Bu şairi Murad Köhnəqala təqdim edir: Yeni imza

Bu yaxınlarda əziz dostum Elşad Barat məni Qismət adlı bir şairlə tanış elədi. Tanışlıq söhbətimizdə məlum oldu ki, Qismət indiyə kimi heç yerdə çap olunmayıb. Geniş auditoriya kimi şeirlərini ilk dəfə “Xalqın şairi” verilişində oxuyub. Bizim üçün də bir neçə şeir oxudu. Mən onun şeirlərində özünəməxsus, bitkin bir şair gördüm. “Bəs, təxəllüsün necə gedir?” - soruşdum. Bizim, axı, Qismət adlı məşhur şairimiz artıq var. Dedi, “Xalqın şairi” müsabiqəsində Qismət Məsimov imzası ilə çıxış eləmişəm. Mən onun üçün yeni imza, təxəllüs axtarmağa girişdim. Soruşdum ki, bəs, atanın adı nədi? Dedi, atamın da adı Məsimdi. Dedim, bəs, Qəbələnin hansı kəndindənsən? Dedi, məşhur Vəndamdanam. Əladı ki! Dedim, gəl, indən belə sənin imzanı Qismət Vəndam eləyək, razısanmı? Gülüb, dedi, həə, mənim də xoşuma gəldi. Sonra dedim, həm də bəri başdan bil ki, əvvəlcə sənə Qismət Van Damm deyəcəklər, ona da hazır olmalısan. Olacaqsan poeziyanın Van Dammı. Ancaq deyib-deyib yorulacaqlar, sonda yenə bizim üçün Qismət Vəndam olacaqsan.


Qismət Vəndamın bir neçə şeirini sizlərə təqdim eləyirəm və ona yeni yaradıcılıq üfüqləri arzulayıram.       

 

Murad Köhnəqala

 

***

 

Bəxtim aydın səma mən gün görmürəm,
Bilmirəm qalmışam nə kölgəsində.
Adamın gülüşü xəyala dalır,
Böyük arzuların düşüncəsində.
 

Yüyürsəm nəfəsim çatarmı görən,
Bir dua yolu var məndən arzuya.
Hə dəfə arxamca su atan zaman,
Anamın göz yaşı qarışır suya.
 

Bu qədər istiyə alışmır hələ, 
Kimin ölüm günü isidər səni .
Hardasa bir isti ocaq küncündə,
Bilirəm bir soyuq düşünür məni.
 

Nə bilim sonuncu sözüm hansıdı,
Hansı vəfasıza nəğmə yazacam.
Səhərdən səsinin sehrində idim,
İndi başdan-başa qulaq asacam.
 

Sevgimin alnında tər damlasısan, 
Sevmək gecikəndə ağlamaq deyil.
Saatı nəbzinin üstə bağlamaq,
Nəbzini zamanla bağlamaq deyil.

Bəzən həyat rəngi düşür sevgiyə,
Sanırsan bahalı ürək qurtarıb.
Adam xanımına şer oxuya,
O da qayıda ki çörək qurtarıb.

Nəyindən bezmisən asa bilərəm,
Bir edam ağacı göyərdib dərdim.
Amma sən ümid ver qalxım ayağa,
Tabut taxtasından ömür düzəldim.

Yaxşı dəli çıxar məndən istəsən,
Heç nə istəmirsən ürəyi buzsan.
Deyirsən şerdən nə tapmısan sən,
Mən şer yazmasam sən adi qızsan.

 

***

 

Günahdan qaçmaqdan taqətim itib
Yenə sənə döndüm niyə? Bilmirəm...
Sənçün darıxmaq da tükənib itib
Oyan aç qapını döyə bilmirəm...
 

Sənin ayrılıqdan uzun saçını
Yenidən yoluma biçib gəlirəm.
Bütün əyin-başım sevgi tozudu
Yüz dənə ürəkdən keçib gəlirəm.
 

Fələyin gözündə nə divar, nə sən
O, bilir ürəkdə hansı gedişdi.
Bu tavansız otaq, bu da ikimiz,
Qapını bağlamaq mənasız işdi.
 

Bəlkə unutmusan yadından çıxıb,
Hər dəfə saçını hördüyün tərəf.
O qədər əlvida sözü çırpılıb
Qırılıb qəlbində sevdiyin tərəf.
 

Kimə hədiyyədi, kimə yuxudu
Arzuya açılmır bazar dünyada.
Gedirsən, ya məni, ya dünyanı al,
Tanrı da mələksiz azar dünyada.
 

Həsrətdən şeytanın qulağınacan
Nə qədər daş görsəm yığmışam, oyan!
Bu qədər dərdimlə, məhəbbətimlə
Sənin ürəyinə sığmışam, oyan.

Bəlkə şimşək kimi çaxdım ömrünə
Bulud da bu boyda eşqi saxlamaz.
Sən yağış damcısı yarpaq könlümə,
Damcılar yarpaqda yaşayır bir az!!

 

Məni özünə qat

A çay, məni özünə qat,
qumun olum, daşın olum.
itim batım bu səsində,
bir azca yoldaşın olum.
 

kimisə tox eliyəcək,
ac balıqla gecələyim.
bir balıqçı tilovunu
ümid olub silkələyim.
 

bir küləkli yağış gəlsin,
paltarımı yel aparsın.
dünyaya yenidən gəlim
yaddaşımı sel aparsın.

A çay, məni özünə qat
bir az su ömrü yaşayım.
axa-axa təmizlənim
sonra bu ömrü yaşayım...

 

***

 

Elə düşünmə ki səsin duyulmur

Hər gün neçə qəlbin çağırışı var

Amin eşitməkdən tutulub göylər,

Qarışqa duası, fil qarğışı var...

 

Hardasa bir günah bəzənir indi

Güzgü qarşısında əlində daraq

Kimisə şeytanla tanış etməyə

Cəhənnəm rəngində bəzənir dodaq...

 

Bu ürək, bu yoxuş bu ömür yükü,

Oğulsan arzundan o yana  boylan.

Bir də görəcəksən anan deyilmiş

O qızın evidi xonçayla duran...

 

Göylərdə fırlanır yenə də bir daş

Kiminsə bəxtinə çırpacaq özün.

Bəlkə günahını siləcək tanrı

Qonşu çəpərindən baxan yalqızın.

 

Arzumu deməyə  yadırğamışam,

Mənə ümid topla mənə arzu ver...

Şeytanı qovmaqdan ayağı şişən,

Allah adamıyam bir ovuc su ver...

 

Bax qadın şəri var qadın hikkəsi

Yürüyür Allaha hey dəstə-dəstə...

İstədim qadınsız bir şeir yazam

Qızım çay dağıtdı vərəqin üstə..

 

Təngnəfəs şeir

                      

(dəlixanadan məktub)

 

Mənim əziz sevgilim

Burda saat gecədir...

Bilirsən mən dəliyəm

Sənin halın necədir,

 

Bilirsənmi vurulmaq

Burda günah sayılmır

Dəlilərin çiynində

Günah yazanı olmur.

 

Bircə səni görməkdi

İndi ən böyük dərdim

Elə darıxmışam ki

Gəlsən səni öpərdim...

 

Burda hər yer zəncirdi

Bağla yatsın həsrətin

Gəl birlikdə çıxardaq

Dəliliyin ləzzətin..

 

Bir az da dəli olsam

İşim rahatdı gülüm...

Tək otaq verəcəklər

Səni tənha düşünüm

 

Elə rahat gəzirəm

Saçlarım darmadağın...

Siqaret tüstüsündən

Sap-sarıdı barmağım...

 

Səhv danışsam bağışla

Ağlamağa hazıram

Axı dəli olmuşam

Bilmirəm nə yazıram...

 

Salam mənim əzizim

İndi saat gecədir...

Bilirsən mən dəliyəm

Sənin halın necədir?

 

Gəl göylərə baxıram

Yanıram ölmək üçün...

Bir az ağıl saxladım

Səni gözləmək üçün...

 

***

 

Ən böyük səbrdi bu

İçinə min dağ sığar.

Qanlar axar içindən

Kəfən sığar, ağ sığar.

 

Ən böyük darıxmaqdı

Ağlamaq yox qanında.

Unutmaq yox, atmaq yox

Ağrımaq yox canında.

 

Nə qəribə gedişdi

Gedən sənsən itən mən...

İtib sonra yolunda

Bənövşə tək bitən mən...

 

Nə böyük yuxudu bu

Ötən çağlar burdadı...

İlahi, qəbirə bax

Bütün sağlar burdadı...

 

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018