Bakı fırladan şəhərdi  - İlqar Fəhminin şeiri  

<b>Bakı fırladan şəhərdi</b>  - <span style="color:red;">İlqar Fəhminin şeiri  
31 yanvar 2018
# 16:30

Kulis.az İlqar Fəhminin şeirlərini təqdim edir.

Bakı elegiyası

(poemadan fraqment)

Bakı güldürən şəhərdi, Bakı ağladan şəhərdi,

Bakı sönməz atəşiylə sinə dağladan şəhərdi.

Bu tərəfdə göydələnlər, o tərəfdə boz uçuqlar,

Meşələr yerində sanki yerə sancılan buruqlar,

Ana torpağın döşündən qara süd içən cocuqlar,

Bakı ruh verən şəhərdi, Bakı can verən şəhərdi,

Bakı öz damarlarından qara qan verən şəhərdi.

O zamanədən də üstün, o zamanə təhkim olmaz,

O şərə, riyaya, məkrə, o yamanə təslim olmaz,

Onu sındıran tapılmaz, ona sahib heç kim olmaz,

Bakı üz verən şəhərdi. Bakı üz alan şəhərdi,

Bakı ən qıfıllı dildən belə söz alan şəhərdi.

Bura əsrlər boyunca çox olub gəlib-gedənlər,

İçinə nifaq salanlar, qara bağrını didənlər,

Görən anlayıbmı axır, ona qanlı qəsd edənlər,

Bakı səbr edən şəhərdi, Bakı çox dözən şəhərdi,

Fəqət, həddi hər kim aşsa, başını üzən şəhərdi.

O ürək sevindirəndi, sevənə ürək verəndi,

Ən ağır məqamda mərdə, igidə kürək verəndi,

Əl uzatsa dost, ya düşmən - hamıya çörək verəndi,

Bakı verdirən şəhərdi, Bakı aldıran şəhərdi,

Bakı çirkabın içindən göyə qaldıran şəhərdi.

Kiminə tikanlı qönçə, kiminə ətirli gülsə,

Kimə xoş xəyallı bir qəlb, kimə bir zərif könülsə,

Elə bilmə sadəlövhdür. Yeri var, məqamı gəlsə,

Bakı fırladan şəhərdi, Bakı oynadan şəhərdi,

Ölüsün göyə uçurdan, dirisin udan şəhərdi.

Sənə bəxtin üz çevirsə, naxışın gətirsə bir gün,

Yığıb əldə sərvətü-var, çox adamdan olsan üstün,

Demə, « Qismətim beləymiş, yazıya pozu nə mümkün?»

Bakı pozduran şəhərdi, Bakı sildirən şəhərdi,

Bakı gizli bir gülüşlə adam öldürən şəhərdi.

Bakı ilə oynamazlar. Bu sözü nə tez unutdun?

Elə bilmə ki, görən yox. Neçə dəfə zər də tutdun.

Fələyin qumar evində demə «bəlkə» bir gün uddun.

Bakı «bəlkə»siz şəhərdi, gözü kölgəsiz şəhərdi.

Bakı bu qədim oyunda, zəri nöqtəsiz şəhərdi.

Bir işi sığallıyandı, bir işi qulaq burandı.

Bir üzü ürək verəndi, bir üzü ürək vurandı,

Bir əli cırıb sökəndi, bir əli tikib qurandı,

O soyunduran şəhərdi, o geyindirən şəhərdi

Bakı atlının belinə, atı mindirən şəhərdi.

Gəzib aləmi dolaş sən, lap elə səmaya yüksəl,

Yeri, fəth elə cahanı. Əcəlin çatandasa gəl,

O qədər «Mənəm» deyəndən, qalıb adi cansız heykəl,

Bakı dəfn edən şəhərdi, Bakı basdıran şəhərdi,

Bakı öz ümidlərindən adam asdıran şəhərdi.

2018

Xəyyama bənzətmə

Dünya bu gün alver yeridir, hər kimə baxsaq,

Fəxr ilə deyirlər, elə aldıq, belə verdik.

Yeldən də bu gun pul çıxarır ağlı olanlar.

Biz şairik əfsus, nəyimiz var, yelə verdik.

# 13197 dəfə oxunub

Oxşar xəbərlər

Sağ əlim sənin başına – Yeni şeirlər

Sağ əlim sənin başına – Yeni şeirlər

14:00 28 fevral 2023
Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

Yuxularıma gələndə də saçlarını topla - Güneydən şeirlər

17:00 27 fevral 2023
Sevgi vardır ki, dodaqlarda açar güllərini

Sevgi vardır ki, dodaqlarda açar güllərini

12:05 14 fevral 2023
Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

Kimə inanıram aldadır məni - Loğmandan yeni şeirlər

17:00 13 fevral 2023
Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

Kişiləri Allah özü qorusun... - Nəriman Həsənzadənin şeirləri

17:00 9 fevral 2023
Bir dostumuz olsaydı, satardıq – İlqar Fəhminin yeni şeirləri

Bir dostumuz olsaydı, satardıq – İlqar Fəhminin yeni şeirləri

17:00 30 yanvar 2023
# # #