Elə bilirdim kişinin ruhu məni izləyirBİRCƏNİN ROMANI

<b>Elə bilirdim kişinin ruhu məni izləyir</b> – <span style="color:red;">BİRCƏNİN ROMANI
16 fevral 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

O gecə qovaqla tutun arasında azı yüz dəfə var-gəl elədim, ancaq yenə dərdimin səddini yarıb özümə yetişə bilmədim – doğrudan da, ən uzun yol adamı özündən özünə aparan yolmuş. Bu varımda-gəlimdə heç kimə qəzəbim yoxuydu, kimsəyə nifrin yağdırmırdım. Heç Sənin göyünə də baxmırdım, Dostum, gözümün ucuyla belə baxmırdım. Düşdüyüm bu dalandan çıxış yolu tapmağa da çalışmırdım. Eləcə, ağlağan körpə kimi susmaq bilməyən dərdimi yırğalayıb kiridirdim.

Nənəmin kələfləyb, boyayıb, üstündə əsə-əsə ağacların budaqlarından asıb, sonra da altında qarovul çəkdiyi dükcələri kimi düyülmüşdüm. Nənəm dörd gözlə güdərdi o dükcələri ki, meh əsib onları dolaşdırmasın, çünki sonradan o dolaşığı açmaq müşkül olardı. Bax indi mənim dünyam o kələf kimi dolaşığa düşmüşdü, fələyin də aça bilməyəcəyi dolaşığa...

Əslində, Emin pis adam deyildi. Oğurluq, əyrilik, mərdimazarlıq bilməzdi, heç kimin toyuğuna daş atmazdı. Kənddə onu xeyirxah, comərd, əlaçıq oğlan kimi tanıyırdılar, ağbirçək arvadlar onu görəndə yaşmanırdılar. Mən Emini dəyişməyə, onunla dost olmağa çox can atırdım, ona oxuduğum kitablardan danışmaq istəyirdim, düşünürdüm kitablara bağlansa, mənə münasibəti də düzələr. Bir fürsət güdürdüm ki, hansısa filmə birlikdə baxaq, sonra gördüklərimizi ikilikdə müzakirə eləyək. Di gəl, kitabdan bir-iki cümlə danışan kimi onun hövsələsi daralırdı, “ondansa dur bir az meyvə dər gətir” deyirdi.

Bu evdə hamı bu günlə yaşayırdı, heç kim sabahı düşünmürdü. Düşünsəydilər, güllü bağça gözlərinin qabağında xarabazara çevrilməzdi.

***

İsti iyul günlərinin birində Emin tələsik gəldi ki, yığış, səni aparıram Səməndərgilə. Düzü, üşürgələndim, canıma vicvicə düşdü – Emin özxoşuna məni harasa, o da ola doğmalarıma aparmazdı. Nə qədər and-aman elədim, bir səbəb söyləmədi. İçimi qorxu gəmirə-gəmirə uşağa bir-iki paltar götürüb özümü maşına təpdim. Emin gözüylə İlhamı axtara-axtara bir az da çəkingən səslə dedi:

- Bəlkə bu əcinnəni də aparaq, biz qayıdanacan evi-eşiyi odlamasın...

Düzü, məni şərləyəndən sonra bu uşaqdan lap zəhləm gedirdi. İndisə onu görmək heç ürəyimdən deyildi, onunla harasa getməyin özü də bir üz qaralığıydı. Mənim etirazıma məhəl qoymayan Emin İlhamı həyətdəki qollu-budaqlı bir ağacın başından düşürüb maşına basdı.

Yol boyu həyəcanım, əsməcəm keçmədi. Rayon mərkəzinə girəndən sonra Emin maşını Səməndərgilin küşəsinə yox, başqa küçəyə döndərəndə lap qorxdum. Həyəcanımın təhlükəli həddə çatdığını görən Emin axır ki mətləbi açmağa məcbur qaldı:

- Səsin çıxmasın, həkimlə danışmışam, uşaqları sünnət elətdirəcəm, - dedi.

Sakitləşməyinə sakitləşdim, ancaq qucağımdakı körpə Cavidə baxanda ana ürəyim neçə yerdən cızıldadı. İlhamın pülüyünü bağırda-bağırda kəssəydilər ürəyimdən olacaqdı, amma balaca Cavidə qıymırdım. Ona görə də Emini fikrindən daşındırmaq üçün xırdaca bir cəhd elədim:

- Bəs Sahibə nə deyəcəksən? Axı söz vermişdin ki, Moskvadan qayıdandan sonra uşağı onun qucağına qoyacaqsan...

Emin güzgüdən məni qanlı-qanlı süzdü:

- Hmmm, sənin də ürəyindən olub, eləmi, mənim sözüm? Sən mənim işimə qarışma, özüm bilirəm neylirəm! Kirvə arvada müştəridi.

Onun bu sözündən sonra səsimi uddum. Sahib dediyim Eminin ən yaxın dostuydu, bir həftə ondan irəli bizə gəlmişdi, uşağı hələ kəsdirmədiyimizi biləndə təkidlə Cavidin kirvəsi olacağını demişdi. Necə deyərlər, etirazsız-filansız. Emin onu başından eləməkdən ötrü özünü razı kimi göstərmişdi. Sonra da əziz dostunun “məkrli” planını pozmaq üçün həkimlə gizlicə himləşib danışmışdı. Nəticəsi də bu...

Xəstəxananın həyətində maşından tökülüşdük. Emin Cavidi qucağına alıb, bir əliylə də İlhamın biləyindən yapışıb qabaqda gedirdi. Mən onların arxasınca ayaqlarımı sürüyürdüm.

İkinci mərtəbəyə qalxan kimi tibb bacıları İlhamı sürüyə-süruyə içəri apardılar. Onun bağırtısı qulaqlarımı ütəndə Eminə yalvarmağa başladım:

- Qurbanın olum, Cavid hələ balacadı, nolar, qoy bu il qalsın. Hava da çox istidi, gələn payız kəsdirərik.

Atam, əmilərim, qohum-əqrəbam oğlanlarının sünnətini adət üzrə dəlləyə elətmişdilər. Biz də belə görüb belə eşitmişdik deyə indi həkimin-cərrahın bu işə qarışmasından qorxurdum, xəstəxanada sünnət nədənsə məndə bir ağır əməliyyat təəssüratı yaradırdı.

Nə qədər ağladım, nə qədər yalvardım, Emin yumşalmadı. Axırda Cavid qucağında yelli-yelli üstümə yeriyib gözlərini qıya-qıya dedi:

- Elə eləmə ki, bir iynə də sənə vurdurub üç gün səni yatızdırım burda. Çənəni bağla, otur!

Çatmaqaş bir tibb bacısı əməliyyat otağından çıxıb Cavidi Eminin qucağından alanda titrətmə tutdu məni. Cavid qadının çiyni üstündən qollarını bizə uzadıb qışqırdı, mən yerimdən qopub uşağa çataçatda qapı üzümə bağlandı.

Cavid bu xəstəxananın birinci mərtəbəsində dünyaya gözünü açmışdı. İndi şeytan qulağıma pıçıldayırdı ki, zülüm-zillətlə böyütdüyüm uşağı fələk elə doğulduğu yerdəcə geri almaq üçün bizi hərləyib-fırlayıb bura gətirib. Cavidin səsini eşitməyim deyə barmaqlarımı qulaqlarıma tıxayıb dəhliz boyu havalı-havalı o baş-bu başa qaçırdım.

Birdən başımı qaldıranda divara söykənib arxayın-arxayın siqaret sümürən Emini gördüm. Qan beynimə sıçradı, onun Cavidin atası olduğunu da unutdum, mənə elə gəldi bu adam kimdisə balama qəsd eləmək üçün, sinəmə dağ çəkmək üçün buranı kəsdirib. Cavidin fəryadı dəhlizə yayılanda vəhşi pişik cəldliyilə Eminin üstünə atılıb, onun qarnını, sinəsini, üzünü, çənəsini şillə-yumruğa tutdum:

- Sən məni yiyəsiz görmüsən?! Niyə mənim atamdan, qardaşlarımdan xəbərsiz uşağımı oğurlayıb cəlladların əlinə verdin?..

Heç ətindən ət kəsilənlərin səsi mənim səsim kimi çıxmırdı. Palataların qapısı açıldı, hər qapının ağzından neçə baş bizə sarı boylandı. Bərəlmiş gözlərimə baxan Emin məni yüz faiz havalanmış sanırdı. Məni kiritməyin ayrı yolunu tapmayanda o, biləklərimi dəmir barmaqlarıyla qandallayıb kürəyimi divara dirədi, sonra əlinin biriylə ağzımı qapayıb dedi:

- Bəsdi, ləçərlik eləmə, hamı bizə baxır.

Mən bir az da qızışdım, onu geri itələyib var gücümlə çığırmağa başladım. Bundan irəli dediyim kimi, Eminin sol qolu zədəliydi, o qoluna çox da güc verəmmirdi. Süpürləşmə əsnasında biləyimi dartıb onun əlindən çıxarmaq istəyəndə qanrılan qolu zərblə divara dəyib şaqqıldadı. Bu şaqqıltı məni bir balaca ayıltdı. Emin yenidən ovcunu ağzıma basanda əli burnuma toxundu. Qanım şora verdi, burnumdan qan açılanda səsimi kəsdim...

Cavidin koftalarından birini burnuma tutub divara söykənmişdim. Bir anlıq Emin də gözümə pərişan göründü, deyəsən uşaqların çığırışması, mənim hoqqa çıxarmağım, qanıma qəltan olmağım onu tutduğu işə peşman eləmişdi.

Bilmədim nə müddət keçdi, əməliyyat otağının qapısı açıldı, uşaqların ikisini də bağırda-bağırda aparıb boş palataların birində çarpayıya uzatdılar. Cavid göyərə-göyərə nə təhər ağlayırdısa, elə bilirdim indicə uşağın nəfəsi kəsiləcək. Həkim mənim titrəyən vücudumu şəfqətli bir istehzayla süzüb dedi:

- Qorxma, bircə saata bütün ağrıları keçib gedəcək. Müalicə indi sənə lazımdı.

Burnumun qanını kəsmək üçün mənə də bir iynə vurdular, suyumuz süzülə-süzülə evə qayıtdıq. Yol boyunca İlhamın ağrıyıb-sızlamağı mənə ləzzət verirdi, di gəl, Cavidin göz yaşları bu iblisanə zövqü burnumdan tökürdü.

***

Eminin tutduğu işdən anası da xoşlanmadı, o ki var deyinib onu danladı. Ancaq daha iş işdən keçmişdi, Emin elədiyini eləmişdi.

Bizimkilər Cavidin sünnətindən səhəri gün xəbər tutdular. Atamla Kamilin gəldiyini eşidəndə Emin evdən qaçdı, bilirdi ki, gizli iş tutduğuna görə qaynatası onu danlayacaq.

Zöhrə xala atamı görəndə xəcalətindən bilmədi neyləsin, gərdək dalından danışan gəlin səsiylə dedi:

- Qardaş, vallah mənim də xəbərim olmayıb, Eminin başına nə yerləşibsə belə bir iş tutub.

Atamgil bir istəkan çay içib kor-peşman geri qayıtdılar. Onların gəlib-getdikləri günün gecəsi mən qəribə bir yuxu gördüm...

Gördüm Mahmud əmi pilləkənin başında dayanıb evin içinə boylanır. Əsəbi-əsəbi nəsə danışır, söylənir, amma dediklərini anlaya bilmirəm. Kişiyə lap yaxın getdim ki, nə dediyini eşidim. Sağlığında bir dəfə də mənlə hirsli danışmamış qaynatam üzümə acıqlı-acıqlı baxıb:

- Buna bax ey, eşşəklər hamısı yatıb, uşağı qan aparır, - dedi, sonra da pillələri əsəbi-əsəbi düşüb getdi...

Dik atılıb yerimin içində oturdum, otağın zəif işığında yuxunun içindən çıxmağa çalışdım. Elə bil kimsə məni Cavidin çarpayısına doğru itələyirdi, ancaq gördüyüm yuxunun təsiri altında balama yaxınlaşmağa qorxurdum.

Üzüqoylu uzanmış uşağı yavaşca arxası üstə çevirəndə mənə elə gəldi ki, hələ də yatmışam, yuxumun gerisini görürəm: uşağın yatağı başdan-başa qan içindəydi! Yəqin yuxulu-yuxulu o üz-bu üzə çönəndə yarasını harasa vurub qaysağını qopartmışdı.

Cavidi qana bələnmiş görəndə Emin məndən çox qorxdu, qaçıb kənddə feldşer işləyən xalası oğlunu gətirdi. Xaloğlunun yardımı sayəsində uşağın sünnətindən axan qanı dayandırdıq. Amma o yuxunun təsirindən uzun müddət çıxammadım. Mahmud əminin xoşladığı bir yeməyi bişirəndə, onun sevə-sevə bəslədiyi bitkilərə su verəndə tez ağacların başına, buludların arasına baxırdım, elə bilirdim kişinin ruhu hardansa məni izləyir, gördüyüm işlərdən xoşhal olur.

...Dostum, çox sonra qaynatamın ruhu yenə qaranlıq bir gecədə məni oyatdı, həyatı tükdən asılı olan Cavidi ölümdən xilas elədim. Yeri gələndə onu da danışacam...

***

Qaynanam bütün gücünü-məharətini səfərbər eləmişdi ki, subay qaynıma bacısının çaş qızını alsın. İki bacı həftə səkkiz-mən doqquz bir molla yanına gedib dua yazdırır, suyunu Elgizə içirirdilər. Bəzi günlər qaynımın çayına sidik də damızdırırdılar. Dünyadan xəbərsiz Elgiz çayı ləzzətlə qurtumladıqca ona yazığım gəlirdi, ancaq dillənə də bilmirdim. Sonra yadıma düşürdü ki, illər öncə nənəm də bu üsuldan istifadə eləmişdi...

Kiçik əmim Cahangir qonşu kənddən Səmayə adlı bir qızla istəkliydi. Nənəm əmimin o qızla evlənməyinə razı deyildi, ona görə də oğlunu o qızdan soyutmaq üçün hər yola əl atırdı. Anamla əlbir olub mənim sidiyimdən əmimin çayına qatırdılar, ayaqqabısının içinə səpirdilər. Hər belə əməliyyatdan qabaq nənəm bibimi təlimatlandırırdı:

- Bircəni apar çölə başını qat, qoy Cahangir bu çayı içsin.

Arvad bilirdi ki, dillə deməsəm də, işarəylə əmimə nəsə anladacam. Sidikli çayı içib işə getməyə qalxan əmim məni öpmək istəyəndə qaçıb ağaca dırmanırdım, o “sehirli iksirə” dil buladığına görə əmimdən iyrənirdim. İndi Elgizin də həmən reseptlə “müalicə” alıb gəyirə-gəyirə getdiyini görəndə o səhnə yenidən gözlərimdə canlanırdı.

Nənəm bir istəyimi yerinə yetirməyəndə onu hədələyirdim:

- Gedirəm əmimə deyəm ki, nənəmgil sənə sidik içirtdilər.

Zöhrə xaladan qorxmasaydım, eyni sözləri indi də qaynıma deyərdim. Yüz ilin arvadını başa sala bilmirdim ki, sidik bir işə yarasaydı, yazıq, talesiz əmim çoxdan xoşbəxt olardı...

Qaynanamın planı bəlliydi: Mahmud əminin ilinə qədər Elgizi nişanlamaq, bizi də ayırıb öz evimizə köçürmək. Bu plan mənim lap ürəyimcəydi.

Yayın axırlarına doğru Emin qərarını qətiləşdirdi: ata evindən bir az aralıda öz adına aldığı torpaq sahəsində ev tikəcəkdi!

Onun bu niyyəti mənim qol-qanadımı açmışdı. Emin elə bilirdi mən kənddə tikilməyimizə, burda yaşamağımıza razı deyiləm, buna görə də mənim sevincim onu heyrətləndirirdi. Əslində, harda yaşamağımızın məndən ötrü elə bir fərqi yoxuydu, təki özümün şəriksiz bir yuvam olaydı. Turist kimi getdiyi hansısa xarici ölkədən Emin xudmanı bir kənd evinin çertyoj-eskizini gətirmişdi. Mən boş vaxtımda o eskizi qarşıma qoyub gələcək yuvamızı xəyalımda canlandırırdım, evimin divarlarını, pəncərələrini bəzəyirdim, həyətində əkəcəyim gül-çiçəyin, ağacların yerini manşırlayırdım, dərəcəyim meyvələri yerbəyer eləyirdim...

Mənim evlə bağlı xəyallarım Emini bir xeyli yumşaltmışdı. İndi o, bəzi fikirlərini mənlə bölüşürdü, hətta məndən məsləhət də alırdı. Artıq cer-cehizim də gözümdə ucalmışdı, qiymətə minmişdi; qatı açılmamış süfrələrimi, qiymətli qab-qacağımı açıb baxıb sevgiylə sığallayırdım.

Mahmud əminin ilinə az qalmış evimizin bütün materialı hazırıydı. Emin bağımızdakı qoz ağaclarından beş-altısını doğradıb tikiləsi evimizə elə gözəl qapı-pəncərə bağlatmışdı, iki göz istəyirdi tamaşasına dura. Bu işlərlə məşğul olub yorğun-arğın gələndə Eminin başına dolanırdım, az qalırdım onu kürəyimdə gəzdirəm. Mənim elə bir arzum yoxuydu ki, ona kənddə yox, şəhərdə çataydım; mənə sadəcə bir yuva lazımıydı, o yuvanı harda olsa bəzəyib gülüstana çevirmək gücündəydim.

O günlər Emin gözümdə ucalıb bir ayrı adam olmuşdu. Daha məni əvvəlki kimi itə-qurda qısqanmırdı, sözümü böyüdüb anasıyla aramıza nifaq salmırdı, hərdən Marala qoşulub rayon mərkəzinə alış-verişə getməyimə də bir söz demirdi. Ərimin belə gözgörəti dəyişməsi mənim ona münasibətimi də günbəgün dəyişirdi. Bir sözlə, xoşbəxtlik can evimizin kandarındaydı, bircə qapını döyüb mübarək qədəmlərini ürəyimizin üstünə basmağı qalırdı.

Təkcə Eminə münasibətim yox, öz xasiyyətim də dəyişməyə başlamışdı. Ərim özünü kiçicik ailəmizin başçısı kimi aparmağa, bizim ev-eşik qayğımızla yaşamağa başlayandan mənim də eynim açılmışdı, nə zamandan bəri qəlbimi ağcaqanad kimi, zəhərli milçək kimi dalayan nifrət zərrəciklərini, gənə kimi ürəyimin qanını soran kin-küdurət toxumlarını bir-bir canımdan ayırıb həyətdən keçən arxa axıdırdım. Daha evin adamlarına sevgiylə, qayğıyla yanaşırdım; Zöhrə xalanı təbdən çıxarası bir iş tutmurdum, balaca dostlarıma evciyi də qaynanam evdə olmayanda qururdum. İnanmazsan, hətta baldızımla da dostlaşmışdım; Emin evdə olmayanda Zöhrə xalanın qızıgildən ötrü qabğardığı ağır zənbilləri qaçaraq aparıb onların evinə qoyub qayıdırdım, sonra arvad əliboş sallana-sallana gedirdi qızı evinə. Bu canfəşanlığımı görən Maral məni ələ salıb gülürdü:

- Həə, əmiqızı, axır səni də sındırdılar, qoşdular özlərinə, - deyirdi.

İncimirdim, bilirdim ki, bunlar ötəri çətinliklərdi, tezliklə hamısı arxada qalacaq, mən öz yuvamda, öz əlçatmaz qalamda hamıdan uzaq, hamıdan məsud yaşayacam...

ardı var

# 1113 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #