Bir torpağa baş qoyanlar – YENİ ŞEİRLƏR

Bir torpağa baş qoyanlar – YENİ ŞEİRLƏR
5 fevral 2018
# 17:40

Kulis.az Saqif Zeynalın yeni şeirlərini təqdim edir.

Görüşməyənədək

Deyirdin sən kobudsan,
Mən sadə.
Sonda isə bölüşdük,
Sən kobudluğunu,
Mən sadəliyimi...

Bir dağın iki üzü,
Sən güneydin,
Mən quzey.
Aramızda dağ boyda
Bir atəş fərqi vardı.
Sənin atəşin çölündə,
Mənim atəşim içimdə idi.

Bir söz də vardı adı nə isə...

Biz hansısa saatın tamamında
Görüşməyəcək əqrəblərik.
Biz bir yastığa baş qoymasaq da
Bir torpağa baş qoyacaq adamlarıq.
İndi isə, xoşca qal,
Görüşməyənədək...

Məchul-məchul səhərlər

Məchul-məchul səhərlər,

Soyuq-soyuq otaqlar.

Haradasa kürkü qalın okullar var...

Ah, üşüyən otaqlar,

Hisli-hisli sobalar,

Tüstü-tüstü sobalar

Sizi qızdırmadılar...

Yenə o əlcəksiz otaq,

Yenə şeir oxuyur müəllim,

Həm də şeir oxuyur:

"Başı kəsik gözəl kötük..."

Oduna da qızınmadıq...

Əlavə edir.

Yenə lövhədə tabaşirlərin

Ağ qanına batmış əllərim.

Hərdən də sobanı qurdalamaq var,

Maşa ilə közləri irəli çəkərək.

Misalın ardını siz yazarsınız, çocuqlar.

Kökü kəsir gözəl tənlik...

Demək də var

n-ci dərəcədən düşünərək...

Yenə o başmaqsız otaqda

Şeir oxuyur müəllim

Daxma-daxma adamlar,

Saray-saray adamsızlıqlar.

İnanın mənə çocuqlar, inanın,

Bir gün inteqral kimi açılacaq

Bu düyün düşmüş qaranlıqlar...

Və mən lövhəyə açılmayan inteqral şəkli çəkirəm...

Əli kişi üçün

Daha yoxa batıb

Əli kişinin damının arxasında batan Günəş.

Daha son mənzilin qapısını

Əli kişi açmır adamların üzünə.

Daha yola salmır o qapıdan

Tanrının torpaq damlarına adamları.

Görəsən indi orda necədir adamlara,

Rahatdırmı,

İstidirmi,

Soyuqdurmu onlara da?!

Bilmirəm.

Əli kişinin duası ilə gedənlərin yeri rahatdır,

Ən gözəl dua idi Əli kişinin əlləri...

Tanrı da o dua ilə gedənləri

Çoxdan bağışlayıb... bilirəm

Qolları da bir cüt ömür yolu idi,

Ömür qatarları o reyslərdən gəlib keçərdi

Fit verə-verə...

Günəşi də dəfn elədi üzünün qərbində...

Hərdən ölənlərə salavat çevirəndə

Həm də batan gözünə sığal çəkir...

# 798 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

11:30 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #