Ərinin onu döyməsi ilə fəxr edən aktrisa

 

Günel Natiq

 

Qonşu mənzili bir gənc ailə kirayə tutmuşdu. Gözəl-göyçək bir gəlin, heç ona yaraşmayan əri və yeni-yeni yeriməyə başlayan uşaq. Əri həyatındakı uğursuzluqların intiqamını elə bil qızdan alırdı, tutması tutanda gözü heç nə görmürdü, arvadını təpiyinin altına salırdı. Qızı hər görəndə “Sevil” pyesini xatırlayırdım, deyirdim, görəsən Sevil çadrasını nə vaxt atacaq? Hərçənd gəlin çadralı deyildi, amma mən onu xəyalən qara çarşabın içində görürdüm. Çünki mübarizə etməyən, haqsızlığa qarşı çıxmayan zəif adam idi.

 

Amma güclü şəxsiyyət kimi tanıdığım bir aktrisanın elə bir fikrinə şahid oldum ki...

 

“Əriniz sizi heç döyübmü?” sualına aktrisadan belə bir cavab gəldi:

 

“Əlbəttə döyüb. Kim desə ki, əri onu döyməyib, yalan olar. Ərin arvadını döyməsinə çox normal baxıram. Hansı qadın bundan şikayət edə bilər? Öz əridir də. Yad adam deyil ki.”

 

Qəfil bir cavab ağıllı-başlı bir qadın kimi tanıdığımız aktrisanın bütün mövqeyini ortaya qoydu. Sən demə ərin arvadını qanına qəltan eləməsi normal bir halmış. Yəqin, aktrisanın fikrincə, buna şübhə edənlər normal olmayan bəndələrdi.

 

Məgər bu qadının xəbəri yoxdur ki, gün-gündən qadınlara olan təzyiqlər çoxalır, qadınlar döyülür, öldürülür, küçələrə atılır və bütün dünya buna qarşı mücadilə edir!

 

Bizim aktrisamızın təfəkkürü isə 19-cu əsrlərlə səsləşir. İslam dininin qadınlara olan ehtiramından nə qədər danışsaq da, faktlar göz qabağındadır. Tarix boyu müsəlman qadınlarının hüquqları olmayıb, kişilər tərəfindən alçaldılıb, təhqir edilib, şiddətə məruz qalıblar.

 

Əri tərəfindən döyülən qadın o aktrisa kimi bunu normal qəbul edərək üz-gözünü yuyub gəlib bir küncdə oturub. “Gündəlik normasını” yerinə yetirən ər də bir az da kişilənib. Özünü evin, ailənin tam ağası kimi hiss edib.

 

Məşədi İbad necə deyir, arvad ərindən nə qədər çox kötək yesə, bir o qədər yaxşıdır.

 

Cəhalətin yayğın olduğu bir mühitdə arvad döyən kişi özünü güclü hiss edir, bir növ komplekslərindən azad olur.

 

Bir aşıq qadın var. Pozitivdir, deyib-güləndir. Ailə qurmayıb. Adətən qonaq olduğu proqramlarda suallar elə bu yöndə olur. Amma elə məqamlar var ki, xüsusilə mənəviyyat keşikçilərindən incə rəftar istəyir.

 

Bu aşıq qadına bir dəfə belə sual verdilər ki, necə ər istəyirsiniz? Aşıq qadın da cavabında dedi ki, elə ər istəyirəm ki, məni döysün də, söysün də.

 

Bu cavaba cəmiyyət xeyli güldü. Əslində ağlamalı situasiya idi. Bir nəfər də demədi ki, ay aşıq xanım, siz cəmiyyətə pis örnək olursunuz, sizi gənclər də dinləyir, bəlkə də o gənclərin ailə haqqında gözəl təsəvvürləri var, xəbəriniz var ki, o təsəvvürləri darmadağın edirsiz? Həyat boş lağlağı söhbətlərdən ibarətdir məgər? Elə şeylər var ki, onları lağlağıya çevirmək olmaz, vallah olmaz.

 

Aşıqdan məsləhət alarlar, ədəb alarlar. Aşığın tövsiyəsi ilə oturub durarlar. Əlbəttə, əsl aşıqdan söhbət gedir, daha əri tərəfindən döyülməyini arzulayan və fəxrlə bunu dilə gətirən mazoxist saz ifaçısından deyil.

 

Bəzi qadınlar fəxrlə deyirlər ki, ər sevər də, döyər də. Yeri gəlmişkən, Türkiyədə bu kimi atalar sözlərinin kitablardan çıxarılmasını tələb edirlər. Ən çox şiddət görən qadınların olduğu ölkələrdən biridir Türkiyə. Bütün mübarizə metodlarından istifadə etsələr də, bu halların qarşısını ala bilmirlər. Feministlərdən tutmuş polisə qədər hamı şiddət görmüş qadınların mübarizəsinə qalxıb. Amma heyhat.

 

Polis demişkən, elə Türkiyədə polis qadınlardan biri polis ərinin cinayətinin qurbanı olub. Əri tərəfindən dəfələrlə döyülən qadın sığınacaqlardan birinə pənah aparıb. Həyat yoldaşı qadının sorağını alıb, gedib yalvarıb-yaxarıb, evə qayıtmasını xahiş edib. Artıq islah olduğunu, ona barmağının ucuyla belə toxunmayacağını vəd edib. Qadın söz tələsinə düşüb. Ərinə qoşulub evə qayıdıb.

 

Sabahısı gün qəzetlər polis əri tərəfindən qətlə yetirilmiş polis qadından yazıb. Deyirlər, hamı dəli olanda qazının yanına gedir, bəs qazı dəli olanda kimin yanına getməlidir?

 

Türkiyə cəmiyyəti şiddət məsələsində daha həssas münasibət sərgiləyir, ziyalı qadınlar “şiddət” sözü gələndə həyəcanlanırlar, özlərində söz demək, cəmiyyətə mesaj göndərmək kimi məsuliyyət hiss edirlər. Cəmiyyətdə problem varsa, uşaqdan böyüyə hamı məsuliyyət daşıyır. Əgər bu ölkədə hansısa qadın “mən döyülmənin tərəfdarıyam” desə, nəinki şaqqanaq çəkib gülərlər, hətta həmin qadını təcili ruhi dispanserə göndərərlər.

 

Qayıdaq yenə atalar sözlərinə. Bütün mübarizə vasitələrindən istifadə edən türkiyəli qardaşlarımızın növbəti hədəfi atalar sözləridir. Belə düşünürlər ki,  “ər sevər də, döyər də,” “qızını döyməyən dizini döyər”, “xəmirli əlinlə kişi işinə qarışma”, “qadının üzünün qarası kişinin əlinin xınasıdır” kimi atalar sözlərinin sevilib öyüldüyü toplumda qadın özünü tam hüquqlu insan kimi hiss etməyəcək.

 

“Bu deyimlər və atalar sözləri bizə birinci sinifdən başlayaraq öyrədilir, imla yazılarına salınır, yazılı imtahanlarda tətbiq edilir. Bu deyimləri əzbərləyə-əzbərləyə gəlmiş toplumdan başqa nə gözləyirsiniz?” kimi şikayətlərə təhsil sistemi müsbət cavab verib, məlum atalar sözləri çox güman ki, artıq dərsliklərdə  tətbiq edilməyəcək.

 

Belə bir atalar sözü də var: “Kötək cənnətdən çıxmadır”. Təbii ki, kötəyin cənnətlə bağlılığını görən, dini ruhda tərbiyə alan uşaq gələcəkdə həyat yoldaşını kötəkləmək fürsətini əldən verməyəcək. 

 

Bu atalar sözü isə insanı ya məzarlıq, ya da məhkəməlik edər: “Qadının qarnından sıpanı (yəni “dayçanı”), kürəyindən zopanı əskik etməyəcəksən”. Yəni qadının işi uşaq doğmaqdır, kişinin də vəzifəsi tez-tez onu kötəkləməkdir.

 

Bu deyimləri dərsliklərdən çıxarmaq bilmirəm, işə yarayacaq ya yox, amma necə deyərlər, suda boğulan saman çöpündən yapışar.

 

 

 

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018