Bağırov hakimiyyətdən gedəndən sonra bəraət alan komitə sədri

Bağırov hakimiyyətdən gedəndən sonra bəraət alan komitə sədri
2 fevral 2018
# 21:00

Kulis.az filosof Aydın Əlizadənin “Azərbaycanda dövlət terroru: əksinqilabçı millətçi təşkilatın işi (1938-56)” yazısını təqdim edir.

əvvəli burda

Məhbus həyatı

İskəndər Əliyev məhkəmənin hökmündən sonra Qazaxıstanın Karaqanda vilayətinin düşərgəsinə (Karlaq) sürgün edilmiş, burada 1956-cı ilə qədər cəza çəkmişdir. Göründüyü kimi o, 10 ildən daha çox müddət ərzində orada qalmışdır. Məsələ burasındadır ki, tale məhbuslara qarşı mərhəmətli olsa belə, onları gələcəkdə ömürlük həbs cəzası gözləyirdi. Məhkəmənin kəsdiyi həbs müddəti bitəndən sonra da onları azadlığa buraxmırdılar. Onların çoxu bu düşərgələrdə dünyasını dəyişmiş, bəraət alacaq günlərini görə bilməmişlər (10, 194-205). Buna görə də İ. Əliyev ümumi hesabla 18 il (1938-56) həbsdə qalmışdır.

Məlumdur ki, o məhbus həyatının son illərində Karaqanda vilayətində sürgün həyatını yaşamışdır. 1953-55-ci illərdə o, Kuv rayonunun Koyandı Maşın-Traktor Stansiyasında (MTS) iqtisadçı-aqronom vəzifəsində çalışmışdır. Onun sürgündə sonuncu iş yeri Karaqanda vilayətin Yegindibulaq kəndinin kolxozunda aqronom vəzifəsi olmuşdur.

“Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” işi üzrə məhkum edilmişlərin çoxunun aqibəti daha acınacaqlı olmuşdur. Xəlilov, Rodionov və Əsədullayev həbs düşərgələrində vəfat etmişlər. Təkcə Məmmədov 1956-cı ildə bəraət alaraq Bakıya qayıtmış, ancaq bir ildən sonra dünyasını dəyişmişdi. Lyuborski-Novikov isə bu işin yeganə məhkumudur ki, 1943-cü ildə onun haqqında cinayət işinə xitam verilmişdir.

Bəraət (reabilitasiya)

Stalinin ölümündən sonra SSRİ-də vəziyyət dəyişməyə başlamış, yeni partiya rəhbəri Xruşşov onu şəxsiyyətə pərəstişdə ittiham etmişdi. 5 mart 1956-ci ildə Mir Cəfər Bağırov K(b)P MK katibi vəzifəsindən azad edilir. 1954 ilin may ayında isə SSRİ baş prokuroru R. A. Rudenkonun rəhbərliyi ilə “əksinqilabçıların” işlərinə yenidən baxmaq üçün Mərkəzi komissiya yaradılır. Bu komissiyanın işinin əsas istiqamətlərindən biri də Azərbaycanda siyasi repressiyalar qurbanlarına bəraət (reabilitasiya) qazandırmaq idi. “Reabilitasiya işlərinə ancaq qurbanların özlərinin ya da onların qohumlarının ərizələrinin əsasında baxılırdı. Bir çox hallarda qurbanlardan birinin, ya da onların qohumlarından birinin ərizəsi ilə təkcə o adam deyil, həm də onunla birlikdə eyni iş üzrə mühakimə olunanların hamısına bəraət verilirdi” (6).

Azərbaycanda “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” işinə də bu komissiya tərəfindən İskəndər Əliyevin verdiyi 11.11.1954 il tarixli ərizənin əsasında (istinad: İ. Əliyevə SSRİ Baş Hərbi prokurorluğunun 25 aprel 1955 il tarixli 326№-li məktubu) baxılmış və bu iş üzrə bütün məhkum edilmişlər bəraət almışlar. 23 aprel 1955-ci il tarixli SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 18146/41№-li Qərardadının surətində bildirilir ki, “Məhkum olunmuşların şikayətlərinin əsasında prokurorluq tərəfindən aparılmış araşdırma nəticəsində təyin edilmişdir ki, Xəlilov, Məmmədov, Əliyev, Əsədullayev və Rodionovun ittiham edilməsinin əsasında onların ilkin istintaq zamanı şəxsi ziddiyyətli ifadələri və öncə digər işlər üzrə məhkum olunan başqa adamların ifadələri durur... Məhkum olunmuşların və qeyd olunan şahidlərin ifadələri ilkin istintaq orqanları tərəfindən istintaqın aparılmasında qadağan olunan qeyri-qanuni yollarla alınmışdır. Buna görə də sonra məhkum olunmuşların özləri, eləcə də şahidlər öz ifadələrindən imtina etmişlər. Bu iş üzrə başqa obyektiv sübutlar əldə edilməmişdir. İlkin istintaq tərəfindən məhkum olunmuşlara qarşı ittiham materialları onlara qarşı qeyri-qanuni üsulların tətbiq edilməsi ilə saxtalaşdırılmışdır” (5, c. 6, 343-345).

Beləliklə, bu iş üzrə məhkum olunmuşlara qarşı 30 avqust 1941-ci il tarixli hərbi tribunalın hökmü yeni halların açılması səbəbi ilə ləğv edilmiş və əməllərində cinayət tərkibi olmadığına görə onlar barəsində cinayət təqibinə son qoyulmuşdur.

Bəraətalma xəbərinə baxmayaraq, İ. Əliyevin sürgün həyatı daha 9 ay davam etmişdi. Yalnız 13 fevral 1956-cı ildə onun oğlu Arif, Baş Hərbi Prokurorluqdan atasının sağ olduğu və bəraət aldığı xəbərini almışdı (Bildiriş № 2261-39).

Bakıya qayıdandan dərhal sonra İ. Əliyev 1956-cı ilin aprel ayında o zaman təşkil olunan keçmiş Az. SSR K(B)P MK katibi M. C. Bağırovun və onunla əlbir olanlar üzərində keçirilmiş məhkəmə prosesinə cəlb edilmişdir. Məhkəmədə o Bağırovun repressiyalarından zərərçəkmiş və şahid qismində dindirilmişdir. Sübut olunmuşdur ki, İ. Əliyev və “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı” işi üzrə istintaqa cəlb edilib məhkum olunanlar şəxsən M. C. Bağırovun və onunla əlbir olanların göstərişi ilə saxtalaşdırılmış ittihamlar əsasında həbs edilmiş və yalançı ifadələr verməyə zorlanmışdılar.

M. C. Bağırov və onunla əlbir olanlar haqqında məhkəmənin Hökmündə deyilir: “1938-ci ildə M. C. Bağırovun göstərişi ilə Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini Mənaf Xəlilov, xalq daxili ticarət komissarı İbrahim Əsədullayev, xalq əkinçilik komissarı Əbülfət Məmmədov, xalq yüngül sənaye komissarı İskəndər Əliyev, xalq rabitə komissarlığının səlahiyyətlisi Rodionov, Xalq Komissarları Sovetinin məsul işçisi Lyuborski-Novikov həbs edilmişlər. M. C. Bağırovla əlbir olanlar onlara qarşı “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının” rəhbərləri olduqları haqqında saxtalaşdırılmış ittiham irəli sürmüşlər. Bağırovun əlaltıları bu şəxslərə qarşı işgəncələr və zorakılıq işlədəndən sonra, onlar çoxlu sayda başqa təqsirsiz insan haqqında saxta ifadələr verməyə məcbur edilmişlər. Bunun nəticəsində uç yüzdən çox vəzifəli partiya və sovet işçisi, o cümlədən: 32 rayon partiya komitəsi katibi 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər” (12).

Bəraət aldıqdan sonra İskəndər Əliyev təsərrüfat fəaliyyətini davam etdirmiş, yeni rəhbər vəzifələrə təyin edilmişdir. 1956-59-cu illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Komitəsinin sədri, 1959-64-cü illərdə isə Azərbaycan SSR Zərgərlik Malları Ticarəti Komitəsinin sədri vəzifəsində işləmişdir. 1964-cü ildə təqaüdə çıxıb əmək fəaliyyətini bitirmiş, ümumittifaq dərəcəli təqaüdçü olmuşdur.

İ. Əliyev 1972-ci ildə vəfat etmişdir.

Ədəbiyyat:

1. Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе М.: Российская политическая энциклопедия (РОССПЭН), Фонд «Президентский центр Б.Н. Ельцина», 2010.

Baberovski Y. Düşmən hər tərəfdədir. Qafqazda Stalinizm. Moskva, 2010, http://caleb.feelnatural.ru/klassika/goo-2958 (müraciət tarixi 08.01.2018).

2. Вексельберг А. Депутатская неприкосновенность и для неприкасаемых? // Радио Свобода, 02 сентября 1999.

Vekselberq A. Deputat toxunulmazlığı həm də toxunulmazlar üçün? Azadlıq radiosu, 02 sentyabr 1999, https://www.svoboda.org/a/24202793.html (müraciət tarixi 08.01.2018).

3. Выписка из протокола № 54 заседания Президиума ЦК от 29 марта 1954 г. // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

29 mart 1954 il tarixli MK Prezidiumunun iclasından 54 №-li çıxarış // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu, Moskva, 2012, http://istmat.info/node/22308 (müraciət tarixi 08.01.2018).

4. Вышинский А.Я. Судебные речи. M.: Госюриздат, 1955.

Vışinski A.Y. Məhkəmə nitqləri. Moskva, 1955, http://istmat.info/node/31282 (müraciət tarixi 08.01.2018).

5. Дело №25910, т. 1-6, подлинник, машинопись // Архивые материалы.

İş № 25910, c. 1-6, əsli, maşın yazısı, arxiv materialları.

6. Жемкова А., Рогинский А. Между сочувствием и равнодушием - реабилитация жертв советских репрессий // Дрезден, 2016.

Jemkova A., Roginski A. Təəssüf və biganəlik arasında – sovet repressiya qurbanlarının reabilitasiyası. Dresden, 2016, https://www.memo.ru/media/uploads/2017/08/22/mezhdu-sochuvstviem-i-ravnodushuem_reabilitacia-zhertv-sovetskikh-repressiy.pdf (müraciət tarixi 08.01.2018).

7. Записка Р.А.Руденко в Президиум ЦК КПСС о М.Д.Багирове. 15 марта 1954 г. // Дело Берия. Приговор обжалованию не подлежит. Сост. В.Н. Хаустов. М.: МФД, 2012.

R. A. Rudenkonun M. C. Bağırov haqqında 15 mart 1954 ildə Sov. İKP MK-ya yolladığı yazı. // Beriyanın işi. Hökmə şikayətvermə hüququ verilmir. Moskva 2012, http://istmat.info/node/28162 (müraciət tarixi 08.01.2018).

8. Искендер Алиев // Жертвы политического террора в СССР.

İskəndər Əliyev // SSRİ-də siyasi terror qurbanları. http://base.memo.ru/person/show/2779630 (müraciət tarixi 08.01.2018).

9. Исмаилов Э. Р. Власть и народ: послевоенный сталинизм в Азербайджане: 1945-1953. Баку: Адильоглы, 2003.

İsmayılov E. Hakimiyyət və xalq: Azərbaycanda müharibə sonrası stalinizm. Bakı, 2003, http://www.ebooks.az/view/KGYobCwp.pdf (müraciət tarixi 08.01.2018).

10. Исмаилов Э. Советский государственный терроризм в Азербайджане // Кавказ и глобализация / CA&CC Press AB. Т. 4, № 1-2, 2010.

İsmayılov E. Azərbaycanda Sovet dövlət terrorizmi // Qafqaz və Qloballaşma / CA&CC Press AB. C. 4, № 1-2, 2010, www.ca-c.org/c-g/2010/journal_rus/c-g-1-2/16.shtml#nazad11 (müraciət tarixi 08.01.2018).

11. На имя Багирова, за подписью Багирова. Сборник архивных материалов / Составитель Теюб Гурбан. Редактор А. Балаев. Баку: "Ol"npkt, 2016.

Bağırovun adına, Bağırovun imzası ilə. Arxiv materiallarının toplusu / Tərtib edən Teyyub Qurban. Redaktor A. Balayev. Bakı, 2016.

12. Копия приговора Военной коллегии ВС СССР от 26 апреля 1956 г. по делу М. Д. Багирова, Т. М. Борщева, Р. А. Маркаряна, X. И. Григоряна, С. И. Атакишиева и С. Ф. Емельянова // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

Bağırov və başqalarının işi üzrə SSRİ AS Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, istmat.info/node/22355 (müraciət tarixi 08.01.2018).

13. Постановление Президиума ЦК КПСС от 1 апреля 1954 г. о М. Д. Багирове // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

Bağırov haqqında Sov. İKP MK 1 aprel 1954 il Qərarı // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, http://istmat.info/node/22308 (müraciət tarixi 08.01.2018).

14. "Правда" (газета) от 19.08.1936.

“Pravda” qəzeti (19.08.1936).

15. Свентоховский Т. Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане // Азербайджан и Россия: общества и государства. М.: Летний сад, 2001.

Sventoxovski T. Rus idarəetməsi, islahatçı elitalar və Azərbaycanda milli identikliyin qurulması. Moskva, 2001, http://sbiblio.com/biblio/archive/svent_rus (müraciət tarixi 08.01.2018).

16. Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг. М: АИРО-XXI, 2014.

Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M, 2014, https://www.libfox.ru/files/book/596372.pdf (müraciət tarixi 08.01.2018).

17. Сталинские списки.

Stalin siyahıları, http://stalin.memo.ru/images/intro.htm, (müraciət tarixi 08.01.2018).

# 1694 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #