Soykökünə bağlı nasir, publisist

Soykökünə bağlı nasir, publisist
22 fevral 2018
# 13:42

Orxan Zakiroğlu

Tanınmış nasir, publisist Məhəmməd Baharlı Azərbaycan ədəbiyyatının tanınmış simalarındandır. O, tarixin müxtəlif dövrlərində dövlət, elm, mədəniyyət xadimləri ilə tanınan Baharlı tayfasının layiqli övladlarındandır. Qaraqoyunlu, Qütbşahlar kimi qüdrətli dövlətlərin qurucuları Baharlılardır.

Məhəmməd Baharlı Tehranda işgəncə ilə qətlə yetirilərək şəhid edilmiş Qarabağ xanlığının vəziri Mirzə Vəli bəy Baharlının nəslindəndir. Azərbaycanın, eləcə də Şərqin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamış, öz idealları, məqsədləri uğrunda mübarizə aparmış Əlişəkər bəy Baharlı, Pirəli bəy Baharlı, Bayram xan Baharlı Mirzə Vəli bəyin sələflərindən olub Məhəmməd müəllimin ulu babalarıdırlar.

Məhəmməd Baharlı (Məhəmməd Əhməd oğlu Əhmədov) 12 mart 1948-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1965-1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində təhsil almışdır.

O, əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, 1970-1971 illərdə ordu sıralarında xidmət etmişdir. Məhəmməd Baharlı "Azərbaycan məktəbi" jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971-1985), "Kənd həyatı" jurnalı redaksiyasında məsul katib (1986-1988), "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib (1988-1989), "Gənclik" və "Молодость” jurnalları redaksiyasında məsul katib (1989-1992), "Təhsil" qəzetinin baş redaktoru (1992-1993) işləmişdir. 1993-cü ildən “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur. Hazırda Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyat tədrisi"nin baş redaktorudur.

Məhəmməd müəllimin imzasını hələ orta məktəb illərindən “Gənclik” jurnalından tanımışam. Həmin illərdə onu yaxından tanıyanların söhbətlərindən bilirdim ki, Məhəmməd müəllim də atamın mənsub olduğu Baharlı tayfasının layiqli övladlarından sayılan Mirzə Vəli bəyin nəslindəndir.

Baharlı tayfası və onun ayrı-ayrı şəxsiyyətləri ilə bağlı məlumatları ilk dəfə atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun (Baharlı) söhbətlərindən eşitmişəm. Onda 10-11 yaşım olardı. Artıq bilirdim ki, Baharlı kənd deyil, tayfa adıdır. Ulu babamın adı Mirzə Vəli bəy Baharlıdır. O, Qarabağ xanının vəziri olmuşdur. Ata babam Cabbar bəy Vəlibəyov da bu tayfanın övladı olub, Mirzə Vəli bəyin nəslindəndir. Mənim əsl soyadım Mirzə Vəli bəyin şərəfinə Vəlibəyov olmalıdır. Cabbar bəy repressiya edilmişdir. Siyasi təqiblərdən qorunmaq üçün atam orta məktəb illərində anası Hüsnü nənəmin soyadına keçirilmişdir. Hüsnü nənəm Qarabağın adlı-sanlı bəyi Murtuza bəy Yusifbəyovun qızı idi. Nənəm ata babası Məmməd bəyin adının şərəfinə Məmmədov soyadını daşımışdır. Məlumdur ki, sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözü ixtisar edilib onlara pasport verilirdi. Buna görə də atamın soyadı Məmmədbəyli deyil, Məmmədov olmuşdur.

İlk dəfə 1988-ci ildə on beş yaşım olarkən atamdan eşitdiyim, kitablardan oxuduğum, özümüm təxmin etdiyim məlumatlar əsasında Mirzə Vəli bəy Bayramxan bəy oğlu Baharlını əsas götürərək nəslimizin şəcərəsini hazırladım. Sonralar bu nəsil şəcərəsini dəqiqləşdirmələrlə bir neçə dəfə dəyişəsi oldum. Tam dəqiq nəsil şəcərəsini isə Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədləri ilə tanışlıqdan sonra hazırlaya bildim.

Məhəmməd müəllimin Mirzə Vəli bəyin övladlarının hansının nəslindən olmasını dəqiq bilməsəm də onun da adını bu nəsil cədvəlinə əlavə etdim.

Məhəmməd Baharlının imzasını tanıyanda o, “Gənclik” jurnalının məsul katibi vəzifəsində çalışırdı. Təxminən 170 mindən çox tirajla nəşr olunan “Gənclik” jurnalının populyar, oxunaqlı olmasında Məhəmməd Baharlının da əməyi vardır. Bu jurnalda Məhəmməd müəllimin insanı düşündürən bir-birindən maraqlı satirik hekayələri çap olunurdu.

Məhəmməd Baharlı ilə atamın ilk şəxsi tanışlığının tarixi 1996-cı ilə təsadüf edir. Həmin il Mirzə Vəli bəyin nəslinə mənsub görkəmli ensiklopedik alim Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) 100 yaşı tamam olurdu. Məhəmmədhəsən bəy Vəliyevin (Baharlı) 100 illik yubileyi münasibəti ilə atam dövrü mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran yazdığı məqalələrini çap etdirirdi. O, illərdə Məhəmməd müəllim “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru idi. Məhəmməd müəllim bu görkəmli alimin yaradıcılığına aid atamın bir neçə məqaləsini də həmin illərdə “Azərbaycan müəllimi” qəzetində çap etmişdir.

Atamın təşəbbüsü ilə Məhəmmədhəsən bəy Vəlilinin (Baharlı) 100 illik yubileyi ilk dəfə 25 may 1998-ci ildə elmi-konfrans səviyyəsində qeyd edildi. Respublikamızın tanınmış alimlərinin iştirak etdiyi bu elmi-konfrans AMEA Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə İnstitutu) keçirildi. Bu konfransda Məhəmməd Baharlının “Məhəmmədhəsən Baharlının soykökü haqqında” adlı məruzəsinin maraqla qarşılanması bu gün də konfrans şahidlərinin yaxşı yadındadır.

Məhəmməd müəllimlə mənim ilk tanışlığım 2003-cü ilə təsadüf edir. 2003-cü ildə mən atamı cismən itirmişdim. Azərbaycan, o cümlədən Şərq fəlsəfəsi tarixinin əvəzolunmaz tədqiqatçısı Zakir Məmmədovun ailəsi onun irsinin toplanması üçün bir sıra işlər görürdü. Məhəmmədhəsən bəy Vəliyevin (Baharlı) anadan olmasının 100 illik yubileyi ilə bağlı keçirilmiş elmi konfransda məruzəçilərin səsləri Məhəmməd Baharlıya aid diktafona yazılmışdı. Məhəmməd müəllimə zəng vurub bu elmi konfransda məruzə etmiş atamın diktofona yazılmış səsini mənə verməsini ondan xahiş etdim.

Beləcə, mənim Məhəmməd Baharlı ilə ilk tanışlığım yarandı.

Məhəmməd Baharlının mənim Baharlı tayfası, onun ayrı-ayrı şəxsiyyətlərinə aid olan məqalələrimin bəzilərinin mətbuatda çap olunmasında köməyi dəymişdi. Məhəmməd müəllim soyuna, kökünə bağlı vətənpərvər ziyalı, səmimi, diqqətcil, həssas bir insandır. Onun səmimiliyini, diqqətcilliyini, həssaslığını hər zaman özümə münasibətdə hiss etmişəm.

Azərbaycan Gənc Filosoflar Assosiasiyasının 4 oktyabr 2003-cü ildə keçirdiyi Zakir Məmmədovun xatirəsinə həsr olunmuş elmi-nəzəri konfransda Məhəmməd müəllim də iştirak edirdi. Bu elmi-nəzəri konfransda Məhəmməd müəllimin atama, onun mənsub olduğu Baharlı tayfasına aid etdiyi çıxışı bugünkü kimi yaxşı yadımdadır.

Məhəmməd Baharlının yaradıcılığında elmi-pedaqoji, publisistik və nəsr əsərləri, həmçinin şeirləri başlıca yer tutur. Mətbuatda yüzlərlə yumoristik hekayəsi dərc olunmuşdur. Məhəmməd Baharlının yumoristik hekayələrinin mövzusu gündəlik həyatımızdan və məişətimizdən, adət-ənənələrimizdən götürülmüşdür.

Məhəmməd müəllimin müxtəlif illərdə nəşr olunmuş pedaqoji mövzuda əsərləri, elmi-publisistik yazıları, nəsr əsərləri, şeirləri bu gün də öz aktuallığını, dəyərini saxlamaqdadır.

Onun yaradıcılığında xüsusi yer tutan kitablarından biri də “Azərbaycan tarixi: BAHARLILAR” (Bakı, 2010) adlı əsəridir. Bu əsərində müəllif Baharlı tayfasının Azərbaycan tarixindəki rolunu araşdırır, onların fəaliyyətlərinə münasibətini bildirilir.

Məhəmməd Baharlının yaradıcılığı haqqında xalq şairi Bəxtiyar Vahabzadə, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmşizadə, filologiya elmləri doktoru Vaqif Yusifli, şair Ağacəfər Həsənli və başqaları maraqlı fikirlər söyləmişlər. Şairlər Ramiz Heydər, Şahin Həmid 1998 ildə onun 50 illik yubileyi münasibətilə şeirlər yazmışlar. Bu sətirlərin müəllifinin Baharlı tayfasına, bu tayfanın şəxsiyyətlərinə aid tədqiqat əsərlərində Məhəmməd müəllimin də ömür yolu işıqlandırılmışdır. Onun 65 illik yubileyi münasibətilə “Baharlı tayfasının görkəmli ziyalısı – Məhəmməd Baharlı” adlı məqaləm də çap olunmuşdu.

Məhəmməd Baharlının indiyə kimi “Dərs müasirlik tələb edir” (Bakı, 1981), “Gəlin gülək” (Bakı, 1985), “Həyat işığı” (Bakı, 1988), “Məktəbdə pedaqoji işə rəhbərlik” (Bakı, 1999), “Dünya təhsil sistemi: dünən, bugün, sabah” (Bakı, 2002), “Qoca türkün şərqiləri (150 şeir)” (Bakı, 2003), “Azərbaycan tarixi: Baharlılar” (Bakı, 2010) və başqa kitabları çap olunmuşdur.

Məhəmməd Baharlının dörd cilddən ibarət “Seçilmiş əsərləri” ilk dəfə 2012-ci ildə işıq üzü görmüşdür. Bu cildlərə müəllifin publisistikaya, pedaqogikaya aid əsərləri ilə yanaşı, poeziya nümunələri, povest və hekayələri daxil edilmişdir.

Bu il Azərbaycanın tanınmış ziyalısı, Baharlı tayfasının tanınmış övladı nasir, publisist Məhəmməd Baharlının anadan olmasının 70 ili tamam olur. Məhəmməd müəllimə ömrünün 70-ci ilində Tanrıdan ən gözəl nemət olan cansağlığı, uzun ömür, yaradıcılıq fəaliyyətində uğurlar arzulayıram. Sizi bir daha təbrik edirəm Məhəmməd müəllim!

# 1936 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
#
#
# # #