pulları əlinin altında saxladığı brezent torbaya atır, karton qutudakı əzik pullara qatmır. Sonuncu çörəkləri Bənövşə hər gün gələn tanış yumruqlara fasiləsiz elan edir: “Dörd çörək qaldı! İki çörək qaldı! Vəssalam! İki saatdan sonra gələrsiniz!” Düyünlənmiş sərt yumruqlar peşmanlıqla soluxub bir-birinin ardınca deşiyi tərk edəndən sonra Bənövşə qapağın cəftəsini vurub uca kətilindən enir və sanki  on beş-iyirmi dəqiqəlik bu dava-qırğında daha dəhşətli toqquşmaların qarşısını qəhrəmancasına alıbmış kimi çörək alanların da, ala bilməyənlərin də qarasınca mırtdanır: “Köpəyuşağı! Boğazınıza yara çıxsın!”

 

Qucaqlarda qundaq uşaq kimi bükülü və oyaq gedən çörəyin ətri soyuqda da zavod həyətini bürüyür, qarşılaşanlar almaq imkanı və ümidi olmasa belə, bu özgəyə məxsus həyat qoxusunu damarlarında hiss edərək bir-birlərindən soruşur: ”Çörək çıxdı?” Çörək gündə dörd-beş dəfə çıxır və onu əldə edənlər, etməyənlərdən fərqli olaraq bir sutka özlərini xoşbəxt sayır. Ertəsi gün yenə hər şey soyuq günəşin qarlı dağlar arxasında doğuş sancısı çəkməyi kimi təzədən başlanır.

 

Sübh tezdən özünü kolxoz maşınlarına çatdırsa da, Nəsi Yarmaçıdan rayona həmişə piyada gedir, o səbəbdən də işə gecikir, o səbəbdən də zavod hasarının dibindəki quyudan mazut daşımaqla, yəni ən çirkli işi görməklə bədəlini ödəyir. Çörəkxananın qarşısından çəkilməyən camaat Nəsinin mazut daşımağına da həsədlə baxır, onu və duru mazutla dolu qoşa vedrələrini hörmət-izzətlə öz möhkəm sıraları arasından “Yol ver! Yol ver!” sədaları ilə qapıya doğru bəy balası kimi ötürürlər. Nəsi ömründə şəxsiyyətinə qarşı belə kütləvi məhəbbət və sayğı görməyib. Bu sədaların, bu ifalın altında Nəsi nəinki iki yüz litrlik forsunka çəlləyini, altmış tonluq vaqon-sisternanı da mazutla doldurub geri, Bakıya göndərmək əzmindədir.

 

Çörəkxanadan stansiyaya qədər zavoda məxsus ikimərtəbəli evlərdi, dükanlar, yeməkxana, çayxana, park, uca su qülləsi var, uşaqlar üçün işləyən mədəniyyət evinin pəncərələrindən daim musiqi sədaları eşidilir. Buralar həmişə adamla doludu. Yalnız səhər tezdən hələ kənd camaatı gəlməmiş və bir də axşamüstü, onlar dağılışıb gedəndən sonra seyrəklik yaranır. Yalnız o zaman “Zavod həyəti” adlanan qəsəbənin camaatı özünün küçə və qonşularla əlaqəli həyati məsələlərini çözməyə çıxır. Cavanlar parkda gəzişir, savadlılar qəzet redaksiyasının qarşısına toplaşıb mübahisə edir, qumarbazlar ayrı tinə axışır, qocalar çayxanada domino oynayır, arvadlar su kranlarının başında uzun-uzadı söhbətləşirlər. Dəli Məhərrəm səliqə ilə geyindiyi qara kostyumunda, şlyapası başında zavod idarəsinin qarşısından keçib parkın qırağı ilə çörəkxanaya qədər eyni yolu davamlı gedib-gəlir: dodaqaltı nəsə danışır, əllərini ölçür, hərdən kiməsə barmaq silkir, amma bu aqressiya onun digər hərəkətlərinə sirayət eləmir. Elə bil uzaq xəstəxanadakı uzunmüddətli müalicə zamanı onun hərəkət əzələlərinə əyləc qoyulub və bu əyləc Məhərrəmin iradəsindən asılı olmadan lazımi anda işə düşməklə mühitdə əmin-amanlığın qorunmasını etibarlı şəkildə təmin edir. Onun yaşadığı və şəxsən idarə etdiyi dünya səki boyu bir zolağa gen-bol yerləşir, orada hər şey saat kimi dəqiq işləyir və Məhərrəmdən sonra kimsəyə təpinməyə, ya da barmaq silkməyə ehtiyac qalmır.

 

Dəli-dolulardan fərqli olaraq hamıya səxavətlə salam verən, qarşısına çıxan hər kəslə söhbət eləyib danışmağa hazır olan Əliyar kişi də buralarda daim gəzişir. Məhərrəm virtual dünyanın yerdəki rəmzi fiqurlarındandırsa, Əliyar kişi təmkin və toxtaqlıq nümunəsi, keçmişin bugündə döyünən nəbzidir. Onun konkret cığırı və kiminləsə çəkiləsi haqq-hesabı yoxdur. O buralarda yoldaş Mamedovun rəhbərliyi dövründə nəzarət məsələlərinə baxan əsas adam olub və söhbətlərində hər şeyi həmin dövrlərdəki analogiyalarla müqayisə edərək dolayısı ilə yoldaş Mamedovu da, o dövrləri də, elə özünü də adamlara yenidən təqdim edir. Yoldaş Mamedovun həbsxanada özünü asmasına qəti şübhə ilə baxan Əliyar kişi bu dərinliklərə yalnız savadlı adamlarla danışanda enir və söhbətin ortasında ay kimi öz-özünə doğan balaca, ritorik suala cavab verməyini tamamilə lazımsız sayır: “Yoldaş Mamedovun bütün işləri mənim, bax, bu əlimin içindən gəlib keçmişdi, – sarımtıl, qırışmış və yüngülcə əsən əllərini mütləq irəli uzadıb orada heç bir cinayət izinin olmadığını göstərir. – O özünü niyə asmalıydı ki? – Sualı pıçıldayandan sonra da Əliyar kişi açıq qalmış qoşa əllərini çəkmir və faciəni sözsüz daha dəqiq izah etdiyindən duyduğu həqiqi hüznlə, nəhayət, münasibətini belə yekunlaşdırır: – Onda gərək mən də özümü asaydım!”    

 

Bunların çoxu yayda, havaların xoş vaxtında baş verir. Onda evlərin mərtəbələrindən balkonlara, ağac altına, bağçalara tökülüşmüş insanların həyatı sanki çılpaqlaşır və gizlədilməsi mümkün olmayan hər şey dərhal qanad açıb zavod həyətinin bütün hücrələrinə baş vurur, sonra isə dəmiryolunun o biri üzündəki məhəllələrə çatmağa tələsir. Zavod həyəti o məhəllələrdən fərqli olaraq daimi istehsalat ritminə, bundan doğan kollektiv məsuliyyət və birgəyaşayış qaydalarına malikdir. Bu xüsusiyyətlərinə görə zavod həyəti şəhərə oxşayır: qızlar qısa geyinir, binaların üstünə nömrə yazılır.

 

Ancaq indi yay deyil, qışdır, yer-göy ağappaqdır, arada gecəyə salıb yenə yağır. Elə bil gündüzlər yağmağa üzü gəlmir, xəcalət çəkir, odur ki, gecə xəlvətə salıb öz işini görür. Elə bil Ağrını qaldırıb başı aşağı silkələyirlər, qarın örtmədiyi, buzlatmadığı yer təkcə evlərin içidir. Nəsinin günü axşam-sabah yolda keçir: səhərlər duman olur, göz-gözü görmür. Kənddən rayona Nəsidən başqa kim gedib-gəlirsə, səhər dumanda, ya da axşam qaranlığında canavarların onu təqib etdiyini deyir. Nəsi isə üz-gözünü şaxtadan qorumaq üçün yaylıq bağlayıb uzundimdik şapkasını üstdən bərk-bərk başına basır, bəlkə də ona görə canavarların səsini eşitmir. Bununla belə, axşamlar qayıdanda Nəsi xurcunundakı çörəklərin istisini canında, ətrini burnunda hiss edə-edə yolu tək-tənha gəlir. Aclığın bu dəmində xurcunda dörd çörək aparmaq özlüyündə Nəsiyə güc verir, yol boyu düşündüklərini arxayınlıqla həzm eləməyə kömək edir.  

 

Cavad deyir, yayda motosiklet alacaq. Nəsi buna sevinir və hərdən özünü Cavadın tərkində motosikletin oturacağında təsəvvür eləyəndə qarı tapdanıb buz olmuş yolda yeriməyə təpəri artır, sürüşüb yıxılmaqdan da qorxmur. Həsrətlə yayın gəlməsini gözləyir, motosikleti də eynən xəmirqarışdıran maşın kimi Cavadın yəqin ki, “Sentrsayuz” deyilən yerdən alacağını fikirləşir. 

 

Cavadı tez-tez raypoya, yoldaş Müslümovun yanına çağırırlar, Cavad ora könülsüz gedir. O gedən kimi fəhlələr göz-gözə vurub unu oğurlayırlar. Nəsi də qalır qırıla-qırıla: nə qarşısını ala bilir, nə də Cavada deməyə dili gəlir. Heç rayponun da harada yerləşdiyini, nədən ibarət olduğunu bilmir. Bilir ki, haradasa dəmiryolunun o biri üzündə, taxıl anbarlarına yaxın yerdədi, Müslümovun isə üzünü bircə dəfə, Cavadın sənəd çamadanı oğurlananda görüb. Bilir ki, Cavad raypodan qayıdandan sonra dalbadal bir neçə gün yenə beş soba çörək yapılacaq, çünki... Nə çünki? Aclıqdı, qışdı, çörək yoxdu. Camaat cad da tapmır. Bir çörəyə görə adamın özünü dəyirmanda üyüdüb un eləyərlər. Cavad elə deyir. Cavad deməmiş də hamı görür ki, çörəkxananın qabağında hər gün dava düşür, qan tökülür. Cavad gecəni çörəkxanada qalır ki, həm sübh tezdən maya tutsun, həm də un anbarını yiyəsiz qoymasın: inan ki, yerli-dibli süpürüb apararlar. Bir gecə qalmadı, zaldan qaimələrlə dolu çamadanı apardılar. 

 

Evdə anası və uşaqları hər gün Cavadın yolunu gözləyir. O isə həftədə bir dəfə güclə gələ bilir. Gələndə fəhlələrdən kimisə öz yerində gecə növbətçisi qoyur ki, maya tutsun. Bəzən də axşamı evdə oturub gecə yatmağa yenə rayona qayıdır: gah piyada gedir, gah maşın tapır. Maşını olanlar axşamdan mühərrikin suyunu buraxır ki, donmasın, kimisə gecənin şaxtasında evindən tərpətmək çətindir. Qohum-qonşu Cavadın anasının başına toplaşıb ordan-burdan danışır. Qarı isə nağılları sevir, bunu nəvələrindən başqa heç kimə demir. Qız evə gələnlərin qabağına pendir-çörək qoyur, yeyən-yeyir, yeməyən də bir küncə çəkilib sobanın istisi ilə canından gündüzün şaxtasını çıxarır, astaca danışan radioya qulaq asır, hər ay Cavadın adına gələn “Təşviqatçı” jurnalını vərəqləyir. Pakizənin başından çıxan bitlər qızmar sobanın üstündə xırdaca su damcısının çırtıltısı ilə partlayır. 

 

Zülfüqar xaloğlu pendirlə dırnaq boyda etdiyi kömbə tikələrini içəri ötürməmişdən öncə qızdan bir baş da soğan istəyir və yekə əlinin içi ilə yavaşca palaza sıxıb əzdiyi soğandan qopan ləçəkləri az qala qabıqlı-zadlı ağzına atır. Zülfüqar xaloğlu elə bil heç vaxt pendir-çörəkdən doymur, süfrədəki qırıntıları da quşluyub ovcuna tökür və “Günahdı, yerə tökülməsin” deyib ağzına atır. Bəzi qırıntılar onun bığında ilişib qalır. Xaloğlu sonradan onları ehtiyatla oradan ovcuna düşürüb birini də it-bata salmadan o birilərin arxasınca içəri göndərir. Süfrədə sanki Zülfüqarın qorxusundan pərən-pərən düşmüş nazik, qırmızı soğan qabıqları qalır. Qız boş süfrəni yığışdırmaq istəyəndə xaloğlu soğanın qabıqlarını bir yerə yığmaq cəhdiylə süfrənin ortadan getməsini ləngidir, bir anlığa əllərini unutmuş halda qarı ilə söhbətə başı qarışır. Bəzən o gedəndən sonra yatmağa hazırlaşan yarıyuxulu uşaqlar Zülfüqar xaloğlunu neçə kömbə ilə doyurmağın mümkünlüyü haqqında müxtəlif rəqəmlər söyləyərək zarafatlaşırlar. Deyirlər ki, onun ağzını çöldən dirəyəsən Bənövşənin yaşıl qapıdakı deşiyinə, içəridən çörəkləri parçalayıb basasan ağzına, aradabir qırmızı soğanların soyulmamışından da atasan, o da malatilka kimi üyüdə... Qarı onlara təpinir, uşaqların bir çox hərəkətlərinə və sayıqlamalarına qarşı etdiyi tənbehlər kimi bunun da səbəbini izah etmir. Amma bu zarafatda nağıl fantaziyasına görə başına doladığı yekə yaylığının altında gizlicə qımışır. 

 

– Cavad, bə körək qalmadı? – Tapdıq Quzubeqov şapkasını pambıq lifləri ilişmiş qara kombenizonuna çırpa-çırpa, özünü yalnız çörək qurtardığı halda təsadüfən açıq qala bilən qapıya yetirər-yetirməz soruşur.

 

Bilir ki, çörək təzəcə qurtarıb, camaat müvəqqəti seyrəkləşib və o, seyrəklikdən istifadə edərək “c”, “ç” səslərini tələffüz eləyə bilməyən dili-damağı ilə bu sualı birbaşa Cavadın özünə verə bilir.

 

Özgə vaxt Cavada əl çatır, ün yetir, nədi?! O özü də bütün qış boyu davam edən bu gündəlik qalmaqalın içində hər an vuruşa-vuruşa doğma adamlarının, dincliyin, sakitliyin həsrətini çəkir. Tapdıq Quzubeqov növbəti kürədən çıxmış çörəyə də beləcə gecikəcək və eyni sualı yenə də eyni cür verəndən sonra şapkasını buduna çırpa-çırpa, “ah-of-uf” eləyə-eləyə əliboş qayıdıb gedəcək.   

 

İki ildir Cavad bütün rayonun ən məşhur adamıdır. Gündə əlbəyaxa savaş kimi dörd-beş dəfə qızışan növbənin basabasında və haray-həşirində onun adını Bənövşənin adı ilə bərabər ən azı dörd-beş min dəfə fərqli intonasiya, amma eyni məzmunla qışqırırlar. Bununla heç nəyi dəyişmək mümkün olmasa da, hər kəs onunla dost olmağa, özəl münasibət qurmağa cəhd edir. Yaxınlıqdakı ikimərtəbənin balkonuna asılan ağ həkim xələti də Cavada doğru uzanan dostluq tellərini hər gün davamlı dınqıldadır. Orada Cavaddan heç də az tanınmayan doktor İbrahimova balaca oğlu ilə yaşayır.

 

Sübh üzü alaqaranlıqda Cavad maya tutmağa qalxanda doktorun pəncərəsində gecə lampasının işığını və adamların qapı arxasına yığışdığını görür, gücü yalnız onları soyuqda qoymayıb içəri, zala buraxmağa çatır və yarım saatlıq işini qurtarandan sonra səhərədək yatmağından vaz keçir. Bir dəfə o, yaşlı kişinin göz-gözə vurub təknənin böyründəki ağzıaçıq kisədən unu necə ovuclayıb şalvarının cibinə doldurduğunu gördü. Heç nə demədi, aclığın acısını bir daha dadmış kimi öskürdü və camaatın içində nə eləyəcəyini bilmədi. Küt getmiş iki çörəyi haradansa tapıb çıxardı və adamların qabağına qoyanda onlar gözlərinə inanmadılar.

 

Eyni müsibəti kənddə Cavadın qızı, anası çəkir. Qız qapıya gələnə barmaq boyda bir tikə də olsa, çörək verir ki, əliboş qayıtmasın. Arvadlar o tikəni bütöv bir çörək kimi alıb yaylığın ucuna bükür və dönüb gedirlər. Elə bil tikənin açıq havada daha da kiçiləcəyindən qorxurlar. Nəsinin gündəlik gətirdiyi çörəyin biri eləcə tikə-parça ilə qonum-qonşuya, sozala-sozala həyətə girən yetim-yesirə gedir. Qarı qıza tapşırıb ki, qapıya gələni əliboş qaytarmasın, çörək olmayanda bir tikə qənd versin.

 

Bu da Məhbubə. Deyilənə görə, nə vaxtsa Cavad onu sevirmiş, amma o, Fəxrəddinə ərə gedib. Bu kənddə sevdiyi oğlana ərə gedən kimsə tapılmaz, zirək tərpənən qızı aparır. Sevgi sanki buranın cavanlarının ürəyində dastan məhəbbətinin nakamlıq markasını əbədi yaşatmaq üçün doğulur. Həyətə girən kimi zarafata salıb özünü lənətləyir ki, kaş o vaxt Fəxrəddinə ərə getdiyi yerdə başına yekə bir daş düşəydi.

 

Bəlkə də Məhbubə indi özünü Cavadın uşaqlarının olmayan anası yerində təsəvvür eləyə bilir, amma uşaqlar bunu bacarmır, çünki Məhbubənin öz uşaqları var, onlarla xəyalən də olsa qardaş-bacı olmaq mümkün deyil. 

 

Məhbubə evə keçib qarı ilə hal-əhval tutur, sonra da arvadı qınayır ki, vaxtında  elçi gəlsəydi, bəlkə də o indi bu evin gəlini idi. Əslində, bunlar xeyli gecikmiş, mənasız etiraflardı, nə vaxtsa həyat axarının tamamlamayıb yarımçıq qoyduğu sevgi qubarının zarafatla könüllərdən   yuyulmasından başqa bir şey deyil. Ancaq söz qarın çürüdər, adamlar danışmayanda yabalar danışar, burada elə deyirlər. Qarı bütün günü dörd divar arasında darıxır, bəzən uşaqlar onu lap bezdirir.

 

Qarı “qismət” deyib, yekə yaylıq doladığı başını aşağı dikir və deyir ki, on dörd yaşı olanda onu qonşu kənddən bir oğlan qaçırmışdı. Danışır ki, bir aya yaxın oğlan onu evdən çölə çıxmağa qoymur, hər gecə də anasının köməyilə zorlayırmış.

 

Axırı gecələrin birində onları yuxuya verib qaçır, gəlib kəndə çıxır, evdə də dədəsi başlayır bunu hər gün döyməyə ki, qayıt get o qurumsağın xarabasına. Günlərin bir günü Cavadın dədəsi səsə gəlir və onu dədəsinin əlindən alıb öz evinə aparır. 

 

Qarının dediyinə görə, Cavadın dədəsi həm kasıbıymış, həm də qaradinməz adammış, dindirməsən, günlərlə ağzını açmazmış.

 

– Sənnən də danışmırdı? – təfsilatını bilmədiyi keçmiş əhvalata sidq ürəkdən sarsılan Məhbubə qarının tağalaq kimi quru, damarlı əllərindən tutur.  

 

– Yox,  – qarı deyir. – Bir ildən artıq belə... qaldım külfətin içində... Özləri yeyəndən bir tikə də mən yedim, ancaq görürdüm ki, heç darılmıllar... Sonra elə bil Allah bu gədənin urzasını artırdı, hər şey başından töküldü: mal-heyvanı gəlişdi, əkin-dikini, meyvəsi, bostanı, satdı-sovdu... Axırda da dananı vurdu yerə, dedi, toy eləyirəm...

     

– Səninkiləri çağırmadı toya?  – Məhbubə qarının əlini buraxmadan əyilib altdan onun üzünə baxır.

    

 – Yox, – qarı mızıldanıb yekə yaylıqlı başını astaca hərləyir. – Çağırsaydı da mən qoymazdım...            

 

***

 

Yenə raypoya çağırdılar. Əvvəllər adətən mühasibata gedirdi: un, mazut, duz, günəbaxan yağının, taranın haqq-hesabına. İndi çörəklə sədr özü məşğul olur. Müslümov həmişəməşğul işğüzarlığına fasilə verib kresloda dincəlirdi, acımış xəmir kimi ləbaləb doldurduğu kreslodan axıb yerə tökülürdü. Damağındakı uzun müştük sanki yarıyacan xəmirə sancılmış oxlovdu. Cavadı qapıdan stola qədər olan uzun məsafə boyu sakit baxışları ilə qarşıladı.

    

– Rəhbərimiz sənin işindən razılıq elədi, – Cavadın salamına cavab kimi gözlənilmədən dedi. Ətli yanaqlarının sıxdığı ağzından müştüklə bərabər təbəssümünün kiçik bir qırığı da çırtdayıb çıxa bildi. 

 

Cavad bu qəfil müqəddimədən qorxdu, çünki çörəyin belə qıt zamanında rəhbərin adamı tərifləməyi özlüyündə əlavə məsuliyyət yaradırdı.

    

– Dedi, bacası gecə-gündüz tüstüləyir, çörəyinə də söz ola bilməz! – Müslümov pəncərə

arxasında qılınc kimi kəsən aclığa, qıtlığa məhəl qoymadan bir daha xoşbəxtcəsinə gülümsündü və əlini qırmızımtıl yanağına şappıldadıb sözünün həqiqiliyinə şübhə yeri qoymadı: – Bax, bu ölsün!

    

– Sağ olsun rəhbərimiz, belə gündə bizim işimizə o qiyməti verməknən zəhmətimizi yüksək qiymətləndirir, – Cavad  stula oturmadan dedi. – Yoldaş Müslümov, iki ildir bu çörəyin məsələsi belə olub, vallah, gecəmiz-gündüzümüz yoxdu. Özün yaxşı bilirsən.

     

– Amma Nağını tərifləmədi, – Müslümov bunu da tərifin ikinci hissəsi kimi Cavada ayrıca çatdırdı. – Dedi, çörəyi lığırsdı, xəstəxananı da iki gün ac qoyub.  

 

Yalnız bundan sonra Müslümov stulu göstərib Cavadı oturtdu və kreslosu ilə birlikdə çıxdığı fasilədən geri dönərək vəziyyətə uyğun  operativliklə davam etdi.

    

– Görürsən bunu? – Müslümov stolunun üstündə kağızla dolu ən yekə qovluğu göstərdi, sonra da nəvazişlə əlini onun üzərinə qoyub Cavadın gözlərinin içinə baxdı. – Bilirsən bu nədi?

 

Cavadın ağlından keçən ilk fikir, əlbəttə, qovluqda ondan yazılmış anonim şikayətlərin yığılması oldu. Amma qovluq çox qalın idi, o hesabla gərək ondan çörək alan hər kəs axşamı  yalnız bu məsələyə həsr edəydi. 

 

Müslümov onu çox intizarda qoymadı:

     

– Bu sənədlər, – dedi, – Bakıdan gəlib. Təzə çörək zavodunun layihəsidi. Gündə iyirmi ton çörək bişirən bir zavodun. Təsdiq olunub, büdcə ayrılıb, Allah qoysa, yazda tikintiyə başlanacaq.

 

Köhnə söhbət idi, onun nə vaxtsa bu cür reallığa çevriləcəyinə raypoda heç kim, bəlkə heç Müslümov özü də  inanmırdı. Amma möcüzə baş vermişdi və onu ləğv edə biləcək ikinci bir möcüzənin baş vermək ehtimalı hələlik qarlı-şaxtalı üfüqdə görünmürdü. Cavad fikirləşdi ki, məsələ iyirmi ton çörəkdə deyil, məsələ iyirmi ton undadı. Unu verən olsa, hər kəs öz təndirində öz çörəyini bişirər, rayon çörəkxanalarına da bu qədər güc düşməz. Bəlkə zavod tikilənə un da olacaq!

 

– Çox gözəl! – Cavad dedi. – Amma kürə çörəyinin dadı damaqlarda qalacaq ondan sonra.

       

– Şkaf sistemi, xəmirqarışdıran, kündəvuran maşınlar, ayrıca un anbarı, ayrıca hazır məhsul anbarı, şirniyyat sexi!.. Bir hektar ərazidə bütün şərait! Rəhbər bundan ötrü məni çağırmışdı, sənin də işini təriflədi. Daha nə istəyirsən, Cavad?

 

Cavad bütün yaddaşını sıxıb nə vaxtsa belə böyük bir şey arzulayıb-arzulamadığını dəqiqləşdirməyə çalışdı. Xatırladığı o oldu ki, məktəbi bitirər-bitirməz zavoda iş dalınca gələndə tamamilə təsadüfən qarşılaşdığı direktor müavini Süleyman onu zavoda yox, zavodun nəzdindəki çörəkxanaya fəhlə göndərdi. Ondan sonra həyatındakıların hamısı sanki xəbərdarlıqsız, öz-özünə baş verdi. Əslində, bunların necə, nəyə xətir belə alındığını araşdırmağa indiyədək elə bil onun vaxtı olmamışdı: daim qaçhaqaç, daim yırtılanı yamamaq...

 

İrəlidə hələlik çörək zavodundan öncə çörək üstündə qırğın gözləyirdi Cavadı. Buz bağlamış səkilərlə büdrəyə-büdrəyə dəmiryolunun o üzünə tələsirdi ki, kündələrin çəkisinə nəzarət eləyə bilsin. Yaxınlarda parkda birinin əlindən çörəyi alıb mağazanın tərəzisində çəkmişdilər. Sabahı da onu çağırmışdılar ki, gəl, çörəyin iki kilo əvəzinə bir kilo doqquz yüz altmış qram gəlib.

    

– İndiki vəziyyətdə bu, Sibirlik məsələdi ha-a, – nəzarətçi stolun üstündəki kağızı barmağı ilə taqqıldadaraq ona deyirdi. Elə bil Sibirin qapısını döyürdü: açın, adamımız var.

 

Cavad izah elədi ki, əgər o hər kündəni tərəzidə çəkəsi olsa, günə beş yox, uzaqbaşı, iki soba çörək yapa bilər.

 

– Bu nə deməkdi?! – onun sözünü səbirsizliklə kəsdilər. – Belə çıxır ki, sən camaatı aldatmalısan?

 

– Siz gəlin mənim on çörəyimi birdən çəkin, əgər iyirmi kilodan artıq olmasa, başımnan cavab verəcəm.

 

Gəlib çəkdilər. Elə bil çörək yox, qızıl çəkdilər: tərəzinin qablarını, çəki daşlarını sildilər, altına-üstünə, ördəklərin dimdiyinin bərabərliyinə baxdılar və belə qərara gəldilər ki, Sibirin qapısını döyməyə hələlik ehtiyac yoxdur.

 

Cavad raypodan qayıdana kimi Nəsi mazut vedrəsi ilə taxta nərdivandan sürüşüb yıxılmışdı. Bir vedrə mazut elə dağılmışdı ki, deyirdin bəs, Nəsini uzadıb yerə mazutu onun üstünə çömçə ilə töküblər ki, xələtinin bulaşmayan yeri qalmasın. Nəsi tövlədə İlqarın camışını yazqabağı mazutla o cür, təpədən-dırnağa yağlayır ki, gənələri tökülsün. Cavad içəri girəndə Nəsini sürüyüb qapıya tərəf gətirmişdilər: başının altına un kisəsini qatlayıb qoymuşdular, başının üstündə isə doktor İbrahimovanın məlahətli səsi ilə bərabər əlləri və toxunduğu yerlərin ağrıyıb-ağrımadığı haqda novokain təsirli sualları pərvaz edirdi. Nəsi ağzını da, gözlərini də yummuşdu, cavab vermirdi, elə bil mazut daşıyan bu arıq bədən hələlik öz ağrıları yox, şəxsiyyətinə kütləvi ümumxalq hörmət-izzətinin bundan sonrakı aqibəti haqqında düşünürdü. Nəsinin xələtini pencəyi qarışıq əynindən soyundurdular, cibindən çıxan sarımtıl yaylıqla üz-gözünü sildilər, amma Nəsinin tüklü üzündə heç bir rəng və ifadə dəyişikliyi baş vermədi, havayıca yaylığı kirlətdilər. Nəhayət, nə baş verdiyini xatırlayan Nəsi üzlərin arasında Cavadı görəndə dikəlib oturdu, sağ tərəfində və qolunda yüngül ağrı olduğunu doktora dedi.

 

Nəsini hamama göndərən Cavad içəriyə doluşmuş adamları çölə çıxarmağa başladı. Adamlar isinmiş zaldan qarlı həyətə könülsüz çıxırdılar. Onlar dolu un kisələrinə, xəmir təknəsinə, əvvəlki illərdə yüz dəfələrlə gördükləri uzun stola, rəflərə, o başda üst-üstə qalaqlanmış qara sinilərə baxa-baxa sanki çörəyi əmələ gətirən hər şeyi olduğu kimi görməklə gözlərini bu nemətdən doyurmağa çalışırdılar. Cavad istədi onlara desin ki, yazda zavod tikilməyə başlayacaq, onda hamıya çörək çatacaq. Ancaq demədi, çünki yaza çox vardı və hələlik yazda günəşin çıxacağına da bu ac adamları inandırmaq mümkün deyildi.

 

***

 

Bütün yay boyu yalnız Ağrının başında qar damazlıq kimi qalır ki, payızın sonunda yenidən yağıb aşağıda Nəsinin rayondan kəndə uzanan çınqıllı yolunu örtüb hamarlasın, özünə gərək olan başqa işləri görsün. Qış uzun çəkir, amma yayı da yığıb-yığışdırmaq olmur, onun qar altından sağ-salamat çıxmış səltənətində nələr baş verəcəyini kim əvvəlcədən bilər ki?!

 

Onlar arxın üstündəki söyüdlərin kölgəsində uzanıb təyyarələrdən danışırdılar. Çox nadir hallarda pilotlar onları borta mindirib bir dövrə göydə fırladırdılar. Bu bir dövrə onların bütün yay boyu pambığa dərman səpməyə qalxan hər bir təyyarə ilə xəyalən uçmağına da rəvac verirdi. Bəzən heç o bir uçuş da olmurdu, onda növbəti yayın ümidi ilə yaşamaqdan başqa çarə qalmırdı. Onda pambıq yığılıb qurtarmalı, yenə də çoxlu-çoxlu qar yağmalı, basmanın üstündə qara dairələr donub ağarmalı, Nəsinin xurcunu yüz dəfə dolub-boşalmalı idi ki, təyyarələr yenə uçub gəlsin: bəlkə gələndəfəki pilotlar indikilərdən də yaxşı olacaq!  

 

– Uzun mənə deyib ki, ərik gətirsən, səni bir də mindirəcəm, – Əli dedi.

 

– Uzun kimdi?! – İlqar dedi. – Əsas pilotlardı, onlara demək lazımdı. O gün Suren buradan keçəndə bilirsən mənə dedi?

 

– Nə dedi? – Əli maraqla soruşdu.

     

– Dedi: Ara, vonçes?

 

Aerodromda kölgənəcək olmadığı üçün pilotlar günortanın istisini rayonda keçirir. Naharda təcili yardım maşınına oxşar kiçik avtobus gəlib pilotları aparır. Belə avtobusa minmək də təyyarəyə minmək qədər əlçatmaz bir arzudur onlar üçün: onlar camış otarırlar, axşam evə gedəndə palçığını arxın sızqısında güclə yuyub təmizlədikləri camışları minirlər.

 

Söyüdlərin altından Yarmaçının qıraq evləri, daim uca ferma tayaları, tarlaların arası ilə gələn boz yolun əyriləri görünür. İsti başlamamış Yarmaçı çayxanalarından yığışıb yola çıxmış kişilərin dəstəsində əksəriyyət kolxoz adamı, çəlikli-çəliksiz müharibə veteranlarıdı: Nizaminin təzəcə peyda olmuş kitabları müharibə mövzusunu onların bir saatlıq yol söhbətindən sıxışdırıb çıxarıb. Yol dərsinin müəllimi qismində bu dəfə direktor Mirzə müəllim çıxış edir. Qoltuğunda yekə qovluğu və qəzetləri, Mirzə müəllim Nizami Gəncəvinin şalvarı ütülü, neylon köynəkli,  təcəssümü kimi Şirindən danışır. Onun dediklərinin yalnız uşaqlar tərəfindən sorğu-sualsız mənimsənilməsi icbari xarakter daşıyır. Valideynlər yol dərsində özlərini yaxşı aparmır: Şirinə, onun sevgililərinə aid çoxlu sual verir, sonra da bic-bic gülüşürlər. Arxın üstdə İlqarı görcək çağırdı, kişilərin hamısı onunla bərabər dayanıb on ikinci əsrdən müasirliyə nəhəng sıçrayışın şahidi olmağa hazırlaşdılar. Direktor qoltuğundakı qovluğa işarə ilə İlqara dedi ki, şəhadətnaməsi hazırdır, sabah gəlib məktəbdən ala bilər. Sonra da soruşdu:

 

– Yarmaçıya gedəssən, ya ayrı planın var?

 

– Bilmirəm, – İlqar qeyri-müəyyənliklə cavab verdi. Həqiqətən bilmirdi.

 

İndi Mirzə müəllimin sualından belə çıxırdı ki, özü ilə bağlı onun da müəyyən planının olması prinsip etibarilə mümkündür. Bu, İlqarın həyatında özünün güclə dərk edə bildiyi yeni bir şey idi. Yalnız indi, çınqıllı yolun ortasında üzü kəndə, arxası Yarmaçıya durub kişilərin camış kimi qara, ağır və dönməz yerişlə uzaqlaşmasına baxa-baxa İlqar fikirləşdi ki, hər dəfə rayondan qayıdanda onun yolunu kəsən Yarmaçı uşaqlarının hamısından zəhləsi getdiyi üçün bu kəndə doqquzuncu sinfi oxumağa getməməyə haqqı çatır.

 

Əslində isə bütün başqa məsələlər kimi haqq məsələsi də bir az qəliz idi. Cavada dedi ki, ona velosiped alsın, Cavad ona bir velosiped qiymətinə ayrı şey, əl boyda “Almaz” radiosu alıb gətirdi. Onu inandırmağa çalışdı ki, velosiped dərslərini oxumağa mane olacaq. Bəlkə də “camış otarmağa” desəydi, daha düzgün olardı. Bundan razı qalmasa da radionu çox vaxt köynəyinin altından boynuna asıb mal-heyvan otarırdı, çölün düzündə musiqini eşidən adamlar devikə-devikə yaxınlaşıb radioya maraqla baxır, balaca təkərciklə dalğanı dəyişib möcüzəyə gülümsünürdülər. Radionun gündəlik proqramını, ayrı-ayrı verilişlərin vaxtını, hətta bütün reklam və elanların sözlərini də İlqar əzbər bilirdi.

 

Ertəsi gün camışı və radionu Əliyə tapşırıb söyüdlərin altından birbaşa rayona, Cavadın yanına getdi. Bu gedişin nə dərəcədə yerli, yersiz olduğunu yol boyu özü üçün müəyyənləşdirib qurtara bilmədi, amma Yarmaçıdan keçəndə tozlu meydana, əyri-üyrü küçələrə və indi, Allah bilir, kəndin harasında veyillənən dələduzlara qəti şəkildə elan elədi ki, o bura oxumağa gəlməyəcək: altmış yaşlı məktəbiniz də, Andrey Babuşkininiz də, stadionunuz da özünüzə qalsın! Gedin pres damlarında o qədər bıçaqlaşın ki!..

 

Cavad onu hərdən yalnız bazar günləri burada görməyə adət elədiyindən bir qədər təəccübləndi:

    

– Bir şey olmuyub? – onu fəhlələrin arasından çıxarıb yavaş-yavaş çölə apardı.

 

Tonqal izlərinin ləkələdiyi asfaltın xeyli hissəsini kölgəsi ilə basmış cır tutun altındakı kürəkli skamyada oturdular. Ev-eşikdən uzaq bu ağacın altında, boyası çoxdan qopub tökülmüş bu park skamyasında ilk dəfə belə, yanaşı oturanda onlar hər ikisi üçün çox vacib və mühüm bir məsələ haqqında danışmaqdan ötrü görüşmüş doğma ata-oğul kimi yox, tamamilə yad adamlar kimi göründülər. Danışacaqlarının xeyirli sonluğuna ümid isə heç görünmədi.     

 

– Sən bilirsən də, mən bu il səkkizi bitirmişəm, – İlqar dedi və dayandı ki, Cavad rahat nəfəs alsın, təşvişi keçsin. 

 

– Bilirəm, köpəyoğlu, niyə bilmirəm! – Cavad əlini onun çiyninə qoydu, üzünə baxdı. Neçə gündən bəri görmədiyinə görə yorğun, yumşaq baxışları ilə üzrxahlıq elədi.

 

– Amma bütün qiymətlərimin əla olduğunu, doqquza gedib-getməyəcəyimi yəqin bilmirsən.   

 

– Hə, onları bilmirəm, – Cavad etiraf etdi.

 

– Mən Yarmaçıya getməyəcəm, – İlqar Yarmaçı meydanındakı qətiyyətinin yalnız bir qırığı ilə deyə bildi.

     

– Aha, – Cavad məsələnin ciddiliyini görüb başını tərpətdi. – Bə hara gedəssən?

 

İlqar radioda elanını eşitdiyi texnikumun Mingəçevirdə olduğunu deyəndə Cavad gülümsündü və xeyli susandan sonra:

 

– Adam da buradan qalxıb Mingəçevirə oxumağa gedər? – dedi. – Mingəçevir nəmənə bir yerdir ki, onun texnikumu nə ola?

 

– Mən radioda onların elanını eşitmişəm.

     

– Bəs biz... evimiz-eşiyimiz necə olacaq? – Cavad sanki İlqardan yox, özündən soruşdu.

 

Bunu İlqar da bilmirdi, ona görə susdu. Ancaq qəlbinin dərinliklərində onu getməyə səsləyən o zəif işıq heç nəyə baxmadan közərməyinə davam etdi. 

 

Axşam bu haqda doktor İbrahimova ilə danışanda da Cavad yeni yaranan vəziyyəti ölçüb-biçməkdə, sanki onun içində itib-batmamaq üçün xanımı köməyə çağırmaqda idi. Çoxdandı belə seçim qarşısında qalmırdı.  

 

– Apar qoy oxusun da, – doktor inamla dedi. – Hələ bu harasıdı? Sabah da qızın gələcək ki, dədə, mən ərə gedirəm...

      

– Mən deyirdim, birdəfəlik onuncu sinfi qurtarıb instituta gedər, – Cavad dedi.

 

Doktor həmişə onun fikirləşmədiyi tərəfdən gəlirdi. Məsələyə baxış üçün ona yeni pəncərə açırdı və bu pəncərə başqalarından işıqlı, günəşli olurdu. Cavad get-gedə bu işığın əhəmiyyətini öz həyatında indi müzakirə etdiyi məsələdən heç də az hiss etmirdi. Şəhərdə oxumaq istəyi onların hər ikisinə tanışdı. Onlara tanış olmayan uşağın evdən getməyi ilə orada yaranan boşluğun necə doldurulması idi. Balaca bir uşağın onların həyatına necə nizam verdiyini yalnız indi bütün aşkarlığı ilə hiss etdilər. 

 

– Hələ on dörd yaşı da tamam olmayıb, – Cavad mızıldandı. – Mən bunu aparım uzaq yerdə  hara qoyum, kimə tapşırım?

 

Doktor cavab vermədi, susdu, gözəl qamətini bir tin o yandakı mətbəxdən belə hərləyib qaytardı, dayanıb aydın, sakit baxışları ilə öz oğlunu süzdü.               

     

– Heç nə olmaz, – astaca dedi, – oğlan uşağıdı, arxasında da sənin kimi atası...

 

Cavad doktorun yerində uşağın öz anasını təsəvvür etməyə çalışdı: bəlkə də nəsə ayrı cür deyərdi, bəlkə də onun dediyi öz təməl yumşaqlığı ilə bu dərəcədə ciddi və prinsipial görünməzdi. Bir anlığa yenə də ev-eşiyi, uşaqları, qoca anası, tövlədəki mal-qara, bütün həyət-baca öz ağırlığı ilə Cavadın üstünə yeriyib fikrini dolaşdırdı. Doktorun oğlu həmin an gəlib divanda Cavadın o fikirlərinin üstündən əlindəki balaca maşınını irəli, geri sürməklə tozanaq qaldırdı. Sanki dedi ki, bunlar hamısı boş şeylərdir. Maşını ona anası almışdı, ancaq onun uşaqlarına oyuncağı da İlqar alırdı. 

 

İkisi də susurdu. Nəhayət, sakitlikdə uşaq icad etdiyi mühərrik səslərini özü də eşidib onların həqiqiliyinə və gərəkliyinə şübhə ilə yanaşanda doktor İbrahimova fikrinin ikinci qatındakı sərtliyi də Cavada bəyan etdi.    

 

– Əşi, sat getsin bu camışı, qoyunu, keçini, – o, qətiyyətlə dedi. – Bir qaşıq süddən ötrü uşağı naxırçı eləmiyəssən ki! 

 

Gün ərzində Cavad bu mal-heyvanı yüz dəfə satmışdı. Ancaq onlar yeni sahiblərinin evini tanımadıqları üçün qayıdıb təzədən həyətə doluşurdular.

 

– Keçi yoxdu, – Cavad asta səslə dedi.   

 

Təzə olmayan bu fikir indi yalnız ona görə qiymətli idi ki, onu doktor İbrahimova da qətiyyətlə müdafiə edirdi. Cavad daxilən onunla razılaşsa da özünün əsaslı dəyişiklik tələb edən həyatına qorxa-qorxa, barmağının ucu ilə toxunurdu, hamısını birdən deyil, qarış-qarış təsəvvür etməyə çalışırdı. Ancaq hər bir qarış o həyatı dərhal bütövləşdirib onun qarşısında eyni şeyin bir neçə nüfuzedilməz nüsxəsini yaradırdı. 

 

Sərinləmək bilməyən yay axşamının bürküsü də bir yandan ağırlıq edirdi. Yay klubundan ayın, ulduzun altı ilə dalğa-dalğa gələn musiqi avazı Cavadın fikirlərini nəinki uzaq Hindistana, heç qonşu Yarmaçıya qədər də dartıb apara bilmir, çaşqınlıq və anlaşılmazlıqlarla sarıb qapıdanca geri qaytarırdı. Stansiyada dayanmadan keçən yük qatarı fit qarışıq gurultusu ilə Hindistanı da, ayı, ulduzu da bir göz qırpımında süpürüb apardı, uğultu dolu ahəngdar taqqıltısını qəsəbənin qurtaracağındakı aşırmalı körpünün metalına çırpandan sonra susmuş bütün başqa səslərin davamına icazə verdi.         

   

– Bəlkə sən mənə evlənməyi təklif edəsən, Mehri? – nəhayət, doktorun üzünə baxa-baxa dedi.    

 

Doktor buna hazır kimi göründü:

 

– Mən təklif eləyirəm, – bayaqkına nisbətən asta səslə dedi. – Ancaq sən haradan tapacaqsan o qəşəng arvadı ki, sənin uşaqlarını yola versin, özü də bir-ikisini doğsun, sən də onların hamısını onun umuduna qoyub, gecə-gündüz burada olasan?

 

– Qəşəng arvad – sən! – məsələyə münasibəti bilə-bilə Cavad bir daha köhnə varianta cəhd elədi.  

 

– Biz sənnən bu barədə danışmışıq, – doktor Mehri İbrahimova köks ötürdü. – Alınmır, Cavad. Mən öz işimnən bunu bilmirəm neyləyəm, o da qala... Bütün sevgilərin evlənməklə bitməsi, təəssüf ki, yalnız hind filmlərində olur, – doktor başı ilə kluba işarə edərək dedi.

 

“Bu” maşını divanın üstünə atıb balkonun qabağında ipə qaldırılmış sarmaşıq güllərin əhatəsi boyu üçtəkərli velosipedini sürürdü. Darısqallıqda velosiped də Cavadın fikirləri kimi məhdud, qapalı dövrə boyu fırlanır, cəftəsi çəkilmiş küçə qapısının önündən çarəsizcəsinə geri qayıdırdı.       

 

– Hələ baxaq görək qəbul ola biləcəkmi, – Cavad üstünə birdən-birə yerimiş bu qeyri-müəyyənliklərin qarşısına sonuncu şübhəsini atdı.

     

– İndi oralar doludu maklerlə, – Mehri stoldan süfrəni yığışdıra-yığışdıra dedi.

 

O, Mehrinin cərrah barmaqlarının dəqiq hərəkətinə həmişə maraqla baxırdı. İndi də doktor elə bil sözləri dodaqları ilə deyil, yay uzunu bir qədər qaralmış, uzun barmaqları ilə daha dəqiq və anlaşıqlı ifadə edirdi. Sözlər də boşqab, çörəkqabı və başqa şeylərlə bərabər şəkilli məcməyiyə dolub orada cücə kimi cikkildəşdilər.  

     

– Nə danışırsan, özünü öldürər! – Cavad barmaqlara sifətinin tərpənməz cizgiləri və stola sancılmış baxışları ilə cavab verdi.

 

Sonra onları yola salmağa doktor özü də getdi. O, oğlunun əlindən tutub perronda tələsən adamların arası ilə gedə-gedə bütün vaqonların bütün pəncərələrinə diqqətlə baxdığı üçün onu salamlayanlara cavab verməkdə gecikir, dönüb arxaya baxır, bəzən də eyni pəncərədə gördüyü sifətlərə təkrar baxmağa məcbur olurdu. Stansiyanın qatran iyli çılpaq gündöyərində günortanın istisini saatlarla özünə çəkmiş qatar vaqonlarının yaşıl rəngi də günəşə təslim olmuş pəncərələrin ikiqat şüşələri kimi qaramtıl görünürdü.

 

Çinarların kölgəsindən perronda baş verənləri müşahidə edən ucaboy stansiya rəisi pəhləvan addımları ilə irəli gəlib salamlaşdı, yekə furajkalı başını əsdirə-əsdirə qulluq göstərmək istəyini bildirdi. Doktor onun nəvəsinin dünyaya gəlməsinə kömək etmişdi. Akuşerkalar doğuşda qışqırmağın vacibliyi ilə bağlı ilk dəfə doğan gəlininin qulağını o qədər doldurmuşdular ki, qız belə demişdi: “Barı yük qatarı keçən vaxta düşməyəydi!”

 

Əlindən tutub tələsdirdiyi öz uşağı ilə oxumağa gedən uşaq arasında fərqi həmin an doktor yalnız bir şeydə, onların doğulandan indiyədək yaşadığı illərin sayında görürdü və ona elə gəlirdi ki, oxumağa gedənin gələcək həyatı üçün vacib lazım olan bütün qeyri-maddi ehtiyatı yalnız bu illərin, burada, ata-anası, qohum-əqrəbası ilə birgə yaşadığı illərin ona bəxş etdiyindən ibarət olacaq. Və özü də bilmədən indi qəlbində apardığı bu düyünçə onun bütün gələcək həyatının mayasını təşkil edəcək. Bəlkə də uşağı görməklə doktor onun bu son portretini yaddaşında məhz bu gün olduğu kimi saxlamaq istəyirdi. Saxlamaq istəyirdi ki, sonralar bir şey olsa, qaldırıb baxsın, özünün də bugünkü xoş duyğularını xatırlaya bilsin ki, bütün sevgilərin evlənməklə bitməsinin yalnız filmlərə xas olduğuna bir daha təəssüflənsin. Birdən o öz həkim təcrübəsinin yüksəkliyindən boylanaraq fikirləşdi ki, irəlidə qarşılaşacaqları onun düşündükləri ilə uyğun gəlməyə də bilər: hərdən o, keyfiyyətsiz, faktiki olaraq yararsız rentgen plyonkaları üzrə çətinliklə müəyyən etdiyi xəstəlik əlamətlərinin əməliyyat zamanı içəridə daha kəskin və ağır fəsadlar törətdiyini  görür və təsviri dəqiq verməyən zay maşını yox, biliklərinin dayazlığına görə özünü qınayırdı.

 

Artıq qoşulmuş teplovozun ürək döyüntüsü vaqonların nəbzində vururdu və bu hərəkətə hazırlıq əlaməti özlüyündə qızmış dəmirin istisini sanki azaldırdı. Nəhayət, o, Cavadı uzaqdan gördü və bayaqdan bəri altdan-yuxarı boş pəncərələrə baxıb həyəcan keçirdiyinə görə özünün qınadı ki, elə də böyük olmayan, hər şeyi tanış bu stansiyada nəinki qatara minənlərin, hətta onları yola salanların, yorğun görkəmli vaqon bələdçilərinin belə hər birini rahatca tapmaq mümkündür.

 

Cavad torbanı alıb yuxarı apardı, o qayıdınca gözü vaqonun qapısında qalmış doktor yenə də özünün izafi yerə həyəcanlandığını xatırlayıb bir qədər kənara çəkildi. Cavad qapısı görünməyən qara deşikdən yavaş-yavaş, sanki ana bətnindən çıxırmış kimi pilləkənləri aşağı bir-bir düşəndə isə doktora elə gəldi ki, İlqar fikrini dəyişib, amma nədənsə Cavad bu səfərə tək getməkdən də çəkinməyib.

 

– Hanı İlqar? – soruşdu.

   

– Oturub içəridə, – Cavad mızıltısını da ləngitdi. – Bürküdə nəfəs almaq olmur, bu da oturub orada... Nə qədər elədim çıxmadı.

 

Doktor yenə ümidlə pəncərələrə tərəf boylandı və heç kimi görməyib nazik, əyri qaşlarını oynatmaqla günahkarcasına Cavadın üzünə baxdı. Bu halda öz oğlunun balaca əlini kor adam kimi havada fəhmlə axtara-axtara tapdı və gedənlərə “Yaxşı yol” pıçıldayıb, qıraqlarını sarımtıl ot basmış perron boyu stansiya binasına doğru addımladı. Stansiya rəisinin yanından keçəndə isə nə onun yekə furajkasını, nə də gəlinini xatırladı.

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018