Eldəniz Zeynalovla Amaliya Pənahovanın “qızı”: “Uşaq hiyləgərliyini mənə o öyrətdi” - MÜSAHİBƏ

<span style="color:red;">Eldəniz Zeynalovla Amaliya Pənahovanın “qızı”:  “Uşaq hiyləgərliyini mənə o öyrətdi” - <span style="color:red;">MÜSAHİBƏ
22 fevral 2018
# 13:02

Kulis.az ın müsahibi Şamil Mahmudbəyovun “Həyat bizi sınayır” və Eldar Quliyevin “Var olun qızlar” filmində uşaq rollarının ifaçısı, konsertmeyster Arzu Səfərovadır.

- Arzu xanım, neçə yaşında çəklimisiz bu filmlərə?

- Beş yaşında. Onda 1970-ci il idi.

- Filmlərin hər ikisinin premyerası 1972-ci ildə olub. Birinci hansı filmə çəkilimisiz və seçimlər necə olmuşdu?

- Birinci Şamil Mahmudbəyovun “Həyat bizi sınayır” filminə çəkilmişəm. Anamla Gənc Tamaşaçılar Teatrında idik. Yeni İl tamaşasına baxırdıq. Təəssüf ki, tamaşanın adını xatırlamıram. Orada belə səhnə vardı. Mənfi personaj baş qəhrəman gələnədək bütün hədiyyələri özünə götürür. Mən də durub qışqırdım ki, sən necə də pissən, vicdansızsan, hamısını özünə götürürsən. Tamaşa qurtardı. Biz çıxdıq. Hündürboylu, orta yaşlı iki kişi bizə yaxınlaşdı, salamlaşıb anamdan soşudular ki, bu, sizin uşağınızdır? Anam məyusluqla dedi ki, yoxsa yenə nəsə edib? Çünki çox dəcəl idim. Dedilər, yox, biz film üçün uşaq seçirik, siz uşağı gətirə bilərsiz kinostudiyaya? Anam dedi, yoldaşımla məsləhətləşim sonra. Atam icazə verdi. Getdik kinostudiyaya. Yüzdən çox uşaq vardı... Sınaq üçün şəkilləri çəkdilər. Bir həftədən sonra xəbər gəldi ki, məhz məni seçiblər. İndiyədək bilmirəm, Şamil Fərəməzoviç niyə məhz məni seçdi. Amma çəkilişlər möhtəşəm idi.

- Şamil Mahmudbəyov uşaqlarla əla işləyirdi: “Şərikli çörək”də, “Qaraca qız”da. Sizlə iş prosesi necə oldu?

- Onun uşaqlarla davranışı mənim nə vaxtsa gördüyüm ən heyrətamiz davranışdır. Filmin çəkilişləri hər gün onunla başlayırdı ki, Şamil müəllim məni qucaqlayırdı, əzizləyirdi, bantımı düzəldirdi, bütün çəkiliş qrupu məni az qala əlinin içində gəzdirirdi. İlk çəkiliş günü dedilər ki, müxtəlif emosiyaları göstər: gülməyi, kədərlənməyi, hiyləgərliyi... Bütün bunları o, mənə izah edirdi. Mətnlə bağlı xüsusi hazırlaşmırdım, çünki dublyaj olacaqdı. Amma mətni öyrənirdim.

- Dubllarınız çox olurdu?

- Yox. Şamil müəllim elə hazırlayırdı ki, maksimum iki ya üç dubl olurdu.

- Kinomuzun ulduzları ilə çəkilmisiz. Eldəniz Zeynalovla Amaliya Pənahovanın qızını oyanyırdız. Onlarla münasibəti necə xatırlayırsız?

- Orada valideynlərin roluna çəkilmək üçün bir neçə cütlük vardı. Şamil müəllim onları göstərib dedi ki, hansı ata-ananı istəyirsən. Çünki onlarla kontaktım alınmalıydı. Mən Amaliya xanımı göstərdim. Soruşdular ki, niyə? Onlar məntiqimi, ünsiyyətcilliyimi yoxlamaq üçün sual-cavab edirdilər. Yəni, bəlkə çəkilişdə hansısa fors major vəziyyət yarada bilərdim. Dedim, onun xalatı anamın xalatına oxşayır. O, neylon, çəhrayı xalat geymişdi.

- Bəs Eldəniz Zeynalov?

- Ona da artıq anamın yanında ata kimi baxırdım... Ümumiyyətlə, bu film Sumqayıt boru prokat zavodunun təbliğatı məqsədilə çəkilmişdi. Yəni rayondan gələn cavanlar orda işləsin. Amma çəkiliş zamanı rejissor mənə elə aludə olmuşdu ki, səhnələrin çoxu mənimlə bağlıydı. Məsələn, Dağüstü parkda çəkilişlər vardı. Orda attraksion çox idi. Mən maşın sürürdüm. Çəkiliş bitirdi və hamı gözləyirdi ki, Arzu doyunca maşın sürsün. Dondurma yemək səhnəsi var. Çəkiliş bitəndən sonra gözləyirdilər ki, Arzu dondurmanı hələ bitirməyib. Nazımla oynayırdılar. Çox isti olanda, Şamil müəllim çəkilişi dayandırırdı ki, uşağa istidi. “Qızım nə istəyirsən, su istəyirsən?” - soruşurdu. Bütün günüm onun qayğısı ilə keçirdi. Hər gün evdən məni maşın götürürdü. Bir dəfə də başqa maşın göndərmişdilər. Minmədim ki, onun pərdələri yoxdur. Maşına pərdə vurdular, ondan sonra mindim. Komissiya filmə baxıb demişdi ki, film uşaqdandır, yoxsa zavoddan? İrad tutdular ki, filmin yarısını uşağı çəkmisiz.

- Şamil müəllim yəqin ki, kəsməli oldu çox səhnəni?

- Kəsdi. Dedilər, qəşəng uşaqdır, yaxşı oynayıb, siz süjeti qoyub onun arxasınca getmisiz.

- Tərəf müqabillərinizdən biri, filmin qəhrəmanı, əminizi oynayan Fikrət Quliyevlə münasibətiniz necəydi?

- O, çox yumşaq adam idi. 17-18 yaşında idi. Orada səhnə var, qardaşının evinə gəlir. Qardaşı diplomuna baxır ki, bəzi qiymətləri üçdür. O da deyir ki, anam xəstə olanda ona baxmışam, ona görə dərslərə vaxtım olmayıb. Xatırladığım qədərilə onun anası doğrudan da rəhmətə getmişdi. O, bacısı ilə yaşayırdı. Eşitdim ki, özü də cavan rəhmətə gedib, 42 yaşında. İncəsənət Universitetində dərs deyirdi. Anasını erkən itirdiyinə görə bəzi səhnələri oynamaq ona asan idi. Öz həyatı ilə eyniləşdirirdi.

- Filmdə bir epizod var, əminiz qardaşı arvadı ilə yola getmədiyinə görə evdən gedir. Siz doluxsunursuz. O səhnənin çəkilişi yadınızdadır?

- Həmin səhnəni çəkəndə Şamil müəllim başa saldı ki, ağlamaq olmaz, amma gözlərin dolmalıdır. Məni ağlatmaq üçün müxtəlif təkliflər elədilər... Soğana kimi gətirdilər. Şamil müəllim icazə vermədi ki, uşaqdır, olmaz. Mənə başa saldı ki, sən ağlamamalısan, hönkürməməlisən. Amma əmin gedir, yaxşı əmidir, sən onu çox sevirsən. Mən isə təbiətcə çox şən uşaq olmuşam. Məni ağlatmaq asan deyildi. İndinin özündə də. İşdə deyirlər ki, harda uşaqlar qaynaşır, bilirik, Arzu müəllimənin başına yığışıblar. Məni ağlatmaq üçün neylədilər? Pavilyonda çoxlu oyuncaq vardı. Orda bir kloun kukla vardı, porolondan idi. Ən çox onunla oynayırdım. Hara gedirdimsə, özümlə daşıyırdım. Şamil müəllim dedi ki, onun sevdiyi bu oyuncağı cırmaq lazımdır ki, ağlasın. Başladılar, kuklanı cırmaq üçün adam axtarmağa. Yadımdadır ki, nəsə pıçıldaşırdılar. Və birdən bütün meydan boşaldı. Hərə bir küncə çəkildi ki, biz eləməyəcəyik. Orda Yavər adlı, ya rejissor, ya operator köməkçisi vardı, ona dedilər, sən elə. Boyun qaçırdı ki, onsuz da uşaq mənə gəlmir, bundan sonra lap zəhləsi gedəcək. O da qaraqabaq idi. Dilə tutdular, razılşadı. Guya o epizodda mən pəncərədən əmimin getməsinə baxıram. Çəkilişlər pavilyonda idi. Yavər də pəncərənin o tərəfində dayanıb kuklanı cırır. Gözlərim doldu. O səhnə bir dubla çəkildi. Şamil müəllim hiss edəndə ki, hönkürəcəm. Stop dedi. Gəldi məni qucağına alıb əzizlədi.

- Kuklanı cıran anda rejissorun tapşırığını xatırlayırdınız ki, ağlamaq olmaz, yoxsa fikriniz kuklada qalmışdı?

- Yox, xatrılayırdım ki, ancaq gözlərim dolmalıdır. Çəkilişdən sonra başladım ağlamağa ki, mənim kuklamı verin. Yavərə də dedilər, sən uşağın gözünə görünmə. Mənə həmin kukladan gətirdilər. Demə, bütün Bakını gəziblər, o kukladan axtarıblar. Tərslikdən fabrik daha o kukladan buraxmırmış. Hansısa mağazada vitrində görüblər, alıblar ki, çəkilişdə lazımdır. Kuklanı mənə verəndə güldüm ki, studiyada belə kuklalarınız çoxdur? Anam xatırlayır ki, sən bu sözü deyəndə bütün heyət dərindən nəfəs aldı ki, uşaq özünə gəldi.

- Sonradan oradakı oyuncaqları sizə verdilər?

- Yox, mənə lazım deyildi. Ev dolu idi oyuncaqla. Moskvadan alman kuklalarını alırdı anam. Özü də kuklalarla çox oynamırdım. Sevimli oyuncaqlarım maşın, avtomat idi.

- Sonra Eldar Quliyevin “Var olun qızlar”ına dəvət aldınız...

- Orada mən kastinqsiz keçdim. Dedilər ki, bu uşaq oynayacaq. O filmdə görmüşdülər. Ürəkli gəlirdim ki, Şamil əmini görəcəm, amma otağa girdim, yaraşıqlı Eldar Quliyev oturub. Dedim, çəkilmirəm, Şamil əmini istəyirəm. Başa saldılar ki, hər filmin öz rejissoru olur. Uşağa bunu başa salmaq olar? Amma çəkildim.

- Xatirinizdə nələrsə qalıb? Orada da Sofa Bəsirzadə ilə tərəf müqabil idiniz.

- Şamil müəllimin çəkiliş zamanı yaratdığı atmosfer orda yox idi. Birinci filmin çəkimlərini əla xatırlayıram. Amma ikinci filmin yox. Mənim üçün maraqsız idi.

- Görünür, rejissorun energetikasından da asılıdır.

- Əlbəttə. Şamil müəllimin filmindən bir momenti də deyim. Bir səhnədə anası gileylənir ki, əmini harda yatızdırım, yer yoxdu. Mənim otağımda yatızdırır. Orda çoxu fərqinə varmır ki, mən yatağıma bantla girirəm. Dedilər ki, sən yatırsan, bantı çıxar. Dedim, olmaz çünki bantsız qəşəng olmayacam. Şamil müəllim dedi, onda bantla yat ki, qəşəng görünəsən. Tapşırırdı ki, qrimi az vurun ki, uşağın dərisi korlanmasın. Onun təkcə uşaqlarla yox, hamıyla münasibəti həssas idi. Ondan elə müsbət enerji gəlirdi ki, adamı isidirdi. Baxmayaraq ki, Eldar Quliyevin filmində bir səhnədə anam mənə kuklalardan tamaşa göstərir. Amma mən yaşamırdım. Sadəcə oynayırdım. Deyirdilər, belə eləmək lazımdır, edirdim və hamısı da razı qalırdı.

- Daha sonra dəvət aldınız?

- “Var olun qızlar”ı festivalda özbəklər görmüşdülər. Məni dəvət eləmək üçün Özbəkistandan Bakıya gəldilər. Əbu Reyhan Biruni haqda film çəkilirdi. Mən onun qızını oynamalıydım. Atam razı olmadı. Məktəbə getməliydim. Həm də çəkilişdən iki ay əvvəl Özbəkistanda at sürməyi öyrənməliydim.

- Atanız sənət adamıydı?

- Yox. Tədarük Nazirliyində dövlət müfəttişi idi. Valideynlərim məni musiqiçi görmək istəyirdilər. Beş yaşından musiqiyə gedirdim. Bir ay idi ki, Asəf Zeynallı adına məktəbə gedirdim, fortepiano dərsləri alırdım. Təsəvvür edin ki, bir ay sonra konsertə çıxmışdım. Beş yaşımda. “Sehrli səslər” verilişi vardı, Şəhla Mahmudova aparırdı, indi Musiqi Akademiyasında dekandır. Onun verilişinə də beş yaşında çıxmışdım.

- Solo konsertləriniz olmur deyəsən.

- Mən səhnələrə müşayiətçi kimi çıxıram. Burda Çingiz Sadıxovun rolu böyükdür. Şəhər müsabiqələrində birinci yerləri tuturdum. Hər yerdə də məni Çingiz müəllim müşayiət edirdi. Pedaqoq kimi çalışmıram. Məni konsertmeysterlik cəlb edir.

- Nə cəlb edir?

- Siz bilirsiniz ki, bu, çox çətin sənətdir. Solist məşqdə bir cür, səhnədə isə ovqatdan, ruh halından asılı olaraq başqa cür çala bilər. Dərhal mən onu tutmalıyam. Tez-tez belə olur. Solist o anda elə çalmaq istəyir, nə haqqım var ki, ona müdaxilə edim. Hətta səhv edəndə o anı necəsə yaxalamalıyam, düzəltməliyəm və solistin yadına salmalıyam, ona yardım etməliyəm. Ramiz Quliyevi, Həmid Vəkilovu, Şəfiqə Eyvazovanı müşayiət eləmişəm. Qızıl fondda Ramiz Quliyevlə mənim müşayiət elədiyim konsertlər saxlanılır. Nə qədər uşağa laureat adı qazandırmışam.

- Uşaqların musiqi potensialı necədir?

- Çoxdur. Həmişə demişəm ki, bizdə çox istedadlı uşaqlar var. Amma sovet dönəmində uşaqlar özünə daha tələbkar idilər. İndi internet, mobil telefona daha çox aludədirlər. Onları məcbur etmək lazımdır. 1997-98-ci illərdə Türkiyədə işləmişəm. Trakya Universitetində müəllim olmuşam. Orada istedadlı uşaqlar azdır, amma işgüzardırlar. Müəllimi sıxırlar, öyrənmək istəyirlər.

Bir dəfə Ədirnədən uşaqları İstanbula aparırdıq. İstedadlı uşaqlar orkestrlə ifa etməli idilər. Onda dirijor görmüşdü ki, mən necə ifa edirəm. Soruşdu ki, hocam, siz, harda bitirmisiz? Dedim, Bakıda, Dövlət Konservatoriyasını. Dedi, hansı konsertləri çala bilərsiniz? Siyahını yazdım. Təəccübləndi ki, hamısını çalmısız? Dedim, hə. Getdi kimləsə danışdı. Sonra gəldi ki, sizin reklamınız yoxdur. Kim konsertə gələcək? Adlı-sanlı pianoçular var ki, sizin kimi əla çala bilməz, amma reklamı var.

- Niyə qalmadınız?

- Onda uşaq məktəbə getməliydi. Anam baxırdı, o da gəlmək istəmədi Türkiyəyə. Avropaya da dəvətlər çox olub. Ailəmə görə gedə bilməmişəm.

- Musiqidən entuziazmla danışırsız. Klassik bəstəkarlardan ruhən sizə kim daha yaxındır?

- Sırf klassik musiqi ifaçısıyam. Hər bəstəkarın əsəri məndə bir ovqat, müəyyən hisslər yaradır. Əgər mənə çox pisdirsə, Baxı ifa edirəm. Darıxanda Şopeni ifa etməliyəm. Mübarizə ruhumu Bethoven gücləndirir. Qəlbim ağrıyırsa Raxmaninovdan çalmalıyam.

- Müasir musiqini dinləyirsiz? Əsasən qərb bəstəkarlarını nəzərdə tuturam.

- Mən klassikayla böyümüşəm. Müasir musiqini anlamıram. Bir də görürsən, royalda çalırlar, sonra royalın içinə girirlər, nəyisə dartırlar, sonra royalın altına girib üstünə dırmaşırlar. Bunu anlamıram. O anda onları nə idarə edir, bilmirəm.

# 1584 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #