Ömrün qövsü-qüzehlərində oynaşan al-əlvan rənglər: GƏNCLİK

Kulis.az 2 fevral – “Gənclər günü” münasibəti ilə Şərif Ağayarın “Gənclik” essesini təqdim edir.

 

Gənclik...

 

Bu sözü deyəndə kədərlənməyən bir yaşlı görmədim.

 

Və nə gəncliyimdə, nə də indi cavanlıq deyəndə kədərlənən heç kimi qınamadım.

 

Bəlkə də o vaxtacan oxuduğum, hətta əzbər bildiyim şeirlər məni tərbiyə eləmişdi.

 

Arif insanlar belə gənclik xiffəti çəkəndə təmkini unudublar.

 

Nizami Gəncəvi kimi böyük ədib də qocalıqdan şikayətlənib, gəncliyin xiffətini edib.

 

Amma bir tip adam var ki, onlara gənclik mövzusunda qıcıq oluram.

 

Onlar “Gəncliyimiz pis vaxta düşdü” – deyənlərdir.

 

Məncə, gəncliyi işıqla xatırlamalısan.

 

Bu gün “Gənclər günü”dür və sizi əmin edirəm ki, mən nə qədər “pis dövrə” düşsə də gəncliyimi işıqla xatırlayıram. 

 

Bir dəfə dostlara dedim, xeyli kövrəldilər; ayağım cırıq ayaqqabıda islanmasın deyə sellofan sarınıb yeridiyim yolları indi öz şəxsi maşınımda gedirəm və o sellofanlı günlər qədər xoşbəxt deyiləm.

 

Halbuki o vaxt yanımdan “dızz” eləyib keçən, məni toza bələyən, üstümə palçıq sıçradan maşınların içindəkilərə az qala tanrı kimi baxırdım.

 

Gənclik ömrün qövsü-qüzehlərində oynaşan al-əlvan rənglərdir.

 

Gənclik tuti dillərlə ötən nəğmədir.

 

Gənclik...

 

Nə yazasan ki, dolğunluğu ilə ifadə etsin.

 

Yoxdur o söz.

 

Gəncliyi gənclik qədər ucadan, hündürdən, əlçatmazlıqdan ifadə edən ikinci bir ifadə tapa bilməzsən.

 

Yüz bədii təsvir işlədə bilərəm.

 

Qızqaytaran baxışlar, dayı dedirtməyən tellər deyərəm.

 

Demirəm, amma!

 

Sadəcə, Gənclik deyirəm.

 

Pilləkənləri quş kimi qalxmaq deyirəm.

 

Sevgi, ehtiras, güc, yaraşıq, gözəllik deyirəm.

 

İşıqlı göz, iti zəka, bitib-tükənməz enerji deyirəm.

 

İçində uçuşan al-əlvan kəpənəklər deyirəm.

 

Başqa da heç nə demirəm!

 

Gənclik günün mübarək, gənc olan və gənc olmuş adam!

 

Gəncliyin nə olduğunu anlamış, ondan faydalanmağı bacarmış və bacarmaqda olan adam.

 

Gəncliyi ona layiq işıqla, acısını şirinliklə xatırlayan adam.

 

Gəncliyin nə vaxtsa xatirəyə çevriləcəyinin fərqinə varmadan doya-doya yaşayan adam.

 

Qoy axırda sənə bir söz də deyim: ömür dediyin gəncliyin yan-yörəsidir!

 

Uşaqlıq əvvəli, qocalıq sonrası.

 

Başqa nə olası idi ki?!    

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018