“Qatır Qulam” – Xuraman Hüseynzadədən YENİ HEKAYƏ

 

Kulis.az Xuraman Hüseynzadənin “Qatır Qulam” hekayəsini təqdim edir.


Atama ithaf edirəm


Ağ “Prado” sağa keçib qarşımızda dayandı. İçindən qara, yekəpər bir kişi düşüb uzun qollarını yana açaraq atamın üstünə yeridi:

 

- Booy! Kimi görürəm, ə mən?!

 

“Març!” - Atamın sağ yanağından elə bil bel bankası çəkdilər. Atam soyuq görüşdüyü bu adamdan canını tezbazar qurtarmaq üçün bir ayağını qaçaraq qoyub artıq bir neçə dəqiqədir davam edən monoloqun bitməsini gözləyirdi. Kişi hərdən ucadan qəhqəhə çəkib gülür, hərdən də əlini əlinə bərkdən vurub az qala hamının eşidə biləcəyi səslə hansısa hadisəni atamın yadına salmağa çalışırdı. Yoldan ötənlərin təəccüb qarışmış narazı baxışlarını vecinə almayan Qulamın xasiyyətini dəyişməyə zamanın gücü çatmamışdı.
 

Çörəyini evlərdə, həyət-bacalarda iş görərək qazanırdı bir vaxtlar. Elə bil iy bilirdi zalım oğlu. Hansı evdə qonaqlıq, hansı həyətdə yığıncaq olsaydı səhər tezdən gəlib bitərdi qapıda. Əl-ayaqda buyurulur, axırda da kəsilmiş qoyunun qarın-bağırsağını, baş-ayağını götürüb aparırdı evinə. Oxuyub yazmağı güc-bəla ilə öyrənəndən sonra məktəb qapısından ayağını üzən Qulamın təhsilə meyli olmadığı kimi hər hansı bir sənəti öyrənməyə də marağı olmamışdı. Qoşulmuşdu qohum-qonşunun həyət-bacasında iş görən, yük daşıyan  atasına. 18 yaşını tamam edib getmişdi hərbi xidmətə. Əsgərlikdən gələn kimi qonşusu Adil kişinin kiçik qızı Güldanəni götürüb qaçırmışdı Bakıda yaşayan qohumlarıgilə. Qız evinin hədə-qorxusu, qarğışı səngiyəndən sonra qayıtmışdı rayona. Çox keçməmiş eşq yuxusundan ayılıb tutduğu işə əməlli-başlı peşman olmuşdu Güldanə və bu peşmançılıq kimlərinsə xeyir-şərində qab-qaçaq yuyanda daha da artıb çoxalırdı.

 

“Qatır” ayaması  beş adamın cəm olub qaldıra bilmədiyi yükü təkbaşına qaldırdığına görə verilmişdi Qulama. Zalım oğlu deyirdin dəmir idi, polad idi. Nə yorulmaq bilirdi, nə də bezmək...
Günün birində ət tədarükü ilə məşğul olan Kərəm kişinin Ələt yolunda saxlanması, Bakıya apardığı tonlarla ətin sənədsiz olması ucbatından iyləndirilib atılması xəbəri yayıldı rayona. Kimsə satmışdı onu. Arvadının qır-qızılını dəyər-dəyməzinə satıb cəriməni ödədi Kərəm kişi. Bir cəncəldən  qurtarmamış ikinci cəncəl yapışdı biçarənin yaxasından. Qapısında kəsilən qoyun-quzunun baş-ayağını, içalatını kasıba, imkansıza paylayan Kərəm ikinci dəfə milislə üz-üzə gələsi oldu. Sən demə, qonum-qonşuya payladığı quzu başlarından birində birka varmış. Hansısa mərdimazar birkalı quzunun başını aparıb sahə müvəkkili Kazıma verir... Kərəm bu işi yoluna qoymaq üçün bu dəfə mal-qarasını, qoyun-quzusunu satmalı oldu.

 

Sonra ev tikdirmək üçün Qüdrətin qapısına tökülən daşların tozu, dumanı yatmamış milis çatdırdı özünü.

 

Bu cür hadisələr çox oldu. O vaxt uşaq olduğumdan çoxu yadıma gəlmir... Qüdrətdən  sonra hamını bir sual maraqlandırırdı: Satqın kimdi?

 

Payız gəlmiş, günəş üşüməyə başlamışdı. Yamyaşıl yarpaqların rənginə sarılıq çökmüşdü. Kiminsə mərdimazarlığı üzündən xərcə-borca düşüb xəzan görmüş yarpaqdan betər saralan Kərəm kişi oturmuşdu evinin qarşısındakı ərik ağacının altında, batmışdı qəm dəryasına. Aranı dağa, dağı arana daşıyırdı xəyalında. İki barmağının arasında yanıb kül olan siqaretindən də xəbəri yoxdu. Siqnal səsini eşidib diksindi. Əmisi oğlu Sahib idi. Maşından düşüb gəldi Kərəmin yanına. Hal-əhval tutandan, bir qədər ordan-burdan danışandan sonra sözü qohumunun başına gələnlərə gətirib soruşdu:

 

- Əmioğlu, düzünü de, heç şübhələndiyin adam yoxdumu?

 

- Yoxdu Sahib. Mən kimə neyləmişəm ki?

 

- Əmioğlu, sən yaxşı adamsan, bunu mən də bilirəm. Amma mərdimazar elə yaxşı adamları narahat edir də. Mən təxminən bilirəm bu, kimin işidi...

 

Kərəm yol çəkən gözlərini qıyıb soruşdu:

 

- Kimin?

 

- Məncə səni Qatır Qulam satıb.

 

Kərəm  hirslə Sahibə çəmkirdi:

 

- A kişi, kiri! Bildiyini də danışırsan, bilmədiyini də. Qulam Allahın elə bir fağır bəndəsidi ki, bir tikə çörək üçün qapılarda əsir-yesir olub. Görmürsən nə zülmlə pul qazanır? Yazığa böhtan atma. O elə mərdiməzarlıq eləməz. Həmişə mən ona əl tutmuşam. Məni niyə satsın ki?

Sahib ürəyində əmisi oğlunun avamlığına güldü:

- Ay Kərəm! Mən sənə söz deyirəm. Bilirsən ki, boş yerə söz demərəm. Qulamın satqın olduğunu sübut eləsəm nə verərsən mənə?

 

Kərəm oturduğu stuldan ayağa qalxdı. Gözlərini zillədi Sahibin gözlərinə. Onun dediyinə inanmasa da Sahibin yalan danışmadığını da bilirdi. Bilirdi ki, Sahib heç vaxt kimsəyə böhtan atmaz və heç vaxt dəqiq bilmədiyini, gözüylə görmədiyini də danışmaz. Artıq şübhələr ac qurd kimi gəmirirdi Kərəmin içini. Əsəbi-əsəbi dedi:

 

- Sahib, sən mənə ziyan vuran, ayağımın altını qazan adamın kim olduğunu tap, qulluğunda canla-başla hazıram.

Sahib bic-bic gülümsədi:

- Bu yaxında dost-aşna ilə bulaq başına gedəcəyik. Tapsam, bir quzu verərsən mənə.

- A kişi, sən mərdimazarın kim olduğunu üzə çıxar, quzu qurbandı sənə.

 

- Sən inanmırsan, amma satqının Qatır Qulam olduğunu tezliklə özün görəcəksən.

 

Sahibin şübhələri yersiz deyildi. Baxıb görürdü ki, işləri dolaşığa düşən adamlar soğan kimi soyulduqca Qulamın gün-güzəranı yaxşılaşır...

 

Əmisi oğluna verdiyi sözün üstündən ikicə gün keçməmiş Qatır Qulam çıxdı rastına. Xoş-beşdən sonra ondan hara getdiyini soruşdu. Bura, çayxanaya gedirəm, -dedi Qulam və əli ilə qarşı tərəfi göstərdi. Sahib, Kərəmə verdiyi sözü xatırlayıb Qulamın qoluna girərək çəkib saldı onu çayxanaya. Axşamüstü kişilərin üz tutduğu, çay içib dərdləşdiyi bu məkanda adam o qədər də çox deyildi. Yenə domino, dama oynayırdılar. Siqaret dumanından göz-gözü görmürdü. Masaya çay gəldi. Sahib bir az Qulama sarı əyilib səsini qısdı:
 

- Xəbərin var, Məmmədağanın oğlu Mübariz evində saxta pul kəsir. Ehtiyatlı ol, dükan-bazarda nəsə alanda səni də aldadarlar. Yaman çox adam aldanıb.

 

Qulam xəbəri eşidəndə elə bil gözlərində beş yüzlük toyxana lampası yandı:

 

- Haay? Doğrudan?

 

Sahibin sağ əli kəpənək kimi qondu Qulamın sifətinə:

 

- Sən öl, elə eşitmişəm.

 

Qulam başını qaşıya-qaşıya fikrə getdi. Armudu stəkanda buğlanan çaydan bir-iki qurtum içib qalxdı ayağa. “Di mən gedim, indi yadıma düşdü ki, vacib işim var”, - deyib  güllə kimi çıxdı çayxanadan. Həmin gecə Məmmədağanın da, oğlu Mübarizin də evində səhərə kimi axtarış apardı milislər... Nəinki saxta pul, heç bir manat həqiqi pul da tapa bilmədilər...

 

Qulam tələyə düşmüş, “qəhrəman”ın kimliyi üzə çıxmışdı. Satqınlığının üstü açılar-açılmaz rayonu tərk etdi Qulam. Artıq doğulduğu, böyüdüyü, ilk addımlarını atdığı, ata-anasının, qohum-əqrəbasının dəfn olunduğu rayonda yaşamaq, el-obanın içinə çıxmaq üçün üzü qalmamışdı. Ən yaxşısı getmək idi buralardan... Evini sataraq arvad-uşağını da götürüb rayondan çıxdı. O gündən Qulamı “gördüm” deyən olmadı.

...Ərklə atamın qolundan tutub “9-cu mikrorayonda bir restoranım var, gedək, sizə yaxşı bir qonaqlıq verim”, - dedi.

 

Atam parça-parça buludlarla ləkələnmiş göy üzündən gözlərini çəkdi:

- Sağ ol, Qulam, tələsirik.

 

Üzündə ciddi və incik ifadə, qarnını qabağa verib guya əsəbləşdi Qulam:

- Əəə, Qulam nədi? Məllimnən-zaddan de. Sonra tez yan-yörəsinə baxdı:

- Ayıfdı, eşidiv-eliyən olar.

 

Atamın öldürücü istehzasını illərdən sonra yenə gördüm:

 

- Yox ay Qulam, mən o qələti eləyə bilmərəm...

Qulam qalstukunu bir az boşaltdı. Udqundu. Başını hirslə bulayıb cibindən çıxartdığı dəsmalla alnının, üzünün tərini sildi. Və biz uzaqlaşdıq.

 

Tini burulanda geri boylandım. Qatır Qulam ağ “Prado”suna söykənib siqaret çəkirdi...
 

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018