Bu azərbaycanlılar hamımızı bezdirib

Bu azərbaycanlılar hamımızı bezdirib
14 fevral 2018
# 11:11

Kulis.az Şərif Ağayarın "Üç unikal milli xarakter" yazısını təqdim edir.

1. Dayanacaq işçisi

Maşınımı “İnşaatçılar” metrosunun yanındakı dayanacaqda vurdular. Mağazaya girib-çıxdım ki, qabaq bufer sağ tərəfdən sallanır və üstündəki “pavarotnik” qırılıb.

Dayanacaqda işləyən cavan oğlan üzümə dirəndi ki, maşını bura bu cür gətirmisən. Qaldım mat-məəttəl. Neyləyəsən? Yaxalaşası deyilsən ki?! Maşın belə gəlib, vəssalam! Get, əlindən nə gəlir, elə.

102-ni aradım. Dedilər, müvafiq Yol Polisi Şöbəsinə ərizə ilə müraciət etməlisən. Dedim, xub!

2. Yol polisi

Məni yönəltdikləri otaqda salamlaşıb ərzi-halımı bildirdiyim adam gülümsündü: “Səhərin gözü açılmamış durub gəlmisən. Heç saat 9 deyil.”

Mən: “Saat 10-a iyirmi dəqiqə işləyir.”

O: “Bizdə qızlar saat 10-da gəlirlər. Sən belə elə. Maşının vurulan yerini çək, elə çək ki, nömrə də düşsün, sonra apar, “İnşaatçılar” tərəfdə çap etdir, maşının sənədlərini də kopyala, gətir”.

Duruxub səsini qaldırdı: “Hə, bir də ərazidəki kameraların nömrəsini yaz. Baxsan görəcəksən. “Tş” ilə başlayır, sonra rəqəm yazılır.”

Mən: “Axı bildiyim qədərilə, qəza yerində müayinə siz aparmalısınız.”

O: “Sən mən deyənləri et, qalanı bizlikdir.”

Çıxıram və işə gəlirəm. Düşünürəm, 100-150 manatdan ötrü bu qədər vaxt itirib işdən-gücdən olmayım. Özüm ustaya gedim, maşının qırılan yerlərini düzəltdirim.

3. Maşın ustası

Razılaşırıq. Pulun da bir hissəsini əvvəldən verirəm. Deyir, üç günə hazırdır. Deyirəm, tələsmə, həftənin sonunacan vaxtın var, amma mümkünsə şənbə günü tezdən hazır olsun. Mütləq! Çox inamla söyləyir.

Beşinci gün zəng vururam. Deyir, iş qurtarıb, amma boya sexində işləyənlər bu gün gəlməyib. Sabah axşama hazır olar. Telefonda gileylənirəm. Bir saatdan sonra zəng vurur ki, sizə görə gedib çağırdım adamı, bufer sabaha hazırdır.

Şənbə günü gedirəm. Bufer ala-buladır. Köhnə yerlər eləcə qalıb. Yalnız qırılan yeri rəngləyib. Səhv başa düşübmüş. Problem deyil. Tezliklə işi başa gətirib qurtarar.

Bir həftə keçir. Dünən tezdən gedirəm. İş qurtarmaq üzrədir. Amma hələ tam qurtarmayıb. Bitirən kimi özü mənə zəng vuracaq.

Hələ də gözləyirəm.

Həyat gözəldir.

# 930 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #