Bakirəlik haqqında yeni Azərbaycan filmi - “İkinci güllə”

Mirmehdi Ağaoğlu

 

Sirr deyil ki, bəkarət haqqında yazılar çox oxunur, müasir dillə desək həmişə İP gətirir. Baxmayaraq ki, hər dəfə bu cür yazılar dərc ediləndə etiraz edənlər də az olmur: “Bu nə yazılardı verirsiz?  Azərbaycanda bəkarət, yengə problemi çoxdan həll olunub, sadəcə siz gecikmisiz. Qurtarın bu bayağı yazıları.”

 

Biz də bu etirazçılara həmişə eyni sualı veririk: “Əgər həqiqətən bəkarət, yengə söhbəti Azərbaycan cəmiyyəti üçün aktuallığını itiribsə və bu ənənə cəmiyyətdə artıq köhnəliyin qalığına çevrilibsə bəs onda niyə başlığında “bəkarət” sözü olan yazılar bu qədər çox oxunur? Səbəb nədir? Deməli, bəkarət mövzusu bizim cəmiyyət üçün hələ də həll edilməmiş qalır və biz nə vaxta qədər əxlaq, namus anlayışını paça arasında axtaracağıqsa o vaxta qədər də bu problem həll edilməyəcək.”

 

Yəqin “İkinci güllə” qısametrajlı filminin müəllifləri də bu fikirdədirlər. Ona görə də film bir kənddəki toy gecəsindən bəhs edir. Açığı mən şahidi olmamışam, deyilənə görə, bəzi bölgələrimizdə toy gecəsi gəlinin üzüağ çıxmağını tüfəngdən iki dəfə atəş açmaqla duyururlar. İki atəş açılmayanda kənd bu qərara gəlir ki, gəlin üzüqaradır.

 

Elə film də bunun üzərində qurulub. Bəy gərdəkdən salamat çıxır çıxmağına, ancaq nədənsə tüfəng “atseçka” verir, sağdış nə  qədər edirsə ikinci güllə açılmır. Sağdışla bəylə bu biabırçılıqdan qurtulmaq üçün patron axtarışına çıxırlar.

 

Nə yalan deyim, süjet mənə bir qədər absurd göründü. Əlbəttə sənət şərtiliklərdən ibarətdir. Bununla belə düşünürəm ki, filmi absurd komediya şəklində qurulsaydı daha maraqlı olardı. Çünki situasiya özü də absurda uyğun gəlir. Bir topa insanın taleyi, gələcəyi, bircə güllənin ümidinə qalıb, o güllə açılmasa, bəyin, gəlinin, gəlinin ata-anasının adı damğalanacaq. Bundan sonra onlara kənddə hamı əxlaqsız kimi baxacaq, xüsusən də gəlinə və onun ailəsinə...

 

 

İstər-istəməz belə sual yaranır ki, əgər hər şey bir tüfəngin tətiyinə bənddirsə o zaman yengə nəyə lazım? Axı biz filmdə yengə də görürük. Ola bilməz ki, insanlar öz həyatlarına qarşı bu qədər laqeyd yanaşıb özlərini tükdən asılı vəziyyətə salsınlar.

 

Hər halda rejissor filmin arzuladığı süjetə uyğun getməsi üçün yengənin iştirakını nəzərə almır, sanki bilərəkdən onu “görmür”. Doğrusu, mən inanmıram ki, toy gecəsi gəlinin gərdəkdən necə çıxmağı kimi əlahiddə məsələ bir tüfəngin umuduna qala. Bax tamaşaçıda tərəddüd yaranmaması üçün süjeti absurd komediya şəklində qurmaq bu şərtiliyə haqq qazandıra bilərdi.

 

Bir qədər əvvəl bəyi gərdəyə yollayan və indi kart oynaya-oynaya ondan xəbər gözləyən dostları ikinci güllə açılmayanda öz aralarında danışıb belə qərara gəlirlər ki, “gəlin q..bə çıxıb” (ifadə filmdəki kimi saxlanılıb – red.) Kənd yerində cinsi ehtiyaclarını ödəmək üçün min cür məhrumiyyətlərlə üzləşən gənclər bəyin başına gələn bu faciəyə pis olmaq yerinə sevinirlər; kənddə yeni “q..bə” peyda olub və bundan sonra onun xidmətlərindən yararlana biləcəklər.

 

 

Və bu zaman “bəkarət” aktı ciddi əxlaqi ayin olmaqdan çıxıb oyun təsir bağışlamağa başlayır. Sanki bir neçə adam yığışıb belə ağır şərtli bir oyun qurublar ki, uduzanların xidmətlərindən yararlana bilsinlər. Və bu oyunun fəal iştirakçılarının bir qismi bəyin dostlarıdır. Onlar güllənin açılmamağını bəhanə hesab edirlər və təzə güllə axtaran sağdışa kömək etmirlər. Deyəsən, hətta patronu olanlar da “yox” deyib, həvəslə sonu gözləyir.

 

Bəyin, sağdışın, gəlinin atasının bu qədər gərgin olması ondan xəbər verir ki, onlar hal-hazırda bəyin dostlarının etdikləri söhbəti eşitməsələr belə onun məzmunundan xəbərdardırlar, çünki özləri də nə vaxtsa belə söhbətlərin iştirakçısı olublar. Şair demişkən, hamı günahkardır dünyada...  

 

Ancaq hər yerdən ümidi kəsilən sağdış gülləni kənddə fahişə xidməti göstərən bir qadında tapır. Qadın sağdışın ona möhtac olmağına sevinir. Rejissor açıq şəkildə büruzə verməsə də hiss olunur ki, indi kənddə əxlaqsızlığı ilə tanınan bu qadın nə vaxtsa oxşar “oyun”un qurbanı olub. Qadının xüsusi əda ilə davranışı sanki “bəkarət” ayinin nə qədər mənasız olmasına ironiyadır. 

 

Bir gəlinin taleyi bir fahişənin əlində oyuncağa çevrilir, hər şey onun cavabından asılıdır.

 

Güllə tapılır, ancaq gec tapılır. Rüsvayçılığa dözə bilməyən gəlin özünü tüfənglə vurur.

 

Yazımın əvvəlində qeyd etdiyim kimi, biz nə qədər görməzdən gəlsək də Azərbaycanda “bəkarət” mövzusu köhnəlməyib. Və bu mövzunun köşə yazılarının əhatəsindən çıxıb kino sənətinin də “əməliyyat masasına” yatırılması düşünürəm ki, bizim müasir kino üçün faydalıdır. Nəhayət kinomuz göylərdən yerə enir, pafosa qaçmadan, cəmiyyətimizi narahat edən real problemlərdən bəhs edir.

 

“İkinci güllə” filmi fikrimcə bu missiyanın öhdəsindən layiqincə gələ bilib. Qüsurlar olsa da fonendoskop-kameranı cəmiyyətin ağrıyan yerinə qoyub, xəstəliyi təyin edib. Qalır xəstənin müalicəyə düzgün əməl etməsi.

 

 

 

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018