Evlənsən də peşmansan, evlənməsən də - Cavid Ramazanlı yazır

 

Kulis.az Cavid Ramazanlının “Sənət necə yaranır?” yazısını təqdim edir.

 

 

Yay tətilini bol günəşli, qızılqumlu dənizdə gənc və gözəl həyat yoldaşı Baharla birgə keçirən İsa birdən qəti şəkildə münasibətlərinin dalana dirəndiyini başa düşür, anlayır ki, artıq bu cür ağrılı evliliyi davam etdirməyin mənası yoxdur. O, Bahara dost qalmaq şərtiylə ayrılmağı təklif edir, qadın isə ondan o qədər əlini üzüb, dərhal: “Ayrılaq, heç dost qalmaya da bilərik”, - deyir.

 

Beləliklə İsa həyat yoldaşından ayrılaraq İstanbula qayıdır. Lakin bir müddət keçəndən sonra dərk edir ki, birgə həyatda olduğu kimi təklikdə də özünə yer tapa bilmir. İsa özündən, ətrafından, hətta havadan da bezir. Ətalətdən qurtulmaq üçün çoxdan bəri gerçəkləşdirməyi arzuladığı təkbaşına isti bir ölkəyə səyahətə çıxmaq qərarına gəlir. Amma o, planlaşdırdığı kimi belə bir ölkəyə deyil, qarlı-boranlı, som-soyuq Ağrı şəhərinə gəlir. Çünki təsadüfən, aylardır üzünü görmədiyi Baharın işiylə bağlı burada olduğunu öyrənir. Uzun müddət bir-birindən ayrı düşən qadın və kişinin həssas, duyğulu bir birləşməsi baş tutur Ağrıda.

 

Hekayənin “happy end”lə yekunlaşacağı güman edilə bilər, amma “xoşbəxt sonluq” olmur. İsa nəhayətdə, Baharı yenə də xəyal qırıqlığına uğradır, sübut edir ki, o, birlikdə yaşamağa sadəcə olaraq qadir deyil.

 

 

Türkiyəli rejissor Nuri Bilge Ceylanın elə özünün və həyat yoldaşı Ebru Ceylanın baş rollarda oynadıqları “İqlimlər” filmi sanki Soren Kiyerkaqardın məşhur fəlsəfi konseptinin lentə köçürülmüş versiyasıdır. Danimarkalı filosof insanın həyatdakı çıxılmazlıqlarını belə ifadə edib: "Evlənsən, peşman olacaqsan; evlənməsən, peşman olacaqsan; evlənsən də, evlənməsən də, peşman olacaqsan. Dünyanın səfehliyinə gülsən, peşman olacaqsan; buna göz yaşı töksən, peşman olacaqsan; dünyanın səfehliyinə gülsən də, göz yaşı töksən də, hər iki halda peşman olacaqsan. Qadına inansan, peşman olacaqsan, inanmasan da peşman olacaqsan... Özünü assan peşman olacaqsan, asmasan da peşman olacaqsan, özünü assan da, asmasan da, yenə peşman olacaqsan. Bu, cənablar, elə bütün fəlsəfənin mahiyyətidir.”

 

Dövrümüzün parlaq kino rejissorlarından biri olan Nuri Bilge Ceylanın bütün filmləri elə bu cür çıxılmazlıqlar haqqındadır. Onun qəhrəmanları özləriylə yaşaya bilmirlər, heç  başqalarıyla da yaşaya bilmirlər: kimisi yaşadığı yerdən bezib, kimisi kiminsə yerini dar edir, kimisi kiməsə xəyanət edir, kimisi kimisə vurub öldürür...

 

Ceylanın sakit filmlərində adama iynə kimi batan şey insanlar və situasiyalar arasındakı daimi gərginliklər, münaqişələrdir. “Uzaq” filmində məsələn, biz rejissorun insanlararası münaqişələri necə ustalıqla inkişaf etdirdiyinə şahid oluruq. Mahmud geniş və gözəl evində tək yaşayır, İstanbul mənzərəsinə açılan terrası, böyük kitabxanası, görünüşə görə yaxşı işi var, ürəyi istəyən zaman da cazibədar bir qadın onun ziyarətinə gəlir. Günlərin bir günü isə bu cür qayğısız həyat Yusufun ortaya çıxmasıyla pozulur. Mahmudun əyalətdə yaşayan qohumu Yusuf İstanbula iş dalınca gəldiyini, işi düzəlincəyədək onun yanında qalacağını deyir. Düyün beləcə açılmağa başlayır. Yusufun evinə gəlməsiylə biz əslində Mahmudun xoşbəxt olmadığını, əksinə, dərin bir depressiyada olduğunu görürük. O, ətalət içindədir, bataqlığa saplanıb, arzuları boşa çıxıb, şirkətdəki işinə nifrət edir, görüşdüyü qadınla isə zəhərli münasibəti var. Film boyunca Mahmudla Yusuf arasında yavaş-yavaş münaqişə baş qaldırır və kulüminasiya nöqtəsinə çatıncayadək davam edir.

 

 

“Uzaq” filmi Ceylanın yaradıcılığında açar məqamlardan biridir, çünki o, həm beynəlxalq şöhrəti ilk dəfə bu filmiylə qazanıb, həm də “Uzaq” onun yaradıcılığının silkələndiyi andır. Bu anı filmin özündə də tapmaq olar: Mahmudla bir evdə yaşamaqdan yorulan Yusuf bir gün qərara gəlir, özündə olan açarı qarmaqdan asıb evi qəribə bir ovqatda tərk edir. Mahmud yenə Yusufla rastlaşacağına görə evə gərgin halda gələndə, onun evdə olmadığını, açarın isə qarmaqdan asıldığını görür. Açarı görəndə, Mahmud sifətindəki ifadəylə sanki soruşur: görəsən, bu, birdəfəlik getdi, yoxsa qayıdacaq? Film bu suala cavab vermir, amma nə qədər qəribə olsa da, həyat verir. Yusuf obrazını oynayan və Nuri Bilge Ceylanın başqa bir neçə filmində də baş rol alan yaxın qohumu Mehmet Emin Toprak “Uzaq” filminin təqdimatından qısa müddət sonra avtomobil qəzasına düşərək, 28 yaşında vəfat edir. Beləliklə, onun bir daha qayıtmayacağı məlum olur. Hətta Eminə Kann Kino Festivalında layiq görüldüyü “Ən yaxşı aktyor” mükafatını da almaq nəsib olmur.

 

Ceylanın filmlərində diqqət yetirilməsi məqamlardan biri möhtəşəm təbiət mənzərələridir. Uşaqların qar topu oynadığı bol qarlı qış, buludların mas-mavi səmada çay kimi axdığı yaz, qızıl qumlu dəniziylə yay, sarı-qırmızı yarpaqları göydə uçuşan payız səhnələriylə rejissor bizə təbiətin necə gözəl olduğunu xatırladır, amma insanlar nə üçünsə yaşaya bilmirlər. Hədsiz ecazkar, əsrarəngiz bir dünyada insan nəyə görə özüylə, başqalarıya, təbiətlə bu qədər ziddiyyətlər içərisindədir? O, öz təbii yolundan çıxıb, yoxsa mahiyyəti əzəl başdan belə olub?

 

 

Nuri Bilge Ceylanın ən sonuncu və yəqin ki, ən yaxşı filmi olan “Qış yuxusu”na baxdıqdan sonra, özünə daha bir vacib sualı verməyə bilmirsən: həqiqi bir sənətkarın, həqiqi bir sənət əsərinin ortaya çıxması üçün nə qədər detal üst-üstə düşməlidir? Təkcə istedad bəs etmir, təkcə bilik, əmək, dünyagörüşü, fərdi ağrılar kifayət deyil, sənət əsərinin ortaya çıxması kompleks məsələdir, ən əsası isə kollektiv iş, düşüncə tələb edir və müəyyən şeylərin aşılması da mütləqdir. “İqlimlər” filmində biz keçmiş sevgilisiylə “hard” sekslə məşğul olan İsanın sökülmüş şalvarını anasına tikdirdiyinə şahid oluruq, həmin vaxt otağa onun atası da daxil olur. Hazırlıqlı tamaşaçı bilir ki, İsa real həyatdakı Nuri Bilge Ceylan, filmdəki ata-anası isə onun elə real həyatdakı doğma valideynləridir. Ümumiyyətlə, Ceylan valideynlərini, qohumlarını, dostlarını bir çox filmlərində baş rollarda oynadıb, onun filmlərində isə kifayət qədər açıq səhnələr, ifadələr var, həyatın özü belədir çünki. Ona görə də cəmiyyətin heç olmasa müəyyən bir qismi bütün bu həssas mövzuları aşmasa, çətin ki, həqiqi sənətkar və sənət əsəri ortaya çıxa bilər.

 

Ceylanın üzdüyü əslində, təhlükəli sulardır: insanlar arasında yadlaşma, ekzistensial böhran, tənhalıq, fərdi ağrılar kimi mövzular xüsusilə Qərb sənətkarının neçə yüzilliklərdir işlədiyi, təzə hansısa bir sözün deyilməsinin həddindən artıq çətin olduğu məsələlərdir. Amma başqa bir sivilizasiyadan olan bir türk bütün bu mövzuları filmlərində işləyir, üstəlik Qızıl Palma Budağı daxil, Qərbin ən sanballı film mükafatlarını qazana bilir.

 

Necəmi?

 

Bu sualın cavabı elə Ceylanın filmlərində və filmarxası detallardadır.

 

 

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018