Rafiq Əzimov: “Anam onu görən kimi ürəyi getdi”MÜSAHİBƏ

<span style="color:red;">Rafiq Əzimov:  <b>“Anam onu görən kimi ürəyi getdi”</b> – <span style="color:red;">MÜSAHİBƏ
6 fevral 2018
# 12:18

Kulis.az Xalq artisti Rafiq Əzimovun APA-ya müsahibəsini təqdim edir.

...Uşaqlığı, gənclik illəri ehtiyac içində keçib. Amma bu ehtiyac, bu sıxıntı heç vaxt onu əyməyib, əzməyib. İnanıb ki, pis günün ömrü az olur. İnanıb ki, ilahi ədalət mərtəbəsində çəkilən əziyyətin mükafatı böyük olur. Çox keçməyib, şöhrət özü tapıb, adamlar barmaqla göstəriblər onu. Uğur-uğurun dalınca gələndə özünü itirməyib, söykənməyə sənəti, tapınmağa ailəsi olub. Və beləcə, ömrün yorğun yaşına – 80 yaşa yetişib. Çox adam onun sağlamlığına həsəd apar bilər. Özündən soruşanda, bunun sirrini gizlətməz: “Atam həmişə deyərdi ki, oğlum, bir adam sənə pislik etsə, sən ona yaxşılıq elə. Əvvəl bunu qəbul etmək istəmirdim. Amma sonra həyat amalıma çevirdim. Nə gözəldir... Necə gözəldir... Sən heç kimə pislik etmirsən və ömrün boyu rahat yaşayırsan”.

Yəni Rafiq Əzimov deyir ki, sağlamlığın yeganə açarı könül rahatlığıdır. Bir də gördüyün hər işə sevgi ilə bağlanmaq. Dəlicəsinə vurğun olmaq. Əlbəttə, Rafiq Əzimov səhnəyə dəlicəsinə vurğun olanlardandır. Özü demiş, nə qazanıbsa, bu vurğunluqdan, bu “dəlilik”dən qazanıb.

80 yaşlı sənətkar doğum günündə ömür yolunu APA-ya danışır:

- 80 il yaşayıb-yaratmaq mənim üçün həm qürurdur, həm şərəf. Cavanlıqda 80 yaşdan söhbət düşəndə, elə bilirdim əldən düşən qoca əlində əsas ilə Akademik Milli Dram Teatrının qarşısında dayanacaq, o əzəmətli binaya həsrətlə baxacaq. O əzəmətli teatr ki, 56 ildir fasiləsiz olaraq onun qapısını açıram, səhnəsinə çıxıram. İndi öz-özümə deyirəm: ay Rafiq, 80 il yaşamaq, işləmək sənə təəccüblü görünmür? Sevinirəm ki, dövlətimiz tərəfindən hər zaman qiymətləndirilmişəm. Hərdən deyirlər, teatr aləmində bu yaşda təkcə Əzimovdur ki, səhnədə də var, televiziya kanallarında da. İndi Ağasadıq Gəraybəylini xatırlayıram. 90 yaşında “Natəvan” tamaşasında qoca knyaz rolunda çıxış edirdi. Gözləri də görmürdü. O, səhnəyə çıxanda tamaşaçılar gurultu ilə alqışladılar ki, belə böyük sənətkar 90 yaşında gözləri görməyə-görməyə bütün mizanları dəqiq yerinə yetirir. Allah Yaşar Nuriyə rəhmət eləsin, həmin gün Ağasadıq Gəraybəylini bir yerdə qapıya qədər ötürdük. Teatrın qarşısından fotoqraf keçirdi, şəklimizi çəkdi ki, bunu tarixə çevirmək lazımdır. Bir də Sona Hacıyeva xatirimdədir. Lap yaşlı vaxtında səhnəyə çıxıb rol oynayırdı. 56 il ərzində teatrda hamını dişimə vurmuşam. Onlar da məni dişlərinə vurublar. Atam həmişə deyərdi, oğlum, bir adam sənə pislik etsə, sən ona yaxşılıq elə. Əvvəl bunu qəbul etmək istəmirdim. Amma bir müddət keçdi və gəncliyimdən bu sözü yaddaşıma yazdım, əməl etməyə çalışdım. Nə gözəldir... Sən heç kimə pislik etmirsən və ömrün boyu rahat yaşayırsan.

- Sizə pislik edənlər necə, olubmu?

- Desəm olmayıb, yalan olar. Pislik necə olur? Məsələn, əsər bölünür, sən orda özünü görürsən, amma rejissorun səndən xoşu gəlmir deyə, qat-qat aşağı səviyyəli aktyora rol verir, sən qalırsan kənarda. Belə şeylər mənim həyatımda çox olub. Haqqımda yazılan bəzi yazılarda da belə şeylərə yol verilib. İndiki gənclər bilməlidirlər ki, insana hər şey “padnos”da hazır gəlmir. Amma çox aktyor tanıyıram ki, hər şey onlar üçün “padnos”da gəlib. Bilirsən ki, yaşıl işıq onlar üçün hər zaman var. Ancaq mənim həyatımda tez-tez baryerlər olub, qırmızı işıqların sayı çox olub. Bundan küsməmişəm. Cavanlığımda çətin, pulsuz-parasız günlərim sayı da az olmayıb. 1972-ci ildə məni Rumıniya səfirliyindən Moskvaya dəvət etmişdilər.

Səfərə geyməyə kostyumum yox idi. “Qəribə adam” tamaşası üçün kostyum tikilmişdi, səhnəyə çıxanda geyinirdim. Teatrdan həmin kostyumu mənə verdilər, geyinib getdim. Qonaqlıqda bir də gördüm, kostyumun ətəyi düşüb dizimin üstünə, içindəki teatr nömrəsi görünür. Sən demə, teatrın bütün kostyumlarına iri hərflərlə nömrə vururmuşlar. Elə bil, başıma qaynar su tökdülər. Sonra məni soyuq tər basdı. Ürəyimdə yalvarırdım ki, kaş heç kim görməsin...

- Deyirsiniz, cavanlıqda çətin, pulsuz-parasız günlərinizin sayı az olmayıb. Necə ailədə böyümüsünüz? İstəyirəm, bir az bu haqda danışaq...

- Üç yaşım olanda atam müharibəyə getdi. Uşaqlıq illərim çox ağır keçib. Anam evdar qadın idi, çarşab bağlayırdı. Atamdan sonra işləməyə məcbur oldu. Xalamın yoldaşının balaca vəzifəsi vardı, dolanışıqları yaxşı idi. Ona görə çox vaxt onlarda olardıq. Özümüz isə Vidadi küçəsində yaşayırdıq.

Vaxtilə atam deyərdi ki, Təzəpirdən Vidadi küçəsinə qədər olan ərazi onların ata-baba məhəlləsi olub. Atamın gənclik illəri İranda keçib. 18 il İranda yaşayıb, ticarətlə məşğul olub. Nənəmin qəbri də Xorasandadır. 1933-cü ildə atam Bakıda olanda yenidən İrana qayıtmaq istəyirmiş. Böyük qardaşı deyib, qal Bakıda. Qardaşının sözü onun üçün qanun imiş. Ona görə də Bakıda evlənib. 1938-ci ildə mən doğulmuşam. Atam müharibəyə gedəndən sonra ürəyimiz istəyəni yeyə bilmir, ürəyimiz istəyəni geyinə bilmirdik. Bizim yarımzirzəmi evimiz vardı. 1947-ci ildə hamı müharibədən qayıtmışdı, biz atamı gözləyirdik. Məktublarının da arası kəsilmişdi. Həmişə məktublarda məni xəbər alıb yazardı ki, almagöz oğlum necədir? Yadımdan çıxmaz, bir falçı qadın var idi. Noxudla fala baxırdı. Anam onu çağırdı. Qadın çarşabını saldı çiyninə, yerə döşəkcə atıb, oturdu. Boyundakı torbadan noxudları tökdü yerə, bölüşdürdü. Gözümün qabağından getmir o mənzərə. Birdən qayıtdı ki, bir həftədən sonra sizin evinizdə böyük şadyanalıq olacaq. Həmin dediyi vaxtda atam əsgər paltarında, çiynində “veş-meşok” pilləkənləri düşürdü. Anam onu görən kimi ürəyi getdi. Sonra biz İçərişəhərə köçməli olduq. 1958-ci ildə instituta daxil oldum. Amma atam da, anam da etiraz edirdilər. Mənim böyüdüyüm məhəllə şuluq məhəllə idi. Atam işdə olanda anam nadinc uşaqlarla oturub-durmağıma icazə vermirdi. Həmin uşaqlardan uzaq olmaq üçün xora, dram dərnəyinə, tar, qarmon sinfinə gedirdim.

- Sənət dostlarınız kimlər olub? Yaşın bu vaxtında kimlər üçün darıxırsınız?

- Bu sual həmişə mənim yaralı yerimə toxunur. Mənim indi oturduğum otaqda Səməndər Rzayev, Kamal Xudaverdiyev, Hamlet Xanızadə, Yaşar Nuri oturub. Bu adamlardan ötrü necə darıxmamaq olar? Elə vaxt gəldi ki, biz bir binada yaşamalı olduq. 90-cı illərdə dövlətimizin başçısı Heydər Əliyev cənabları bizə eyni binada ev verdi. Səməndər, Əlabbas Qədirov, Yaşar, mən... qonşu idik. Ondan xeyli əvvəl isə teatrın müraciəti əsasında mənə ev vermişdilər. Təzə evlənmişdim, ev veriləndə uçmağa qanadım yox idi.

- Səhv etmirəmsə, xanımınızla institutda bir yerdə oxumusunuz...

- Mən aktyorluqda oxuyanda o, mədəni-maarif fakültəsində oxuyurdu. Xoşuma gəlirdi, ona görə dəvətnamə verdim ki, gəlib tamaşamıza baxsın. Toyumuz Səadət Sarayında oldu. Bizim teatrdan Əliağa Ağayev, Barat Şəkinskaya, Lütfü Məmmədbəyov, Həsən Məmmədov iştirak edirdi. Barat xanımın toyda bizə bağışladığı büllur vaza indi də evimizdədir. O gün tamaşada gül verdilər, aparıb qoydum həmin vazaya. Sözüm bunda yox... Toyumda masabəyi Həsən Seyidbəyli idi. Məclisi də Gülağa Məmmədov aparırdı. Mən Gülağagilin evində də olmuşam. Həmişə sənət adamlarının içində deyərdi ki, toyda Əzimov Rafiq mənə 250 manat pul verdi. (Gülür). Bu da o vaxt üçün böyük pul idi. Mənim həyatımda unudulmaz adamlar çox olub. Soruşdun ki, kimlər üçün darıxıram... Təzə ev veriləndə Yaşar Nuri məndən bir neçə ay qabaq köçdü. Mənim evimdə işləyən usta suyu açıq qoyub getmişdi, hamısı tökülüb Yaşargilin başına. Rəhimə xanım zəng etdi, yoldaşımla dördüncü mikrorayondan doqquzuncu mikrorayona qədər qaça-qaça getdik. Kim qapını döyür, açmırıq... Gecə saat 12-dir, yenə qapı döyüldü. Gözlükdən baxdım ki, Yaşar dayanıb.

Neyləyim, açmalıyam də. Qapını açdım ki, Yaşar əlində “padnos”, içi dolu meyvə, yanında da konyak, gülür. Soruşdum ki, Yaşar, söyməyə gəlmisən? Dedi, nə söyməyə, söymək nədir? Vurmağa gəlmişəm e, vurmağa. Qonşu qonşunun başına su tökmədi, nə ləzzəti?..

- Amma deyəsən, yeyib-içən adam deyilsiniz...

- Biz cavan vaxtı arağın nə olduğunu bilməzdik. Tələbəlik illərində bizim içdiyimiz kəmşirin çaxır idi. O da yüngülvarı. Mənə ilk dəfə araq içirdən Həsən Məmmədov olub. Tələbə olanda bərk xəstələnmişdim. Qızdırmam 40-a qalxmışdı. Tələbə yoldaşlarım Nazim Yüzbaşovla Həsən Məmmədov gəldilər yanıma. Gördüm, Həsən gizlincə araq çıxardı, süzdü nazik stəkana, içinə də qara istiot tökdü. Mənə dedi, bunu iç, sabah ayağa duracaqsan. Dedim, Həsən, sən dəlisən? İnad elədi, içdim. Sağalmaq əvəzinə, üç gün də yatdım. (Gülür).

- Həsən Məmmədov işsiz olduğu dövrlərdə sizin məsləhətinizlə teatra qayıdıb. Bu hadisə necə olub?

- Bu sualı unutma, indi yadıma düşdü, sənə yoldaşımla bağlı bir şeyi danışım. Çünki bu, daha çox teatrımızın tarixi haqqındadır. Mən nişanlanandan sonra Gəncəyə qastrola getmişdik. Yoldaşımın da kökü Goranboydandır. Qastrolda Məmmədrza Şeyxzamanovla gəzirdik. Birdən sual verdi ki, Əzimov, sən bilirsən kimlərlə qohum olmusan? Dedim, yox. Apardı məni kitab mağazasına. Oradan bir monoqrafiya aldı, verdi mənə. Mehmanxanada oxudum ki, teatrımızın tarixi dərya imiş. Həsən bəy Zərdabi 1873-cü ildə Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Hacı Qara” komediyalarını ilk dəfə tələbələri ilə tamaşaya hazırlayıb. Başda da Əsgər ağa Gorani olmaqla. Sən demə, Gorani də mənim yoldaşımın doğma babasıdır. Nəcəf bəy Vəzirov, Əliqulu Qəmküsar və başqaları həmin tamaşada çıxış ediblər. Nişanlım rus məktəbini bitirmişdi. Həmin kitabı gətirib verdim ki, siz öz tarixinizi bilmirsiniz. Tələbəlikdə bu məsələni bir az da araşdırdım. Keçən il Əsgər ağa Goraninin 160 illiyi ilə əlaqədar Gülhüseyn Kazımı “Qaranlıqdan işığa” adlı gözəl bir kitab nəşr etdirdi. Biz neçə illər idi Əsgər ağa Goraninin məqbərəsini Gəncədə axtarırdıq. Üç dörd il əvvəl Gəncədə “Səbzkar” qəbiristanlığında olduq. İçəri girən kimi böyük bir məqbərə var. Bəzi yaşlı adamlar deyirdi, həmin məqbərə Cavad xanın, bəziləri də deyirdi, Əsgər ağa Goraninindir. Qəbiristanlığın müdirini çağırdıq. Dedi, bəli, bu məqbərə Əsgər ağa Goraninindir. Keçən il biz həmin məqbərəni bərpa etdik. İndi gələk sənin sualına...

- Həsən Məmmədov haqqında...

- Hə. Əvvəla, onu deyim ki, biz Həsən Məmmədovla çox yaxın dost idik. 1962-ci ildə Eldəniz Zeynalov, Həsən Məmmədov və mənim təyinatımı eyni vaxtda Dram Teatrına verdilər. Eldəniz Zeynalov bizdən iki il əvvəl instituta daxil olmuşdu. Özü də Mehdi Məmmədovun kursuna. Amma şuluqluq saldığına görə onu bir-iki dəfə institutdan çıxarmışdılar. Axırda diplomu bizim kursla bərabər aldı. Həsən Məmmədov kino ilə əlaqədar teatra bir neçə dəfə gedib-gəlib.

Kinolara çox çəkilirdi. Dövr dəyişdi, vəziyyət pisləşdi, artıq kinolar çəkilmirdi. Gəldi ki, ay Əzimov, kino yoxdur, istəyirəm, teatra qayıdıb, heç olmasa, maaş alaram. Onda da teatrın direktoru Həsənağa Turabov idi. Dedim, yaxınlaş, sözünü de. Qayıtdı ki, yox, utanıram, birdən götürməz.

- Utanmaq nə mənada? İki böyük aktyor arasında ərkyana münasibət yox idi ki, bir-birinə sözlərini rahat deyə bilsinlər?

- Əgər hissim məni aldatmırsa, qısqanclıq var idi. Niyə? Çünki Həsən Məmmədov qədər kinoda baş rollar oynayan ikinci aktyor tanımıram. Ona görə bəlkə kiçik də olsa, qısqanclıq ola bilərdi. Bir gün Səttar Bəhlulzadə adına sərgi salonunda tədbirdə idik. Nazir Polad Bülbüloğlu da orda idi. Dedim, Həsən, məqamdır, yaxınlaş, Polad səni eşidəcək. Yenə qayıtdı ki, utanıram e... Aktyor kimi Həsənin içi həmişə dolu olub. Amma insan kimi hədindən artıq utancaq idi. Hələ lap tələbəlik illərindən. Bunu güc-bəla ilə göndərdim Poladın yanına. Təsəvvür elə, dərsə hazır gəlməyən uşaqlar kimi dayanıb Poladın yanında... Elə ağzını açmışdı, Polad Bülbüloğlu Turabovu çağırdı ki, sabah Həsənin əmrini ver, teatrda işə başlasın.

- Bir də sizdən içkinin yaşamağa qoymadığı aktyorlar haqqında soruşmaq istəyirəm...

- Səməndər Rzayev, Yaşar Nuri, Kamal Xudaverdiyev, Eldəniz Zeynalov... onlar indi də səhnədə olardılar, oynayardılar. Yaşayıb oynamalı idilər də. Siyavuş Aslan da əvvəllər çox içirdi. Sonra Həcc ziyarətinə getdi. Ziyarətdən qayıdandan sonra teatrın bufetində onun ətəyindən öpürdük. Üstündən bir-iki gün keçdi, gördük ki, Siyavuş bir yeşik pivə ilə gəldi teatra. Hamımız mat-məəttəl qalmışıq. Dedim, həci, biz iki gün əvvəl sənin ətəyindən öpürdük, indi sən bir yeşik pivə alıbsan. Qayıtdı ki, Əzimov, bu həci pivəsidir, gəldiyim yerdə də bundan içirlər. Butulkanı açdı, çəkdi başına (Gülür).

- Sonda sözləriniz varsa, buyurun, deyin...

- Mən bu gün də teatrda rollar oynayıram. “Ölülər”, “Almaz”, “Müfəttiş” və başqa tamaşalarda rollarım var. Əvvəla, teatrımızın rəhbəri Azər Paşa Nemətova təşəkkür edirəm ki, məni bu günə qədər teatrda saxlayıb. Ona görə saxlamayıb ki, qocaman sənətkaram. Yox. Əgər canımda su varsa, əgər bacarıramsa, səhnədə davrana bilirəmsə, şükürlər edirəm. Azər müəllimi hələ gənclik illərindən tanıyıram.

O, mənim yaradıcılığıma istər teatr xadimləri ittifaqında, istərsə də bu teatrda yüksək qiymət verir. “Şöhrət” ordeni almağımda birinci onun xidməti olub ki, məktubu hörmətli nazirimizə yazıb. Nazirimiz də onun məktubu əsasında cənab prezidentə müraciət edib. Mən bütün çıxışlarımda doğma teatrımızı unutmuram. 56 il çalışdığım bu teatra çox böyük borcum var. Gərək yaradıcılığımla sübut edəm ki, bəli, bu nüfuzu teatra görə qazanmışam. Dövlətdən ev almışam, mükafat almışam, təqaüd almışam... Teatra arxadan zərbə vurmağa mənim ixtiyarım çatmaz.

# 4884 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #