Musiqili Teatrın bayağı “Bankir adaxlı”sı

Musiqili Teatrın bayağı “Bankir adaxlı”sı
27 fevral 2018
# 17:36

Nemət Hacıəliyev

Təqribən 10 il öncə Musiqili komediya teatrında Bankir adaxlı tamaşasını izləmişdim. Bu günlərdə tamaşanı yenidən seyr etdim. Eyni bayağılıq, eyni ab-hava, süni alqışlar, yorğun tamaşaçılar məni tamam əldən saldı.

İlk əvvəl mövzuya "toxunaq". Camaata şüşəni brilyant adı ilə satan varlı qadın və iki kobud rəftarlı qızı ərə getmək istəyirlər. Demək olar, hər səhnədə zorakılıq, saçyoldu, qışqırıq... Anbaan aktyor heyətinin dilindən düşməyən qarğış...

Bunlardan əlavə yersiz, mənasız dialoqlar. Məişət səviyyəsində olan mövzuları qabartmaq...

Axırda da kürəkən pulları götürüb xaricə qaçır. Yalandan uydurduğu banka pul qoyan ana və iki qızı müflis olur. Kürəkənin atasını da işdən çıxarırlar... Belə anlaşılır ki, hamıya ata-ata gəlsən axırda sənə atacaqlar. O məşhur teletamaşada Yaşar Nurinin canlandırdığı qəzet oxuyan obrazın sözü olmasın: "Nooolsun?!"

İndi isə başqa bir məsələyə nəzər yetirək. Teatr bir məktəbdi. Xüsusən Musiqili Teatrın tamaşaları insanlara gülüş vasitəsilə müəyyən dərslər keçməlidir. Seyr edən evə gedəndə nə isə düşünməli və nəticə çıxarmalıdır. Vallah mən ancaq yeni qarğışlar öyrəndim. Ya gərək Stalinin dövrü qayıda, bunlar qorxusundan belə tamaşalar göstərməyə, ya da yeni tamaşalar hazırlanıb xüsusi komissiyadan yüksək bal alıb səhnəyə verilə.

Daha bir məsələ var. Tamaşaçıların süni alqışları... Sonda ayaq üstə alqışlamaqlar heç də tamaşanın uğurlu olmağına nişan vermir. Hörmət əlaməti olaraq insanlar çoxdan tanıdığı aktyor heyətini alqışlayırdı. Belə olmaz. Heç kimə güzəşt olmamalıdır. Qədim zamanlardakı kimi yumurta, pomidor, daş atılan anlar teatrın uğursuzluğundan xəbər verirdi. Kolizeyin meydan oynadan vaxtlarında camaat qulların səhnədə yırtıcı heyvanlara necə yem olmasına tamaşa edib gülürdülər. Xalqa şou lazımdı. Ancaq bu şou ilə insanların beyninə şüuraltı da olsa müəyyən məsələləri ötürmək olardı.

Sonuncu demək istədiyim odur ki, teatra gedək. Hər zaman gedək. Üç dəfə kinoteatra gedəndə, bir dəfə də tamaşaları seyr etməyə gedək. Musiqili Teatrın binası xüsusən daxildən çox gözəldir. Zövqlə düzəldilib. İnsan özünü həqiqətən teatrda hiss edir. Lakin tamaşanın birbaşa təsiri məkanı unutdurur. Ümid edirəm, gələcəkdə yeni-yeni tamaşalar səhnələşdiriləcək. Aktyor heyəti güclənəcək. Və biz yenidən Bəşir Səfəroğlu, Yaşar Nuri, Siyavuş Aslan, Nəsibə Zeynalova kimi aktyorların bir sözündən uğunub gedəcəyik. Güldürmək çətin sənətdir.

Qeyd: Xahiş edirəm tamaşa başlamamışdan telefonlarınızı söndürün.

# 1781 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #